Mənim əziz Müəllimim

 

 

 

İnsanlığı, qayğıkeşliyi, səmimiliyi, ləyaqəti, böyüklüyü ilə hər zaman seçilən böyük insan Nəsir müəllim. Onun qəlbinin gözəlliyi, əxlaqının, əməllərinin, təfəkkürünün, təxəyyülünün gözəlliyi idi ki, hər zaman çöhrəsində nur saçırdı. Nəsir müəllim Yaradanın yaratdığı bütün gözəllikləri duyduğu üçün könül dünyası kin-küdurətdən, nifrətdən uzaq, özlüyündə bir dünya idi. O dünya sevgilə, xeyirxahlıqla, insanlıqla bəzənmişdir.

 

Onu ilk dəfə 1984-cü ilin sentyabr ayının 1-də BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri ilə keçirilən toplantıda gördüm. Üz-gözündən nur süzülürdü. Çıxışı da indiyəcən yadımdadır. Çox sadə, bir az da baməzə. Sanki bizi çoxdan tanıyırdı, I kurs yox, IV kurs tələbələri qarşısında çıxış edirdi...

Nəsir müəllim, milyonlarla insanın həlak olduğu ikinci cahan savaşında, balaca bir kənddə dünyaya gəldi. Amma illər keçdi, böyük bir məmləkətin alimi, yazarı, ən əsası millətinin ləyaqəti, tərəqqisi, azad düşüncəsi uğrunda mübarizə aparan bir insan oldu.

 

...Nəsir müəllimin ölüm xəbəri fakültədə böyükdən kiçiyə hamını sarsıtdı. Kimi göz yaşlarına hakim ola bilmədi, kimi də xısın-xısın, içdən qovrularaq yoxluğunuzu da varlığınız kimi əzizlədi. Bir daha əmin oldum ki, Siz fakültədə yalnız bir müəllim kimi deyil, həm də, yaxın, əziz, doğma bir adam kimi sevilirsiz. Ona görə yoxluğunu da varlığınız kimi əzizləndi Nəsir müəllim!

 

Qara torpaq Sizi bizdən alsa da, "yenə səhərlər açılacaq, qaranlığın bağrını yaran səhərlər". Bax o səhərlər Sizin o nurlu əməlləriniz Jurnalistika fakültəsinin dəhlizlərini, auditoriyalarını, otaqlarını daima nura qərq edəcək və Sizi qəlblərdə yaşadacaq. Ruhunuz şad, torpağınız yumşaq olsun, mənim əziz Müəllimim!

 

Qərənfil DÜNYAMİNQIZI

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.13.