Azərbaycan
etnomusiqişünaslığına dair unikal nəşr
2021-ci il Azərbaycan
musiqi elmi tarixində əlamətdar
il kimi yadda
qaldı. Düz 100 il bundan
öncə - 1921-ci ildə
dahi bəstəkar, alim və ictimai
xadim Üzeyir Hacıbəyli tərəfindən
Bakı Musiqi Akademiyasının (Azərbaycan
Dövlət Konservatoriyası)
yaranması ilə bərabər Azərbaycan
etnomusiqişünaslığının əsası qoyulub. Belə bir xüsusi
tarixi hadisə ilə əlaqədar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
"Azərbaycan ənənəvi
musiqisi və müasir texnologiyalar" kafedrası tərəfindən
hazırlanan və geniş oxucu auditoriyasına təqdim edilən "Azərbaycan
etnomusiqişünaslığı. 1921-2021 illər" nəşri böyük marağa səbəb oldu.
Bildiyimiz kimi, XXI əsrdə Azərbaycan ənənəvi
musiqisinin tədqiqi problemləri sahəsində
xüsusi fəallığın
yaranmasına musiqi mədəniyyətimizin dinamik
inkişafı ilə
bağlı olan mühüm hadisələr
təkan verib.
Ənənəvi klassik musiqi mədəniyyətimizə olan
marağın getdikcə
artmasına Ulu öndər Heydər Əliyevin ənənələrini
layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanim Əliyevanın bu sahədəki fəaliyyətləri stimul
verib. Muğam layihələri çərçivəsində
həyata keçirilən
beynəlxalq festivallar,
elmi simpoziumlar, televiziya müsabiqələri,
çap olunan müxtəlif nəşrlər
(kitab, lüğət,
ensiklopediya, albomlar) buna parlaq misal
ola bilər.
Bu sırada Azərbaycan
muğamının və
aşıq sənətinin
UNESCO-nun mənəvi dəyərlər
siyahısına daxil edilməsi Azərbaycan musiqi mədəniyyətinin
əldə etdiyi böyük nailiyyətidir.
Məhz
belə qlobal hadisələr çərçivəsində
ənənəvi musiqimizin
tədqiqinə və
təbliğinə həsr
olunan bir çox layihələrin həyata keçirilməsi
mümkünləşib: "Qarabağ xanəndələri"
kolleksiyası, bərpa
olunmuş yazılarla
120 diskin daxil olduğu "Muğam ensiklopediyası" Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
hazırlanıb, eləcə
də "Azərbaycanın
ənənəvi musiqi
Atlası", "Musiqiçinin
elektron kitabxanası",
"İzahlı saz-söz
lüğəti", "İzahlı muğam lüğəti" və
sair layihələr işıq üzü görüb. Azərbaycan milli musiqi irsinin
təbliğində olduqca
böyük rol oynayan və maarifçilik missiyasını
yerinə yetirən bütün bu sadalanan layihələrin hazırlanmasında Əməkdar
incəsənət xadimi,
sənətşünaslıq elmləri doktoru, aşıqşünas-alim, Bakı
Musiqi Akademiyasının
"Azərbaycan ənənəvi
musiqisi və müasir texnologiyalar" kafedrasının müdiri,
Azərbaycan musiqisi üzrə bir çox kitabların, dərs vəsaitlərinin
və internet-layihələrin
müəllifi və rəhbəri, "Musiqi dünyası" jurnalının
baş redaktoru və naşiri, III dərəcə "Əmək"
ordenli, professor Tariyel Məmmədovun rolu xüsusi qeyd edilməlidir.
"Azərbaycan etnomusiqişünaslığı"
kitabının meydana
gəlməsində də
onun ideya müəllifi və elmi redaktoru olan Tariyel Məmmədovun
bu sahədə əldə etdiyi böyük təcrübəsi
və peşəkarlığı
əhəmiyyətli rol
oynayıb. Çox nəfis şəkildə
çap edilən, olduqca həcmli - 592 səhifədən ibarət
olan kitabın redaksiya heyətinə Bakı Musiqi Akademiyasının rektoru,
Azərbaycan və
SSRİ Xalq artisti,
professor Fərhad Bədəlbəylinin
sədrlik etməsi onun mükəmməl və keyfiyyətli alınmasına zəmanət
verib. Həmçinin,
tərtibçilərin - Tariyel
Məmmədov və əməkdar müəllim,
sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın
böyük əməyi
və rəyçilərin
- Əməkdar incəsənət
xadimi və Əməkdar elm xadimi, sənətşünaslıq elmləri
doktoru, akademik Zemfira Səfərova, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, Əməkdar
incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, professor Aida Tağızadənin
verdikləri dəyər
belə unikal layihənin həyata keçirilməsinə imkan
yaradıb.
