Əsl insan
unudularmı?
Başlıqdakı suala cavab düşünərkən
ağlıma ilk gələn
insanlardan biri dəyərli alim və görkəmli şəxsiyyət Babək
Qurbanov olur və dərhal bu qənaətə gəlirəm: Heç zaman unudulmaz! Çünki belə unudulmazlardan
olan Babək Qurbanov xalqımızın
əsl övladı idi. Namuslu, doğru-dürüst, insanlığın parlaq nümayəndəsi Osmanoğlu
Sarıvəlli yadigarı,
əsl ziyalılığın
timsalı idi Azərbaycanımız və
Türkiyəmiz üçün.
Estetika elminin mayakı, musiqişünaslıq elmimizin
dayağı, təməli,
özülü idi.
Ömrünü sadəcə elmə
həsr etməklə
ülviləşmişdi, Türk
dünyasına və
Batı dünyasına
xidmət etmək məramı idi və bunu uğurlu
əməlləri ilə
bacardı. Bu məramla yaşadı, bu amalın daşıyıcısı, öndəri
oldu ömür boyu. Öz adının sərkərdəsi
idi elm camiamızda.
Xocaların xocası oldu
həm Atatürk Universitetində, həm də Qaziantep Konservatoriyasında. Nə məmurlarımız
unutdu, nə müəllimlərimiz, nə
də ki Babək müəllimdən
dərs almış keçmiş tələbələri.
Yeri hiss olunur daima.
Səhhəti ilə bağlı
sözləşməsi uzadılmadıqda
həvəsdən düşmədi,
yenə çalışdı,
yazdı, yaratdı elmi məqalələrini,
yayınlatdı, son 52-53-cü kitablarını bitirməyə
çalışdı. Və ömrünün son kitab adlı final akordunu vurmaqla bitirə bildi. Belə ülvi məramla
ömrünü başa
vurdu.
Könül sındırmaqdan çox
uzaq idi. Ona görə
də hər bir həmsöhbətinə
yalnız xoş sözlər, ümidləndirici,
həvəsləndirici sözlər
söyləməklə tərəf-müqabilinin
qəlbində inam oyadır, ruhunu işıqlandırırdı. Hər bir tələbəsinin uğurunu görməkdən
çox sevinərdi.
Çünki qəlbi böyük,
düşüncələri intəhasız, məfkurəsi
geniş idi. Nə yerə, nə göyə sığan idi əsl insanımız
- Babək Osmanoğlu
Qurbanov. Xalq şairimiz
Osman Sarıvəllinin
övladı olmaq şərəfinin yükünü
müdam çalışmasıyla
sübut etdi. Əsilzadə idi təbiəti,
əsillikdən yoğrulmuşdu
mayası. Çünki Səyalı ana kimi bir ananın
xeyir-duasını almışdı
körpəlikdən. Başucalığı gətirdi öz
ardıcıl çalışmasıyla,
mübarək əməlləri
ilə ana vətənimiz Azərbaycanımıza.
Onu tanıyanlara, sevənlərə,
hörmət bəsləyənlərə
nümunə oldu.
İnsanlıq nə olduğunu
şəxsində öz
xarakteri və təbiəti ilə elm dünyamızın nümayəndələrinə
örnək hərəkətləri
və rəftarı ilə göstərə bildi. Çünki əqidəsi saf,
məsləki pak, məramı munis, xəyalları ülvi idi Babək Osmanoğlumuzun.
Babək Qurbanov və Ayhan Kılınç
Haqq dünyasına
qovuşmadan öncə
bilərdimi ki, Azərbaycan xalqı Qarabağ zəfərini qazanacaq? Ağlasığmaz bir xəstəlik
- "Kovid" bu dünyamızı işğal
edəcək? Əfsanələrdə olmayan hadisələr gerçək oldu. Birincisinə
sevindik, Qarabağımız
işğaldan azad olundu qəhrəman Baş Komandanımızın
əmri ilə igid əsgərlərimizin,
qazilərimizin mübarizliyi
sayəsində. Neçə min şəhidimizin qanı-canı
ilə xilas oldu Azərbaycanımız.
Kaş bu qələbəni görəydi Babək müəllim. Çox
arzu edirdi Qarabağımızın zəfərini,
Azərbaycan və Türk dostluğunun dünyaya hayqıran çoşğusunu....
Bu il martın
27-dən 28-nə keçən gecədə yuxuma gəldi əzizimiz Babək müəllim. Sərsəm
ayılıb xəyala
daldım ki, bu gün Haqqın
rəhmətinə qovuşduğu
gündür. Nə etməliyəm?
- deyə düşündüm, xəyala
daldım. Nəhayət tapdığıma sevindim. Bu gün
xor dərsindən viza imtahanı idi. Düşündüm
ki, onsuz da bir aydır
Türkiyəmizin "İstiqlal
marşı"nın
dirijorluğunun sirrlərini
öyrətmişəm. Öncə tələbələri
bir dəqiqəlik sayqı duruşuna qaldıraram və ardından mənim şefliyimlə birlikdə
xor halında oxuyub imtahana başlayaram. Planım yerinə
düşdü. Tələsik konservatoriyada keçmiş
fotoqrafçımız Babək
müəllimin etibarlı
dostu Ayhan Kılıça fikrimi bəyan etdim.
