Vətənin, dövlətin təhlükəsizliyi naminə...

 

İSTEFADA OLAN POLKOVNİK ELŞAD ŞABANOV MƏNALI ÖMRÜNÜN 70-Cİ İLİNƏ QÜRURLA YEKUN VURUR

 

Bir neçə il əvvəlin əhvalatıdır, ordu sıralarından yenicə tərxis olunmuşdum, qeydiyyatda olduğum Nərimanov rayonunun veteranlar təşkilatına üzv yazılmaq üçün üz tutdum həmin ünvana. Gəlişimin məqsədini çatdırarkən kabinetə bəstəboy, rəsmi geyimdə orta yaşlı bir nəfər daxil oldu. Hər kəs ayağa qalxdı. Gələn təşkilatın sədri idi. Hamı ilə əl verib görüşdü. Mənə çatanda Vahid Salmanov dərhal: - Təşkilata üzv olmaq üçün gəlib, - dedi.

 

Onun ciddi görkəmi keçmişdə sıradan biri olmadığından xəbər verirdi. Düzü, məndə sədrin həyatı və peşə fəaliyyətini öyrənmək istəyi baş qaldırdı...

 

Dünyaya göz açdığı andan insan övladının həyatında anbaan dəyişikliklər baş verir. O, yaşa dolduqca həyatı daha dərindən dərk edir, qurub-yaratmaq həvəsi artır. Biri elm dalınca getməyi düşünür, biri idmanı seçir, biri də vətənə xidmətin başqa bir yolunu seçirsair. Elə peşə sahibləri də var ki, onların Vətən naminə fəaliyyəti əksər hallarda ictimaiyyətə açıqlanmır. İllər keçəndən sonra onların həyatı və peşə fəaliyyətini öyrənməyə ciddi ehtiyac yaranır...

 

 

 

Qax şəhər orta məktəbini qızıl medalla bitirmiş Elşad Şabanov özünü gələcəkdə filoloq, pedaqoq kimi görmək arzusunda idi. Bu istək onu keçmiş M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyat İnsitutuna gətirdi. Gənc Elşad təkcə oxumağa deyil, həm də idmanın güləş növünə böyük həvəs göstərirdi. Ucqar rayon məktəbini yüksək göstərici ilə bitirmiş bu oğlan idmanda da özünü təsdiq edəcəyinə inanırdı.

 

İnstitutu bitirər-bitirməz, ona SSRİ dövlət təhlükəsizlik orqanlarında işləmək təklifi gəldi. Bu, onun üçün gözlənilməz bir təklif olsa da, ömrünü bu peşəyə həsr etmək qərarını tez və qətiyyətlə verdi.

 

Hərbi xidmətdən sonra dövlət təhlükəsizlik orqanlarında keçdiyi kursu müvəffəqiyyətlə başa vuran Elşad Şabanov üçün burada işləmək o qədər də çətin deyildi.

 

1978-ci ildə Qəbələ rayonunda indiki DTX-nın yeni açılmış şöbəsində onu əməliyyatçı vəzifəsinə təyin etdilər. Xidmətə başladığı qısa müddətdə Elşad Şabanov xarici kəşfiyyata məlumat ötürən şəxsi və konstitusiya əleyhinə işləyən təşkilatı aşkar edir. Onun bu uğurlu fəaliyyəti nazirlikdə yüksək qiymətləndirilir. O zaman respublikamızın rəhbəri olan böyük dövlət xadimi Heydər Əliyevə gənc Elşad Şabanovu bacarıqlı kadr kimi təqdim etmişdilər. Ulu öndər onu şəxsən qəbul etmiş və fəaliyyətini yüksək qiymətləndirərək ona xidmətində uğurlar arzulamışdı. Bu isə cavan kadrı olduqca ruhlandırmışdı.

 

1979-cu ildə o, Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinə SSRİ DTK-nin Ali Əks Kəşfiyyat kursa göndərilir. Sonra o, Qəbələ rayonunda baş əməliyyatçı vəzifəsində xidmətini davam etdirir.

 

1985-ci ildə Elşad Şabanov SSRİ Baş Kəşfiyyat İdarəsinin Daşkənd şəhərində fəaliyyət göstərən iki illik xarici dil kursunu da bitirir. Kursu başa vurandan sonra onu Moskvaya - Baş Kəşfiyyat İdarəsinə göndərirlər. Burada ona xüsusi təlimat keçir və dərhal da təyyarə ilə Düşənbə şəhərinə, oradan isə Əfqanıstanın paytaxtı Kabula göndərirlər.

