Həyat özü boyda qəm dənizidi
Seyid Malik
1987-ci ildə Laçın
rayonunun Oğuldərə
kəndində anadan olub. Laçın rayonu işğal
ediləndən sonra,
1992-ci ildə ailəsi
ilə birlikdə Biləsuvar rayonunda məskunlaşıb. İxtisasca müəllimdir.
Ədəbi yaradıcılığa erkən yaşlarından başlayan Seyid Malik iyirmi ildən
artıqdır dövri-mətbuatda
çıxış edir.
"Qarabağın qara günü" və "Sevə bilsəm ayrılığı"
adlı iki şeir kitabı işıq üzü görüb. Azərbaycan milli
mətbuatının yaranmasının
136-cı ildönümü və "Məhsul"
rayon qəzetinin 80 illik
yubileyi münasibətilə
Biləsuvar rayon İcra
Hakimiyyəti tərəfindən
Fəxri fərman və diploma layiq görülüb.
Həyat
özü boyda qəm dənizidi
Həyat
özü boyda qəm dənizidi,
Kim bilir bu ahdan aha nələr var.
Yalan adasıdı, ilğım
düzüdü,
Eh, nələr görmüşük,
daha nələr var.
Səhər də elə bil duru axşamdı,
(Ulu göylərin
də nəm gözü damdı).
Umud son nəfəsin verən bir şamdı,
Başına dolanan pərvanələr
var.
Ürək bir yarpaqdı,
- o da bir para,
Sağalmaz bir ömür aldığı yara.
Çırağı yanmayan könüllər sıra
-
Ocağı qaralan nə xanələr var.
Gerçək yalandırsa, nağıl
neyləsin,
Qəhər acıdırsa, noğul neyləsin?!
Dəli
yığınına "ağıl" neyləsin,
Neyləsin mənim tək divanələr var.
Sarılmışıq bir gümana həpimiz,
Kim ovudar, ovutmasaq bizi biz!
Şükür, üzülməyib tamam
ipimiz,
hələ sevinməyə
bəhanələr var...
Əksi
çaya düşən
ay
Əksi
çaya düşən
Ay,
Sevgilimə bənzədin.
Nisgilliyəm bu axşam,
Nisgilimi bəzədin.
Bir quşam qanadım yox,
Yar dilində
adım yox.
Mənim
bir muradım yox,
Dərdimi təzələdin.
Arzusu, diləyi min,
Ağrısı, göynəyi min.
Üşüyən ürəyimin
Çuxasını gözədin.
Daha qalmayıb dözüm,
Birdi gecəm,
gündüzüm.
Heç
demədim, gül üzlüm,
Niyə belə elədin.
Vermə
qəti toxtaqlıq,
Məhv olmuşa nə qılıq?!
Suyum soğulub artıq,
Dənimi də ələdin.
Sevə
bilsəm ayrılığı
Yağlı dili salma işə,
Gəl başlama
tez qılığı.
Elə bilmə bu həmişə
Düzəldəcək aralığı.
Nə söylərsən əvvəlcədən,
Bildiyimiz bilməcədən.
Bəhanəni çək gecədən,
Üzə tutma qaranlığı.
Qayğın qəlbi üşüdəndə,
Ağrın alım, durma gendə.
Uzun olur bir ildən
də
Ayrılığın bir anlığı.
Gəl ki, dəli dərd
ütməsin,
Ömrü hədər üyütməsin.
Boz kinimiz kirlətməsin
Bu saflığı, arılığı.
Anla dərdli dərvişini,
Yubatma sən gəlişini.
Gözlərdimmi görüşünü,
Sevə bilsəm ayrılığı.
Deyirlər ki, dərd öldürür adamı...
Deyirlər ki, dərd öldürür adamı,
Sənin dərdin yaşadırmış,
sən demə.
Son nəfəsdə yetirirmiş
özünü,
Əzrayıla daş atırmış, sən demə.
Başım itib dağ üstümə gələndə,
Min bir qayğı bircə himə gələndə,
Qəmim
coşub, dərdim dəmə gələndə,
Sevgin yasa yas tuturmuş, sən demə.
İnsan
yaşar inamı sağ olanda,
Həsrətinə umud ortaq olanda.
Bilirsənmi, özün uzaq
olanda,
Xəyalların baş qatırmış,
sən demə.
Gəlsə dilə, dönsə
sözə ayrılıq,
Nə deyəcək
bizdən bizə ayrılıq?!
İndiyədək aramıza ayrılıq
Əbəs yerə gəlib durmuş, sən demə.
İnanmazsan bu yaşında
Malikin,
Yad bir iz yox yaddaşında
Malikin.
Ürəyinin düz başında
Malikin
Ulu eşqin
yuva qurmuş, sən demə.
Qayıdış şeirlərindən
İlk həsrətim, son istəyim,
ay Laçın,
Ayaqyalın dağ aşmağa gəlirəm.
Ürəyimdə yuvalanıb gileylər,
Bircə-bircə danışmağa gəlirəm.
Neçə ildi mələr
mənəm, mələr
sən,
Nə çəkmişəm,
necə deyim biləsən.
Bizdən sonra nələr gördün, nələr
sən?!
Necə dözdün, soruşmağa
gəlirəm.
Şükür, açdı şanlı
ordum yolunu,
Üz bozardıb
tökmə qara dolunu.
Ağrın alım, qolunu aç, qolunu,
Qol boyunda sarışmağa gəlirəm.
Az gəzmədim ayaz vuran çölləri,
İlıq olmur qəribliyin yelləri.
Arda qoyub qaçqın, köçkün illəri,
Xoş gününlə yarışmağa gəlirəm.
O uşağam, sən yadına sal məni,
Aldı getdi bir yumrulmuş yol məni.
Ana Yurdum, ağuşuna al məni,
Torpağına qarışmağa gəlirəm.
Seyid Malik
525-ci qəzet.- 2022.- 10 iyun.- S.15.