Əbədiyaşarlıq haqqını qazanmış sənətkar

 

UNUDULMAZ ŞAİRİMİZ NOVRUZ GƏNCƏLİ HAQQINDA XATİRƏLƏR VƏ DÜŞÜNCƏLƏR

 

Teatrşünas Anar Burcəliyevin "Xalq şairi olmayan, xalqın şairi" kitabı unudulmaz şair, dramaturq, tərcüməçi və ən əsası isə böyük insan Novruz Gəncəlinin 100 illik yubileyinə həsr olunub. Bu yaxınlarda Gəncədə kitabın təqdimat mərasimi keçirildi.  Tədbirə dəvətli olsam da, təəssüf ki, müəyyən səbəblər üzündən mən iştirak edə bilmədim.

 

Amma kitabın ərsəyə gəlməsində böyük zəhməti olan teatrşünas Anar Burcəliyevə, elmi redaktor İmran Axundova, kitaba ön söz yazmış, şairə-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül xanıma və sənətkar haqqında xatirələrini bölüşmüş hər kəsə çox böyük minnətdarlıq düşür. Çox sağ olsunlar, böyükxeyirxah görüblər.

 

Mənə elə gəlir ki, keçmişin görkəmli ədəbiyyat, incəsənət, mədəniyyət, elm və digər sahələrin görkəmli xadimləri unudulmamalı, onlar haqqında xatirələr yazılmalı, əsərləri təkrar nəşr olunmalıdır ki, gələcək nəsillər keçmişi unutmasın. Çünki unutsaq, unudularıq.

 

Vaxtında bu kitabın yazılışı haqqında xəbərim olsaydı, rəhmətlik Novruz Gəncəli haqqında mən də xatirələrimi yazardım. Çünki bu xeyirxah insan, coşqun təbiətli şair, yüksək peşəkar səviyyəli dramaturq, mahir tərcüməçi və publisistlə görüşmək səadəti mənə də qismət olmuşdu.

 

XX əsrin 90-cı illərinin əvvəllərində mən Novruz Gəncəli ilə, təəssüf ki, cəmi bircə dəfə ünsiyyətdə olub, dramaturgiyateatr haqqında söhbətlərini dinləmək xoşbəxtliyinə nail olmuşdum. Üstündən illər keçsə də mən həmin iki-üç saatlıq görüşü heç unutmadım. Əhvalat isə, belə olmuşdu.

 

 

 

Mən həmin dövrdə Mədəniyyət Nazirliyində işləyirdim. Bir dəfə əyləşdiyim otağın qapısı döyüldü. Mən otaqda tək idim. İçəri ağsaçlı, nurani görkəmli bir şəxs daxil oldu. Mənimlə köhnə tanışlar kimi görüşüb, hal-əhval tutaraq,  özünü təqdim etdi: - Novruz Gəncəli. Mən ona əyləşməyə yer göstərib, adımı dedim. O dedi, bilirəm: - Ələsgərli. Mən soyadımı bilən insana təəccüblə baxırdım. O, təəccüblə baxdığımı görüb, gülümsədi. Mən işlərimi bir tərəfə qoyub, bu maraqlı insana baxırdım. O,  əyləşdi və qoltuğundakı kitabı göstərib, dedi ki, yeni pyesimdir. Diqqətlə baxıb, kitabın adını oxudum. "Zərdüşt". Kitabı avtoqrafla mənə bağışladı. Xeyli söhbət etdik.  Danışığından bakılıya oxşatsam da, bu barədə ona heç nə demədim. Mən bütün işimi bir tərəfə qoyub, onunla mehribancasına söhbət edirdim. İşlərim yadımdan çıxmışdı. Onun maraqlı söhbətlərindən doymaq olmurdu. Novruz müəllim çox maraqlı həmsöhbət idi. Söz-sözü, mövzu-mövzunu çəkirdi. Mənim dramaturgiya ilə məşğul olduğumu və hətta bir neçə pyesimin Nazirlik tərəfindən alındığını biləndə, doğma bir insan kimi çox sevindi. O, söhbət əsnasında dramaturgiya haqqında zəngin təcrübəsindən danışır, çox böyük ustalıqla bu çətin sahə haqqında düşündüklərini mənə çatdırırdı. Ədəbiyyat, incəsənət, mədəniyyət və xüsusən teatr haqqında xeyli söhbət etdik. Mən bu insanın ensiklopedik biliyinə heyran qalmışdum. Vaxtın necə keçdiyindən xəbərim olmadı. O, mənim əslən bakılı olduğumu biləndə, dedi ki, mən də Bakının Maştağa kəndindənəm. Mənim təəccüblə ona baxdığımı görüb, gülümsədi və  "Gəncəli" təxəllüsünün uzun söhbət olduğunu, növbəti dəfə bu barədə ətraflı danışacağına söz verdi. Çıxa-çıxda dedi ki, Bakı da, Gəncə də ona doğma və əzizdir. Birdən Novruz müəllim söhbəti kəsib, məni işimdən ayırdığı üçün üzrxahlıq etdi.  Biz min ilin tanışları kimi mehribanlıqla sağollaşıb, ayrıldıq. Novruz Gəncəlini, bu mehriban insanı, ədəbiyyat və sənət bilicisini bir daha görmədim. Hərdən kitab şkafımda "Zərdüşt" kitabını görəndə, Novruz Gəncəli yadıma düşürdü.

