Ömürdaşım
"Səfərova
Zemfira Yusif qızı - Azərbaycanda musiqi mənbəşünaslığının
əsasını qoyan araşdırıcı, Ü.Hacıbəylinin
musiqi əsərlərini nəşrə hazırlayan, redaktə
edən, onlara ön söz yazan, böyük bəstəkarın
yaradıcılığının ardıcıl tədqiqatçısı,
üzeyirşünas, akademik, Əməkdar incəsənət
və Əməkdar elm xadimi, musiqimizin və musiqi elmimizin
tarixçisi, 60-a qədər kitabın müəllifi, əsərləri
Azərbaycanda, Moskvada, Türkiyədə çap olunmuş,
bir çox xarici ölkədə çıxışlar və
məruzələr etmiş musiqişünas".
Bu məlumatlar ensiklopediyalardan, müxtəlif soraq
kitablarından, biblioqrafiyadandır. Amma bu bilgilər arasında bir
şey qeyd olunmur: Zemfira xanım mənim həyat
yoldaşımdır, övladlarımın - oğlumun və
qızımın anasıdır.
Zemfirayla
72 il bundan qabaq tanış olmuşuq. Yəni ömrümüzün yalnız ilk yeddi ilini
bir-birimizdən xəbərsiz yaşamışıq.
1945-ci ilin payızında indi Bülbülün
adını daşıyan musiqi məktəbinə daxil oldum. Məktəbin Azərbaycan
bölməsində rus bölməsiylə müqayisədə
şagirdlərin sayı dəfə-dəfə az idi.
Bizim sinfimiz beş-altı oğlandan və üç
qızdan ibarət idi. Qızlardan biri Zemfiraydı. Onu ilk dəfə 45-ci ilin sentyabrında, ikimizin də
yeddi yaşı olanda gördüm və görən kimi dərhal
qərar verdim ki, böyüyəndə mütləq onunla evlənəcəm.
Bu qərarımı 17 ildən sonra həyata
keçirdik. Toyumuz 1962-ci ilin 27
yanvarında baş tutdu.
Bu iki tarix arasında - on məktəb illəri - gah
küsüşür, gah barışırdıq. Nə
üçün küsüşdüyümüz və nə
sayaq barışdığımız yadımda qalmayıb.
Yəqin ki boş bir şey üstündə
imiş. Yoxsa ailə qurmazdıq ki... Küsülü
olanda bir-birimizə "o adam" deyirdik.
"O adam bu gün yenə beş
alacaq"... "O adam dərsi evdə əzbərləyəndən
sonra özünü bizə elə göstərir ki, guya
kitabı indicə vərəqləyib öyrənib". Qızların bu son atmacası, əlbəttə, mənə
aid idi.
Zemfira
xanım, Anar nəticələri Murad və Sevinclə
Dəniz dalğaları kimi illər illərin
üstünə gəlirdi, yaşımız artdıqca daha
küsüb-barışmırdıq. Şübhəsiz, nə
mən ona eşqimi bəyan etmişdim, nə o mənə
meyl etdiyini bildirmişdi. Sadəcə sinif
yoldaşlarıydıq. Zemfira birinci sinifdən
sonuncu sinfə qədər bütün dərslərdən əla
qiymətlər alırdı. Mən isə… Coğrafiyanı çox sevirdim, ədəbiyyatdan,
tarixdən yaxşı oxuyurdum. Riyaziyyat müəllimimiz
elə hesab edirdi ki, mənim xüsusi riyazi qabiliyyətim var.
O ki qaldı kimyaya, fizikaya, astronomiyaya, bu dərslərdə mən
yalnız böyük alimlərin - kimyaçıların,
fiziklərin, astronomların tərcümeyi-hallarını
danışaraq birtəhər canımı qurtarırdım. Amma əsl müsibət mənimçün musiqi dərsləri
idi. Harmoniya və solfecio dərsləri cəhənnəm
əzabıydı. İndiyəcən hərdən-birdən
vahiməli yuxularımda iki musiqi akkordunu bir-birindən
ayıra bilmədiyim üçün müəllimənin dəhşətli
səsini eşidirəm: "Ənar, sən axı niyə
kvartsekstakkordla sekstakkordu ayıra bilmirsən?".
Bu tənbeh
o qədər təkrar olundu ki, axırı bir gün dözməyib:
"Əgər siz mənim adımı Anar yox, Ənar
deyirsinizsə, mən də sekstakkordla kvartseksakkordu
çaşdırıram da..."
