"Bəhmənli üverturası", "Vaqif yaylası" və adaşımın məmnun ruhu...  

 

Onu ötən əsrin yetmişinci illərinin ikinci yarısından tanıyırdım. Ədəbiyyata Vaqif Cəbrayılzadə ilə qoşa gəlmişdilər. Onların şeirləri verilmiş "Azərbaycan" jurnalını bəlkə yataqxanadakı uşaqların hamısı məndən götürüb oxumuşdu. Cəbrayılzadə Vaqifin "Evləri bürcü-bürcü...", Bəhmənli Vaqifin isə "Ehey, kim saxlayıb bu səkidə maşını?" şeirləri hərgünki söhbətimizdə yada düşürdü. Özü demiş, "Vaqiflərlə dünya dolu, hərəsinin ayrı yolu..."

 

 

 

Elə bilirdim ki, Bəhmənli Vaqifin 1978-ci ildə oxuduğum Füzuliyə, Sabirə, Bəhram Gura, Mehdi Hüseynzadəyə həsr edilmiş şeirlərdən ibarət "Heykəllər önündə" "Əsgər məktubları" silsilələri onu tanımaq üçün kifayət etmişdi. Amma kifayət etməyibmiş. Onu tanımaq üçün 2020-ci ilin əvvəllərində yazdığı "Ev telefonum" şeirini oxumaq lazım imiş. Heç 2008-ci ildə çıxan "Can dəftəri" kitabı da bu şeir qədər təsirli deyildi.

 

Qaçqınlığı, köçkünlüyü, yurdsuzluğu bu sətirlərdən yaxşı necə dilə gətirmək olardı?:

 

Evimin içində ev telefonum...

 

gözləri - arısı qırılmış pətək,

 

Qutusu - boş qazan qapağı kimi,

 

nənəmin toz basmış yun yumağıtək,

 

babamın boş qalmış papağı kimi...

 

lll

 

Üstündə yurd salıb köçəri quşlar,

 

İşğal telefonum tarixə qaldı.

 

Nə həmən Ağdam var, nə Füzuli var,

 

telefonçu qızlar qırx ildi laldı.

 

lll

 

Şüşədə çırpınır dev telefonum -

 

Kor quyu dibində sərsəri mənəm.

 

Atamdı, anamdı ev telefonum -

 

ölüblər, yetişmir səsləri mənə!

 

Mənə elə gəlir ki, bu sətirlər 2020-ci ilin payızında başlanmış - xalqımıza son iki əsrin ən böyük sevinclərini yaşatmış "Ən yeni tarix"imizin üverturası idi. Özü də "Bəhmənli üverturası". Elə bilirəm ki, həmin ilin sonunda Vaqifin "ölüblər, səsləri yetişmir mənə" - dediyi valideynlərinin ruhu heç zaman olmayan bir şəkildə bəxtəvərlik qazanmışdı. Çünki artıq Vaqifin "köçəri quş" adlandırdığı qurd-quşlar Qarabağ səmasından qovulmuşdu. İndi artıq  telefonumuza nəinki, Füzulidən, Ağdamdan, Şuşadan, hətta, ən ucqar bölgələrimiz olan Kəlbəcərdən, Laçından da cavab gəlir. Telefonçu qızlar artıq lal deyil.

 

...Rəhmətlik atam Məmmədcan kişini texnikumun ikinci kursundan götürüb müharibəyə aparmışdılar və əlil qayıtdığına görə təhsilini davam etdirə bilməmişdi. Yəni normal təhsili yox idi. Amma şairlərimizin yaradıcılığı ilə maraqlanır və bəzi şeirlərə münasibət də bildirirdi. Bir dəfə dedi ki, əsl xalq şairi xalqın dərdindən yazan Molla Pənah Vaqif kimi olar. Atam Vaqifin "Bayram oldu, heç bilmirəm, neyləyim..." şeirini yada salır və deyirdi ki, kasıbın, sadə kəndlinin ərz-halını bundan yaxşı dilə gətirmək mümkün deyil.

