Boş qəbir
Hekayə
("Ötən əsrin
əhvalatları" silsiləsindən)
Qaş
qaralırdı. Çərkəz
atası Pünhan kişi ilə eyvanda
oturmuşdu. Həyətin o başında darvaza
açıldı, kiminsə tanış
səsi eşidildi:
- Ay ev yiyəsi, qonaq istəmirsiniz?
Pünhan
kişi gözlərini qıyaraq dilləndi:
-
Qonağa lap canımız da qurban.
Eyvanın işığında Kamandar
göründü. Çərkəz tez həyətə
düşüb, köhnə dostunu qucaqladı.
- Ba..., qardaş, xoş gəlmisən. Sən də bizi yada salarsanmış.
Pünhan
kişi incimiş kimi:
- Bala, bir
il olar, səsin-sorağın da
eşidilmir, - dedi.
Kamandar eyvana qalxıb, onunla görüşdü.
-
Pünhan dayı, vallah, vaxt tapa bilmirəm. Bu tərəflərə
də bir ezamiyyətim düşmür. İndi
elə qonşu rayondaydım. İşimi
qurtardım. Fikirləşdim ki, sabah
da bazar günüdür, sizə bir baş çəkim.
- Lap
yaxşı eləmisən. Nə olar, bir dəfə
külfətini bizim tərəflərə gətirsənə.
Özgə ki, deyilik. Allaha
şükür, həyət-bacamız da genişdir.
Çərkəz
atasını sakitləşdirdi:
- Ay dədə,
qoy bir kişi nəfəsini dərsin də.
Axı, yoldan gəlib. Amma Kamandar,
qayınanan səni yaman çox istəyirmiş. Bu gün dədəmin könlünə döşəmə
plov düşmüşdü. Özün
bilirsən, anam da onun ustası.
Kamandar Jurnalistika fakültəsində Çərkəzlə bir yerdə oxumuşdu. İndi mərkəzi qəzetdə müxbir idi.
Bir azdan süfrə açıldı. Şam yeməyindən sonra çay içə-içə söhbət əsnasında Pünhan kişi oğlu Çərkəzdən soruşdu:
- Sən o Şəmşirli əhvalatını eşitdinmi?
- Nə bilim, dədə, hərə bir şey danışır.
- O
gorbagora bu da azdır.
Çərkəz söhbəti dəyişdirmək istədi.
- Ay dədə,
nəyimizə gərək. Başımıza
söz qəhətdir?
- Bala, adam rayon qəzet redaktoru olanda hər şeydən
ehtiyat etməz.
Çərkəz
incik halda dilləndi:
- Nə
ehtiyatbazlıqdır ey... Ondansa, Kamandarla
beş-on kəlmə kəssək, yaxşıdır.
Kamandar isə
peşəsindən doğan maraqla soruşdu:
- Nə əhvalatdır
ki?
Pünhan
kişi başı ilə Çərkəzə
işarə edərək dedi:
-
Qardaşağan macal versə, danışaram.
Çərkəz atasının xətrinə dəydiyini
duydu.
- Ay dədə,
o nə sözdür. Özün bilərsən.
Pünhah
kişi qəlyanına tütün doldurub
alışdırdı. Bir-iki qullab vurduqdan sonra söhbətinə
başladı:
- Əhvalat belədi... Üç gün bundan qabaq rayonumuzda Şəmşirli deyilən bir ilan, axırı ki, gəbərdi. Onu basdırmağa təkcə iki oğlu, bir də qohum-əqrabası getmişdi. Mollanı da kənardan gətirmişdilər. Bizim mollalar hamısı boyun qaçırmışdılar. Ertəsi gün oğlanları gedib görərlər ki, gecəliklə gəlib atalarının qəbrini murdarlayıb, başdaşı yerinə də, o tok olan yerlərdəki kəllə-sümük şəkli var ha, ondan qoyublar. Qəbrin üstünü birtəhər təmizləyərlər. İkinci gün yenə həmin şeyi görərlər. Axırı, hava qaralandan sonra oğlanları Şəmşirlini qəbirdən çıxarıb, aparıblar öz xaraba yurduna. Camaat danışır ki, gedəndə deyiblər, bu biabırçılıqdan sonra bir də bura qayıtmayacaqlar. Düzdür, o gədələr pis uşaq deyillər. Amma dədələrinə görə onlarla yaxınlıq eləyən yoxdur.
