Hacı Əkbər Rüstəmovun "Vətən kitabı"...

 

 Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən, döyüş komandirlərindən biri, şəhid atası Hacı Əkbər Rüstəmovun "Vətən kitabı" adlı kitabı işıq üzü görüb. Kitabda müəllifin Birinci Qarabağ müharibəsi doğulub boya-başa çatdığı Ağdam rayonunun işğalda olduğu dövrlərdə yazdığı gündəlikdəki bir sıra qeydlər, mətbuatda dərc etdirdiyi esselər, sosial şəbəkələrdə paylaşdığı mətnlər, həmçinin, onun haqqında tanınmış jurnalistlərin məqalələri toplanıb.

 

Kitabın redaktoru Əməkdar jurnalist Elşən Əliyevdir. "Vətən kitabı"na yazdığı ön sözdə Elşən Əliyev qeyd edir ki, Əkbər Rüstəmov ötən əsrin 90-cı illərində üç oğlu ilə birlikdə ermənilərə qarşı mübarizəyə qalxıb. Ağdamın müdafiəsində can qoyub, bir oğlunu bir qardaşı oğlunu şəhid verib. Amalı, məqsədi Vətənin azadlığı, dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi olub. Soyuq səngərlərdə qəlbinin, ruhunun, düşüncəsinin odu-alovu bir an öləziməyib. Əksəriyyəti dostu, tələbəsi olan silahdaşlarını düşmənlə sona qədər döyüşməyə çağırıb.

 

"Biz öz ata-baba torpaqlarımıza mütləq qayıdacağıq!" Vətənin müsəlləh əsgəri, şəhid atası, Ağdamın nüfuzlu ağsaqqalı Hacı Əkbər Rüstəmovun ömür şüarı belə olub! Məcburi köçkünlük həyatını yaşadığı Bakıda belə özünü daim qonaq sayıb, "gözlə məni, Vətən, mütləq qayıdacağam!-deyib: "Əkbər müəllim imanlı bir şəxsiyyətdir, həcc ziyarətində olub ibadətinə sadiqdir. Övladlarına gənclərə nəsihətində onları dini qiymətləndirməyə, müqəddəs "Qurani-Kərim"i öyrənməyə, dərk etməyə, lakin ifrat mövhümatından da uzaq olmağa çağırır".

 

Elşən Əliyev bildirib ki, torpaqlarımızın işğalda olduğu müddətdə dövlətimiz, ölkəmizin rəhbəri ilə yanaşı, bizi ruhdan düşməyə qoymayan, hər zaman ayaqda saxlayan Vətənə dönəcəyimizə inandıran iradəli, inanclı şəxsiyyətlərimizdən, ağsaqqallarımızdan biri olub Əkbər müəllim: "Qələbə müjdəli Azərbaycan əsgəri, dostum-silahdaşım, mən sənə qələbə dolu sabahlar arzulayıram!"- o bu sözləri qələbədən 25 il əvvəl yazıb. Əkbər müəllim torpaqlarımızın müdafiəsi uğrunda savaşda, Ağdamı qoruyarkən çox şey itirsə , xalqın gücünə, dövlətimizin varlığına, qələbəyə inamını itirməyib. Hərdən saf havasını ciyərlərinə çəkmək, buz kimi soyuq kəhriz suyundan içmək üçün nəvələri ilə birgə getdiyi doğma torpaqda ordumuzun vəziyyətini şəxsən gördükdən sonra onda əminlik yaranmışdı ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək. Əkbər müəllimi üç onillik boyu düşündürən, narahat edən, bəzən həyəcanlandıran, bəzən əsəbləşdirən suallara 44 günlük Vətən müharibəsi, bu müharibənin qəhrəmanları cavab verdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistanı məğlub etdi. Birinci Qarabağ müharibəsində ən çox şəhid verən Ağdamdan düşmən döyüşsüz çıxmaq məcburiyyətində qaldı. Qələbədən bir müddət sonra Əkbər müəllim ailə üzvləri işğaldan azad edilmiş Ağdamda olublar, şəhid Sənanın məzarını tapıblar, ziyarət ediblər".

