Milli mənlik və istiqlal
duyğularının alovlu tərcümanı
Əhməd Cavad - 130
Azərbaycan və Türk dünyası ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın (1892-1937) yaradıcılığı milli dövlətçiliyin, o cümlədən, Xalq Cümhuriyyətinin tərənnümü baxımından çox zəngin və dəyərlidir.
Dövlət müstəqilliyinin əldə
olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları
istiqlalımızın böyük
nəğməkarı, görkəmli
şair Əhməd Cavadın poeziyasında
son dərəcə mühüm
əsas yeri tutmaqla ədəbiyyatımızda
yeni milli poeziya məktəbi yaradır. Azərbaycan ədəbiyyatı və
ictimai fikrinin inkişafında tutduğu
əvəzsiz mövqeyinə
görə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev "Əhməd
Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında"
Sərəncam imzaladı.
Sərəncamda şairin
yaradıcılığı, ədəbi fəaliyyəti
layiqincə dəyərləndirilərək
bildirilir: "Əhməd
Cavad ədəbi-bədii
fikir tarixində istiqlal şairi kimi özünəməxsus
dəsti-xətti ilə
seçilən, müstəsna
mövqeyə malik söz ustalarındandır.
Bütün qəlbi ilə
bağlı olduğu
doğma xalqının
müstəqillik ideallarına
həyatı boyu sadiq qalmış sənətkarın azadlıq
motivləri ilə zəngin yaradıcılığı
milli məfkurədən
yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini
yüksək şeiriyyətlə
alovlu tərənnüm
edən şairin müstəqil dövlətçiliyə
sevgi aşılayan əsərləri dərin
vətənpəvərlik duyğularının
heyrətamiz poetik ifadəsidir".
Dövlət müstəqilliyinin əldə
olunmasından yaranan yüksək əhval-ruhiyyə,
mənəvi toxtaqlıq,
müstəqillik duyğuları,
azadlıq sevgisi və vətən məhəbbəti bu dövrdə yaranan milli poeziya nümunələrində
özünə geniş
yer tapıb ki, Azərbaycan poeziyasının mükəmməl
ustadlarından olan Əhməd Cavad yaradıcılığı bu
poeziyanın ən gözəl örnəyini
təşkil edir. Bu qüdrətli və
vətənpərvər şair
Azərbaycanın Dövlət
Himninin sözlərini
yazıb, dövlət
atributlarını vəsf
və tərənnüm
edib, dövlətçiliyə
məhəbbət və
vətənə bağlılıq
hisslərinin alovlu təbliğçisi olub.
Professor Yaşar Qarayev
haqlı olaraq yazırdı ki: "Cümhuriyyət" deyəndə
yada hamıdan əvvəl Əhməd Cavad düşür... Üçrəngli poeziya bədii
yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur". Bu baxımdan
Əhməd Cavadın
yaradıcılığı dövlətçiliyə sədaqət
və tərənnüm
dolu nümunələri
ilə fərqlənir:
Soranlara
mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm
-
deyə özünü
mənsub olduğu xalqın və ölkənin istiqlal, ədalət carçısı
kimi tanıdır. Yaradıcılığının bu xüsusiyyətlərinə
görə Ə.Cavad
həm də milli ədəbiyyatımızda
dövlətçilik atributlarını
tərənnüm edən
yaradıcı sənətkarların
ağsaqqalı və
başçısı hesab
olunur. Qəlbi vətən eşqi
ilə yanan bu böyük sənətkar əsərlərində
vətənə və
xalqına məhəbbətini
əks etdirmiş, milli duyğuları dilə gətirmiş,
elm, maarif, milli oyanış və ana dili kimi
məsələləri gündəmə
çıxarmışdı.
Onun "Azərbaycan
bayrağına" şeiri
də bu ruhda yazılan, sənətkarın bir vətəndaş-şair olaraq
dövlət müstəqilliyinə,
xalqının, millətinin,
vətəninin müstəqillik
simvoluna bəslədiyi
sonsuz məhəbbətini,
qürurverici hisslərini
ifadə edir. Bu əsəri Azərbaycanın
müstəqillik tarixində
bayrağa məhəbbət
dolu şeirlər silsiləsinin mənəvi
atası da adlandırmaq olar.
Türküstan elləri öpüb
alnını,
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən,
Ərməğan yollasın yara,
bayrağım!
...Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən
mübarək yeri!
Allahın yıldızı, o gözəl
pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
Şeir özünün bədii təsir gücü, səmimiliyi və dövlətçilik dəyərlərinə
vətəndaşlıq məhəbbəti
ilə seçilən,
bədii-estetik əhəmiyyətilə
diqqəti cəlb edən əbədiyaşar
bir əsərdir. Diqqət
edilsə, şair təkcə tərənnüm
və vəsf etmir, həm də bayraqdakı rəmzi işarələrin
mənasını açır,
onun müqəddəsliyi
və ucalığını
hiss etdirir, hətta milli dövlətçilik
tarixinə nəzər
salır, milli dövlətçilik ənənələrini
izləyərək bu
müqəddəs Oğuz-Türk
yurdunda mövcud olmuş məşhur Elxanilər-Atabəylər dövlətinə
işarə edir.
Ümumiyyətlə, Vətən məhəbbətinin
bədii ədəbiyyatdakı
bir simvolu olaraq çıxış
edən bayraq mövzusu böyük Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığında əsas mövzulardan biridir. Şairin Azərbaycan Xalq
Cümhuriyyəti elan
edildiyi və ilk milli dövlət bayrağı qaldırıldığı
1918-ci ildə şəxsən
söylədiyi "Elin
bayrağı" şeiri
də bayrağa və onun ifadə
etdiyi müstəqillik
və azadlığa dərin məhəbbət
ifadə edir. Şair bayrağı kəsb etdiyi məzmun və mahiyyətə əsasən qibləgah, yol göstərən kimi təqdim edir. Əhməd Cavad Azərbaycan
bayrağını kamilləşmə
dövrünü keçən
"Azərbaycançılıq" ideologiyasının qibləgahı
və yol göstərəni kimi göstərir, bu bayrağın iman və inam yeri
olduğunu bildirir.