 

Həyat qəribəliklərlə doludur deyirlər. Bir dəfə məni bir rejissorla tanış etdilər. Onu kiməsə oxşadırdım. Amma kimə?.. Adını, soyadını deyəndə, çox təəccübləndim. "Xəzər Gəncəli"... Novruz Gəncəli yadıma düşdü. Təzə tanışımdan bu barədə soruşanda, dedi ki, atamdır. Onun rəhmətə getdiyini eşidib, çox bikef oldum. Allah Novruz müəllimə rəhmət eləsin. Onun oğlu Xəzər Gəncəli rejissordur. Bir müddət Bakıda, sonra Türkiyədə, daha sonra Mingəçevir Dram Teatrında baş rejissor işləyib. Bakıda bir neçə teatrda müxtəlif dram əsərlərinə quruluş verib. Xəzərlə ara-sıra görüşür, söhbətləşirik. Mənim pyeslərimlə tanış idi. Hətta bir, ya iki pyesimə quruluş vermək istədiyini bildirib. Sağlıq olsun.

 

Bir dəfə söhbət əsnasında Xəzər mənə dedi ki, dostumuz, teatrşünas Anar Burcəliyevin atam, Novruz Gəncəli haqqında yazdığı kitabı artıq çapa hazırdır. Mən buna çox sevindim. Nəhayət, kitab işıq üzü gördü. Xəzər Novruz Gəncəlinin oğlu olaraq, kitabı avtoqrafla mənə hədiyyə etdi. Çox sağ olsun.

 

Anar kitaba çox maraqlı ad seçib. "Xalq şairi olmayan, xalqın şairi".   Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həyatı boyu müntəzəm surətdə poeziya, dramaturgiya, ssenari yaradıcılığı, tərcümə və publisistika ilə məşğul olan Novruz Gəncəli sağlığında, nədənsə layiq olduğu dəyəri almayıb. Keçmişlərdə də haqsızlıq olub. Böyük sənətkara sağlığında nə "Xalq şairi", nə də "Əməkdar incəsənət xadimi" fəxri adı verilməyib. O isə sözün əsl mənasında, doğrudan da fəxri adlara layiq idi.

 

Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlərdən nümunələr, mətbuatda çap olunmuş məqalələr, onun haqqında deyilmiş fikirlər və sair maraqla oxunur. 

 

 "Xəmsə bulağı" əsərindən bir parça ilə kitab başlayır. Sonra kitab şairin dramaturji nümunələri ilə davam etdirilərək, dövrü mətbuat məqalələri və sənətkar haqqında yazılan nümunələrlə davam etdirilir. Kitab sanki mərhələlərlə hər bir məqalə, hər bir xatirə və hər bir şeir nümunəsi ilə unudulmaz sənətkarın obrazını gözlərimiz qarşısında canlandırır. 