Amma indi mənə məzəli görünən bu
problemin çox ciddi və təhlükəli tərəfi də
vardı. Yuxarı siniflərdə - doqquzuncu-onuncu siniflərdə
məndən heç vədə musiqiçi
çıxmayacağı bəlli oldu və bununla
bağlı ciddi problem meydana gəldi. Musiqi
dərsləri keçmədən musiqi məktəbində
oxumaq olmazdı. Musiqi məktəbindən
ayrılmaq isə Zemfiradan ayrılmaq deməkdi. Bu məsələ məni ciddi şəkildə əndişələndirir,
yuxumu qaçırırdı. Fəqət
bu məqamda tale sevimli bibim Sura xanımının simasında
imdadıma çatdı. Bibimin Maarif
Nazirliyində tanışları vardı və onların
vasitəsilə mənim 10-cu sinifdə musiqi dərsləri
keçmədən bu məktəbdə qalmağıma icazə
ala bildi. Bu isə ikiqat səadət idi.
Birinci ona görə ki, musiqi dərslərindən
canım qurtarırdı, ikinci (əslində birinci) də ona
görə ki, əvvəlki tək hər gün Zemfiranı
görəcəkdim. Özü də
kvartsektakkorda sekstakkordun sınağından çıxmadan.
Nəhayət, 1955-ci ilin yazında məktəbi bitirdik. Anam evdə
yemək hazırladı, sinif yoldaşlarımı dəvət
etdim. Zemfira da ilk dəfə evimizə
qonaq gəldi.
Həyatın qəribə oyunlarından bir faktı da
qeyd edim. Valideynləri Zemfiranı da böyük
bacısı Elmira kimi musiqi məktəbinin rus bölməsinə
vermək istəyirlərmiş. Təsadüf
nəticəsindəmi, taleyin hökmüyləmi rus bölməsi
dolmuşmuş, boş yer qalmayıbmış. Beləliklə, Zemfira Azərbaycan bölməsinə
daxil olur. Bəzən
düşünürəm, Zemfira rus bölməsində
oxusaydı, yəqin ki, ömürlərimiz birləşməyəcəkdi.
Ümumiyyətlə, Zemfira özü də
mentaliteti etibarıyla tamam başqa bir şəxsiyyət kimi
formalaşacaqdı.
Orta məktəbi
bitirdikdən sonra mən Universitetin filoloji fakültəsinə,
Zemfira Konservatoriyaya daxil olduq...
Yollarımız
ayrılırdı, gələcək ünsiyyətimiz nə
sayaq ola bilərdi. Təsadüfən
küçədə rastlaşanda: - Salam, nə var, nə
yox? - Sağlığın - Necəsən? - Yaxşı, sən
necəsən? - Mən də yaxşı.
Vəssəlam?! Yox, əlbəttə, buna yol vermək
olmazdı.
Məktəbi bitirəndə Zemfiranı da, məni də
medala təqdim etmişdilər. Yenə də Surə
bibimin vasitəsiylə bildim ki, yazılarımızda xırda
bir yanlışlığı bəhanə edib mənə
qızıl yox, gümüş medal verirlər, Zemfira isə
ümumiyyətlə, medal almır. Qızıl
medalı rus bölməsindən bir qıza verirlər.
Bu çox böyük haqsızlıq idi, axı dediyim kimi,
on il bütün dəsrlərdən
yalnız əla qiymətlər almışdı.
İyunun 5-də o vaxt musiqi məktəbinin də yerləşdiyi
Konservatoriyanın qarşısındakı pilləkanlarda
Zemfirayla görüşdük. Bu bəd xəbəri
ona mən verməli oldum, sonra isə birnəfəsə onu
sevdiyimi etiraf etdim. Cavab gözləmədən
onu belə bir vəziyyətdə qoyub qaçıb getdim.
Güman edirəm ki, onu şoka
salmışdım. Həyatında
qarşılaşdığı ilk haqsızlığın
sarsıntısı və ilk dəfə eşitdiyi eşq
etirafının gözlənilməzliyi onu şoka salmaya bilməzdi.
Üç
gün keçdi, nə bir xəbər-ətər, nə
telefon zəngi... İyunun 8-də özüm
ona zəng etdim. - Evinizin yanındayam - dedim, -
aşağı düşə bilərsən? On
dəqiqə sonra aşağı düşdü. Nə mənim ona dediyim sözlər, nə onun
cavabı yadımda deyil, elə bil, hər şeyi duman
içində görür və duyurdum. Bircə
onu dərk etdim ki, cavabı "yox" olmadı. Çox-çox illər sonra etiraf etdi ki, o da (necə
deyim ki, qeyri-təvazökar çıxmasın) bir sözlə
mənə biganə deyilmiş və hətta haçansa evlənəcəyimizi
zənn edirmiş. Amma o gün, iyunun 8-də
mən yenə də qaçıb getdim. Axı lap
sütül cavanlar idik.