Təmiz
al alnındakı tozu,
torpağı,
Haqq üçün açdığın
əllərinlə sil!
Qalxıb,
bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil! -
deyə bütün vətəndaşları bu
bayraq altında Azərbaycanın və Azərbaycançılığın əsgəritək birləşməyə
dəvət edir.
Vətəndaş-şair məhz bu hisslərlə,
sonsuz məhəbbət
və dərin iftixarla bayrağa sevgi dolu şeirlər
həsr edirdi. Əhməd
Cavad adıgedən şeirlərilə bərabər,
digər mövzulu əsərlərində, habelə
"Aşiqin dərdi",
"Bən bulmuşam",
məşhur "Göy
göl" kimi şeirlərində də
Azərbaycan bayrağına
sevgisini poetik şəkildə ifadə
etməyə müvəffəq
olmuşdu. O, bütün
yaradıcılığı ilə Azərbaycan dövlətçilik təfəkkürünün
poetik ifadəsi, dövlətçilik dəyərlərimizin
tərənnümçüsüdür.
Bu baxımdan, bayraq və gerb sənətini öyrənən heraldika elmi ilə müqayisədə
ədəbi yaradıcılığı
dövlətçilik atributlarına,
xüsusilə bayrağa
və onun rəmzlərinə vəsflə
yazılmış Əhməd
Cavad poeziyasını
"Heraldik poeziya"
adlandırmaq olar.
Bu sonsuz məhəbbətdən
idi ki, Azərbaycanın
dövlət müstəqilliyini
itirməsi, işğalı
dərdi şairi rahat buraxmamış, onun sonrakı yaradıcılıq nümunələrində
bu məsələ yanıqlı şəkildə
həsrətli ifadələrlə
xatırlanmışdı. Sovet dövründə yazılan "Göygöl"
şeirindəki bu notlar da onun
vaxtilə sərt tənqid olunmasına bəhanə olmuşdu:
Sənin gözəlliyin gəlməz
ki saya?!
Qoynunda yer vardır Ulduza, Aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göygöl!
Əlbəttə, misralarda Azərbaycan xalqının bu şanlı illərinin - 1918-1920-ci illərin tarixini bilənlər yaxşı başa düşür ki, Əhməd Cavad Göygölə müraciət etməklə həm vətəni, həm də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş Gəncəni, bu şəhərin AXC dövründəki şanlı paytaxtlığını dilə gətirmək istəyir. Çünki AXC elan edildikdən sonra Bakı şəhəri düşmən əhatəsində olduğu üçün müstəqil dövlətin paytaxtı Tiflisdən Gəncə şəhərinə köçməli olmuşdu. Şair də: "Qoynunda yer vardır Ulduza, Aya. Oldun sən onlara mehriban daya, Fələk busatını quralı, Göygöl!" - deyə bu dönəmləri xatırlatmış, müstəqil Azərbaycanın bu illərinin həsrət duyğularını ifadə etmişdi. Bu baxımdan akademik Kamal Abdullanın böyük şair H.Cavid haqqında dediyi bu sözləri Əhməd Cavada da şamil etmək olar ki: "Azərbaycan yaradıcı fikri süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, ...öz sənət idealına xain çıxmamış, onu satmamışdır".
Ümumiyyətlə, dövlətçilik ruhu, Azərbaycançılıq məfkurəsi Əhməd Cavad yaradıcılığı üçün olduqca səciyyəvidir. Əhməd Cavadın "Nədən yarandın", "Azərbaycan bayrağına", "Elin bayrağı", "Al bayrağa" kimi şeirləri sırf dövlət müstəqilliyini simvolizə edən bayrağa məhəbbət ruhunda yazılan və Azərbaycançılığı tərənnüm və təbliğ edən əsərlərdir. Əhməd Cavad poeziyasında milli düşüncə təkcə Azərbaycan və Azərbaycançılıqla məhdudlaşmır, ümumən türk və türkçülük ideyası ilə çuğlaşaraq Turançılığı da əhatə edir. Bu mənada Əhməd Cavadın milli məfkurəsi ümumtürk nüvəli Azərbaycançılıq ideologiyasıdır. Bu məhəbbətdən və bağlılıqdan irəli gəlirdi ki, onun şeirlərində türk düşüncəli poetik nümunələr də özünə xeyli sayda yer tutub, xüsusilə "Çırpınırdı Qara dəniz", "İstanbul", "Şəhidlərə", "Türk ordusuna", "Ey əsgər" kimi şeirlərində Turançılıq sevgisi ifadə olunub.
Bütün bunlara istinadən tam əminliklə deyə bilərik ki, Azərbaycançılıq məfkurəsi
ilə zəngin ədəbi-bədii
yaradıcılığa malik Əhməd
Cavad Azərbaycan istiqlal
düşüncəsi, milli mistəqillik
mücadiləsi və milli
ideologiyasının ən görkəmli nümayəndələrindən
biridir. Milli marş, dövlət himni
və bayraq şeirlərilə məşhurlaşmış
Əhməd Cavad
yaradıcılığı hər gələn yeni nəsillər üçün
milli istiqlal kitabı
və vətəndaşlıq nümunəsidir.
Ramiz
Qasımov
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, AMEA
Naxçıvan Bölməsinin əməkdaşı
525-ci qəzet.- 2022.- 9 iyun.- S.13.