"Dünya və teatr Qodonu gözlərkən"...
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti (ADMİU) "Dünya
və teatr Qodonu gözlərkən"
mövzusunda Beynəlxalq
Teatr Konfransı keçirməyi planlaşdırır.
Universitetin 100 illik yubileyi münasibəti ilə
"ADMİU 99+" layihəsi çərçivəsində onlayn formatda keçiriləcək Konfrans
22-23 noyabr 2022-ci il tarixində Bakı şəhərində
baş tutacaq.
Konfransın mövzusu S.Bekketin
absurd şedevrinin adı
ilə əbəsdən
səsləşmir: çünki
dünyamızın gerçəklərinə,
teatr sənətinin çağdaş durumuna aktual refleksiya kimi düşünülüb.
Bu gün dünya,
cəmiyyət qloballaşma
ilə, robotlaşma ilə, ünsiyyətsizlik
kollapsı ilə, zəncirvari reaksiya üzrə permanent davam edən lokal müharibələrlə, sosial
şəbəkələrin həyasız anarxizmilə
üz-üzədir. Bu
gün teatr sənətinin də taleyi müəmmalıdır.
Amma bununla belə hamı, istər dünyada, istər sənətdə nəyəsə
ümid bəsləyir,
nəyisə gözləyir.
Bu gün Bekketin
Qodosu hamının məchul ümidinin rəmzinə çevrilib.
Konfransın məqsədi də
dünya və teatr "Qodonu gözlərkən" vəziyyətinə
düşmüşkən reallıqda nə baş verdiyini, hansı proseslər getdiyini, teatr sənətini hansı perspektivlər gözlədiyini,
müasir zaman kontekstində teatr vektorunun hansı səmtə istiqamətləndiyini,
qismən də olsa, aydınlaşdırmaq
və çoxsaylı
suallara səslər, fikirlər polifoniyasında
cavab axtarmaqdır.
Təşkilat komitəsi bu suallara cavab tapmaq istəyən bütün mütəxəssisləri,
həmçinin, doktorant,
dissertant və magistrantları konfransda iştiraka dəvət edir.
Zoom platforması üzərindən
keçiriləcək Konfransın
işçi dilləri
Azərbaycan, rus, fars, türk
və ingilis dilləridir.
Konfrans haqqında daha geniş məlumat və şərtlərlə
ADMİU-nun http://admiu.edu.az/ və konfransın informasiya dəstəkçisi http://www.teatro.az saytlarında tanış
olmaq olar.
Ş.MÜŞFİQ
525-ci qəzet.- 2022.- 10 iyun.- S.9.