Su kimi dupduru ömür...  

 

Tanıdığım müəllimləri xatırlayanda həmişə qəlbimdə incə bir titrəyiş duymuşam. Bu titrəyişdə sevgi olub, ehtiram olub, minnətdarlıq olub.

 

Həsəd aparılan anlar da istisna deyil. Rayon komsomol komitəsində idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri işlədiyim vaxtlarda bir gənc müəllimlə söhbətimiz aşırı vaxt aparmışdı. Təlimatçı bunun səbəbini soruşanda gülümsünmüşdüm, "İşıqlı insanlarla ünsiyyət, söhbət zamandan qazancdır. Bu gənc müəllimin düşüncələri təkcə Zəngilana deyil, Azərbaycana da gərəkli olacaq...", - demişdim. Aradan bir neçə il keçəndən sonra həmin təlimatçı "Bayram müəllim, neçə il əvvəl dedikləriniz nə qədər həyati imiş. O müəllim məktəb direktoru təyin edilib...", - sevincini bənzərsiz bir ovqatla bildirmişdi. Müəllimlərlə söhbətləşəndə nəyisə, nələrisə öyrənməyə meyilli olmuşam. Bildiklərimi eşitmək də mənə xoş gəlib. Neçə-neçə müəllim kimi Nuşirəvan Teymur oğlu ilə söhbətlərim ancaq həyatdan olardı. Xalqdan olardı, azərbaycançılıqdan olardı. Hər söhbəti Nuşirəvan müəllimin qeyri-rəsmi ustad dərsi bilirdim. Təkcə mən yox, çoxları belə düşünürdü...

 

 

 

Abdulla Şaiq, Soltan Məcid Qənizadə kimi pedaqoqların pedaqoji irsini öyrənənlər, bu irsin dünyəvi işığını düşüncələrinə köçürənlər üçün bir ömür ülgüsü olur: öyrəndiklərini öyrətmək niyyəti. Bu, müəllimlikdir, bu, ustadlıqdır. Hansı təhsil səviyyəsində olur-olsun. Mən ibtidai sinif müəllimlərimi də ehtiramla xatırlayıram, orta məktəb müəllimlərimi də, institut müəllimlərimi də, həyatın fəlsəfəsini öyrəndiklərimi də.

 

Nuşirəvan Teymur oğlunu belə tanımışam, belə sevmişəm; Nuşirəvan Teymur oğlu belə yaşayıb. Özü müəllim olana kimi də, özü müəllim olandan sonra da.

 

Böyük qardaşı İslah Teymur oğlu qardaşını böyük sevgi ilə anırdı. Hər kəlməsində qürur olardı. Bu qürur ailə sərhədlərinə sığışmazdı; sevgi, ehtiram xalqın adına ad olanda, dövlətin, dövlətçiliyin adına ad olanda yaşanılan qürur həm gözəlləşir, həm də tarixləşir. "Bir aqildən soruşurlar ki, qardaşmı yaxşıdı, dostmu. Aqil deyir ki, qardaş da dost olsa yaxşıdı. Mənim qardaşlarım mənim dostlarım idi. Səmimi dostluq, duru dostluq, ehtirama, qarşılıqlı sevgiyə bağlı olan dostluq. Mən özümü qardaşlarımın əhatəsində məğlubedilməz bilmişəm. Atamız Teymurun bütün nəsihətlərini mən də, qardaşlarım da sədaqətlə yaşatmışıq...", - İslah müəllim belə deyərmiş. Bu kəlmələr indi kəlam kimi yaddaşlardadı. Yaşadılır, yaşadılacaq...

 

İslah müəllim Nuşirəvan müəllimi xatırlayanda kövrələrdi. Bu kövrəklik Vətən üçün yaşanılmış qardaş ömrünə görəydi. O anlarda ötənlərdə qalmış xatirələrə sığınardı İslah müəllim. Yenidən yaşada-yaşada yaşanılan xatirələr həmişə ömrün sabahlarını durulaşdırır. Təsəllisi qardaşlarının qazandığı ad-san, ata adına gətirdiyi ucalıq olardı...

 

Biz müəllimlərimizin dediklərinə böyük sədaqətlə inanırdıq. İnanırdıq və inandıqlarımızdan öyrənərdik...

 

Nuşirəvan Teymur oğlu 1954-cü ildə Xocahan kənd orta məktəbini bitirəndə qəbul imtahanlarına getməyib.

 

Qəbul imtahanı ərəfəsində əsgərliyə getmək üçün hərbi komissarlığa ərizə yazıb. Böyük qardaşı İslahın etirazına bir qədər duyğusal, bir qədər həyati, ailəyə can yandırma baxımından bir qədər düşündürücü cavab verib:

 

- Sən tələbəsən. Mən də pis oxumamışam. Qəbul olunsam, atam ikimizə ayda filan qədər pul göndərməlidi. Mən əsgərlikdən qayıdana kimi sən institutu bitirərsən. Ondan sonra oxuyaram. Atamızın yükü onda azalar.

