Nəsir müəllim fenomeni

 

 

 

Onun ölümünə tək mən yox, çox adam üzüldü. Saysız sayda. Xüsusilə, Azərbaycan jurnalist cameəsi. Niyə çox adam, saysız sayda deyirəm. Təsəvvür edin, Nəsir müəllim 50 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyir. Respublikamızın elə bir regionu, rayonu yoxdur ki, orada Nəsir müəllimin tələbəsi olmasın. Nəsir müəllimin itkisi Azərbaycan jurnalistlərinin bütöv bir nəslinin itkisidir. Onun ölümü ilə bir gündə Azərbaycan jurnalistlərinin əlaqəsi yarandı. Dünyanın bu qarışıq vaxtında aylarla, illərlə vaxt tapıb danışa bilməyən jurnalistlər bir-birlərinə doğma adamlarını itirmiş kimi başsağlığı verdi...

 

Heç bir ay olmaz Nəsir müəllimin anadan olmasının 80 illiyi ilə bağlı fakültəmizdə elmi konfrans keçirdik. Ayaq üstdə. Oturmağa yer yox idi. Eşidən bilən gəlmişdi. Xatirələr közələndi... Çoxusu da ürəyindəkiləri boşalda bilmədiyinə görə incidi, getdi... Kim incidi, niyə incidi, kimdən incidi, bilmədik. Bir onu bildik ki, hamı danışmaq istəyirdi...

 

Nəsir müəllim haqqında tələbələri, yoldaşları saatlarla danışa bilər. Elə mən . Bir halda ki, bir insanı 40 ildən çox tanıyasan, onun haqqında danışmağa var ki. Üstəgəl, tələbə kimi tanıyasan, müəllim kimi tanıyasan, yoldaşı kimi tanıyasan. Hərəsi ayrıca danışıq mövzusudur. İndi isə Nəsir müəllim haqqında fikrimi lakonik deməliyəm. Axı, ürəyi  dolu olanlar da danışmalıdır... Nəsir müəllimin tələbələri bilir ki, əsas kontentdir. Keçək əsas məsələyə, yəni kontentə.

 

Mənim üçün kimdir Nəsir müəllim? Dürüst, səmimi, ləyaqətli bir insan. Vətənini sevən, millətinə dəyər verən aydın. İstedadlı alim, bacarıqlı pedaqoq. Qayğıkeş ata, sədaqətli dost. Bir sözlə, şəxsi ictimai münasibətlərdə öz yerini bilən, özünə başqalarına qiymət verməyi bacaran ŞƏXSİYYƏT!  

 

Qayıdıram, Nəsir müəllimin dürüst, səmimi, ləyaqətli bir insan olmasına. Elə tələbələrinə , yoldaşlarına da, qohum-əqrəbasına da, tanış-bilişinə , millətinə onu daha artıq sevdirən məhz bu keyfiyyətləridir. Hələ mən deyərdim ki, bu keyfiyyətlər Nəsir müəllimdə bir az aşırıdır. Dürüstlük onda o dərəcədə idi ki, nadürüst adamlarla heç barışa bilmədi. Vətəninin inkişafı, millətinin tərəqqisi üçün canından keçməyə hazır idi. Həmişə xalqın yanında, xalqın tərəfində durardı. Millətin dərdini dərdi bilərdi, millətin mənafeyini öz mənafeyindən üstün tutardı, xalqının yolunda ölümə gedərdi. Bilsəniz Qarabağın erməni işğalçılarından azad edilməsi onu necə sevindirdi. Taleyinə şükür edib deyirdi ki, yaxşı ki, o günü gördüm, küllü Qarabağ azaddır!

 

Nəsir müəllim dürüst olduğu qədər səmimi idi. O qədər səmimi idi ki, hər kəslə münasibət yaradardı, ünsiyyət qurardı. Məclis adamı idi, yeyib-içməyi xoşlayardı. Müəyyən səbəblərə görə mən onunla tez-tez yeyib-içə bilmirdim. Nəsir müəllim rəhmətlik qardaşım Kamillə isə tez-tez görüşərdi. sonra mənimlə görüşəndə hər dəfə zarafatla deyərdi: "Kamil səndən yaxşı oğlandı". Mən zarafatla deyərdim ki, "bunun iki səbəbi var: Kamil mənim qardaşımdı, sənin dostundu..."

 

Ləyaqət. Ləyaqət isə Nəsir müəllimin həyat amalı idi. Bunu onunla bircə dəfə ünsiyyətdə olan hər kəs bilir...

 

Nəsir müəllim gözəl dilçi alim idi. Elmi əsərlərini bizə yadigar qoydu. Qələmə aldığı dərslik dərs vəsaitləri tələbələrinin stolüstü kitablarıdır. Yetirmələrinə Azərbaycanın hər yerində rast gəlmək olar. Elmi irsi, fikirləri, düşüncələri tələbələrinin fəaliyyətində yaşayır.

 

İnsan bu dünyadan köçəndən sonra onu peşəsinə, rütbəsinə, tituluna görə xatırlamırlar, özünəməxsus, orijinal, başqalarından fərqli bir insan olduğuna görə xatırlayırlar.

 

Heyif Səndən gözəl insan! Heyif ki, aramızda yoxsan. Ancaq qəlbimizdəsən. qədər ki, Səni tanıyanların qəlbi döyünür, Sən yaşayacaqsan. Səni tanıyan bu millətin axırıncı övladına qədər. Əbədi yolçuluğun mübarək!

 

Allahverdi MƏMMƏDLİ

BDU-nun Multimedia elektron kommunikasiya kafedrasının müdiri, professor

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.13.