Ustadımdan miras...

 

 

 

Nəsir Əhmədli... Özünü qələm əhli adlandıran əksəriyyətin təmənnasız USTAD dediyi şəxsiyyət. Bu, bəlkə də həyatımın ən ağır yazısıdır. Nəsir müəllimlə bağlı xatirələrimi kağıza köçürmək nə qədər çətin olsa da, bir təsəllim var... Ustadım tələbələrinin uğurlarında yaşayır, bundan sonra da yaşayacaq...

İlk dəfə "Nitq mədəniyyəti" dərsinin mühazirəsində tanıdım onu... Elə tanıdım ki, öyrətdiklərinə sözbəsöz həm praktik fəaliyyətimdə əməl elədim, həm də tələbələrimdən əməl etməyi istədim. Hətta bir çox yerlərdə "hansı Aynur müəllimə, "tərəfindən" sözünün qənimi olan?" kimi tanındım. Bu, mənə Nəsir müəllimdən qalan ilk miras oldu...

Sonra magistratura pilləsi... Yenə "Nəsir müəllim varsa, problem olmayacaq" duyğusu. İşlədiyim üçün nəinki dərslərdə, heç imtahanlarda doğru-düzgün iştirak edə bilmirdim. Növbəti imtahana da çəkiliş öncəsi gəlmişdim. Bileti çəkdim Nəsir müəllimlə üzbəüz əyləşdim. Soyadımla müəllimin adı eyni olduğu üçün mənə "nəvəm" deyirdi. " var, nəvəm, yenə hara tələsirsən, düşünmədən cavab verirsən" deyib güldü. "Nəsir müəllim, çəkilişə qaçıram" dediyimdə, "çəkilişə gecikmək olmaz" cavabı ilə birlikdə qiymət kitabçasını mənə qaytardı. Mənim müəllimim bu hərəkəti ilə tələbəyə güvən hissini mənə miras buraxdı.

 

Bir neçə il sonra doğma fakültəyə Teleradio studiyasının müdiri saathesabı müəllim olaraq qayıtdım. Müəllimin tələbəsi ilə həmkar olmaq hissinin yaratdığı xoşbəxtliyi o zaman öyrəndim. Elə ilk ildən çox sevdiyim "Nitq mədəniyyəti" dərsinin seminar müəllimi oldum. Ustadımla çiyin-çiyinə çalışaraq ondan öyrəndiklərimi tələbələrə öyrədərək, "sevimli tələbəm", "nəvəm" titullarına yenisini əlavə etmək üçün dəridən-qabıqdan çıxdım. Nəhayət, "fakültəmizin gələcəyi sizin əllərinizdədir" sözünü eşitməklə dünyanın yeddinci qatına yüksəldim.

 

 

 

Nəsir müəllim bununla məni növbəti mərhələyə yönəltdi. Filologiya üzrə fəlsəfə doktoru elmi adı uğrunda mübarizəyə başladım. Dəfələrlə "Nəsir müəllim, bezdim, davam etmək istəmirəm" şikayəti ilə yanına getdim, "müəllim, bundan sonrakı pillə hansıdır" deyərək gülə-gülə geri qayıtdım... Elmi işimin adı ilə bağlı da ilk ONUN yayına qaçdım, rus dilində məqalə rezümeləri Nəsir müəllimin qələmindən çıxdı. "Nəvəm, gəl, sən kommunikasiya modellərini araşdır" deyəndə duruxdum, çünki Azərbaycanda bu mövzuda araşdırma apararaq yeni kəşflər edən yalnız Nəsir müəllim idi. Elə həmin gün plan yazıldı, məsləhətlər, ən başlıcası isə xeyir-dua verildi. Sonralar bu xeyir-duaların sayı durmadan artdı, artıq bütün başlanğıclar üçün addımlar Nəsir MÜƏLLİMİN xeyir-duasından sonra atılırdı.

 

Sonuncu xeyir-duanı almaq üçün zəng vuranda bir az tərəddüd eləyirdim... "Nəsir müəllim, sizin kafedranın seçkilərində iştirak etmək istəyirəm" deyəndə USTADımın zəifləmiş səsinə elə bil güc gəldi: "ƏLA!!! Xeyir-duam səninlədi, nəvəm" sözləri mənə qanad verdi.

 

...Və müəllimimlə son vida... Mayın 26-na fakültədə planlaşdırılan görüş Nəsir müəllimin təkidi ilə irəli çəkildi. Bütün dostları, tələbələri başına yığıldı MÜƏLLİMİN həmin gün - professorlar, dosentlər, media rəhbərləri, tanınmış jurnalistlər... Hamı tələbəlik illərinə qayıtmışdı... Hamı hiss eləyirdi ki, MÜƏLLİMİ ilə son görüşüdü...

 

Ömrünün sonuna qədər planlaşdırdığı bütün işləri yekunlaşdıraraq son mənzilinə - Tovuza tələsirdi USTAD... Hətta "NƏSİR ƏHMƏDLİ - 80" - "Media yeni müstəvidə" adlı respublika konfransı üçün ilk elmi məqaləni də özü göndərdi...

 

USTAD, rahat uyu... Adını yaşadacaq bir ordu qoymusan arxada... İlk işimiz gözü yaşlı xatirələrimizi paylaşmaq olsa da, SƏNi elmdə yaşadacayıq... "NƏSİR ƏHMƏDLİ - 80" - "Media yeni müstəvidə" adlı respublika konfransının materialları artıq hazırdır... Sənin məsləhətinlə rus dilinə tərcümə olunan kitabımız da çapa hazırlanır... Sənin əziz xatirənə... Görüşənədək...

 

Aynur NƏSİROVA

BDU-nun Beynəlxalq jurnalistikainformasiya siyasəti kafedrasının müdiri

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.14.