Kamandar heyrət içində soruşdu:
- Pünhan dayı, axı, bu Şəmşirli
kim olub? O neyləyib ki,
ondan belə hayıf çıxıblar? Heç
adamın inanmağı gəlmir.
- Bala, o əclaf bizim rayonda o qədər evlər yıxıb ki, hələ bu da azdır o gorbagora. Mən onun elədiklərindən birini danışım sənə. Bu, Lətif bəylə bağlıdır. Allah ona rəhmət eləsin.
Pünhan kişi qəlyanının külünü boşaldıb, yenidən tütünlə doldurdu. Yandırıb dərindən sümürdü.
- Kamandar, yoldan gəlmisən. Bəlkə yatasan, sabah danışaram. Əhvalat uzundur.
Kamandar etiraz etdi.
- Siz
Allah, yox. Səhərə qədər də
olsa, qulaq asmağa hazıram. Təki siz
yorulmayasınız.
- Bala, mən
qoca kişiyəm. Onsuz da yuxum ərşə
çəkilib. Nə isə. Bu Lətif bəy dediyim Hacı Muxtar bəyin
oğlu idi. Hacı Muxtar bəy çox rəhmdil
adammış. Kəndlərində öz
rəiyyəti ilə yaxşı davranırmış. Ona görə də camaat onu özünə
ağsaqqal bilirmiş. Hacı Muxtar bəy
özü mollaxanada oxuyubmuş. Amma deyib ki, dünya dəyişib,
gərək yeganə oğlumu savadlı adam
edim. Ona görə uşağa dayə tutub,
rus, fransız dilləri öyrətdirib. Əvvəlcə
aparıb qoyub onu Qori seminariyasına. Oranı qurtarandan sonra
soruşub ki, oğlum, kim olmaq istəyirsən? Lətif bəy
də deyib ki, həkim. Hacı Muxtar bəy göndərib
oğlunu Peterburqa oxumağa. Lətif bəy həkimliyi bitirəndə
Birinci Cahan müharibəsi başlanar. Onu hərbi həkim
kimi göndərərlər cəbhəyə. İki ilin
içində Lətif bəy qəhrəmanlığına,
yaxşı həkimliyinə görə qısa müddətdə
polkovnik olar. Ona ordenlər, medallar verərlər. Bu arada,
rayonumuza xəbər gəlib çatar ki, Lətif bəy
ağır yaralanıb, ölüm ayağındadır.
Hacı Muxtar bəy başıalovlu gedər oğlunun
dalınca. Bir də yarım ildən sonra qayıdar. Lətif
bəy yavaş-yavaş özünə gəlirmiş. Sonra
onu hörmətlə dörd əsgər evlərinə gətirər.
Bir-iki aya Lətif bəy sağalır. Amma ömrünün
axırına kimi əl əsası ilə gəzirdi. Hacı
Muxtar bəy oğluna yaxşı toy eləyir. Qarabağdan
bir bəyin qızı Gülsüm xanımla evləndirir.
Gülsüm xanımın da atası elm həvəskarı
olubmuş. Qızını Zeynalabdin Tağıyevin Bakıda
tikdirdiyi məktəbdə oxudubmuş. Toydan heç bir az
keçməmiş Hacı Muxtar bəy rəhmətə
gedir. Lətif bəy kəndlərdəki torpaqlarını
vermişdi kəndlilərin ixtiyarına. Atası kimi onlara dəyib-toxunmazdı.
Bir dəfə eşidər ki, kəndlərindən birində
kəndxuda özbaşınalıq edib. Elə həmin
gün onu kənddən qovub. Lətif bəy yenə həkimliyini
edirdi. Camaata həyan idi. Özü dərman alıb, xəstələrə
paylayardı. Gülsüm xanım da evdə məktəb
açmışdı. Kasıb-kusubun uşağına dərs
verirdi. Lətif bəyin rayon əhli içərisində
hörməti atasınınkından da çox idi. Ona görə
başqa bəylərin ondan zəhləsi gedirdi.
İmkanları olsaydı, onu didərdilər. Lətif bəy
enlikürək, qəşəng, şux qamətli bir
adamdı. Qara cins atının belində küçəyə
çıxanda hamı onun tamaşasına durardı. Belə ad-san qazanan
vaxtında onun heç otuz yaşı olmazdı.
Lətif bəyin Səməndər adlı bir mehtəri
vardı. Onun xətrini çox istəyirdi. Cins atlarından birini də ona
bağışlamışdı. Bir dəfə
rayonumuza qəza pristavı gələr. Səməndər
də atına minib harasa gedirmiş. Küçənin
tinində pristavla rastlaşar. Pristavın atı
hürküb az qalıb onu belindən sala.
