"Əli dağı" sorağında  

 

Həyat paradokslarla doludur. Bəzən tez-tez qarşılaşdığın, sənin sadə bildiyin bir insana Allah elə inayət, elə bir nemət bəxş edir ki, o adam böyük bir nəslin-şəcərəsinin tanınmasına, tanıtmaqla da davam etməsinə vəsilə olur el-obanın sevimli birinə çevrilir. Söhbət bir çox mütəfəkkirlər, ustadlar yetişdirən narlı-çinarlı Göyçayda övliya Şıx Mustafanın nəticəsi Yusif müəllimin gözəl-göyçək qızı Əfşan xanımdan gedir.

 

Qarşımda "Əli dağı" adlı bir şəcərə romanı var. Oxuduqca, təfərrüatına mahiyyətinə vardıqca "Əli dağı"nın sorağıyla ruhumla birgə yola çıxdım. Hər sətirdə, hər cümlədə Şıx Mustafanın ruhu sanki mənimlədir... Kitabın lap sonundan başlamaq istəyirəm.

 

Şirvan torpağında böyük nüfuzu, hörməti olan Yusif müəllim ömrünün bu ahıl çağında adəti üzrə yenə Göyçayın Muskurlu kənd məzarlığındadır. Gəlib ki, şərəfli bir yol keçən babalarının məzarlarını ziyarət etsin... Çox düşüncəli görünür. Müəllim işlədiyi dövr ərzində imanlı, tərbiyəli, böyük-kiçik yeri bilən ləyaqətli tələbələr yetişdirdi Yusif hoca. Qəlbini ovutmaq üçün arada şeirlər, qəzəllər yazır, duyğularını , pak vərəqlər üzərinə düzərdi heç kimsəyə söyləməzdi bunu. Zaman keçsə , kağızlar saralsa da, duyğularının təmiz qalacağını bilirdi Yusif müəllim. O, qızı Əpənə-Əfşana çox güvənirdi.

 

İndi ömrünün ahıl çağına gəlib çatıb. Lakin qədər yarımçıq, görülməmiş işləri qalıb. Ürəyinə damıb ki, neçə illərdi 110 yaşlı Xonça nənəsindən eşitdiklərini, nənəsinin bəlkə bəzi fikirləri qulağına pıçıltıyla söylədiyi yaxın keçmiş tariximizi qram-qram toplayıb qeyd etdiyi saralmış, əzilmiş gündəliyi kitab şəklində tamamlaya bilməyəcək. Məzarlıqda əmisi oğlanları Nazirlə Sabir onu o ağır düşüncələrdən ayırırlar. Söhbət əsnasında onlara şəcərə barədə planlarından söz açır ömür imkan verərsə, yazacağını söyləyir. Əmisi oğlanları ona: "Ölümdən danışmağa haqqın yoxdur, bu nəsildə, şəcərədə səndən məlumatlı, səndən savadlı kimimiz qalıb ki, bunları qələmə alsın?" - deyirlər. Yusif müəllim xəfifcə gülümsəyərək, "Əpən" yəni Əfşan deyə onlara cavab verir. Çox keçmir ki, Yusif müəllim Allahın rəhmətinə qovuşur bu, bir övlad kimi Əfşan xanımı çox üzür. Lakin özündə güc tapıb atasının ona yadigar qoyub getdiyi gündəlikləri vərəqləməyə başlayır. Bir görür ki, bu vərəqlər artıq "Əli dağı"na çevrilib.

 

 

 

Kitabın redaktoru ədəbiyyatımızın tanınmış simalarından olan mənim çox hörmət etdiyim yazıçı-şair, qəzəlxan Səxavət Talıblıdır. Bir redaktor kimi Səxavət müəllimin bu kitabda zəhməti çoxdur. Kitaba ön sözü bir çox elmi-ədəbi məqalələrilə Azərbaycan ədəbi tənqidini inkişaf etdirən dəyərli ədəbiyyatşünasımız Vaqif Yusifli yazıb.

 

Mən Göyçaydan olduğum üçün Şıx Mustafanın nəsil haqqında hələ uşaqlıqdan böyüklərdən eşitmişdim. Bilirdim ki, ağır övliya nəslidir. Bir zamanlar haqsızlığa qarşı mübarizə aparan imanlı insanların həyatından götürülüb bu əsər. Kitabda Şıx Mustafa, ona Qara Mustafa da deyirdilər, hələ gənclik illərindən Allahın ona verdiyi öngörücülük istedadı haqqında bilmədiyimiz məlumatlar öz ifadəsini tapıb.