Valideynlərim bağda idi, mən Surə bibimgildə
qalırdım. Onların mənzillərində
bütün divarların əlim çatan yerlərinə
"8 iyun 1955" tarixi yazmışdım.
Görüşməyə başladıq. Birlikdə
baxdığımız ilk film o illərdə çox məşhur
olan Lolita Torresin çəkildiyi "Məhəbbətin
yaşı" adlı Argentina filmi idi.
Qərara gəldik ki, məktəbdə keçməyə
başladığımız ingilis dilini mükəmməl
öyrənək. Məktəbdə bizə ingilis dilindən
dərs deyən Arkadi Lvoviç Perelmanın yanına gəldik,
niyyətimizi bildirdik. Yəhudi dəqiqliyiylə: Həftədə
iki dəfə sizə evdə dərs keçəcəm, -
dedi - amma dərsləri buraxdığınız günlərin
də hesabını ödəməli olacaqsınız.
Bu məsələnin ingilis dilinə məhəbbətimizdən
savayı xoş tərəfi o idi ki, Zemfira həftədə
iki dəfə axşam evdən rahatlıqla,
sorğu-sualsız çıxa bilirdi.
Beş-altı dərsə həvəslə getdik. Günlərin bir
günü: Nizami kinoteatrında maraqlı film göstərirlər
- dedim - gəlsənə bu dərsi buraxaq. Bir qədər
tərəddüddən sonra razılaşdı. Beləliklə, daha bir neçə dəfə dərs
əvəzinə kinoya getdik, amma sonra qərara gəldik ki,
oxumadığımız dəsrlərin hesabını ödəmək
israfçılıqdır. Bizim ingilis
dilini mükəmməl öyrənmək təşəbbüsümüz
belə bitdi. İndi mən ingilis dilində
beş-altı kəlmə bilirəm, Zemfira səkkiz-doqquz kəlmə
bilir. Bu kəsirimizi xarici səfərlərdə daha
çox hiss edir, təəssüflənirik. Kim
bilir, bəlkə, bulvara, ya kinoya getməkdənsə dərs
almaq daha yaxşı olardı. Bəlkə də, əksinə...
Qəribə gəlsə də, mən o vaxtlar çox
da kino həvəskarı deyildim. Zemfira deyir ki, kinoya səni
mən alışdırdım. Doğrudan
da sonralar kino sənətinə peşəkarcasına
bağlandım. İki il Moskvada
ssenari kurslarında oxudum. İki il
Zemfirayla Moskvada yaşamalı olduq. Bakıda
Vaqif küçəsi 30 ünvanlı yarızirzəmi mənzilimiz
kimi Moskvadakı kirayə otağımız da
dostlarımızın toplaşdığı ünsiyyət
və təmas məclisləriydi. Çox
illər sonra mən İstanbulda Memar Sinan Universitetində bir
neçə ay ərzində Azərbaycan ədəbiyyatından
dərs dediyim zaman ordakı mənzilimiz də ordakı
dost-tanışlarımızla dolu olardı. Və Bakıda da, Moskvada da, İstanbulda da belə
xeyli zəhmət tələb edən məclislərin
yükünü usanmadan, deyinmədən çəkməsi
Zemfiranın daha bir nəcib xüsusiyyətidir.
Ömrümüzün bu unudulmaz günləri, dost
görüşləri barədə Zemfira "Ardı
yaşanılır" adlı xatirələrində müfəssəl
yazdığına görə mən bu məsələnin
üstündə durmuram. Həm də bu
mövzuda yazmaq mənimçün ağırdır - axı
durub-oturduğumuz dostlarımızın çoxu artıq həyatda
yoxdur.
İnsan keçmişə boylananda daha çox
işıqlı məqamları xatırlayır. Amma bu illərdə
ağrı-acılarımız da az
olmayıb.
Bu illərdə Zemfira da, mən də valideynlərimizi
itirdik.
Zemfirayla birlikdə onun böyük bacısı
Elmiranın, kiçik qardaşı Çingizin matəmini
yaşadıq.
Ədalətsizliklə, haqsızlıqla üzləşdik. Haçansa mən
hətta "Kirpi" jurnalının tikanlı istehzasına
hədəf olmuşdum. Zemfiranın bu zərbəni
necə ağır keçirdiyini gördüyüm
üçün qərara gəldim ki, bundan sonra mənə
olan hücumlardan onun xəbər tutmasına imkan verməyəcəm.
Amma mənə ağır gələn odur ki, bəzən
məhz mənim ucbatımdan Zemfira da haqsızlıqlara məruz
qalıb. Mənim o vaxt çox nüfuzlu
bir adama cavab qaytarmağımın bədəlini həyat
yoldaşım ödəməli oldu. Zemfiranın
Akademiyaya müxbir üzv seçilməsinin
qarşısı ən kobud şəkildə alındı.
