Mənəviyyatın zirvəsində

 

 

 

Sizə necə müraciət edək ki, Sizin böyüklüyünüzü, vətəndaşlıq ləyaqətinizi, millətinə olan sonsuz sevginizi, yüksək ziyalılığınızı, mənəvi zənginliyinizi, sakit, təmkinli davranışınızı və əxlaqi keyfiyyətinizi, insani münasibətinizi, kollektivin hər bir üzvünə və tələbələrinizə olan mərhəmətinizi, doğmalığınıızı göstərə bilək. Tanrının bizə bəxş etdiyi dəyərli ŞƏXSİYYƏT, milli TƏƏSSÜBKEŞ, böyük ALİM, tələbələrinin ürəyində əbədi yuva  quran MÜƏLLİM, mərhəmətli İNSAN!

 

Hər kəs sağlığında özünə rəhmət qazana bilmir. Bu gün aldığımız xəbərdən sarsılmayan, gözləri yaşla dolmayan görmədim. Kollektivin bir üzvünü yox, mənəvi atasını, dostunu, qardaşını, müəllimini, rəhbərini, dəstəyini, məsləhət verənini itirəni gördüm.

 

  Məni bir sual çox düşündürür. Görəsən, Nəsir müəllim kiminsə qəlbinə dəyibmi, kiməsə ucadan söz deyibmi, kiminsə yoluna daş qoyubmu, kimdənsə məsləhətini, köməyini əsirgəyibmi? 30 ildir ki, mən Nəsir müəllimi tanıyıram. Sakit, təmkinli davranışı ilə yaddaşlara sakin oldu. Hər kəsə - yaşlısına da, cavanına da bir nümunə simvolu idi Nəsir müəllim! Rəhbəri, opponenti, rəyçisi olduğu işlərə, eləcə hər hansı bir problemə iradını məsləhətləri ilə bildirərdi. Alim olmaq olar, amma insan olmaq, nümunə olmaq, sonsuz sevgini qazanmaq hər kəsə nəsib olmur. Mən bu gün gözlərdən axan yaşlar içərisində söylənən təəssüf dolu sözlərdə, ağrıyan qəlblərdə gördüm bu sevgini!

 

Deyirlər ki, bu həyatda yaşamaq üçün bəzən aktyor olmalısan. Amma biz SİZİ olduğunuz kimi gördük, olduğunuz kimi sevdik.

 

Hər bir göstəricisi ilə seçilən bir insanı itirdik. Hər zaman yeri görünəcək, əvəzolunmaz bir şəxsiyyəti! Bu dünyada əyilmədən, ləyaqətini qoruyaraq yaşadı Nəsir müəllim. Bir ləyaqət simvolu kimi onu sevənlərin qəlbində əbədi yaşayacaq!

 

Aygün ƏZİMOVA BDU-nun dosenti

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.12.