Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə saylarımızda)
Həsən
kredit kartından pulu ödəyəndən və ofisianta cibxərcliyi
verəndən sonra üzünü Ruhiyyəyə tutub dedi:
-
Çox sağ olun ki, xahişimi yerə
salmadınız, təklifimi qəbul etdiniz. Özünüz
hiss etməsəniz də, elə bil ki, mənə
dünyaları bağışladınız, elə hiss etdim
ki, işlədiyim bankdakı bütün pullar mənim sərəncamıma
keçmişdir. Siz mənim bu bazar
günümü həqiqi bayrama çevirdiniz, uzun müddət
mən bu təəssüratın təsiri altında
yaşayacağam. Bu, heç də adi bir rendezvous
deyildi, mənim üçün əsl fiesta idi. Ruhiyyə xanım, sizinlə bir neçə dəqiqə
bir yerdə olmaq böyük xoşbəxtlikdir, siz mənə
limitsiz vaxt sərf etdiniz, məni göylərə
qaldırdınız. Mən heç vaxt
özümü bugünkü tək xoşbəxt hiss etməmişdim.
Ruhiyyə
bu sözlərə çoxmənalı təbəssümlə
cavab verdi, bu mimikada həm razılıq, həm
də istehza nişanələri var idi. Həsənə
birincisi vacib idi, ikincisini sezməmək adına
da yazmaq olardı. Ona görə də ürəklənib
dedi:
- Çərənləməyə
yol verdimsə, məni bağışlayın, sizinlə
danışanda, etiraf etməliyəm ki, bir qədər
özümü itirirəm. Məşhur
yazıçının bir sözü yadıma
düşdü: "Biz qışqırıqla doğulur,
hıçqırıqla ölürük. Yalnız
gülüşlə yaşamaq qalır". Ona görə də mən zarafatı da, ciddi
sözümü də gülüş mayesində həll etmək
istəyirəm, bilirəm ki, dünyadan köçəndə
hıçqırıqlardan kömək gözləsək də,
xeyri olmayacaqdır. Ona görə də həyatı
mümkün olduğu qədər gülüşlə
yaşamağa çalışmalıyıq, çünki hər
bir qara günün özündə də gələcəyin
xoş ovqat bəxş edəcəyinə bir ümid dəni
gizlənir. Biz ömür boyu yas saxlasaq,
tez qocalarıq. Mollalara fikir verirsinizmi,
onlar bir yasdan çıxıb digərinə tələsirlər,
onlar üçün ölənin cavan, ya qoca
olmasının, faciəyə səbəb olmasının və
ya ətrafın ondan canını qurtarmasının da
heç bir dəxli yoxdur, onlar hüznü heç özlərinə
yaxın da qoymurlar, yoxsa çox tezliklə peşə xəstəliyinə
yoluxaraq ölərdilər. Mollalar ən
acı hisslərdən də yuxarıda dayanmağı
bacardıqlarından, yasda plovla toqqalarının
altını möhkəm bərkitdiklərindən turp
kimidirlər, sərçə kimi onların ölüb, yoxa
çıxmaları da gözə dəymir.
Ruhiyyə xanım, mən belə zarafat akkordları ilə
görüşümüzü yekunlaşdırmaq istəyirəm. Bundan sonra mən
yenə sizə yeni görüşlər barədə rica
şəklində müraciət edəcəyəm, çox
ümid edirəm ki, sözümü bugünkü tək yenə
də yerə salmayacaqsınız. Biz
zarafat qaydasında danışa-danışa,
özümüz də hiss etmədən ciddi söhbətlərə,
ciddi qərarlar verməyə yaxınlaşacağıq.
Qoy Allah bu məsələdə bizə
özü yar olsun.
Ruhiyyə
gülümsünərək dedi:
- Yenə
kosmik planlar cızırsınız, özünüzə
çox güvənirsiniz. Sizinlə söhbət
etdikdə reallıq yaddan çıxır, metafizikaya
müraciət edirsən, mistika daha təsirli şəkildə
hücuma keçir. Hardandır sizdə
belə həyata fantastik münasibət, ən mürəkkəb
problemləri də çox asanlıqla, öz üsulunuzla həll
etmək inamı? Görünür, həyatda
da hər şeyi siz o qədər də çətinlik
çəkmədən əldə etmisiniz, alın təri və
ağılı gərginliyə salmaq da sizə yaddır.