 

Nuşirəvan Teymur oğlu bu düşüncələrinə görə qəbul imtahanlarından imtina edib; neçə illər keçib. Bu düşüncə hələ də el-obada ataya, atanın timsalında ailəyə sevgi nümunəsi kimi yaşadılmaqdadır. Bu xarakterdə milli mentalitetimizin işığını görürəm...

 

1957-ci ildə hərbi xidmətdən qayıdandan sonra Sumqayıtda işləməyə başladı. Atasının razılığı ilə; ata xeyir-duası onun uğur yoluna işıq oldu. Bu işıq bir ömrün illərə hesabatı olacaqdı. Əməyə alışa-alışa əmək adamı da olmaq mümkündür, cəmiyyətdə başqa sahənin cəfakeşi olmaq da. Hər ikisi cəmiyyət - vətəndaş münasibətlərinin duruluğunun nəticəsi kimi yaşanılır...

 

Artıq 1959-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alırdı. Axşam şöbəsində. Bu da özünün seçimi idi...

 

Xeyirxahlıq həmişə olub, var.

 

Xeyirxahlar ömür yoluna zərurətin təsadüfi kimi çıxır; Zəngilanın sayılıb-seçilən nəslinin layiqli nümayəndəsi, tanınmış ziyalı və peşəkar rəhbər Bəşir Hacıyev (sonralar nazir müavini olub. Təəssüflər olsun ki, amansız qədər, amansız ölüm Zəngilan elinin bu xeyirxah və nəcib övladını dünyadan çox vaxtsız aparıb)  Nuşirəvanı Bakıya dəvət etdi. Nərimanov rayonunda Mənzil-İstismar Sahəsində mühəndis, az sonra baş mühəndis işlədi.

 

Nuşirəvan üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdi. İşə bu səviyyədə can yandırması diqqətdən kənarda qala bilməzdi. İşə münasibət də, xarakter də vətəndaşın cəmiyyətdə tanınma zəmanətidi; Nuşirəvanı Bakı Baş Tikinti İdarəsinə iş icraçısı vəzifəsinə dəvət etdilər. Onda göy üzünə bir ürək dolusu şükranlıq pıçıldadı. Əsən yellər bu şükranlığın gözəl ovqatını Zəngilana apardı...

 

Hərbi xidmətdən sonra əmək fəaliyyəti, işləyə-işləyə təhsil almaq, tələbəlik Nuşirəvan Teymur oğlunu da əsl mərdanəlik səviyyəsində formalaşdırıb. Sonralar gözəl könül xoşluğu yaşatdığı xarakteri hamıya nümunə olub. İllər keçəndən sonra bu xarakter ağsaqqallığa çevrilib...

 

1966-cı ildə institutu bitirən Nuşirəvan Teymur oğlunu Bakı Politexnik Texnikumuna müəllim göndərdilər.

 

İnşaatçı ixtisasını seçmişdi, müəllim işləyirdi. Könül sirdaşlarına deyərmiş ki, öyrənəndə hansı həvəslə öyrənirdimsə, öyrədəndə də həmin həvəslə öyrədirəm. Sonra gülümsünüb, "Bu, həyatın dialektikasıymış...", - deyərmiş...

 

Kommunist partiyasının hakimi-mütləqlik dövründə bu və ya digər müəssisənin, təşkilatın ilk partiya təşkilatının katibi seçilmək böyük etimad idi; dövlət inamı kimi, sabahkı təyinatlara zəmanət kimi. Nuşirəvan Teymur oğlunu hərbi xidmətdə partiya sıralarına qəbul etmişdilər. Onda bunun sabahlarına nə səviyyədə təsiri olacağı haqqında düşünməmişdi. Bakı Politexnik Texnikumunun müəllimləri də, tələbələri də dum-duru ömür yaşayan bu müəllimin düzlüyünün, sadəliyinin, təvazökarlığının, yaxşını dəyərləndirməyə aludəliyinin heyranı idi. Tələbələr onu ailələrindən uzaqda əzizi bilirdi. Nuşirəvan müəllim hamısını səbirlə dinləyirdi, köməyə ehtiyacı olanlara imkanı həddində kömək edirdi. İmtahanlar ərəfəsində tələbələrlə tez-tez söhbətləşirdi. Bu söhbətləşmə öz təsirini sessiyanın sonunda göstərirdi - tələbələr onun məsləhətlərini eşidirdi, mənimsəmə yüksəlirdi...

 

Gözəgötürməzlik həmişə olub; "Niyə mən yox, o?" sualına sığınanlar, bu suala görə rahatlığını itirənlər yaxşıya yaman deməyə meyilli olub. Texnikumda Nuşirəvan müəllimin də əhatəsində belə düşüncəlilər olub.

