Sirrini verməyir sirdaşa
dünya
Nəsir Əhmədli ruhuna
ehtiramla
Bir neçə gün olar ki, Bakı Dövlət Universitetində yaz imtahan sessiyası başlayıb. İmtahanların tələbələrdə doğurduğu həyəcandan başqa, demək olar digər hiss və duyğular rəngsiz, son dərəcə adi və mənasız görünür. Əlqərəz, tələbə bütün fikirlərinin imtahana kökləndiyi zamanı yaşayır. Ancaq dünən aldığımız acı xəbər imtahan həyəcanı ilə birlikdə, bütün hiss və duyğularımızı, düşüncə və yaddaşımızı sözün bütün mənalarında dondurdu. Qeyri-ixtiyari öz-özümlə danışmağa, dayanmadan özüm-özümə suallar yağdırmağa başladım: "Axı bu necə ola bilər?", "Xeyr, bu, doğru məlumat deyil", "Bizim Nəsir müəllim səssiz-səmirsiz, bir göz qırpımındaca işıqlı dünyaya əlvida deyə bilməzdi". Amma nə etmək olar? Nəsir Əhmədli bu dünyayla, onu sevənlərlə vidalaşaraq qəlbimizə yol aldı...
...Doğulub boya-başa çatdığı Tovuzda torpağa tapşırıldı. Nəsir Əhmədli bir zamanlar yazdığı şeirin bir bəndini sanki bu gün üçün yazıbmış:
Kimin Nəsirgilə düşərsə yolu,
Doğma kəndi bilsin qoy Alakolu,
Məhəbbət gətirib ürəyi dolu
Etibar istəyən Tovuza gəlsin...
...Bu gün sonuncu dəfə Nəsir Əhmədlinin yolu Tovuza düşdü, Tovuzdan keçdi. Doğma Alakol doğma insanını əbədi qoynuna aldı.
Mark Tven deyirdi: "İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş-yavaş yaşasa daha xoşbəxt olardı". Nəsir Əhmədli də 80 il ömür yaşadı. Bu il Jurnalistika fakültəsi müəllimin yubileyini də qeyd etdi. Bu fikirdən yola çıxaraq deyərdim ki, Nəsir Əhmədli Yaradanın ona bəxş etdiyi ömrü, Mark Tvenin dediyi kimi də yaşasaydı, yenə də Nəsir Əhməd olaraq qalacaqdı - mərhəmətli, humanist, nəcib və ən əsas da bir şəxsiyyət kimi.
Şəms HÜSEYNLİ
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
525-ci qəzet.- 2022.- 11 iyun.- S.14.