Turan birliyi: İdealdan həqiqətə  

 

Son iki yüzildə - XIX və XX əsrlərdə ideal olaraq arzularda, yaddaşlarda yaşayan Türk birliyi - Turan tarixin iradəsi, taleyin hökmü ilə bahar gülləri kimi yavaş-yavaş çiçəklənməkdədir. İdeal heç vaxt məhv olmur, ölmür, arzular haçansa həyata keçir.

 

And içərək Qurana,

 

Biz gedirik Turana.

 

Türkün ulu yurduna,

 

Salam verək Qurduna.

 

Bir neçə il öncə qədim türk yurdu Qazaxıstanda "Turan" şəhərinin açılışı oldu. Mən də həmin tarixi hadisəyə rəsmi dəvət almışdım, xəstə olduğum üçün gedə bilmədim. Amma bunu idealımın həyata keçməsi baxımından bir başlanğıc hesab edib, coşqun sevinc yaşadım.

 

Hələ XX əsrin önlərində - 1927-ci ildə İstanbuldan təhsildən qayıdarkən gənc bakılı Əmin Abid Ərtaylan böyük ümid və inamla yazmışdı.

 

Türkiyə böyüyüb Turan olacaqdır

 

Rusiya dağılıb viran olacaqdır.

 

Rusiya ərazisinin böyük bir hissəsi - Sibir, Altay qədim türk yurdlarıdır. Türk birliyindən, tarixi həqiqət olan Turan imperiyasından qorxan türk düşmənləri, xüsusən Sovet dönəmində monolit türk millətini müxtəlif adlarla xalqlara və ölkələrə böldülər. Bu, məşhur, istilaçı "Parçala və hökm sür!" siyasətinin davamı idi. Böyük türkçü mütəfəkkir Ziya Göyalp (1876-1924) hələ 1915-ci ildə "Millət" şeirində türk millətinin müxtəlif adlar altında bölünməsinə qəzəb ifadə edərək yazırdı:

 

Sorma mənə oymağımı, boyumu,

 

Beş min ildir millət kimi yaşaram.

 

 

 

Demə mənə Oğuz, Tayı, Osmanlı

 

Tarixəm, bu ad hər ünvandan üstündür.

 

Yoxdur özbək, noğay, qırğız, kazanlı

 

Türk milləti bir bölünməz bütündür.

 

 

 

Hər ölkədə Türk bir dövlət yanacaq

 

Fəqət bunlar birləşəcək nəhayət

 

Hər bir dillə eyni dinə tapacaq

 

Olacaq tək harsa malik bir millət.

 

Tarix XXI əsrdə böyük mütəfəkkir, "Türkçülüyün əsasları" (1923) kitabının, türkçülük ideologiyasının məşhur proqram əsərinin müəllifi Ziya Göyalpın ümidləri "Fəqət bunlar birləşəcək, nəhayət" doğrulmağa başlayıb. Çünki "XXI əsr türk dünyası əsri olacaq" (İlham Əliyev). Bunlar kimlərdir? Dünyada (və Azərbaycanda) çoxusu onların Türk olduğunu bilmir.

 