Otuz iki (32) məqaləni özündə
toplayan bu kitab öz orijinal
quruluşuna görə
diqqəti cəlb edir. İki hissədən ibarət
olan kitabda təqdim edilən məqalələrin hər
biri etnomusiqişünaslığın
keçmiş və indiki inkişaf mərhələləri haqqında
təsəvvürü genişləndirir.
Belə
ki, toplunun "Azərbaycan etnomusiqişünaslığının
inkişaf tarixindən
səhifələr" adlı
I hissəsində (müəlliflər
Tariyel Məmmədov,
Cəmilə Həsənova)
milli etnomusiqişünaslığın
yaranmasının tarixi
zəmini və XX əsrin I yarısında Azərbaycan Dövlər Konservatoriyasında etnomusiqişünaslığın
təşəkkülü haqqında tarixi-icmal xarakterli məlumatların
toplanması, həmçinin,
XX əsrin II yarısında Azərbaycan etnomusiqişünaslığının inkişaf yolları, onilliklərlə addımbaaddım
irəliləməsi, yeni-yeni
uğurları və nailiyyətləri işıqlandırılması
yer alır. Burada böyük bir tarixi inkişaf yolu keçən Azərbaycan etnomusiqişünaslığının
bu illər ərzində mövcud formalaşmış ənənələri
davam etdirməsi, yeni tədqiqat sahələrinin yaranması,
bu sahədə ixtisaslı kadrların yetişməsi, bütün
bunların elmi-təcrübi
və tədris əsasında baş verməsi xüsusi qeyd edilir.
Kitabın eyniadlı II hissəsi isə "Etnomusiqişünaslar
etnomusiqişünaslıq haqqında"
adı altında toplanmış məqalələrdən
ibarətdir. Burada əvvəlcə, rus dilində verilən materialların müəllifləri
sırasında Azərbaycan
tədqiqatçıları ilə yanaşı, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan
və Tacikistandan olan həmkarların etnomusiqişünaslığın müxtəlif aspektlərinə
həsr edilən məqalələri əhəmiyyətli
yer tutur. Bunların arasında qeyri-milli etnomusiqişünasların Azərbaycan
etnomusiqişünaslığı haqqında məqalələri
böyük maraq doğurur, etnomusiqişünaslığımızın
tarixindəki unudulan səhifələri canlandırır.
Kitab Azərbaycan
etnomusiqişünaslığının mövqelərini obyektivləşdirir,
tərəfdaşlıq perspektivlərini
açır. Xüsusilə, bu bölmənin
elmi diskursu - postsovet dövlətlərinin
və Azərbaycan alimlərinin birgə fəaliyyətinin əhəmiyyətini
diqqətə çatdırır.
II hissənin oxuculara
təqdim edilən sonrakı bölməsində
isə azərbaycandilli
etnomusiqişünasların etnomusiqişünaslıq üzrə
araşdırmaları çoxaspektliliyi
ilə diqqəti cəlb edir. Burada həm
muğam sənəti,
həm aşıq yaradıcılığı, həm
xalq mahnısı ilə bağlı tarixi-nəzəri problemlərin
işlənməsi ilə
yanaşı, folklor ekspedisiyalarının nəticələri
haqqında da məqalələr önəmli
yer tutur.
Kitabın səhifələrini vərəqlədikcə
müəlliflərin elmi
məqalələri maraqlı
və bu gün də aktual olan mövzularla
bir-birini əvəz edir. Burada təqdim olunan
məqalələr mövzu
dairəsinin genişliyi
ilə diqqəti çəkir. Ən önəmlisi
isə ondan ibarətdir ki, bir toplu çərçivəsində
postsovet məkanına
daxil olan etnomusiqişünasları, ənənəvi
musiqinin müxtəlif
tədqiqat aspektlərini
işıqlandırmalarına baxmayaraq, vahid məqsədə xidmət
etmələri birləşdirir.