 

Yeri gəlmişkən, Bəhmənli VaqifMolla Pənah Vaqiflə bağlı gözəl yazıb:

 

Vaqiflərin baş tacıdır

 

"Görmədimi"i yazan Vaqif.

 

Molla Pənahı xatırlatmaqda məqsədim bu sətirlərin sərlövhəsindəki "Vaqif yaylası" ifadəsinə qayıtmaqdır. Çünki Molla Pənah da xalq üçün əlçatan tərzdə yazıb, Bəhmənli Vaqif də hamının əli çatan səviyyədən aşağı da düşmür, yuxarı da qalxmır. Sanki belə  öhdəlik götürmüş adam kimi kütləvi oxucuya lazım olandan başqa heçdemir.

 

Bu məqamda xatırladaq ki, ədəbi dəyərlərin  coğrafi terminlərlə ifadə edilməsi ənənəsinin tarixini bəlkə də, bilən yoxdur. Məsələn, Nizami zirvədir, Füzuli ümmandır, Sabir dəryadır, Səməd Vurğun bulaqdır, Məmməd Araz çaydır və sair ifadələri daim işlədirik və ya eşidirik. Mənə elə gəlir ki, Vaqif Bəhmənlinin yaradıcılığı ilə tanış olanlar mənim işlətdiyim "Vaqif yaylası" ifadəsi ilə də razılaşacaqlar.

 

Çünki dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Məsələn, Anadolu yaylası, Şərqi Pamir, Qarabağ vulkanik yaylası və s. Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır. Çəkinmədən deyə bilərik ki, Vaqifin yaradıcılığı dəniz səviyyəsindən nəinki beş yüz, hətta min metrədək yüksəkdir.

 

Fikrimizi konkret misallarla izah etməyə çalışaq. Məsələn, atam Molla Pənahın şeirində özünü görürdü. Mən isə Vaqif Bəhmənlinin 2017-ci ildə qələmə aldığı "Kötük" şeirində özümün ərzi-halımı görmüşdüm:

 

Sarmaşıqlar hana qoyub,

 

ilmə tutub dörd yanını.

 

gül əlindən cana doyub,

 

yer tapmır qoysun canını.

 

 

 

Yaş torpağa batır kötük,

 

nəmi çəkir dəri kimi.

 

Ot içində itir kötük

 

köhnə yara yeri kimi...

 

İndi artıq hərəmiz bir köhnə yara yeri deyilikmi?

 

Yaxud o, hələ 22 yaşı olanda cəmiyyətdəki proseslərə üstüörtülü, amma ustalıqla etiraz edərək hayqırırdı ki, "Ehey, kim saxlayıb bu səkidə maşını?" Mətnin altında söhbət başqa mətləblərdən getsə , ədəbi priyom kimi istifadə edilən üzdəki detallar hərəkəti təmin etməli olan səki hərəkətə mane olan  maşın idi. Daha bir xatırlatma. Yetmişinci illərin sonlarında Vaqifin həmin etirazlarına irad tutanlar ondan belə bir xəbərdarlıq eşitmişdilər: "Sizi anamın qarğışı tutar". O, hələ gənclik illərində övladlarını tək böyütmüş qadının alqış qarğışının nələrə qadir olduğunu bilirdi.

 

2020-ci ildə - 65 yaşı olanda isə o, daha böyük hərəkətlərə mane olanlara etiraz edir. Amma o vaxt özünü güclü sansa da, indi artıq "cırtdan" olduğunu gizlədə bilmir. Bu yaşda onun istifadə etdiyi detallar Xəzər pəzəvəng devlərdir:

 

Heç olmasa Xəzəri görürdüm aralıdan -

 

indi hörgü tutub, evlər kəsib aranı.

 

Xəzər uzaqdakı ev -

 

Cırtdan can atır ora,

 

evlər deyil, pəzəvəng devlər kəsib aranı...