Hunlar, avarlar, uyğurlar, xəzərlər, qıpçaqlar, karluqlar, sabarlar, bulqarlar, uzlar, xalaclar, başqırdlar, tuvalar, xanaslar, saklar, altaylar, şorlar, çuvaşlar, kamasinlər, qarapapaqlar, tofalar, yukagirlər, barabinlər, kumuqlar, qaraqaylar, balkarlar, noğaylar, tamarlar, qaqauzlar, qaraimlər, urumlar, annaqilər, özbəklər, qazaxlar, türkmənlər, qırğızlar, nanaylar və s. Beləliklə, Türk milləti təqribən 40 yerə bölünüb, 40 ad altında Avropa, Asiya və Amerikada, İranda, Çində, əksəriyyəti isə indi Rusiya adlanan məmləkətdə öz ata-baba torpaqlarında, doğma yurdlarında assimilyasiya olunmaq təhlükəsi altında yaşayırlar. Hazırda İranın sərhədləri ilə çevrələnən Cənubi Azərbaycanda 35 milyondan artıq soydaşlarımız, müxtəlif  türk xalqları mühafizəkar fars şovinizminin altında nəfəs belə ala bilmir. Milli filosof şairimiz Bəxtiyar Vahabzadənin Sovet dönəmində yasaq olunmuş "Gülüstan" poemasından bir misranı xatırladıram: "Biri baran dedi, biri xər dedi". Qədim, ulu bir millətin doğma yurdunu ata malı kimi bölüb özəlləşdirən ruslar və farslar müasir, sivil dünyada necə rahat ola bilər? Tarixə təchih vermək  - ədaləti və sərhədləri tarixən olduğu kimi bərpa etmək Zamanı çatıb, cənablar!

 

Bu sərhədlər hamıya məlumdur: Dərbənddən Göyçəyə və İrəvana, Bakıdan Təbrizə və Həmədana - daha böyük sərhədlər: Mancuriyadan - Macarıstana, Sibirdən, Altaydan İğil çayı boyu Turanın yurdlarıdır. Hər şeyi ədalətlə yerbəyer edən, obyektiv həqiqəti və ədaləti bərpa edən Tarixin Hökmü!

 

Ziya Göyalpın çox gənc yaşlarında "türkçülüyün rəsulu", yalavacı "Əli bəy Hüseynzadənin dilindən "Turan" (1892) şeirini eşidib Turan idealına tapınmışdı. "Turan" şeirini misal veririk. Qoy müzəffər Azərbaycanda yaşayan münəvvər türk gəncliyində onunla tanış olsun:

 

Sizlərsiniz ey qövmi-macar bizlərə ixlan

 

Əcdadımızın müştərəkən mənşəyi Turan

 

Bir dindəyiz biz, hərəmiz həq pərəstan

 

Mümkünmü ayırsın bizi İncil ilə Quran?

 

Çingizləri titrətdi şu afaqi sərasər

 

Teymurlara hökm etdi şahənşahlara yeksər

 

Fatehlərinə keçdi bütün kişvəri-qeysər.

 

Müasirlərinin dili ilə desək, "Əli bəy sakit, mütəfəkkir halı ilə üzərimizə bir peyğəmbər təsiri icra edərdi. Əvət, o bir rəsuli-haqq idi" (Abdulla Cövdət).

 

Turançılıq türk xalqlarının öz müstəqilliyi uğrunda, milli müqəddəratlarının təyini və təsdiqi uğrunda mütərəqqi ideologiyadır. Bu ideologiya - Rusiya imperializminə, "Vahid, bölünməz Rusiyaya" qarşı çevrilmişdir" (Məmmədəmin Rəsulzadə).

 

Ziya Göyalp "Losan" (1916) şeirində belə deyirdi:

 

Turanın bir eli var,

 

Və yalnız bir dili var.

 

Başqa dil var deyənin        

 

Başqa bir əməli var.

 

1911-ci ildə bilavasitə Əli bəy Turanın təsiri ilə Z.Göyalp özünün məşhur "Turan" şeirini yazıb - Turan idealını təqdim edir:

 

Nəbzlərimdə əvət, çünki elm üçün mübhəm

 

Talan Oğuz Xanı qəlbim tanır tamamilə

 

Damarlarımda yaşar şan və ehtişamilə

 

Oğuz Xan, iştə budur könlümü edən mülhəm

 

Vətən nə Türkiyədir türklərə, nə Türküstan

 

Vətən böyük və mübbəd bir ölkədir: Turan!