 

"Vətən kitabı"nda Hacı Əkbər Rüstəmovun "Gördüklərim sarsıdıb məni", "Döyüşçü dəftərindən", "Yurdu qorumaq hamımızın borcudur", "Məndən sizə əmanət", "Vida", "Döyüşçü dəftərindən", "Biz mütləq o torpaqlara qayıdacağıq", "Şuşanın dağları başı dumanlı", "Vətəndən məktub", "Övladlarıma vəsiyyət, gələcəyə nəsihət", "Vətənə dönmək üçün bir yol düşünmüşəm", "Hər könüldə bir yuva var", "Görüşünə gəlmək istəyirəm, Vətən", "Mütləq gələcəyik vətən", "Səngərdə keçən ömür", "Mən həmişə səninləyəm", "Həyatım mənim-Ağdamım, Qarabağım, bütöv Azərbaycanım mənim", "Od-alov içindən çıxan qəhrəman", "Dərdimlə baş-başa", "Cəhənnəmə döndərilmiş, cənnətim Ağdamım, "Azərbaycan", "Vicdan", "Dərdlərimin dərdi var", "Yarım oralarda, yarım buralarda", "Narahat ruhlar", "Yurd yerimin tacı Şuşa" başlıqlı yazıları yer alıb.

 

"Ağdama bahar gələndə" başlıqlı yazıda müəllif bildirir ki, "Ağdam, Qarabağ işğal olunan gündən nələr gəlmədi başıma, ürəyim para-para oldu, onlarla çat yarandı ürəyimdə".

 

Hacı Əkbər Rüstəmov "Mütləq o yurda dönəcəyik" başlıqlı yazıda isə qeyd edir ki, ağrı-acısının həddi-hüdudu olmayan yurd yerimizdən uzaqlaşmağın oralarsız yaşamağın qədər ağır olduğunu anlamaq üçün bir ömür yaşamaq lazımdır: "Elindən-obasından didərgin düşən, ac-yalavac dünyanın hər yerinə səpələnən, ömrü boyu yığdığını bir göz qırpımında itirən qaçqınların oğul dərdinə, ata, ana, qardaş, bacı həsrətinə necə dözdüyünə həsrətlə baxanlarla yanaşı, onları qaçqın-köçkün, didərgin damğası ilə damğalayanlar da tapılır. bu həqiqətləri eşidəndə ürəyim göyüm-göyüm göynəyir, özümə yer tapa bilmirəm. Yadıma düşəndə ki, Qarabağın dilbər güşəsi Ağdamın hər qarışı uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişəm, torpağında, daşında sürünməkdən dizlərimin qabığı gedib, lakin məndən asılı olmayan səbəblər üzündən həmin torpaqlar yağıya verilib, ürəyim sinəmdən çıxmaq dərəcəsinə gəlir. Gücüm-qüvvəm daxilində Vətən uğrunda döyüşlərin önündə getmişəm. Günahım, olsa-olsa, bu savaşda ölməməyimdir. Bəlkə bizə qəzəbi tutmuş Tanrı Vətən savaşında şəhid olanları özünün ən yaxın bəndələri bilib, bizlər üçün əl çatmaz olan zirvəyə ucaldıb. Sağ qalanları isə bilərəkdən düşmən gülləsindən hifz edib ki, bu dərdi, bu zülmü çəksin. Bir qədirbilməzin tənəli baxışları altında əzilsin, suyu çıxsın".