 

Başqa bir misal. Bəlkə zamansa şeir yazmış elə bir insan yoxdur ki, dünyanın fani olduğu barədə isə deməmiş olsun. Yəni poeziya üçün məhəbbət dünyadan köhnə mövzu yoxdur. Vaqif Bəhmənli bu mövzuya müraciət edib "Tut" adlı şeirdə deyib ki:

 

"Dünya qonaqlıqdı, dost,

 

tutsan bir nəfəri tut".

 

Köhnə mövzuya sadə sadə olduğu qədər dərin münasibət. Sən qonaqlıqdasan, bir azdan hamı çıxıb gedəcək "tutsan, bir nəfəri tut".

 

Vaqif Bəhmənli sözün həqiqi mənasında söz adamıdır. Söz adamı olmasaydı, Allahın ona verdiyi ürəyi bu qədər çapıb, sürüb yormazdı.

 

Ürəyi at verdi... Allah, min, dedi -

 

Çapırsan...

 

görmürsən tər içindədi? -

 

Allahın verdiyi yaman gündədi -

 

Adam əldən salmaz ürəyi belə!

 

Ürək dedim, onun ürəyi barədə isə qeyd etməli olduğum yadıma düşdü. Belə ki, mən müxtəlif qəzetlərdə sosial şəbəkədə həqiqi söz adamları barədə çox yazmışam. Həm həmin adamların özlərinin xəbəri olmadan. Vaqifin dostları Mustafa Çəmənli, İlqar Həsənov, Rəşad Məcid, Qüdrət Piriyev, Rafiq Hacıyev digər söz adamları barədə qələmə aldığım sətirləri görən bu yazının "qəhrəmanı" neyləsə yaxşıdır? Götürüb Əşrəf Veysəllinin "Tərtər çayı" şeirini mənə göndərdi. Olduqca əhatəli, qürurverici ağrı-acılı olan həmin şeirin bir bəndini burada xatırlatmaqla yanaşı, böyük şairimiz Rəsul Rzanın "Yaşasın ürək!" ifadəsinin Vaqifin ürəyinə dəxli olduğunu demək istəyirəm.

 

Zirvələrə gün düşüb, gədiklər dumanlıdır,

 

Hər daşının sinəsi nağıllı, dastanlıdır,

 

Aylı gecələrində dərə kəhkaşanlıdır.

 

Aman! - uçsa bircə daş sındırar, bölər çayı,

 

Məni məftun eyləyib yurdumun Tərtər çayı.

 

...Ötən əsrin 70-80-ci illərində Bakının müxtəlif rayonlarından kənd rayonlarına təşviqat briqadaları göndərilirdi. "26"lar rayonundan Füzuli, İmişli və Beyləqan rayonlarına göndərilən briqadanın aparıcısı - o vaxtlar konferansye deyirdilər - mən idim. İlin elə bu günləri idi. Qrupun rəhbəri, Rayon Veteranlar Şurasının sədri, rəhmətlik  Məzahir Abbasovla Füzulinin Bəhmənli kəndində tut yemişdik. Dostlar inciməsin, sonralar Xındırıstan (Ağdam), Hindarxı (Ağcabədi), Qalağayın (Sabirabad) və Qolqəti (Ağdaş) kəndlərində yediyim tutların heç biri Bəhmənli tutunun dadını verə bilməmişdi. Deyirəm Vaqifin şeirlərindəki, yazılarındakı bəhməz tamı bəlkə Bəhmənli tutundan qaynaqlanır?

 

P.S. Son zamanlar kimlərsə orda-burda gileylənir ki, indi hamı öz dostu, tanışı haqqında yazır. Mənim Vaqiflə nəinki dostluğum, heç şəxsi tanışlığım da yoxdur. Amma bir dəfə Muğam Mərkəzindəki tədbirdə biletlərimiz yanaşı düşmüşdü. Mən ona salam verdim, o da "axşamınız xeyir" -dedi. İki-üç saatdan sonra konsert qurtardı və dağılışdıq.

 

İttifaq MİRZƏBƏYLİ

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.18.