Doğrudur, sonralar ədalət bərpa olundu,
növbəti seçkidə seçildi, amma bunun hansı əzabların,
əsəb gərginliyinin, yuxusuz gecələrin, bədbin
fikirlərin hesabına olduğunu MƏN bilirəm. Başqa bir səfər yenə də məndən nəyinsə
qisasını almaq istəyənlər Zemfiranın akademik
seçilməsinə mane oldular. Yenə də
ədalət gec-tez qalib gəldi. Amma niyə
axı gec? Bütün şüurlu
ömrünü elmə həsr etmiş "günahsız
müqəssirin" nə suçu vardı? Bəlkə də, yubiley yazısında bu
giley-güzarın yeri deyil. Bir də ki, dünyanın beş günü qaradırsa,
işıqlı, sevincli günləri daha çoxdur. Çox yaxın dostlarımızı,
yaxınlarımızı, əzizlərimizi itirdik. Amma şair demişkən, "dünya bir yandan
boşalır, bir yandan dolur".
Bir yandan ağır itkilərin acısı, bir yandan
Turalımızın, Günelimizin dünyaya gəlmələriylə
bizə bəxş edilən bəxtiyarlıq. Dörd kərə
baba-nəvə olmaq sevinci və Allahın böyük
lütfü - bizi ulu baba-ulu nənə mərtəbəsinə
ucaldan nəticələrimiz - Muradla Sevinc.
Tale bizə həyatımızın ən böyük
qürurunu yaşamağı da qismət elədi. Uzaq gəncliyimizin
munis xatirələriylə bağlı
Şuşamızın azad edilməsini gördük. Bu zəfərin fərəhini Zemfira tarixi qələbəmizdən
dərhal sonra yazıb çap etdirdiyi "Şuşa - Azərbaycanın
musiqi qalasıdır" (Azərbaycan və rus dillərində)
kitabıyla qeyd etdi.
Həyatın bütün keşməkeşlərindən
birgə keçdiyim ömürdaşım haqqında hələ
çox söz yaza bilərdim. Amma bəzən qəlbindəkiləri
şeirlə demək daha asan olur. Odur ki bu
yeni yazımı köhnə şeirimlə - toyumuzun 40 illiyi
münasilətilə qələmə aldığım
şeirlə bitirirəm.
Zaman nə
tez ötüşdü
Lap mat
qalmışam özüm.
Düz
qırx il bundan qabaq
Olub toyumuz bizim.
Bu
qırx il necə keçdi?
Elə
bil qırx il deyil,
Qırx gün, qırx gecə keçdi.
İl illərə
qalandı
Sevgi,
intizar, kədər
Sevinc, fərəh,
itgilər
Bir-birinə calandı.
Bəs bu
qoca dünyada
Nələr
keçib gedəndi
Nələr hər vaxt qalandı?
Pul, sərvət
toplamadıq.
Var-dövlət
qazanmadıq
həyatımız
boyunca.
Ölkələri, elləri
Gəzdik,
gördük doyunca
Paxıllıqla
üzləşdik,
Haqsızlıqla rastlaşdıq.
Nə
beynimiz pas atdı,
Nə qəlbimiz
daşlaşdı.
Haçansa, qırx il
sonra
(kaş ki belə olaydı)
Dünyayla
vidalaşıb
Ömür
sərhəddin aşıb
Çəkiləndə qeybə biz
O biri dün
yada da
Bir vuracaq qəlbimiz.
Burda bizdən nə qalar
Namuslu, ləyaqətli
Alnı açıq övladlar
Şirin-şəkər
nəvələr
Ağ vərəqlər
üstündə
çəkdiyimiz əzablar
Yazdığımız
kitablar
Bir də xatirələrdə
Yaşayacaq
eşqimiz
Hərarətli, pak, təmiz...
45-in payızında
Səni
ilk gördüyüm gün
necəydinsə
- eləsən
Söylə
bunun sirrini:
necə
qaldın belə sən?
Hələ
axşam düşməyib,
Bu qaralan
qaş deyil
Qış
gəlsə də, gəlsin qoy,
Qış günü deyilmiydi
Hədiyyəsiz-filansız
Bizim unudulmaz toy?
Sən vəfalı sevgilim,
İlin dörd fəslində də
Baharımsan, yazımsan
Mənim alın yazımsan,
Hələ də yazmadığım
Ən gözəl əsərimsən
Yazacağım yazımsan
Yaxında ya uzaqda
Səni hər zaman anar
Köhnə məktəb yoldaşın,
Həyat yoldaşın
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2022.- 10 iyun.- S.8;9.