Gözəl dünyamızın özəl qonağı

 

 

 

"Hamımız bu dünyanın qonağıyıq" - deyirlər. Və hər birimiz hay-küylə qonaq gəldiyimiz bu dünyadan bir gün səssiz-səmirsiz köçüb gedəcəyik. Burada əsas məsələ adını "yalan" qoyduğumuz bu dünyaya necə gəlmək deyil, bizə bəxş edilən ömrücür başa vurmaqdır, qonaq gəldiyimiz dünyadan haqq dünyasına gedərkən çoxlu sevgi və rəhmət aparmaqdır. Məhz Nəsir müəllim kimi. O Nəsir müəllim ki, 80 illik ömrə müəllimlik kimi müqəddəs bir peşəni, saysız-hesabsız tələbə ordusunun sevgisini sığışdırdı. Yazını oxuyan, Nəsir müəllimi tanıyan hər kəs onun necə insan olduğunu çox gözəl bilir. Ancaq Nəsir Əhmədlini tanımayan gənc nəslə bu böyük insanı tanıtmaq, onu hər zaman yaşatmaq, onu bütün tanıyan, sevən, qəlbən bağlı olan, sayan hər birimizin borcudur. Əgər kimdir Nəsir müəllim? Deyə sorsanız? Bilirsinizmi cavab nədir? Bir insan düşünün bu dünyada axtardığı yalnız haqq-ədalət ola, bir müəllim düşünün amalı ancaq öyrətmək eşqi ola, bir ziyalı düşünün söz mülkünü hədəf seçə, daima doğru söz axtarışında ola, bir jurnalist düşünün qələminin kəsəri ola, bir dəyər düşünün sazın, sözün sehrində ola, bir dost düşünün dar gününün dərmanı ola, bir böyük düşünün hər birimizin "Dədə"si ola, bir bəndə düşünün dünya malında heç zaman gözü olmaya və bir adəm düşünün gəldiyi dünyanın ən gözəl və özəl mehmanı, qonağı ola...

 

Bir müəllimim sevdiyim insanları itirəndə onlarla bağlı keçmiş zamanda danışa bilmirəm demişdi. İndi sizi çox gözəl anlayıram Cahangir müəllim! Nəsir müəllim kimi bir dəyərdən keçmiş zamanda danışmaq mümkün deyil. Çünki cismi bizdən uzaq düşsə də əminəm ki, mənən, ruhən hər zaman aramızda olacaq. Bütün uğurlarımızda adı çəkiləcək, şükranlıqla yad ediləcək və hər birimizin gözləri dolsa da, çöhrəmizə yalnız sevgi dolu bir təbəssüm qonacaq. Çünki Nəsir müəllim, həm də bizim təbəssüm səbəbimiz və mənbəyimiz idi. Öz təmkini və fövqəladə vəziyyətlərə ölçülü yumor hissi ilə təklif etdiyi çıxış yolları hər zaman köməyimizə çatardı.

 

Son 3 il fakültəmiz üçün çox ağır oldu. Ard-arda aldığımız itki xəbərləri ilə sarsıldıq, azaldıq. Hər müəllim özü ilə birgə təkcə ailəsindən deyil, həm bizdən bir çox şeyləri alıb apardı. Ən başlıcası isə gəncliyimizin, tələbəlik illərimizin gözəl xatirələrini özləri ilə əbədiyyətə apardı.

 

Bəzən "ömürdən pay olmaz"- deyirlər. Amma öz ömründən hər kəsə pay verən bir müəllim üçün bu deyim, necə deyərlər, öz anlamını mənasını itirir. Elə Musa Yaqubun qələmindən çıxan bu sətirlərdə deyildiyi kimi:

 

İnsanla həmyaşdır

 

Ölməz, yorulmaz,

 

Bizimlə yol gedir müəllim ömrü.

 

Hamıya pay verib ömründən bir az,

 

Məndədir,

 

Səndədir

 

Müəllim ömrü.

 

Bəli, dəyərli Nəsir müəllim! Gözəl insan! Siz daima bizimlə olacaq, biz sizi elə sizin bizi hər zaman sevdiyiniz kimi təmənnasız, təmiz, saf sevgi ilə sevəcək, o uca müəllim adınızı yasadacağıq. Hələlik isə bir gün yenidən sizinlə qarşılaşmaq ümidi ilə sağollaşıram, Qoca Çinar!

 

Yerinizdən əmin olsaq da, Məkanınız cənnət olsun! Gözəl dünyamızın özəl qonağı!

 

Esmira RÖVŞƏNOVA

BDU-nun Yeni media kommunikasiya

nəzəriyyəsi kafedrasının müəllimi

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.11.