 

Eşitdiyimə görə, Novruz Gəncəli həyatda xeyirxah, yaradıcılığında isə prinsipial insan olub. Mənə elə gəlir ki, məhz prinsipiallığı ona həyatda çətinliklər törədib, uğurlarına və hətta fəxri ad almasına belə maneçilik törədib.

 

Novruz Gəncəli yaradıcılıq məsələlərində güzəştə getməyi bacarsaydı, qalmaqallı filmin ssenarisi ilə bağlı problemlər ortaya çıxmazdı. Kitabda bu bölmə "Məşhur Azərbaycan filmi ilə bağlı qalmaqal-Oğurluq iddiası və ya "Bizim sahildə" adlı əsərinin müəmmalı taleyi" adlanır. Bu ssenariyə görə Novruz Gəncəli xeyli instansiyalara müraciət etsə də, faktlarla ssenarinin ona məxsus olduğunu sübut etməyə çalışsa da, heç nəyə nail ola bilməyib. Nə etməli həyatda belə hallar da olur. Həyatda heç də həmişə həqiqəti sübut etmək olmur.

 

Novruz Gəncəlinin yazdığı dram əsərləri fəlsəfi tutumuideya bütövlüyü ilə maraq doğurmaya bilmir. Kitabda toplanmış məqalələr bu barədə oxucuya ətraflı məlumat verir. Novruz Gəncəlinin şeirlər kitabları, dram və tərcümə əsərləri, komediyaları və uşaq ədəbiyyatı haqqında topluda ətraflı məlumat alırıq. Kitabda həmçinin, böyük sənətkarın həyati və sənət dostları ilə çəkilmiş fotoları verilib.

 

Elə bilirəm ki, Novruz Gəncəli dram və tərcümə əsərləri, poeziyası və publisistikası bu günaktual və oxunaqlıdır. Vətənə məhəbbət onun bütün yaradıcılığında əsas ana xətt kimi keçir.

 

 Şair şeirlərində vətəni sevə-sevə tərənnüm edərək, yazırdı:

 

 

 

Vətən, doğma diyar, Azərbaycanım,

 

Bilirəm, var mənə sualın sənin.

 

Deyirsən, nə zaman nur səpəcəkdir

 

Hüsnünə ilhamın, xəyalın sənin?

 

 

 

ya şair digər şeirində Azərbaycana olan sonsuz sevgisini belə ifadə edirdi:

 

 

 

Bir cüt hörüyündür Araz ilə Kür,

 

Gözlərin Göygöldür, hər zaman gülür,

 

Bu hüsnü görməyə dünyalar gəlir,

 

Dəyməsin hüsnünə göz, Azərbaycan,

 

Vəsfinə tapmıram söz, Azərbaycan!

 

 

 

Şair şeirlərində Azərbaycanın hər bölgəsini, hər qarışını, hər bir dağını, gölünü, çəmənini, çiçəyini  vəsf etməkdən nə yorulur, nə də usanırdı.

 

Onun  yaradıcılığa həsr etdiyi şeir isə sanki sənətkar qəlbinin harayıdır. Bu kiçik şeir "Bayraq" adlanır. Şair bu dörd misralıq şeirlə sanki yaradıcılıq haqqında gələcək nəsillərə vəsiyyətini edir:

 

 

 

Budaqdan ayrılıb düşdü bir yarpaq,

 

ağac hiss etdi, nə də ki torpaq.

 

Dostum, yaratmasaq, köçüb  gedəndə

 

Bizimlə yarpaqda nə fərq olacaq?

 

 

 

Söz yox ki, dəyərini almayan ölməz sənətkarımız yaratdıqları ilə həyatda qalmağa layiq bir Şəxsiyyətdir.

 

Çingiz Ələsgərli

teatrşünas, dramaturq

 

525-ci qəzet.- 2022.- 14 iyun.- S.12.