Qəzəllər

 

 

 

Bilməm ki, cisimmi görünür pirəhən içrə,

 

Ya ruhi-rəvandımı dolanur bədən içrə.

 

 

 

Müjganların içrə sənin ol çeşmi-xumarın,

 

Bir nərgisi-tərdir ki, bitibdür tikən içrə.

 

 

 

Kuyində yüz il zülfə əsir olsam, usanmam,

 

Əz-bəs ki, qara gün bana xoşdur vətən içrə.

 

 

 

Bir şeri-nəməkriz ilə ağzından öpərdim,

 

Pinhan ola bilseydim əgərçi süxən içrə.

 

 

 

Asəf güli-ruxsarıni görmişmi nigarın,

 

Qönçə dəhəni açıla qalmış çəmən içrə.

 

lll

 

Ta rəvaci-hökm göstərmiş cəmali-yarə xal,

 

Əhli-imanın qılıpdır ruzigarın qarə xal.

 

 

 

Rövşən etməkmi dilər əhli-nəzərlər halını,

 

Müttəsil şəmi-camalınlan yanar odlarə xal.

 

 

 

Ta xüruci-mülki-hüsn etmiş xəti-hinduvəşi,

 

Yüz xətlərdir görür dəfinə bilməz çarə xal.

 

 

 

Eyləmiş tərfi-zənəxdan üzrə kakilin kəmənd,

 

İstər ol çahi-nədamətdən özin qurtarə xal.

 

 

 

Dəftəri-bəxtin yazanda Asəfin kilki-qədər,

 

Düşdi miskin nöqtələr ol səfheyi-ruxsarə xal.

 

                                              

 

Qoşma

 

 

 

Sevdigim, şöleyi-şəmi-rüxsarın

 

Görən aşiq neylər tabi-afitab.

 

Afitabü qəmər, sərasər şəhab,

 

Alır rüxsarından zərrə-zərrə tab.

 

 

 

Tabım yox cismdə səbr edəm dərdə,

 

Düşmüşəm hicrinə dönmüşəm kürdə,

 

Rəhm qıl mən kimi dərdpərvərdə,

 

Gəlmişəm qapuna, ey alicənab.

 

 

 

Alicənabımsan, izzət, cahımsan,

 

Adilü dadrəsən şahənşahımsan,

 

Mülazimü müdam ümidgahımsan,

 

Sahibi-bəndəqan, malikü-rüqab.

 

 

 

Rüqabi-üşşaqə salıbsan zəncir,

 

Sübhən fəraqından qılmadın təhrir,

 

Xalların danəsi mayeyi-təzvir,

 

Cövri-sərkakilin könlümə qüllab.

 

 

 

Qüllabı-zülfünə paybəstəm mən,

 

Çeyşi-qəm çəngində zirdəstəm mən,

 

Asəfəm, dövrandan dilşikəstəm mən,

 

Əxtəri-bəxtimdən açılmaz səhab.

 

 

Asəf Lənbərani

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.23.