 

XX əsrin önlərində (1906-1923) Turan idealı ilə iki qoşa qartal, iki məşhur hərbçi və ideoloq, zəka sahibi Osmanlı imperiyasının gənc və cəsur hərbi naziri Ənvər Paşa və Azərbaycanın məşhur din xadimi Axund Mustafanın oğlu, görkəmli yazıçı Abdulla Şaiqin böyük qardaşı Nəriman Nərimanovun təklifi ilə Naxçıvanın hərbi komindantı təyin olunmuş Axund Yusif Ziya Talıbzadə Türküstanda bolşeviklərə qarşı mübarizə aparmış, Ənvər Paşa 1922-ci ildə erməni bolşeviki, Yusif Ziya 1923-cü ildə Əfqanıstanda çayı keçərkən Sovet ordusu tərəfindən qətlə yetirilmişdir. Onların hər ikisi türk komandiri - basmaçıların rəhbəri və Turan amalı ilə vuruşan əsgər olmuşdur. Təbii ki, idealdan həqiqətə, arzudan önniyyətə, tarixi gerçəkliyə gedən yol qansız-qurbansız olmur. Fəqət, bu qanlar müqəddəs qandır, bu yolda şəhid olan, qurban gedən fədailərin sayəsində azadlıq əldə olunur. Tarix bunu dəfələrlə sübut edib...

 

Qorxunc Sovet imperiyası çarta-çartla çökəndən sonra Moskvadan Azərbaycana gələn böyük türk Heydər Əliyev eyni zamanda türk xalqlarını birləşdirmək yolunu seçdi. O, türkün düşmənlərinin anlamayacağı bir strategiya və taktika yeridərək, "Ey türklər, gəlin birləşək!" demədi, müştərək türk eposları "Kitabi-Dədə Qorqud"un və "Manas"ın müvafiq olaraq 1300 və 1000 illik yubileylərini ümumtürk hadisəsi kimi keçirdi. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyini türk bədii təfəkkürünün hadisəsi kimi keçirərək Türkiyə Milli Məclisinin tribunasından bütün dünyaya bəyan etdi: "Füzuli bütün türkləri birləşdirən şəxsiyyətdir!"

 

Son iyirmi ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində Türk Xalqları Təşkilatı, TÜRKSOY yaranıb inkişaf edir. Türkiyə, Azərbaycan, Qazaxıstan və s. respublikalar müqavilə, bəyannamələr imzalayıblar.

 

Rusiya-Ukrayna müharibəsində Rusiyanın iç üzü açıldı, işğalçı xisləti ortaya çıxdı. Bu ədalətsiz müharibə bir zamanlar dədə-baba yurdları işğal yolu ilə Rusiyaya qatılmış Rusiya türkləri - tatarlar, başqırdlar, quvazular, qaqauzlar, bir sözlə, Krım, Altay, Sibir türkləri inanırıq ki, tarixi itirməyəcək, öz keçmişlərini yada salacaqlar.

 

"Ortaq türk keçmişindən - Ortaq türk gələcəyinə!" - bu, təkcə dövrümüzün şüarı deyil, həm də Turana gedən yolun istiqamətidir. Amansızcasına parçalanmış müxtəlif adlar altında, hazırda xristian dövlətlərində kölə vəziyyətində həyat sürən Turan həqiqətdə türk millətinin Turan birliyindən birləşməlidir.

 

Bu real tarixi prosesdə dünyada ən demokratik, ən humanist, ən insanpərvər din olan dinimizin - İslam dini rolu misilsizdir. İslam dininin bəzi mollaların yaydığı fanatizm - xurafat çamurluğundan xilas edib elmi - praktik təcrübə əsasında öyrənmək lazımdır. İslamda olan əsas dünyəvi cəhətlər mərhəmət, humanizm - insana ehtiram, tolerantlıq, cəsarət və qəhrəmanlıq həmişə - bütün zamanlarda, bütün vəziyyətlərdə ön planda olmalıdır. İslam dini cəmiyyəti saflaşdırmağa, insanlar arasında mənəvi  tarazlığa, millətə və dövlətə, rəsmi və yazılmamış qanunlara, türklərin qədimdən miras qalmış adət-ənənələrinə hörmət hissi formalaşdırmalı, insanları sivil rəftara dəvət etməli, bununla da tarixi Turana gedən yolumuza nur saçmalıdır. Milləti yaşadan onun tarixi-mənəvi dəyərləridir.