 

Kitabın adı üzərində dayanaq. Kim olub Əli? On yeddinci əsrin son illərində Şıx Mustafanın atası Əli, əmisi Vəli müəyyən haqsızlıqlardan bezib Bağdaddan Azərbaycana köç edərkən babalarından onlara miras qalan, xüsusi dəmir parçalarından döyülüb hazırlanan, ərəb əlifbası ilə "Əli" yazılmış damğanı özləri ilə götürürlər. Bu damğa İmam Hüseynin otuz dördüncü nəslindən olan Əli kişinin adını daşıyır. Qara Mustafanın törəmələri bu günə qədər qorunan bu damğanı özlərinə məxsus atların, dəvələrin bud hissəsinə vurdurmaqla əslində həmin heyvanların Əli nəslinə aid olduqlarını göstərməyə çalışıblar. Sonradan bu damğa nəslin davamçılarından olan Abusalamın Alaca adlı atının buduna vurulacaqdı. O Abusalam ki, həm özü, həm atı dünyadan nakam köçdülər. Abusalam-Gülsüm-Alaca münasibətləri əslində əsərin müəyyən bir süjet xəttini təşkil edir. Abusalam - Gülsüm. Bir-birlərini dəlicəsinə sevən iki gəncin nakam məhəbbəti. Onların qovuşmasına mane olan ailə ənənələri. Sonradan peşman olacaqdı atası İslam kişi. Amma artıq gecdi. Abusalam öz vəfalı atının boynuna sarılıb Allahdan ölüm istəyir. uca Allah onun ölümünü sevimli atı Alaca ilə həyata keçirir. Bu ayrılığa Gülsüm dözmür, ağlını itirir.

 

Bu nakam qalmış sevginin acı sonluğu hər birimizin qəlbini titrədir. Gülsümün Abusalamdan sonra dəli olması, sahibinin ölümünə səbəb olan vəfalı Alacanın bu həsrətə dözməyib başını onun məzarı üstünə qoyaraq intihar etməsi oxucunun qəlbini göynədir. Heyvanlar çox nadir hallarda intihar edirlər. Dəhşətdir! Onların yalnız danışan dilləri yoxdur. At ağlaya-ağlaya sanki dil açıb danışır. Alacanın ölüm səhnəsini həyəcansız oxumaq mümkün deyil.

 

Çox illər sonra - ömrünün ahıl çağında Yusif müəllimin Gülsümün taleyini araşdırmaq üçün Şamaxıya gedəcəkdi. Gülsümün artıq vəfat etdiyini, həm faciəli şəkildə öldüyünü eşidəcək çox üzüləcəkdi Yusif müəllim... Lakin mənən bir rahatlıq hiss edir: illərdi Gülsümün taleyindən xəbər tuta bilməyən Yusif müəllim acı da olsa, onun taleyini öyrənə bilmişdi.

 

"Əli dağı" əsərində İbrahim obrazı var. Çox sevdim bu obrazı. Şıx Mustafanın törəmələrindən olan İbrahim dəli-dolu, igid, asıb-kəsən qoçaq bir cavandı. Böyüyə-kiçiyə hörməti vardır. Yetimlərin başına sığal çəkən, məzlumun yanında olan əsl igiddi İbrahim. Buna görə başı çox bəlalar çəkir. 1918-ci il mayın 28-də Azərbaycanda ilk Müstəqil Cümhuriyyətimiz qurulanda çoxları kimi İbrahim , onun ailəsi sevinirdi. Amma bu sevinc çox qısa olur, cəmi 23 ay. 1920-ci ildə Şura hökuməti gələndə İbrahim istilaçı bolşevik hərəkatına qarşı çıxır. Çox ağrılı məqamdır ki, repressiya illərinin qurbanı olan İbrahimin bu gün bir məzarı belə yoxdur.

 

Əsərdə bir çox tarixi şəxsiyyətlərin adı çəkilir. Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, 1918-ci ildə Azərbaycana köməyə gələn Qafqaz İslam ordusunun komandanları Nuru və Ənvər paşaların. Əsərdə diqqətimi çəkən çox dəyərli obrazlardan biriMolla Məhəmməddir. Molla Məhəmməd geniş dünyagörüşü olan elmli, savadlı, insanlara dinimizi doğru-düzgün çatdıran bir şəxsiyyətdir. Onun böyük yazıçı Cəlil Məmmədquluzadə ilə dostluq əlaqələri var. Mirzə Cəlil bu insanda olan elmi, savadı, zəkanı görüb Nuru paşaya onun haqqında danışır. 1918-ci ildə Paşa qoşunla erməni daşnaklarını məhv etmək üçün Göyçay ərazisinə keçəndə orda Molla Məhəmmədlə görüşürgörür ki, həqiqətən, Mirzə Cəlilin dediyi kimi, bu insan çox-çox elmli, zəkalı xüsusi bir kəramət sahibidir. Nuru paşa ondan ayrılanda bir türk bayrağını, türk xəritəsini və bir dənə də binoklu hədiyyə olaraq molla Məhəmmədə bağışlayır. Bu günə kimi həmin xatirələr qorunub saxlanılır.