 

Kitabdakı "Mübarizə ruhumuz"  başlıqlı yazıda müəllif  bildirir ki, minlərlə mərd oğullar Vətən yolunda, millət uğrunda şəhid oldular: "O övladlar özlərini qurban verdilər ki, Vətən ləkələnməsin, şərəfimiz ləkələnməsin, namus ləkələnməsin. Azadlıq, müstəqillik uğrunda mübarizə aparanlar, Vətənin həmişə keşiyində duranlar şəhid oldular ki, insanlar azad yaşasın, bir daha körpələr güllə səsi eşitməsinlər, analar ağlar qalmasın, ataların beli bükülməsin. Şəhid oldular ki, Vətən torpaqlarını gələcək nəsillər sinəsini sipər edərək qorusunlar. Bu yolu keçib gəldiyimdən şəhidlər haqqında qədər çox yazsalar da, mən deyərdim azdır, yenə azdır. Şəhidlər Vətənimizin əmanəti millətimizin qürur yeridir. Hər şəhid ailəsini görəndə, onlarla söhbət edib dərdləşəndə, kövrək qəlblərini dinləyib, nəmli gözləri görəndə bunu özüm yaşadığımdan, yaxşı duyub-bildiyimdən şəhidə, şəhid ailəsinə hörmətlə yanaşmamağı Vətənə xəyanət kimi dəyərləndirərdim, desəm səhv etmərəm. Bu acıları çox gördüyümdən hər bir şəhid şəkli ailəsi ilə üz-üzə dayananda elə bil şaxta vurur məni, üşüyürəm, titrəyirəm. Bu neçə illik müharibənin ön cəbhəsində üç oğlunla birlikdə olasan, nələrə şahidlik edəsən, kimlərlə birlikdə döyüşəsən, sonra da yaddan çıxasan, laqeydlik, biganəlik görəsən, onda da nələr fikirləşir insan. Qismətinə Vətən, el, yurd ağrıları, oğul qardaş oğlu ağrı-acısı düşə, faciələr içində çabalayan Xocalı müsibətində onlarla insanın çıxarılmasında ən fəal iştirakçı olasan, sonra Ağdam kimi ən gözəl şəhərimiz işğal oluna yenidən sağ qalan iki oğlunla torpaqların işğaldan azad olunması qalan torpaqların qorunmasında gecə-gündüz mübarizə aparasan... Sonra, sonra da acı günlər yaşamağa məhkum olasan. Bundan ağır, bundan acı ola bilər?.."

 

 "Vətən kitabı"nda yer alan yazısında millət vəkili Aqil Abbas vurğulayır ki, onun "Dolu" romanındakı Müəllim obrazı Hacı Əkbər Rüstəmovdur: "Əkbər Rüstəmov Ağdamdan çıxan məşhur güləşçilərin 70 faizinin müəllimi olub. Bir vaxtlar "Qarabağ" futbol komandasının rəhbəri 50 nömrəli peşə məktəbinin həyətində tələbələri ilə birlikdə öz əlləri ilə tikmişdi həm stadionu, həm də idman zalını. 1967-68-ci illərdə güləş üzrə SSRİ çempionatında finalda hakimlər tərəfindən qəsdən uduzdurulduğuna görə həm hakimi, həm də rəqibini mal kimi çırpmışdı Əkbər Rüstəmov. Və buna görə də ömürlük çempionatlardan kənarlaşdırılmışdı. O da qayıdıb doğma Ağdamda peşə məktəbində idman müəllimi işləyirdi. Ağdamın həm sayılan müəllimi, həm də saytal oğlanlarından biri idi. Və bu gün də elə saytal kişidir".

 

Kitabda yer alan Sarvan Şamiloğlunun (Ağayev) başlıqlı yazısında müəllif qeyd edir ki, Ağdamda üç oğlu ilə birlikdə döyüşlərdə qəhrəmanlıqlar göstərən ağsaçlı ata haqqında çox söz-söhbət gəzirdi: "Kimisi Əkbəri qınayır, kimisi ona bənzəmək istəyirdi. Ancaq heç kim Əkbər ola bilməzdi. Müharibələr çox zərbələr vurdu ona. Tələbələrini, dostlarını, qardaşı oğlunu itirdi Əkbər. Sevimli balası Sənan Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə zabiti xilas edərkən şəhid oldu. Ancaq Vətən eşqi, Vətən məhəbbəti Əkbəri əyilməyə qoymadı. Döyüşdü, mübarizə apardı, həm öndə düşmənlə, həm də arxada xəyanətlə".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.19.