Pristav qeyzlənib, qorodovoylara əmr verib ki, Səməndərin
atını alıb, özünü də
şallaqlasınlar. Bunu tez Lətif bəyə
çatdırarlar. Bir azdan o, polkovnik
formasında, sinəsində ordenləri, qara atının
belində gəlib pristavı tapar. Üstünə
qışqırar ki, ay filan olmuş, sən, deməli, həddini
elə aşmısan ki, polkovnik Lətif bəyin mehtərinin
atını əlindən alıb, özünü də
döydürürsən. Pristav and-aman eləyər
ki, bilməmişəm. Tez Səməndəri
buraxdırar. Bu hadisədən sonra pristav
bir də bizim tərəflərdə görünmədi.
Bax, bala, Lətif bəy beləydi.
Sonra Bakıda Şura hökuməti quruldu, komissarlar güllələndi, hakimiyyətə Müsavat gəldi. Lətif bəy isə həkimliyini edirdi. İyirminci ildə Şura hökuməti yenidən qurulanda Lətif bəyin hörməti daha da artdı. Sən demə, o, Nərimanovla, başqa bolşeviklərlə yaxınmış. Lətif bəyin evi həmişə qonaq-qaralı olardı. Elə həmin qonaqların da çoxusu bolşeviklər imiş. Jandarmadan gizlənmək istəyəndə, qəzetlərini, sənədlərini saxlamaq üçün Lətif bəygilə sığınarlarmş. Ona görə də Lətif bəyi Nərimanov Bakıya çağırtdırıb, böyük vəzifə təklif edər. O isə cavab verər ki, indi camaatın həkimlərə böyük ehtiyacı var. Mənə imkan verin, öz rayonumuzda xəstəxana açım. Razılaşıblar.
Bala, Şura hökumətinin xəbəri bizə çatanda kəndlərin çoxunda camaat zalım bəylərin evlərini yandırıb dağıtdılar, əllərinə keçənləri də öldürdülər. Amma Lətif bəyin qapısından heç vaxt köhnə rəiyyəti əl çəkmirdi. Hərə öz dərdini danışmağa, məsləhət almağa gəlirdi. İmkanında olanı da xurcununa atıb, onun evinə gətirirdi. Lətif bəy nə qədər onlara acıqlanırdısa da ki, ay balam, daha mən sizin ağanız deyiləm, aldığım məvacib mənim bəsimdir. Amma nə xeyri... Lətif bəy də evinə gətirilən şeyləri kasıblara, xəstələrə payladardı. Gülsüm xanım isə əməlli-başlı məktəb açmışdı. Bala, bu ər-arvad eyni xasiyyətli idilər. Öz aralarında da çox mehribanmışlar. Həmişə can deyib, can eşidiblərmiş.
Bir neçə il belə keçdi. Rayonumuza o əclaf Şəmşirli gəlib çıxdı. Onu enkevedenin naçalniki qoymuşdular. Düzdür, təzə-təzə Şəmşirli banditləri əzməkdə özünü pis göstərməmişdi. Amma iki-üç il sonra yaman quduzlaşdı. Kimə baxırdısa, düşmən görürdü onu. Kimdən xoşu gəlmirdisə, "qolçomaq" damğası vurub dama basdırırdı. Rayonumuzda işə başlayanda sısqa bir şeydi. Bir neçə ilin içində qarnı az qala burnuna dəyirdi. Arvad kimi buxaq bağlamışdı. Camaatı gözüqıpıq eləmişdi. Qılıncının dalı da kəsirdi, qabağı da. Ətrafına beş-on nəfər özü kimiləri toplamışdı. Gündə kefdə-damaqda idi. Kimə nə buyursaydı, gərək axşama onun hüzurunda hazır olaydı. Yoxsa, o adam əlli-ayaqlı yoxa çıxardı. Neçələrini tanıyıram ki, uşaqlarının çörək puluna qoyun alıb aparıb Şəmşirlinin həyətinə. Nə var, nə var, bu yekəqarının qonağı olacaq.
