Vida sözü
Həqiqət acı olsa da, həqiqətdir. Bu gün acı həqiqətlərdən biri dünyanın özünü gözümüzdə ucuzlaşdırdı. Nəsir müəllimlə bağlı acı həqiqət budur ki, artıq o, fiziki cəhətdən aramızda yoxdur. Sakitcə, səssiz-səmirsiz, doğma Alakol kəndində haqq dünyasına qovuşdu, Allahın dərgahına getdi...
Səhər-səhər bu acı xəbər ildırım sürətilə fakültəmizdə yayıldı, müəllim heyətini, tələbələri sarsıtdı. Nəsir müəllimin fiziki yoxluğunun qəbul etmək çox çətindir. Bilirdik ki, xəstədir, əziyyət çəkir. Amma düşünürdük ki, bəlkə bir möcüzə baş verər... Amma möcüzə baş vermədi. "Sən saydığını say, gör fələk nə sayır" - deyiblər.
Nəsir Əhmədl geniş diapazonlu alim, xeyirxah müəllim, əsl ziyalı, mötəbər jurnalist, istedadlı şair, bacarıqlı tərcüməçi, vətənini və millətini ürəkdən sevən vətəndaş, mənəviyyat adamı idi. Bunların hər biri haqda ayrıca danışmaq olar. Özü də lap geniş. Çoxunda olmayan sadəlik, səmimilik, təvazökarlıq, xeyirxahlıq Nəsir müəllimin həyat kredosu idi. Məhz buna görə də, o, çalışdığı təhsil ocağının müəllimləri və tələbələri üçün hər zaman örnək idi.
Adların təsadüfi olmadığını, insanın gələcək taleyində müstəqil rola və əhəmiyyət kəsb etdiyini iddia edənlər az deyil. Çoxları bu fikirdədir ki, adlar insan taleyidir və onun ömür yolunda müəyyən əhəmiyyətə malikdir. "Nəsir" adının ərəb dilindən gələn mənası "kömək edən, köməkçi, tərəfdar" kimi izah olunur. Görünür, həqiqətən adlar təsadüfi qoyulmur. Bunu Nəsir müəllimim nümunəsində açıq-aşkar görmək olar. Belə ki, Nəsir müəllim öz adını tamamilə doğruldub. O, çox adamın köməyinə gəlib, çox adamın dadına çatırdı.
Nəsir Əhmədli dilimizin keşiyində duran, onun təəssübünü çəkən, zənginləşdirən və məhəbbətlə tərənnüm edən yorulmaz alim və sənətkarlardan biri idi. Onun "Jurnalistin nitq mədəniyyəti" adlı dərsliyi artıq çoxlarının masaüstü kitabına çevrilmişdir. Mavi ekranda, mətbuatda, sosial şəbəkələrdə keçirdiyi ustad dərsləri, bir növ, həmin kitabın davamı idi.
Sözə ehtiram, sədaqət - Nəsir Əhmədlinin həyat norması, yaradıcılıq kredosu idi. Bu keyfiyyətlər onun publisistikası ilə yanaşı, eyni zamanda poeziya yaradıcılığında da özunü tam aydınlığı ilə əks etdirir. Nəsir müəllimi həqiqətən söz sərrafı, söz zərgəri adlandırmaq olar. Şair Nəsir Əhmədli sözdən ilmə vurur, naxış toxuyur, poetik lövhələr yaradırdı. Bədii yaradıcılıq sahəsində böyük iddialari olmasa da, yazdıqlarından mənəvi rahatlıq tapırdı.
Nəsir Əhmədli alimliyi, şairliyi ilə yanaşı, tərcümə yaradıcılığı ilə də respublikamızda səriştəli söz ustası kimi tanınır. Onun tərcüməsində oxucularımız M.Lermontov, R.Rojdestvenski, A.Axundova və digər klassik və müasir rus şairlərinin əsərlərini Azərbaycan dilində oxuyublar.
...Nəsir Əhmədli dünyasını dəyişdi. İndi biz şərəfli ömür keçmiş bu xeyirxah insanın fiziki cəhətdən yoxluğunu qəbul etmək məcburiyyətindəyik. Nə qədər acı da olsa, biz bu həqiqətlə barışmalıyıq. Başqa çarəmiz yoxdur. Lakin ölüm sevinməsin qoy. Nəsir müəllin mənən hər zaman bizimlə olacaq. O, yenidən doğulmaq üçün bu dünyanı tərk etdi. Nəsir Əhmədlinin əziz xatirəsi media ictimaiyyətinin və onu tanıyan həmkarları, dostları, tələbələrin qəlbində daima yaşayacaqdı. Ustad, Allah sənə qəni-qəni rəhmət eləsin!
Ayaz MUSAYEV
525-ci qəzet.- 2022.- 11 iyun.- S.13.