Şuşa Bəyannaməsindən ötən bir il

 

ABDULLAH AĞAR: "BU SƏNƏD GƏLƏCƏYƏ ORTAQ BAXIŞIN İRADƏSİNİ İFADƏ EDİR"

Bir il əvvəl, 2021-ci il 15 iyun tarixində Azərbaycanla Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasını şərtləndirən tarixi sənəd - Şuşa Bəyannaməsi imzalandı. İki qardaş dövlətin əməkdaşlığının bütün aspektlərini əhatə edən bu sənəd gələcək işbirliyi və müttəfiqlik üçün fundamental baza rolunda çıxış edir. Bəyannamənin Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə xalqımız üçün böyük mənəvi dəyəri olan Şuşa şəhərində imzalanması da mühüm tarixi hadisə idi. Sənədin imzalanmasının 15 iyun Qurtuluş günündə, eyni zamanda, Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.

 

Dövlət başçısı İlham Əliyev həmin gün bununla bağlı deyib: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

 

Bəyannamədə ən vacib məqamlardan biri şübhəsiz ki, hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Qeyd edilib ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparacaq, onun aradan qaldırılması məqsədilə bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

 

Sənədin imzalanmasından ötən bir il ərzində onun əhəmiyyəti, icrası barədə "525"ə danışan terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib ki, Türkiyə ilə Azərbaycan arasında əvvəllər işbirliyibuna dair xoş niyyətlər olsa da, bunlar demək olar ki, nəzəriyyədə qalırdı: "Əməkdaşlığın gələcəyinin əsas parametrləri istənilən səviyyədə deyildi. Qarabağ müharibəsi bu birliyi çox aydın şəkildə ortaya çıxardı. 44 günlük müharibə başa çatdıqdan sonra imzalanmış Şuşa Bəyannaməsi ilə qardaşlıq gerçək şəkildə taclandı. Təbii ki, niyyət nə qədər önəmli olsa da, əməl ondan da əhəmiyyətlidir".

 

Ekspertə görə, Şuşa Bəyannaməsi gələcəyə ortaq baxışın iradəsini ifadə edir: "Bununla yanaşı daha çox məsələ strateji yaxınlaşmaya görə dəyərləndirildi. Yəni milli güc amillərinin bir-birinə dəstəyi və ya inteqrasiyası son dərəcə önəmlidir".

 

A.Ağar hazırkı dövrün geosiyasi tendensiyaları nəzərə alındıqda, Şuşa Bəyannaməsinin regional təhlükəsizlik və inkişafa verəcəyi töhfələri də dəyərləndirib: "Dünyadan bəhs etsək, deyə bilərik ki, Türkiyənin gücü həm də Azərbaycanın gücünü ifadə edir. Hər birinin öz özlüyündə dəyəri var. Amma ikisi bir araya gəldikdə daha böyük təsirə malik olur. Gələcəyin geosiyasi baxımdan formalaşmasında bir türk dünyası qurulacaqsa, bu, Azərbaycan və Türkiyənin nüvəsini təşkil etdiyi işbirliyi sayəsində olacaq. Və bu, sıradan bir hadisə deyil. 1828-ci il Türkmənçay müqaviləsi imzalanandan bəri ilk dəfə Qafqazda bir torpaq işğaldan azad edildi. Bu, sadəcə simvolik dönüş deyil, geosiyasi dönüşdür. Buna dair sübut da göstərmək olar. Çünki müharibə çox çətindir. Hətta Azərbaycanın məğlub edilməsi və parçalanması planlaşdırılmışdı. Belə bir planı tərsinə çevirib torpaqları geri qaytarmaq, həmçinin, bu qələbənin necə bir iradə ilə ortaya çıxması prosesi izləyənlərə yaxşı məlumdur. Gələcəyin formalaşması üçünortaq iradə ortaya qoyulub. Geosiyasətin əsas qaydalarına uyğun olaraq bu, ortaq iradə bir sıra maneələrə məruz qalacaq. Amma mütləq maneələri aşacaq. Çünki güc təməlinə əsaslanan mücadilədən bəhs edirik".