Şəmşirli rayona gələndən Lətif bəyi gözü götürmürdü. Kişinin camaat arasında, Bakıda böyüklərin yanında hörməti əclafa rahatlıq vermirdi. Bir dəfə aktivin iclasında deyər ki, bizim raykom işçiləri inqilabi sayıqlıqlarını itiriblər, hələ də keçmiş kəndlilərindən vergi yığan bir bəyi o boyda xəstəxananın baş həkimi qoyublar. Yerdən camaat qışqırışıb. Raykom katibi hamını sakitləşdirəndən sonra cavab verib ki, Lətif bəyi sizin Bakıdakı rəisləriniz lap yaxşı tanıyırlar və mənə onun haqqında çox danışıblar. Siz isə, yoldaş Şəmşirli, aktivin iclasında artıq-əskik sözlər işlətməyin.
Bundan sonra Şəmşirli Lətif bəyin əleyhinə
daha da qızışıb. Sonra da belə bir iş olmuşdu. Lətif
bəyin keçmiş mehtəri Səməndərin gözəl-göyçək
bir qızı vardı. Şəmşirli
hardasa onu görər. Öyrənib
atasını tapar. Deyər ki,
qızını verəcəksən mənə. Kişi onun ayaqlarına düşər ki,
qızım necə ildən bəri nişanlıdır, iki
gündən sonra toyu olacaq, hamıya da xəbər
çatdırılıb. Şəmşirli
Səməndərin xirtdəyindən yapışıb ki,
qızı bu axşam evimə gətirməsən, səni
güllələdəcəyəm, kulak köpək oğlu.
Səməndər də hər yerdən əli
üzülüb qaçar Lətif bəyin üstünə.
Danışar ki, bəs hal-qəziyə belədir.
Lətif bəy də lap hövsələdən
çıxıb gedər düz Şəmşirlinin kabinetinə.
Onun kabinetində başqa adamlar da varmış.
Lətif bəy təmkinlə deyər: "Ay yoldaş Şəmşirli,
səni bura göndəriblər ki, Şura hökumətinin
düşmənləri ilə mübarizə aparasan,
xalqın mənafeyini güdəsən. Sən banditlərə,
qolçomaqlara divan tutursan, lap yaxşı, afərin, daha yerdə
qalanlardan nə istəyirsən? Xalq indi-indi adam
kimi yaşamağa başlayıb, azadlığa
çıxıb. Niyə qoymursan camaat rahat nəfəs
ala? Niyə özünü köhnə
pristavlar kimi aparırsan? Yəni fikirləşirsən
ki, səninlə heç kəs bacara bilməz? Hamıya hədə-qorxu gəldiyin, haqq-nahaq tutub
dama basdığın, bəzilərinin malına yiyə
durduğun bəs deyil, hələ kişilərin namus-qeyrətinə
də sataşmaq istəyirsən? Səndə
yəni heç azərbaycanlı qanı yoxdur? Bax, sənə xəbərdarlıq edirəm, Səməndərin
qızından əl çəkməsən, bu işin
axırı pis qurtaracaq".
Lətif bəyin zəhmindən özünü itirən
Şəmşirli əvvəlcə danışmağa söz
tapmaz. Sonra
başlayar qışqırmağa: "Sən kimsən ki, mənim
kabinetimdə özünü belə aparırsan? İşə bax, köhnə bəy inqlab yolunda qan
tökmüş bolşevikə hərbə-zorba gəlir".
Lətif bəy heç halını pozmadan
çıxar eşiyə.
Düzdür, Şəmşirli Səməndərin
qızından əl çəkdi. Amma rayon əhli səksəkədə
idi ki, bu əclaf Lətif bəyi güdaza verə bilər.
Bir-iki nəfər kişiyə deyib ki, bəlkə
Bakıdakı vəzifəli tanışlarınıza xəbər
çatdırasınız. Lətif bəy
cavab verib ki, mən hələ ömrümdə xəbərçilik
etməmişəm, bu, kişiyə yaraşmaz.
Otuzuncu illər idi. Rayonumuzun kəndlərində kolxozlar qurulmuşdu. Camaatın vəziyyəti yaxşılaşırdı. Amma nə olsun. Nərimanov kimi şəxsin adı heç yerdə çəkilmirdi, kitabları yoxa çıxmışdı. Xırda bir şeydən ötrü Şəmşirli kimi alçaqlar adamları gecəykən evindən çıxarıb, məhkəməsiz-filansız Sibirə göndərt-dirirdilər. Bala, elə şərait yaranmışdı ki, işdə adamlar bir-birilə ehtiyatla salamlaşırdılar. Bir də görürdün, səhərisi gün filankəsi "xalq düşməni" kimi dama basıblar, sən də cavab verməlisən ki, onunla nə haqda xısınlaşırdın. Bir tərəfdən də bəzi mahallarda banditlər baş qaldırmışdılar. Dəmiryol stansiyası ilə rayonumuz arasındakı o on kilometrlik yol var ha, orda nə qədər adamı soyub-talamışdılar. Elə həftə səkkiz, mən doqquz, atışma zamanı öldürülmüş banditləri bazarın ortasındakı çinar ağacının altına qoyurdular. Gedib-gələnlər də tüpürürdü onların cəmdəklərinə.