Siz yüksək elektrik cərəyanlarının
olduğundan da bixəbərsiniz, axı onlar insanı məhv
etməyə də qadirdir. Siz adamı
şirin dilinizlə elə tərifləyir, elə
ustalıqla yoldan çıxarırsınız ki, bunun necə
baş verdiyi də müəmmalı olaraq qalır. Sən, yəqin ki, belə müraciət formamdan
inciməyəcəksiniz, asanlıqla adamın indiyədək
mövcud olan müdafiə kodlarını məhv etməyə
çalışır və əsasən də buna müvəffəq
olursan. Sənin şirin sözlərin, ovundurucu ifadələrin
laylay səsi kimi adama şirin gəlir, sənin dilindən
çıxan və şərbəti andıran, şərqilərin
bəzəyi ola biləcək sehrli
sözlərin şüura daxil olur, könülə nüfuz
edə bilir. Sənin sözlərində elə
bil ki, lazer şüasının xüsusiyyətləri
vardır, istənilən qalın qılafı da çətinlik
çəkmədən yarıb keçə bilir. Sən gerçəkliklə, həqiqətlə
hesablaşmaq istəmirsən, sənin üçün ən
vacib olanı öz məqsədinə çatmaqdır, bunun
üçün istənilən qalanı da
dağıtmağa, uçurtmağa hazırsan. Həm də həmlə etdiyinin
dünyasının problemlərini nəzərə almaq da istəmirsən,
çünki məhv edilənin, dağılanın yerində
sən öz dünyanı qurmaq istəyirsən. Sən istəyinin qurbanlarının sayına da əhəmiyyət
vermirsən, çünki sənin üçün ən
vacibi bu istəyin həyata keçməsidir, zəfər
çalmasıdır. Yaxşı ki, sən
dövlət rəhbəri olmamısan, yoxsa öz
imperiyanı qurmaq üçün özünü
Assuriyanın qəddar çarları kimi aparıb,
qırğınlara yol verməklə geniş əraziləri
işğal etmək istərdin.
Çünki sənin könlün imperiya xətalarına
meyllidir, özün üçün yaxşı
olmasını istəyirsən, əks tərəf məğlub
olduqdan sonra sənin paralellərində yaşamağa
keçəcək, sənin dünyanın sakini olmaqla
razılaşacaqdır. Sən köhnə fatehləri də geridə
qoymaq barədə düşünürsən, onlar şəhərlər
tutur, ərazilər işğal edirdilərsə, sən
özünün düşündüyün kimi o qədər
də böyük olmayan əraziyə - başqasının
könlünə hakim olmağa can atırsan. Bu vaxt həmin könülün sahibinin vəziyyətini,
tərəddüd etməsini, qərar verməyə hazır
olmadığını da nəzərə almırsan, sənin
yeganə arqumentin odur ki, mən bu qələbəni ürəkdən
istəyirəm və bu da baş verməlidir. Sən özünə Austerlits, Vaqram qələbələrini
qazanmağı arzu edirsən, Rusiya
yürüşünün fəlakətli sonluğu da səni
o qədər məşğul etmir, maraqlandırmır.
Bilirsiniz, yüngül süvari hücumu məsələni
tez həll etmək naminə baş verir, lakin nəticəsi
çox vaxt sevindirici olmur. 1853-1856-cı illər
Krım müharibəsində ingilis komandanlığı bu hərbi
üsula əl atmışdı, ancaq ağır məğlubiyyətlə
üzləşdi. Yaponlar 1942-ci ilin iyununda
Miduey atollunda amerikanlara ikinci Pyorl-Harbar dərsi vermək istəyirdilər,
ancaq dörd təyyarə daşıyan gəmilərini
itirdilər, ağır məğlubiyyətə
düçar oldular və Sakit okeandakı müharibə
üstünlüyündən birdəfəlik məhrum
oldular. Özünü aldatmaq,
mühüm əsaslar olmadığı halda qələbəyə
inam bəsləmək bir qədər avantüradan xəbər
verir. Ağıllı adamlar avantüradan
uzaq olurlar. Böyük rus
yazıçısı L.N.Tolstoyun dediyi kimi, "Harada həqiqət
yoxdursa, orada böyüklük də yoxdur".
