Ömrün uzun olsun, Nəsir müəllim!

 

 

 

Şəxsiyyət kimi yetişmək və formalaşmaq heç də hamıya nəsib olan keyfiyyət deyil. Şəxsiyyətin bir sıra istiqamətləri var ki, hətta onları çalışmaqla da qazanmaq olmur: nəfsi təmiz olmaq, fövqəladə bilik və bacarığa sahib olmaq, müddəasız iddialılıqdan uzaq olmaq, qəlbində, ürəyində səmimiyyət daşımaq, paxıllıqdan çəkinmək, ətrafına qayğı dolu bir ömür yaşamaqdaha nələr, nələr...

 

Yanımızda belə bir şəxsiyyət var: Nəsir Əhmədli! Tanrı onu bizə bir şəxsiyyət kimi bəxş edib ki, nümunə götürək, heç olmasa, oxşarı olaq.

Nəsir ucqar bir kənddə böyüdü. Sonra kənddən gələn hər kəs üçün bir az doğma, bir az ögey bu böyük şəhərə yol aldı. Lap ilkdən jurnalist olmaq üçün bu ixtisasa qəbul imtahanı verdi. Bir az doğma, bir az ögey bu böyük şəhərdəki qəbul imtahanında uğur qazanmayıb əsgər getdi. Almaniyaya qədər. "Şər deməsən, xeyir gəlməz" bu məqamda onun dadına çatdı. Bu cavan kəndli oğlan mükəmməl bir dil öyrəndi: alman dili. kənddə bir az rusca, bir az öz dilində oxuduğu rus klassiklərindən rusun özündən yaxşı rus dili öyrəndi. İnadından dönmədi: yenə hələ bir az doğma, bir az ögey bu böyük şəhərə qayıtdı. Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsindəki Jurnalistika şöbəsinə ən yüksək qiymətlərlə qəbul olundu. Jurnalist oldu. Televiziyada praktik təcrübə qazandı. Müəllimi Şirməmməd Hüseynov onu Jurnalistika fakültəsinə gətirdi. Bu cavan Nəsir oldu Nəsir müəllim! Fakültənin , tələbələrin bəxti gətirdi. Nəsir Əhmədli bu fakültənin ən savadlı, ən bacarıqlı, ən sevimli müəllimi oldu. Pedaqoji bacarığı, öz ixtisası bir yana, elmin bütün sahələrinə bələdliliyi Əhmədlini fenomenal müəllim şəxsiyyətinə çevirdi. Doğma dilə sevgisi, ixtisasda nəzəriyyə ilə praktik yaradıcılığı sinxronlaşdırması ən əsası, Azərbaycan deyilən bu məmləkətə içdən gələn məhəbbəti onu çox fərqləndirdi. Özü paxıllıqdan çox-çox uzaq olan bu fenomen şəxsiyyətin paxılları da oldu. Amma Nəsir müəllim heç vaxt heç kimə kəskin cavab vermədi. Bir az da böyüdü fakültəmizin fəxri səviyyəsinə yüksəldi.

 

İndi Nəsir müəllim təkcə bir fakültənin deyil, təkcə Universitetin deyil - bütün Azərbaycan ziyalılığının sevgi ilə qarşıladığı bir şəxsiyyətdir. Nəsir müəllim doğulduğu bir kənddən bu şəhərə nəfsi tox, nəfsi təmiz bir insan kimi gəlib. İndi onun yüzlərlə tələbə - məzunları var ki, nəfsləri sözə baxmayanda iki şəxsiyyəti göz önünə gətirirlər: Şirməmməd Hüseynov Nəsir Əhmədli.

 

Nəsir Əhmədli səmimi bir səmimiyyət sahibidir. Ürəyində nəyi varsa, sözündə odur. Dilinə yalan gəlməz. Yəqin yalan o adama "gərəkdir" ki, layiq olmadığı məqama çatmaq istəyir. Nəsir Əhmədlinin Tanrıdan başqa heç kəsə minnəti yoxdur. Filologiya elmləri doktoru, professordur, amma şəxsən mən onu dostu Nizami Cəfərov kimi akademiklərlə bir sırada görürəm. Biz yaşıdıq, amma mən Nəsirdən çox şey öyrənirəm.

 

Nəsir Əhmədli filoloqdur, deməli, həm ədəbiyyat adamıdır. Dünya ədəbiyyatı klassiklərini jurnalist-filoloq kimi auditoriyada təhlil edir. Nəsir Əhmədli ətrafına yüksək qayğı ilə yaşayan bir alimdir; öz məsləhətləri ilə neçə-neçə elmi sahibini zənginləşdirməkdədir.

 

Nəsir müəllim Allah adamıdır. Gəlişi gözəl söz deyil. Allah bağışlayandır, Nəsir də bağışlayandır. Allah heç vaxt günah işləmir, Nəsir də heç vaxt günah işləmir. Allah ədalətlidir, Nəsir də ədalət sahibidir. Allah yaratdığı dünyanı sevəndir, Nəsir də onu bizə bəxş edən bu torpağı - Vətəni Azərbaycanı sevməkdə birincilərdəndir.

 

Mən Nəsir müəllim haqqında heç vaxt feilin keçmiş zaman formasında danışmayacam. Çünki mən sabah yenə Nəsirin çox sevdiyi o müqəddəs Universitetə gələcəm və Nəsir müəllim də uzun dəhlizimizin o başından əlini qaldırıb məni gülə-gülə salamlayacaq. Məzun tələbələri onu yenidən sevimli auditoriyalarında görəcəklər. Bugünkü tələbələr yenə təkrar edəcəklər: Tanrı Nəsir müəllimin ömrünü uzun eləsin! Mən də tələbələrimizin arzusuna imza atıram: Allah Nəsir müəllimə uzun ömür versin!

 

Cahangir MƏMMƏDLİ 

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.12.