Kitabda yer alan
"Etnomusiqişünaslıq haqqında nəşr edilmiş əsərlər"
bölməsi də vacibdir. Burada əsasən Bakı Musiqi Akademiyasının
professor-müəllim kollektivinin
müxtəlif illərdə
çap edilmiş məqalə və kitablarının, metodik tövsiyə və dərs proqramlarının,
dissertasiyaların, hətta,
tələbələrin diplom
işlərinin geniş
siyahısının verilməsi
bu təhsil ocağının dərin
və zəngin ənənələrə malik
olduğunu bir daha sübut edir.
Bundan əlavə, kitabın tərtibatında daha bir orijinal yenilik
"Tarixin canlı səsləri" bölməsidir
ki, bura əlavə edilmiş
"Üzeyirin musiqi dünyası" CD diskində
"Musiqi dünyası"
jurnalının canlı
səs arxivindən istifadə olunmuşdur. Ölməz bəstəkar
Üzeyir Hacıbəylinin
müxtəlif illərdə
xatirəsinə həsr
olunan yubiley gecələrində haqqında
korifey sənətkarların
- Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Bülbülün,
D.Şostakoviçin, T.Xrennikovun
və başqalarının
dahi sənətkar, ustad, vətənpərvər
şəxsiyyət, qayğıkeş
müəllim, sadə
və xeyirxah insan haqqında söylədikləri səmimi
fikirləri və xatirələri canlı səsləndirilərək kitabı
daha da maraqlı
edib.
Tarixin canlı səsləri arasında ilk öncə Ulu öndər Heydər Əliyevin Üzeyir Hacıbəylinin 110 illiyinə həsr olunmuş gecədə çıxışı zamanı sənətkarın yaradıcılığına verdiyi qiymət və dəyərin ifadə olunduğu dərin məzmunlu fikirləri böyük tarixi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Ümummilli liderimiz H.Əliyev Ü.Hacıbəyli irsini, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolunu yüksək qiymətləndirərək daima öz çıxışlarında bunu vurğulayıb. Ulu öndərin bu yubiley gecəsindəki çıxışı xüsusilə yaddaqalan olub. Heydər Əliyev bəstəkarın XX əsrin əvvəllərində Azərbaycan milli musiqisinin dünya professional musiqi sənəti ilə qovuşması yolunda misilsiz xidmətini və bu yolda onun nə dərəcədə uzaqgörən, doğru olduğunu çox dəqiqliklə göstərib. O, Ü.Hacıbəylinin bütün əsərlərinin mədəniyyətimizin inkişaf etməsinə xidmət göstərdiyini və bu xidmətlərin unudulmaz və əvəzsiz olduğunu nəzərə alaraq dahi bəstəkarın adını əbədiləşdirmək məqsədilə onun doğum gününü respublikada Musiqi bayramı kimi qeyd edilməsi ideyasını irəli sürüb. Həqiqətən, 1999-cu ildən bu günədək sentyabrın 18-i rəsmi şəkildə "Üzeyir günü"nün Musiqi bayramı kimi qeyd edilməsi bir ənənə halını alaraq Azərbaycan mədəniyyətini əlamətdar hadisələrlə zənginləşdirib.
Bu gün, fəal mədəniyyətlərarası əlaqələr və intensiv sivilizasiyalararası münasibətlər dövründə belə bir kitabın nəşr edilməsi xüsusilə aktualdır. Belə ki, kitabda çap olunan məqalələr müxtəlif ölkələri təmsil edən etnomusiqişünasların postsovet dövründə axtarışlarının hər zaman vacibliyini əks etdirir. Burada xüsusi olaraq musiqi-nəzəri, tarixi-faktoloji vektorların sintezinə cəhdi qeyd etmək istərdim. Bunların əsasında duran dünyagörüşü dominantı - müasir etnomusiqişünaslığın əhəmiyyətli konstantlarından, mədəni proseslərin məntiqinin ümumi qanunauyğunluqlarının dərk etmə problemlərinin aktuallaşmasından, tədqiqatların ümumsivilizasiya xarakterli universallar bazasında konseptuallaşmasından ibarətdir. İnanırıq ki, burada toplanan material Azərbaycan etnomusiqişünaslığının gələcək tədqiqatları üçün zəngin mənbə olacaq. Bu baxımdan "Azərbaycan etnomusiqişünaslığı. 1921-2021 illər" kitabı musiqişünaslığa mühüm töhfədir.
Rəna MƏMMƏDOVA
AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri
doktoru, professor,
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "İncəsənətin
qarşılıqlı əlaqələri" şöbəsinin
müdiri
525-ci qəzet.- 2022.- 9 iyun.- S.11.