 

Aradan 70 il keçdi. Erməni daşnakları havadarlarının dəstəyi ilə illərdi qurduqları planı həyata keçirərək torpaqlarımızı işğal etdilər. Nə qədər şəhidlər verdik o illərdə. Və 30 il torpaqlarımız işğal altında qaldı. 2020-ci il sentyabrın 27-də cənab Ali Baş Komandanın əmriylə ilə igid əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etməyə başladılar. Bu savaş tarixə 44 günlük Zəfər savaşı kimi düşdü. Və bu 44 günlük İkinci Vətən savaşında Göyçay torpağından 37 şəhid gəldi ailələrə. Əfşan xanımın ailəsi də şəhid verdi Vətənə. Qaynının oğlu, həm də qan qohumu, barmağı üzüklü Təbriz Xancanov torpaqlarımızın azadlığı uğrunda şəhadətə qovuşdu. Əfşan xanım çox üzüldü buna. Atasının ölümündən sonra bəlkə də yaşadığı ən böyük agrı-acıydı, niskiliydi - içində hönkürürdü. Əfşan xanım ürək ağrısıyla "Şəhid üzük" kitabını yazdı. Dahi Nizami deyirdi ki, "İgid öz qanında dəstəmaz alır". Təbriz kimi nə qədər şəhidlərimiz öz qanlarıyla zəfər yazdılar. Heç şübhəsiz ki, Təbriz Xancanov ulu babası İbrahimdən götürüb o qoçaqlığı, igidliyi.

 

Əsərdə diqqəti çəkən çox mühüm məqam burada təqdim olunan insanların məhz uca Allaha sığınmaları, namaz qılıb ibadət etmələridir. "Səndən saleh əməlini gizlətmək, məndən isə onu camaat arasında aşkar etmək". Əsər hədislərdən bu günümüzə qədər gəlmiş gözəl bir Allah kəlamı ilə başlayır.

 

Nə yaxşı ki, Yusif müəllim belə dəyərli kəlamları 110 yaşlı Xonça nənəsindən zaman-zaman toplayıb yazmış, gündəlik halına gətirmişdi. Əslində bunlar tarixdir. Bizim bir çoxlarımızın unutduğuya bilmədiyi tarix. Əsəri oxuyarkən mən o yerlərdə oldum. 100 il, hətta ondan əvvəl gəzdim oraları. Qəbələni, Göyçayı, Şamaxını... O yerlər qarış-qarış mənə doğmaydı. Elə bil o dövrdə də yaşamışdım. Bunları mənə "Əli dağı" əsəri yaşatdı. Dəyərli elqızım Əfşan xanımı "Əli dağı" kimi bir mükəmməl əsər ortaya qoyduğu üçün təbrik edirəm. Və atası Yusif müəllimə Allahdan rəhmət diləyirəm ki, bu cür Vətən qızı qoyub gedib. Bu sözlərin altını xüsusi cızıram. Burda Əfşan xanımın ömür-gün yoldaşı, eyni nəsildən olan çox hörmət etdiyim Mübariz Aslanovun adını xüsusi qeyd etmək istəyirəm. Bu kitabın araya-ərsəyə gəlməsində heç şübhəsiz ki, Mübariz müəllimin də böyük zəhməti var. Xanımına dəstək oldu, çiyin-çiyinə bu işi sona çatdırdılar. Və heç şübhəsiz ki, ulu babalarının ruhu indi şaddır. "Kimsə duymaz için-için, öz ömrünü yeyir qadın" -deyir Əfşan Yusifqızı. İnsan bir fərd kimi özlüyündə nə qədər güclü olsa da, yazıçı kimi kövrəkdir. Bəzi neqativ hallar, cəmiyyətdə baş verən naqisliklər, paxıllıq, yaltaqlıq, nadanlıq, ən əsası isə insanların riyakarlığı xanım yazıçını narahat edir, bu ağrılar-acılar bəzən dərd verir ona. Uğurunu həzm edə bilməyənlər var. Ədəbi mühitdə paxıllıq həmişə olub, bu günvar. Amma bütün bunlara rəğmən, Əfşan xanımın üzündə həmişə bir təbəssüm olur. Sirli təbəssüm. Cakondanın təbəssümü kimi. Tanrı çox sevdiyi bəndələrinin simasına elə bir nur, işıq əta edir ki, onların çöhrəsindən o nurani, sirli təbəssüm heç vaxt əskik olmur. Və heç şübhəsiz ki, "Bu vətənin övladıyam, öz qızıyam!" - "Qadın ismət rəmzi, ləyaqət rəmzi..." deyən bu gözəl xanımın çöhrəsindəki o sirli təbəssüm də məhz Tanrıdan gələn bir nurdur ki, önünə düşərək yolunu daim işıqlandırır.

 

Bu işıq heç vaxt üzünüzdən əskik olmasın, Əfşan xanım!

 

 

Südabə SƏRVİ

Yazıçı-publisist, AYB-nin üzvü

 

525-ci qəzet.- 2022.- 9 iyun.- S.12.