Ustad acısı

 

BDU Jurnalistika fakültəsi Beynəlxalq jurnalistika informasiya siyasəti ​​​​​​​kafedrasının professoru mərhum Nəsir Əhmədlinin xatirəsinə dərin ehtiramla

 

Elə ustadlarımız var ki, onlar müasir Azərbaycan jurnalistikasında özünəməxsus dəyərə sahibdirlər. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Qulu Xəlilov, Tofiq Rüstəmov, Famil Mehdi adlarını bu sıraya əlavə edə biləcəyimiz neçə böyük ustadımız bizi biz edən şəxsiyyətlərimizdir. Məhz onların bizim üçün açdığı yoldur, bu gün qürurla, fəxrlə, alnıaçıq, üzüağ addımladığımız bu yol. Nəsir Əhmədli məhz bu ustadların sırasında duran bir müəllimimiz idi. Bir neçə gün əvvəl onu da itirdik...

 

İtkisi ağırdır... Hər birimiz üçün... Ondan dərs alanlar üçün , özünü mənəvi cəhətdən onun tələbəsi hesab edənlər üçün ...

 

Amma bu itki yalnız ondan dərs almış bir tələbənin hiss etdiyi, etməli olduğu acıdan ibarət deyil. Bu itki həm "daha bir böyüyümüzü itirdik" acısıdır. Məsləhət almaq istədikdə ürəklə müraciət edəcəyimiz ustadlarımız getdikcə azalır. Bu itkilərdən doğan acıları hər keçən gün daha artıq hiss edirik...

 

Nəsir müəllimin Azərbaycan jurnalistikasındakı xidmətləri çoxdur. Amma xüsusilə vurğulamaq istərdim ki, ədəbi dil problemləri, nitq mədəniyyəti ilə bağlı gördüyü işlər bir məktəb yaratdı. Bu sahədə Nəsir müəlim sözün həqiqi mənasında fundamental işlər ortaya qoydu. Bir faktı qeyd edim ki, Nəsir müəllim "Jurnalistin nitq mədəniyyəti" dərsliyini ilk dəfə ortaya qoyan müəllimimiz olub. İndinin özündə belə əgər biz professional jurnalistikadan, ədəbi dil, nitq mədəniyyəti  problemindən danışırıqsa birmənalı şəkildə Nəsir müəllimə istinad edirik.

 

Nəsir müəllim orta yeni nəsil jurnalistlərin yetişməsində müstəsna xidməti olmuş bir şəxsiyyətdir. Adlarını çəksək deyə bilərik Qulu Məhərrəmli, Rəşad Məcid, Tahir Aydınoğlu, Rafiq Həşimov, yeni nəsildən Rövşən Məmmədov, Radiq İsmayılov, Nəmənd Rüstəmov s. Nəsir müəllimin o nəsillərin yetişməsində böyük xidmətləri olub. Onun tələbələri ilə ünsiyyəti özü bir məktəbdir: Tələbələrlə münasibət qurması, onlarla davranışı, yol açması. Elə tələbələrimiz olub ki, şəxsi dərdlərini belə onunla bölüşüblər.  Elə adını çəkdiyim bizim peşəkar jurnalistlərin bir çoxunu praktik nöqteyi-nəzərdən Azərbaycan jurnalistikasına gəlişlərinin səbəbkarı da Nəsir müəllim olub. Çünki özünün jurnalistikaya gəlməsinin səbəbkarı böyük ustadları olub. Nəsir müəllim bu ənənəni həm yaşadıb, həm bizlərə - öz tələbələrinə aşılayıb.

 

Nəsir müəllim bizim korifeylərimizin, ustadlarımızın estafetini sözün həqiqi mənasında uğurla şərəflə devr almış bir insan idi. Onu nəsillərin arasında həm bir körpü kimi xarakterizə edərdim: "Orta gənc nəsil arasında olan bir körpü".

 

Allah sənə rəhmət etsin, ustad! Adın ürəklərimizə yazılıb!

 

Başımız sağ olsun!

 

Vüqar ZİFƏROĞLU

Nəsir Əhmədlinin tələbəsi,

BDU Jurnalistika fakültəsinin dekanı

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.11.