 

Həmyerlimiz Elşad Şabanov bir həftə təlim kursu keçəndən sonra əfqan geyimində yerli döyüşçülərdən seçilməyən Sovet zabiti kimi Fəyazabad və Qəndahar, Zobolo əyalətlərində bir sıra uğurlu əməliyyatlar həyata keçirir. Buna görə igid kəşfiyyatçı SSRİ-in ən böyük fəxri adına təqdim olunsa da, ona Sovet İttifaqı Qəhrəmanı adı verilməyib. Əvəzində SSRİ-nin "Qırmızı ulduz" ordeni ilə təltif edilib. Dövlət təhlükəsizlik orqanlardakı xidmətlərə görə "Fəxri Çekist" adı verilib.

 

E.Şabanov Əfqanıstan dağlarında keçirdiyi əməliyyatlarda bir neçə dəfə yaralanıb. Buna baxmayaraq, sağalandan sonra yenə uğurlu əməliyyatlarını davam etdirib. Sonuncu dəfə 1987-ci il avqust ayında yaxınlığında mina partlaması nəticəsində çoxlu qəlpə yarası, həmçinin, kontuziya alıb. Əfqanıstanda xidmət etdiyi dövr ərzində SSRİ Ali Sovetinin Fəxri fərmanı, bir çox orden və medalları ilə təltif olunub və nəhayət, ikinci dəfə "Qırmızı ulduz" ordeninə layiq görülüb.

 

Ağır yaralanandaniki illik xidmət müddəti bitəndən sonra igid kəşfiyyatçımız vətənə qayıdıb. Uzunmüddətli müalicədən sonra sağlamlığı qismən bərpa olunubXaçmaz rayonunda yüksək, məsul vəzifəyə - rəis vəzifəsinə təyin edilib.

 

Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni silahlı dəstələri baş qaldıranda düşmən qüvvələrinin Çaykənd və Toğanadakı qruplarının zərərsizləşdirilməsində onun da xidməti olub.

 

O zaman hələ də mövcud olan Sovet rəhbərliyi tərəfindən Moskvada işə dəvət edilsə də, E.Şabanov xalqın ağır günündə vəzifə, şöhrət arxasınca qürbətə getmədi, doğma vətəndə qalıb fəaliyyətini davam etdirməyi özünə şərəf bildi.

 

Dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövr ərzində E.Şabanovun digər uğurlu əməliyyatları da olmuşdur. Ermənilər o illərdə təkcə torpaqlarımızı işğal etməklə kifayətlənməmişdilər. Onlar öz çirkin məqsədlərini həyata keçirmək üçün bütün üsullara, hətta terrora da əl atmışdılar. Belə ki, 1994-cü il mart ayının 19-da Bakıda "20 Yanvar" metrostansiyasını partladan erməni əsirliyində olan Azər Aslanovu ermənilərin necə aldadaraq bu işə sövq etdiyini tam detalları ilə araşdırıb üzə çıxardan məhz Elşad Şabanov olmuşdu.

 

Nurəli Məmmədovun "Böyük ömürə qısa baxış" kitabına ön söz yazan Milli Məclisin vitse-spikeri Adil Əliyev qeyd edir ki, "ölkəmizin suverenliyinə ciddi təhlükə törədən, separatçılıq və terrorçuluq planlayan qurumların zərərsizləşdirilməsi istiqamətində görülən işlərdə polkovnik Şabanovun da biliyindən, peşəkarlığından istifadə olunub... Biz öz ölkəsini, vətənini sevən vətəndaşlar kimi bu cür dəyərli şəxsiyyətlərin həyat yollarını öyrənməli, təbliğ etməli və yaşatmalıyıq".

 

1998-ci ildə Təhlükəsizlik orqanlarından ehtiyata buraxılan, hazırda istefada olan polkovnik Elşad Şabanov indi Nərimanov Rayonu Veteranlar Təşkilatının sədri vəzifəsində çalışmaqdadır. Bu günlərdə Elşad Yusif oğlu Şabanovun 70 yaşı tamam olur. Yubiley münasibətilə onu ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayırıq. 

 

Bəxtiyar ƏLİYEV

 

525-ci qəzet.- 2022.- 9 iyun.- S.16.