Babək Qurbanov, Hakan Tatyüz və İlqar İmamverdiyev
Və bir videogörüntü çəkməsini
xahiş etdim. 10:30-da imtahan
üçün dərsə
girdiyimdə məramımı
tələbələrimə də bildirdim. Hər kəs gözləmədiyi
bu təklifimi qeyd-şərtsiz qəbul
etdi. Babək müəllimi anmaq
- ruhunu şad etmək üçün əl işarətimlə
hər bir tələbə eyni anda ayağa qalxdı. Bir dəqiqəlik sükunətdən
sonra pianoda
"Sol" və "Do" səslərini vurub məqama keçdim.
Xor halında hamı birlikdə dirijorluq edə-edə oxudum və Ayhan bəy
də kameraya aldı. Babək müəllimin anım
gününü təqdim
etdiyim bu görüntü ilə dəyərli vətən
övladlarımıza çatdırıram.
Babək müəllimin anım günü tədbirləri
Gaziantep konservatoriyasının müəllim və tələbələrinin birlikdə
hazırladıqları daha
iki konsertlə gerçəkləşməsi mənim üçün sürpriz oldu. 30 mart 2022-ci il
tarixində keçmiş
müdirimiz - Sənətşünaslıq
namizədi Hakan Tatyüzün (Hakan Bəyin elmi rəhbəri Babək Qurbanov idi) Gaziantep Universiteti, Atatürk Kültür Mərkəzində
təşkil etdiyi
"Məzuniyyət törəni"
adlı konsertin bir məqamında Babək müəllimin rəsminin orkestr və xor üzvlərinin
arxasından yansıtılması
səmimiyyətimlə etiraf
etməliyəm ki məni çox həyəcanlandırdı.
Babək
müəllimin 3-cü anım
günü bu il mayın
13-də yenə Qaziantep
Atatürk Kültür
Mərkəzində oldu
və bunu oxucularımızla paylaşmaq
istərdim. Professor Əfqan Zəki Salehin tələbələri
ilə birlikdə Fəxri Çepik bəyin yardımı və müdirimiz dos.
dr. Zinnur Gərəyin təşkilatçılığı
ilə düzənlədiyi
"Hasat Zamanı"
adlı konsert Babək Osmanoğluna vəfa borcunun daha bir rəmzi
oldu. Bu konsertdə
diqqətimi çəkən
Babək Qurbanovun
"Xatirə" və
"Şəhidlər" adlı iki əsərinin
skripka və fortepianoda səsləndirilməklə
bərabər həm də rəsminin titrdə yansıdılması
idi.
Oxucularımıza bir məsələni
açıqlamaq istərdim
ki, professor Əfqan Zəki Saleh 2016-cı ilin 19 dekabrında Babək Qurbanovun "Şəhidlər" adlı
duyğusal ruhlu əsərini Qaziantep Universiteti "Mavera Kültür Mərkəzi"nin
möhtəşəm səhnəsində
Babək müəllimin
bir tamaşaçı
kimi iştirak etməsi zamanı səsləndirib. Bu uğurlu çalğıya
heyran olduğunu söhbətimiz sırasında
Babək müəllim
etiraf etmişdi.
Əfqan
müəllimin bu diqqəti Babək Qurbanovun bəstəkarlıq
- musiqişünaslıq sənətinə
olan xüsusi hörmətin əlaməti
idi ki, hətta
əsərlərinin kitab
halında yayınlanması
prosesində notların
redaktorluğunu da öz öhdəsinə götürmüşdü.
Daha sonra 14 mart 2021-ci il
tarixində Tibçilər
günündə "Şəhidlər"
adlı əsərini
bir daha səsləndirməsi Əfqan
müəllimin qəlbində
Babək Qurbanov adlı şəxsiyyətin-elm
xadiminin mənəvi ruhunun yaşadılmasının
isbatı idi.
9 iyun gələndə Babək müəllimin ad gününü Qaziantep Konservatoriyasında hər zaman ümumi katibimiz Aysel Bayrakdar - Akyılmaz başda olmaqla tort kəsib şam yandırmaqla keçirərdik. Təhsil üzrə müşavirimiz dosent Nəcibə xanım Nəsibova da Böyük Elçiliyimizdən təmsili olaraq üzərinə xoş sözlər yazılmış gül dəstəsi göndərərdi əzizimiz Babək Qurbanovun bu əlamətdar gününə.
Təəssüf ki o mübarək günlər bir daha geri dönməz. Geri dönsə də, Babək müəllim adlı ustadım bir daha geri gəlməz. Çünki Haqq dərgahında, uca məqamdadır.
Ruhun şad olsun Babək müəllim! Necə ki varam, yaşayacaqsan qəlbimdə, atam Cəmil Əkbər kimi. Məkanın cənnət olsun, insanlığın parlaq siması!
İlqar
CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıq
elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və
Qaziantep Universiteti Türk Musiqisi Dövlət
Konservatoriyasının müəllimi
525-ci qəzet.- 2022.- 9 iyun.- S.15.