 

Türkiyəli ekspertə görə, digər məsələ də müharibənin ortaya çıxardığı təcrübədir: "Türkiyənin terrorla mübarizə təcrübəsi, xüsusilə Suriya, Şərqi Aralıq dənizi, Liviya təcrübəsi yeni nəsil savaşın fəlsəfəsi, doktrinası, konsepti, texnikası və taktikaları, güc komponentləri, hərəkət tərzləri, qoşun formalaşması, əsgər ləvazimatları, əsgərin xarakteri, şəxsiyyəti kimi bir çox mövzuları gündəmə gətirdi. Bununla bağlı çox ciddi mənada bir transformasiya yaşandı və yaşanır. Bu proses özünü sadəcə meydanda deyil, digər müxtəlif sahələrdə də göstərdi. Hazırda dünyada 5-ci nəsil müharibəsi tətbiq etmişbunun fəlsəfəsini çox yaxşı bilən bir iradədən bəhs edirik. Dünyanın ən güclü ordusu belə qarşısında müharibə və ölüm dayananda nə edəcəyi ilə bağlı həyəcan yaşadı. Ukrayna ordusu Qərb dünyası tərəfindən qorxunc bir şəkildə dəstəklənsə də əlində olanlarla savaşı istədiyi kimi yönləndirə bilmədi. Amma Qarabağ müharibəsinə baxanda son dərəcə mühüm nümunə görürük. Bunun necə əldə edildiyini ciddi xarici mənbələrə nəzər saldıqda rahat şəkildə görmək olur".

 

Sənədin icrası istiqamətində görülmüş işlərdən danışan ekspertə görə, Bəyannamə çərçivəsində Azərbaycan ordusunun inkişafı, müəyyən çatışmazlıqların aradan qaldırılması ilə bağlı son dərəcə əhəmiyyətli irəliləyiş əldə edildiyini görmək olur: "Digər önəmli məsələ beynəlxalq aləmdə Azərbaycan ordusunun haqlı olaraq önə çıxmasıdır. Çünki Azərbaycan ordusu savaşmış və zəfər qazanmış ordudur, bu isə son dərəcə vacibdir".

 

Siyasi ekspert Aydın Quliyev isə deyib ki, Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərini keyfiyyətcə tamamilə yeni bir mərhələyə çıxardı. Onun sözlərinə görə, sənəd münasibətlərin daha da möhkəmləndirilməsi və hərtərəfli dərinləşdirilməsi üçün mövcud olan imkanları genişləndirdi: "Şuşa Bəyannaməsi iki ölkənin mənafelərinin dünya miqyasında qarşılıqlı şəkildə əlaqələndirilməsi və inkişaf etdirilməsi üçün nə qədər əzmkarlıq göstərdiyini bir daha sübut edib. Bu bəyannamədə iki ölkənin istər xarici siyasətdə, istərsə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı çox mühüm müddəalar var. Şuşa Bəyannaməsində Türkiyə və Azərbaycanın xarici siyasətdə əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı müddəalar həm dostlarımıza, həm də düşmənlərimizə çox maraqlı mesajdır".

 

A. Quliyev qeyd edib ki, sənədin imzalanması hər iki dövlətin bir-birinin ərazi bütövlüyünün, siyasi müstəqilliyinin və sərhədlərin toxunulmazlığının dövlət və ictimai mənafelərini nə qədər yüksək dəyərləndirdiyini bir daha sübut etdi: "Bu bəyannamənin İkinci Vətən müharibəsindən və Azərbaycanın ərazi bütövlüyünün bərpasından aylar sonra imzalanmasının özü də hələ də Azərbaycan və Türkiyəyə qarşı təcavüzkar niyyətlərini tam kənara qoymamış dövlətlərə mesajdır. İki ölkənin yüksək səviyyəli əməkdaşlıq şurası çərçivəsində əməkdaşlıq etməsi bəyannaməsinin əsas əhəmiyyətindən biridir. Hər iki ölkə üçün çətin hərbi və ya təcavüz vəziyyətin yaranacağı təqdirdə iki ölkənin müvafiq strukturlarınn fəaliyyətinin koordinasiya olunması olduqca əhəmiyyətli müddəalardandır".

 

Ekspert əlavə edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin mövcud əməkdaşlığının və əlaqələrinin qanuni əsaslarını daha da möhkəmləndirməklə bərabər, onun perspektivinə də böyük imkanlar açır: "Sənəd Azərbaycan və Türkiyənin hazırki səviyyədə mövcud olan hərtərəfli əməkdaşlığını və qardaşlığını yaxın gələcəkdə hərbi və müdafiə, müttəfiqlik səviyyəsinə qədər rəsmiləşdirməyə imkan verir".

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2022.- 14 iyun.- S.6.