Ürəklərə köçən insan...

 

 

 

Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, heç vaxt ucuz şöhrət dalınca qaçmayan böyük alim və əsl ziyalı Nəsir Əhmədli haqqında xatirə yazmaq?

Dünənə qədər söhbətindən doymadığımız bu şair qəlbli nəcib insanın beləcə aramızdan gedib xatirəyə çevrilməsinə inana bilmirəm. Axı o, həyatı, yaşamağı, xalqı, insanları, dostlarını sevirdi, onlara həmişə gərəkli olmağa çalışırdı. Dilimizi dilçilərdən daha cəsarətlə qoruyurdu.

Onunla tanışlığımın tarixi 1981-ci ilin fevralından başlamışdır. Nəsir müəllim o vaxt Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etməyə gəlmişdi. "Sovet Gürcüstanı" qəzetinin redaksiyasına təşrif buyurmuşdu, partiya qurultayı ilə bağlı rəsmi materiallar "burulğanından" çıxmağımıza kömək etdi.

Kimin ağlına gələrdi ki, günlərin bir günündə yoldaşı olacağıq. Ailə vəziyyətimlə bağlı 1990-cı ildə Tbilisidən Bakıya köçməli oldum. 1991-ci il iyulun 1-dən yeni nəşrə başlayan "Yurd" jurnalında fəaliyyətə başladım. Elmi dərəcəm olduğuna, həm də Tbilisi Dövlət Pedaqoji İnstitutunda dərs dediyimə görə, saat hesabı da olsa, dərs almaq fikrinə düşdüm. Bəzi bədxah başbilənlərin günahı ucbatından istəyim reallaşmadı.

Təhsil Nazirliyi məni M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna göndərdi. Orada rektor Firudin Hüseynovun və Azərbaycan Dili və Ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru professor Bəşir Əhmədovun lütfkarlığı sayəsində 240 saat dərs verdilər. Sonralar bildim ki, xeyirxahlığını heç kimdən əsirgəməyən Bəşir Əhmədov bizim Nəsir müəllimin böyük qardaşı imiş.

 

Biz 17 ildən çox müddət ərzində bir kafedrada - yeni yaradılmış Beynalxalq jurnalistika kafedrasında fəaliyyət göstərdik. Bütün məsələləri kollegiallıqla həll etməyə çalışdıq. Bu illər ərzində onun hansı məsələ ilə əlaqədar hirsləndiyini, kiminsə dalınca danışdığını, kimi isə hədələdiyini, kiminsə uğruna şəkk-şübhə ilə yanaşdığını görmədim. Fakültənin Elmi katibi kimi fəaliyyətindən narazı insana rast gəlmədim. Əksinə, onun fəaliyyətini, insani keyfiyyətlərini hamı təqdir edirdi...

 

Həmid VƏLİYEV

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.11.