Bir yarpaq da düşdü: İntiqam Mehdizadə
Yaddaşlarda daha çox publisist kimi qalan İntiqam Mehdizadə 1970-ci illərin
ədəbi meydanında
"Lotoreya" hekayəsi
ilə göründü
və bir neçə ay sonra bu hekayənin Almaniyada - özü də Qərbi Almaniyada nəşr olunması və bu xəbəri də SİTA-nın (TASS)
yayması İntiqama qəfil bir şöhrət gətirdi.
Ədəbi ictimaiyyət, əsasən
cavanlar hər yerdə "Lotoreya"dan
danışırdılar. Doğrudanmı, ədəbiyyatımıza yeni
bir nasir gəlmişdi? O zamanlar
dostluq etdiyimizdən yana, demək
olar ki, həftədə bir-iki dəfə görüşürdük
və bütün yeni yazdıqlarımızı
bir-birimizə oxuyurduq,
ona görə mən İntiqamın yazdıqlarından xəbərdar
idim. Qərara aldıq ki,
çap olunmamış
hekayələrini "Lotoreya"
ilə birlikdə
"Gənclik" nəşriyyatına
təqdim edək ki, kitab kimi
çap olunsun. Gənc yazıçı
üçün ədəbi
dərgilərdə çap
olunmaq o qədər də asan məsələ
deyildi... Bir neçə ay sonra "Gənclik" nəşriyyatından
aldığımız rəy
məni təccübləndirdi,
İntiqamı isə,
deyəsən, sındırdı...
Və o,
bir daha mənə hekayə oxumadı. Və elə o ərəfədə
təskinlik vermək üçün ona nə isə söyləyəndə dedi:
"Nasirliyə xobbi kim baxıram,
mən onsuz da jurnalistəm". O, həqiqətən də artıq özünü jurnalist kimi tanıda bilmişdi və dövrün ən populyarı olan "Azərbaycan gəncləri" qəzetində
" podval-podval" yazıları
çap olunurdu. Əsasən incəsənət
aləmindən yazırdı,
rəssamlardan, heykəltəraşlardan,
aktyorlardan... Və bu "ana mövzusuna" son anlarına
kimi sadiq qaldı. 40 ilə
qədər Azərbaycan
radiosunun müxtəlif
redaksiyalarında calışdı,
baş redaktor vəzifəsinə kimi yüksəldi. Uzun illər
məşhur "Bulaq"
verilişinin redaktoru və əsas yazarlarından biri oldu. Son illər,
təqaüdə çıxandan
sonra da arabir "Bulaq" yazırdı. Özünün "Bulaqlar"ını kitab
halında da nəşr etdirmişdi.
Publisistik kitablarından isə
ən çox diqqətimi çəkən
"Maralı qoca dağlar"dı. Mən
bu kitaba onun taleyi kimi
baxırdım və indi də bu
düşüncədəyəm...
Son illər ovçuluğa meyl salmışdı, ana yurdu İsmayıllıya
tez- tez dönürdü ki, ova getsin və axır zamanlar görüşəndə mənə,
əsasən, ovda gördüklərindən danışırdı
və hiss eləyirdim
ki, daha hər hansı başqa söhbət onun üçün maraqlı deyil...
O ki qaldı cavan yaşlarında ona məşhurluq gətirən "Lotoreya" hekayəsinə, maraqlıdır ki, o, özü də öz ədəbi qəhrəmanı kimi həmişə lotoreya alırdı. Bir insan kimi risk etməyi sevirdi, amma nə isə udduğu yadıma gəlmir. Hətta iyirmi il növbədə dayanandan sonra dövlətin bir vaxt ona verdiyi dördotaqlı mənzili biznesə qoyub müflis olması da yadımdadır. Ailənin tək övladı olsa da, qayğısız yaşamamışdı, şəxsi həyatı uğursuzluqlarla dolu idi. Atasına daha çox ehtiyacı olduğu vaxtda bir "büdrəmə" nəticəsində Orta Asiyada həbs olunmuş atasının yanına gedib-gəlməli olurdu. Onu dəfələrlə bərə ilə Xəzərin o tayına - Krasnovodska yola salmağım yadıma düşür... O, necə deyərlər, qəpik-qəpik pul yığırdı ki, atası ilə növbəti görüşə gedə bilsin. Cavan yaşında yeddi ilə qədər belə bir "yük" ün altında qalmışdı. Yadımdadır, o, reallıqlardan çox, alın yazısından danışardı. Sən demə, alın yazısı da belə... Xəstə yatmadı, kimsəyə əziyyət vermədi. Son görüşümüzdə demişdi ki, aktyor, Xalq artisti Əli Zeynalov haqqında material toplayır, kitab yazacaq. Yeri gəlmişkən, hələ cavan yaşlarında Əli Zeynalov haqqında bir neçə dəfə yazmışdı, ondan müsahibə almışdı. Yəqin ki, bunun bir səbəbi də, vaxtilə atasının Əli Zeynalovla bir qrupda oxuması, bir səhnədə oynaması idi. Bəli onun atası da aktyor olmaq istəyirmiş. Yeri gəlmişkən, İntiqamın "canında" da aktyorluq var idi və kimi istəsə, məharətlə peşəkar səviyyədə parodiya eləyə bilirdi. Söhbətcildi, heç bir məclisdə dostları darıxmağa qoymurdu. Ümumiyyətlə, dostları çoxdu, onun İsmayıllıda keçirilən toyuna getmiş həmkarları gözlərim önünə gəlir: Musa Yaqub, Çingiz Ələkbərzadə, İntiqam Qasımzadə, Abbas Abdulla, Kamil Vəli Nərimanoğlu, Vaqif Əlixanov, Elxan Məmmədli, Rafiq Səməndər, Səməndər Rzayev, Faiq Hüseynov, Ramiz Rövşən... Yeri gəlmişkən, hələ tələbəlik illərində Ramiz Rövşənin şeirlərini təbliğ eləyən iki həmyaşıdı vardısa, biri İntiqam idi.
Maraqlandım, soruşdum və
həmkarım Qorxmaz Şıxəlioğlundan
öyrəndim ki, İntiqamı
İsmayıllı rayon qəbiristanlığında,
atasının yanında torpağa
tapşırıblar. Nədənsə, bir neçə dəfə yolum
düşən (unudulmaz publisist
Aydın Səlimzadəyə görə) bu
xiyaban mənim nəzərimdə
dünyanın ən gözəl qəbiristanlıqlarından
biridir; dağ
döşündə, ağaclarla çevrələnmiş, həmişə
də yaşıllıq içində... Elə bil o qəbiristanlığın
ağacları payızda da, qışda da yarpağını tökmür...
Amma mənim ədəbi nəslimin yarpaq tökümü çoxdan başlayıb. Bir
yarpaq da indi düşdü... Bu yarpaq müxtəlif illərdə
məzəli avtoqraflarla mənə
bağışladığı kitablarına indi
bir başqa gözlə
baxdığım İntiqam Mehdizadə oldu.
Məmməd ORUC
525-ci qəzet.- 2022.- 11 iyun.- S.15.