Ruhiyyə
bu monoloqunu yekunlaşdırıb dedi:
-
Çox danışdım, yunanlar ərəblərdən udu
götürüb, bir qədər dəyişiklik apararaq
buzukiyə çevirdikləri kimi, mən də sizin söhbət
tərzinizdəki hücumçu üsuldan istifadə etməyə
çalışdım, bəlkə də, bu cəhdim o qədər
də uğurlu alınmadı, qorxuram ki, sözlərim sizi
incidə bilər.
Həsən
Ruhiyyənin axırıncı kəlməsi ilə
razılaşmadı:
- Sizin bu
fikrinizə şərik çıxmaq istəməzdim, siz
danışdıqca, öz
dünyabaxışınızı ifadə etdikcə, mənə
daha çox xoş gəlirsiniz, sizə etiraz etmək də
çətinləşir. Axı üzmək
üçün dərin su lazımdır, dayaz suda
qurbağalar nəslini artırırlar, ona görə də
bu su yumurtadan yeni çıxmış növlərlə dolu
olur. Sizin düşüncələrinizi özündə
əks etdirən okeana baş vurmaq o qədər də asan
deyildir, öz qüvvəni də nəzərə
almalısan ki, bir tərəfə çıxa biləcəksənmi,
batmayacaqsan ki?
Yeni biliklər
düşüncələr aləmini genişləndirir
Ruhiyyə
yeni tanış olduğu bu oğlanın
hücumlarından qorxuya düşürdü, çünki
onun təcavüz xarakter daşıyan hərəkətlərində
özündən razılıq, xudpəsəndlik hiss olunurdu,
bəzi həyati məsələlərə də, o,
barmaqarası baxır, onlara oyuncaq kimi yanaşırdı. Ondan aralandıqdan sonra onun davam edən təzyiqinin
təsirini azaltmaq üçün öz yaradıcılıq
işinə daha çox diqqət verirdi. Bu
təzə qələm sahibini yazıçı
adlandıranlar da var idi, lakin o, özünü aldatmaq istəmirdi,
axı onu tərcüməçiliyə və
yaradıcılığa heç də kükrəyib
daşan istedadı deyil, maddi vəziyyəti, ərini itirdikdən
sonra oğlunu böyütmək qayğısının məlum
çətinlikləri gətirib
çıxarmışdı. Ona görə
də imkan düşdükcə, biliyini artırmağa
çalışırdı ki, yürütdüyü fikirlərin
bəsitliyinə, xam xassəli olduğuna görə onu
diletantlıqda ittiham etməsinlər. Ona
görə də, xeyli vaxtdan kollektivin saf mövqeyinə
hörmətlə yanaşdığı qəzetin şənbə
nömrəsində dərc olunan yazıları maraqla izləyir,
onlardan çox şey götürürdü. Həmin gün qəzet çoxsəhifəli
olduğundan nazik kitaba bənzəyirdi. Rəfiqəsi
Gülarənin, o qız artıq məşhur jurnalist idi,
yarızarafat, yarıciddi dediyi: "Bu da bizim yerli
"Vaşinqton post"umuzdur" sözləri heç də
həqiqətdən o qədər də uzaq deyildi. Orada dərc olunan bəzi müəlliflərin
yazıları izlənilir, böyük maraqla
qarşılanırdı. Qəzet, əslində,
ədəbiyyat vitrininə çevrilmişdi, lakin vitrində
nümayiş etdirilənlərin heç də hamısı
oxucu həvəsini alovlandırmağa qadir olmurdu. Lakin seçmələr digər məqalələrlə
müqayisədə özünü diqqətə
çatdırırdı və bu yazılara görə qəzetin
həmin nömrəsi "isti piroq" kimi
satılırdı. Vitrin öz təyinatı
ilə yanaşı, gözəl qızların özünə
vurulmaqla, tamaşa etdikləri güzgü rolunu
oynayırdı. Müasir qız jurnalistlər
və yazarlar qəzetin səhifələrindəki erotik
allyuziyalı portretləri ilə ən azı qadın gözəlliyinə
biganə olmayanların diqqətini cəlb etməmiş
qalmırdı. Ona görə də
qızlar, hətta yaşlı qadınlar qəzet səhifələrində
şəkillərinin oxucuların nəzərinə çatdırılması
üçün dəridən-qabıqdan çıxır, qələmə
əl atır, rapiranı tanımadıqları halda, bu
silahdan, başqa istedad sahibləri ilə birgə turnirlərdə
iştirak etmək imkanı ələ düşəndə,
istifadə etməyə çalışırdılar.