 

Türklər, yəni biz böyük mənəviyyata malikik, dünyanın heç bir milləti türklər qədər zəngin mənəviyyata və tarixə malik deyillər. Türk mənəviyyatı Vətən əxlaqı və ailə kultu üzərində bərqərar olur. Türklər bu iki amilə görə tərəddüdsüz ölümə gedərlər. İslam dinin qəbulundan (türklər onu təkcə din kimi yox, daha çox ilahi elm kimi qəbul etdilər).

 

Əli İbn Əbu Talib - Mühəmmədin əmisi oğlu və kürəkəni (Fatimənin əri!) İslama rəxnə salıb (sonralar Şah İsmayıl!) İslam dinində parçalanma yaratdıqdan sonra sünni məzhəb türklər ərəblərlə bərabər, İslam dininə yiyə durdular. İslam dininin bu gün dünyanın ən çox yayılmış din olmasında türklərin misilsiz xidmətləri var. Beləliklə, türk mənəviyyatı belə bir sağ ayaq üstə bərqərar olur; Vətən əxlaqı, Ailə kultu və İslam dini!

 

İslam dinində (fanatizmdə xurafat yox!)  olan əsas mənəvi-fəlsəfi anlayışlar: mərhəmət, ədalət, cəsarət, Allah sevgisi bütün bəşəriyyətin cəmiyyət həyatının rəhnidir.

 

Orhon Yenisey abidələri Turanın daş sənədləridir. Turan ideyası Hun imperatorluğundan daha əvvəlki dövrlərin məhsuludur. Biz uzaq keçmişə qayıtmırıq, köklərimizi cücərdirik. Qədimdə şahə qalxmış türk atının kişnərtisi azadlıq himni idisə, bu gün Bayraqdarların uğuru Turandan müjdə gətirir. Hər günü bir ilə bərabər 44 günlük Vətən müharibəsində türk təfəkkürü, türk silahı, R.T.Ərdoğanın və İ.Əliyevin simasında türk diplomatiyası bunu bütün dünyaya sübut etdi. "bir millət - iki dövlət" (Heydər Əliyev), bu, həm də bütün türkləri birləşdirən tarixi düsturdur.

 

Turan birliyi idealdan gerçəkliyə çevrilir: Türkün düşmənləri bunu istəsə də, istəməsə də! Bu, tarixin tələbidir, tarix ən ədalətli hakimdir. Hələ tarixə qalib gələn olmayıb. Bu gün tarix türkün xeyrinə işləyir, tarixin hərəkəti türkə şans verib, bu şansı itirmək olmaz. Çünki bu gün Avropanın hiylələri ifşa olunub, Rusiya-Ukrayna müharibəsi slavyan tarixinin ən böyük faciəsi və məğlubiyyətidir. Rusiyada türk millətini - müxtəlif türk xalqlarını buxovda saxlayan əsarət zənciri qırılıb. Digər dünya jandarmı  - ABŞ Orta Asiyanın sərvətlərinə, xüsusən zəngin qızıl yataqlarına göz dikib.

 

Türk milləti ayıq olmalı, Rusiya ilə ABŞ-ın toqquşmasından öz tarixi varlığını bərpa etmək üçün istifadə etməlidir. Unutmamalıyıq ki, "Azərbaycan Turanın qapısıdır!" (Ənvər Paşa). Bunun üçün "Bütün dünya türkləri, birləşin" əsas şüarımız olmalıdır.

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2022.- 10 iyun.- S.13.