 

Qədim yunan alimi Esxilə görə, hər şey dəyişirmiş. Yox, hər şey deyil, çox şey dəyişirmiş. Bakı Politexnik Texnikimunun direktorları dəyişirdi. Bədxahlar dəyişmirdi, bədxahlarla mübarizə aparan Nuşirəvan Teymur oğlunun xarakteri dəyişmirdi. El demişkən, dünya xali deyilmiş. Ədalət dünyadan üzülməyibmiş. Ədalətsevərlər Nuşirəvan müəllimi qanun həddində müdafiə etdilər. Və belə bir müdafiənin davamı Nuşirəvan Paşayevin şöbə müdiri, sonra isə texnikuma tədris işləri üzrə direktor müavini təyin olunması ilə nəticələndi. Müəllim adına qara ləkələr texnikumdan uzaqlaşdırıldı; el arasında deyildiyi kimi, "texnikumun üstünə Gün doğdu"...

 

Tələbələr Nuşirəvan müəllimin qayğılarını duyurdu, görürdü...

 

Nuşirəvan müəllim duyğusal müəllim idi. Duyğusal rəhbər idi. Texnikumun tələbələrindən birinin atasının ərazi özünümüdafiə taborunun tərkibində döyüşəndə şəhid olduğunu biləndə bir qədər qəhərlənmişdi də. Onda texnikumun elmi şurasının qərar çıxartmasını gözləmədən həmin tələbənin illik təhsil haqqını özü ödəmişdi. Tələbə elə bilmişdi ki, təhsil haqqından azad edilib...

 

1987-ci ildə texnika elmlər namizədi, dosent Nuşirəvan Paşayevi Təhsil Nazirliyinin Dövlət Müfəttişliyi İdarəsinə rəis təyin etdilər. Bu vəzifə respublikada bütün pillələrdən olan məktəblərdə bütün sahələr üzrə kompleks yoxlamalar aparırdı. Bunun mahiyyətinin nə olduğunu xatırlatmağa ehtiyac hiss etmirəm. Ancaq Nuşirəvan müəllim belə işləmədi. Onun üçün qanun vardı, qanunun aliliyi vardı və bütün qanunların fövqündə dayanan insanlıq, mərdlik, kişilik qanunu vardı. Bu qanunun səviyyəsində işlədi, bu qanunun cazibəsində inandırdı hamını. İşdə nöqsanlara yol verənləri də, onların kölgəsinə sığınanları da.

 

1992-ci ilə kimi bu vəzifədə işlədi. Hakimiyyət yeniləndi. Yeni hakimiyyət yeni kadrlarla işləməyə meyilləndi. 1993-cü ildə Bakı İnşaat Texnikumunun direktoru vəzifəsinə təyin edildi və 2002-ci ilədək, yəni səhhəti ilə əlaqədar təqaüdə çıxanadək bu vəzifədə çalışdı.

 

Nuşirəvan Teymur oğlunun yaxın dostu olmuş Zakir Məmmədovun (Azərbaycan KP MK-da şöbə müdirinin müavini, Maddi Ehtiyatlar Komitəsində sədr müavini, Yanacaq Komitəsinin sədr müavini, "Azəriqaz"da idarə rəisi və s. vəzifələrdə işləyib) bir əlyazısı indi də saxlanılmaqdadır: "Mən çox vəzifələrdə - həm də rəhbər vəzifələrdə işləmişəm. Həyatda oturub-durduğum, yaxınlıq etdiyim çox insanlar olub. Ancaq həyatda səmimi qəlbdən bir ürək dostum olubsa, o da böyük hörmət bəslədiyim, unudulmaz insan olan Nuşirəvan müəllim olub. Belə insan həyatda çox azdır". Bu kəlmələri Nuşirəvan Paşayevə ünvanlanmış ürək sözü kimi oxuyursan və düşünürsən: duruluq yaşayır, mərdlik yaşayır, səmimiyyət yaşayır və yaşayacaq da...

 

Doğma ata-baba yudlarının işğal olunması Nuşirəvan müəllimin də illərinin üstündən qara yellər əsdirdi. "Uşaqlığımız işğal olundu, yeniyetməliyimiz, gəncliyimiz işğal olundu, neçə-neçə xatirəmiz işğal olundu. Ata ocağından iraq düşdük, dünyadan köçmüş əzizlərimizin məzarlarından uzaq düşdük. Qayıdacağıq. O torpaqlara mütləq qayıdacağıq. Ömrüm çatsa, ata yudumun daşına-divarına sarılacam. Ömrüm çatmasa, işğaldan sonra ata yurdumdan bir ovuc torpaq gətirib qəbrimin üstünə səpərsiniz...", - Nuşirəvan müəllim könül sirdaşlarına belə deyərmiş...

 

2013-cü il avqustun 13-də dünyasını dəyişdi...

 

Övladları - Rövşən, Səadət də, nəvələri də bu ömrün bunca işıqlı olmasını təsəlli bilir. Təkcə onlar deyil, Nuşirəvan Teymur oğlunu tanıyanlar da. Mən də onların sırasında...

 

Doğma torpaqlar işğaldan qurtardı. Nuşirəvan müəllimin də ruhu narahatlıqdan xilas oldu. "Ruhun şad olsun, ustad!" deyirik...

 

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

 

525-ci qəzet.- 2022.- 14 iyun.- S.14.