Bütövlükdə isə qəzet öz nüfuzunu
saxlayırdı və yazı çərənləmələrindən
boğaza yığılan oxucuları, xilas kəməri
rolunu oynayan maraqlı fikirlərin yer tapdığı gəminin
sərnişinləri ilə də tanış
edirdi.
Ruhiyyənin bəzən vaxtı
çatmadığından nömrələri
lazımınca izləyə bilmədiyinə görə qəzetin
əməkdaşı olan rəfiqəsi zəng edib, ona
maraqlı yazının dərc olunduğunu xəbər
verirdi. Əsl istedad sahibi kimi bu qıza paxıllıq yad
idi, ona görə də hətta tanımadığı
müəlliflərin də məzmunlu yazılarını
oxumağı məsləhət görürdü. Ruhiyyə
isə onun
zövqünün plankasının çox yüksək
olduğunu bildiyindən, qəzeti tapmasa da, elektron
versiyasında həmin yazı ilə tanış olur və xəbərdarlığına
görə rəfiqəsinə minnətdarlığını
bildirməyi də yaddan çıxarmırdı. Bir bazar günü Gülarə yenə ona zəng
vurub, dünənki qəzetdə gedən "Təkamül"
başlıqlı məqalədə yeni fikirlər irəli
sürüldüyünü qeyd etdi. Marağı
artırmaq üçün dedi ki, müəllif professordur,
Südabə Səfərlinin ilk aspirantlarından biri
olmuşdur və başqa yazılarında öz mərhum
müəllimini - onu italyanlarsayağı "maestro"
adlandırırdı, böyük ehtiramla yad etmişdi.
Ruhiyyə Gülarənin bu qeydindən sonra, qəzet
köşkündən həmin nömrəni əldə etdi
və zəmanətin həqiqətdən heç də uzaq
olmadığına yəqinlik tapdı.
Müəllif məqalənin adındakı sözün beynəlxalq dillərdəki "evolution" sözünün, tərcümədə "təkamül" ifadəsi kimi səsləndiyini, "revolution" - "inqilab" sözü ilə isə əkslikdə olduğunu qeyd etmişdi. Tarixin əsasən çox saydakı acı təcrübəsinə görə çoxları inqilabı qəbul etmir, qan tökülməsinə və çoxlu qurbanlar verilməsinə səbəb olduğuna görə onu ikrahla yad edirlər. Lakin bəzi dövlətlər inqilabın xalqın, ölkənin tarixində oynadığı mühüm rola görə onu milli bayram kimi qeyd edirlər. ABŞ-da və Fransada müvafiq olaraq iyulun 4-ü və 14-ü hər il ümumölkə bayramı səviyyəsində qeyd edilir. SSRİ-də də mövcud dövlət dağılana qədər oxşar ənənə davam etdirilirdi. Ona görə də bir çox tarixçilər, siyasətçilər inqilabla, "revolution"la müqayisədə inkişafın təkamül - "evolution" yoluna üstünlük verir, hətta bu fikirlərinin daha ciddi təsdiqi üçün ən yaxşı dövlət formasını, həqiqətən də, bir çox üstünlüklərinə, xüsusən sabitliyə və korrupsiyanın əsasən yüksək vəzifə eşelonunda meydana gəlməməsinə görə monarxiyanın ən əlverişli hakimiyyət olduğunu qeyd edirlər. İngiltərədə monarxiyanın min ildən yuxarı tarixi vardır. XVII əsrdəki Kromvel inqilabı istisna olmaqla, burada kral taxt-tacı, hətta seçim qaydasında yadellilərin əlinə keçsə də, ölkədə əsrlər ərzində nisbətən sabitlik hökm sürmüş, monarxiya bəzən ləğv olunma təhlükəsi və böhranlarla üzləşsə də, XXI əsrdə də öz mövcudluğunu qoruyub-saxlayır. II Elizabet artıq 70 ildir ki, taxt-tacı əlindən buraxmır, ona namizəd olan oğlu, Uels şahzadəsi Uilyamın da yaşı artıq 70-i keçmişdir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 11 iyun.- S.22.