Bax, belə bir zəmanədə Şəmşirli fikirləşər ki, əlinə girəvə keçib. Bir gün neçə milisionerlə gedər Lətif bəyin evinə, deyər ki, bir məktub almışam sənin haqqında. Evini yoxlamalıyam. Yazıblar ki, qohumların Kəlbəcərdə banditlik eləyirlər. Soyub-taladıqlarını da gizlədiblər sənin evində. Lətif bəy özünü saxlaya bilməyib qışqırar onun üstünə: "Ay alçaq, sən indi mənə şər atırsan? Mənim Kəlbəcərdə qohumlarım nə gəzir ki, hələ banditlik də eləsinlər. Lap varsa da, bunun mənə nə dəxli? Rədd ol mənim evimdən. Taqsır məndədir ki, indiyədək sənin əməllərinə göz yummuşam". Şəmşirli tez milisionerlərə əmr edər ki, Lətif bəyi aparsınlar türməyə. Özü isə bir-iki nəfərlə ələk-vələk eləyər evi. Kişinin ata-babasından qalma xalçaları, qiymətli şeyləri də bir arabaya yığdırıb göndərər idarəsinə, guya onlar talan olmuş mallardır. Gülsüm xanım nə qədər o əclafa başa salar ki, bunlar bizim öz şeylərimizdir, inanmırsınız, bizim evdə olanlardan soruşun, Şəmşirli deyib, aydınlaşdırarıq. Həmin gün bu xəbər rayon əhlini vurdu bir-birinə. Raykom katibi işə qatışdı. Şəmşirli ona da qulaq asmadı. Bəhanə gətirib ki, məktubdakı faktları tamam yoxlamayınca Lətif bəyi buraxdıran deyiləm. Bu, mənim partiyanın, hökumətin qarşısında borcumdur.
Düz iki gün Şəmşirli Lətif bəyi türmədə saxladı. Üçüncu gün səhər xəbər yayıldı ki, guya Lətif bəy gecə türmədən qaçmaq istəyəndə milisioner Adışirin güllə ilə vurub onu. O səhər Şəmşirli Bakıdan teleqram alıbmış ki, Lətif bəyi azad etsin. Məktubda olan faktları isə komissiya gəlib yoxlayar.
Lətif bəyin ölümü bütün rayonu ayağa qaldırdı. Gecə milisioner Adışirinin evinə od vurdular. Özü arvad-uşağı ilə harasa yoxa çıxmışdı. O gün Şəmşirli rayonda görünsəydi, yəqin onu öldürərdilər. Ertəsi gün Bakıdan təcili komissiya gəldi. Məlum oldu ki, Lətif bəyə şər yaxıblar. Evindən aparılan şeylər qaytarıldı ailəsinə. Ara yerdə Lətif bəy getdi.
Hamı yaxşı bilirdi ki, bütün bunlar Şəmşirlinin işidir. Axı, bizim rayonda məmə yeyəndən pəpə deyənə hamı Lətif bəyi yaxşı tanıyırdı. Uşaqlardan soruşanda ki, böyüyəndə kim olacaqsan, deyirdilər, Lətif bəy. Adışirin də burda doğulub-böyüyüb. O, Lətif bəyə əl qaldırammazdı. Amma Adışirin nadürüst, komissiyaya danışıb ki, guya gecə keşikdə dayananda, görüb bir nəfər türmənin hasarından aşır. Qışqırıb ki, dayan, atacam. O dayanmayıb, Adışirin də atəş açıb. Yaxınlaşıb görüb Lətif bəydir.
Pünhan kişi çoxdan sönmüş qəlyanını sümürdü. Sonra külünü boşaldıb, yenidən doldurdu. Soyumuş çayından bir neçə qurtum içdi. Onun alnındakı qırışlar daha da artmışdı. Gözləri yaşarmışdı. Boğazını arıtdayıb:
- Bala, -
dedi - daha gecə yarıdı. Qalanını sabah
danışaram.
Kamandar
uşaq sadəlövhlüyü ilə dilləndi:
-
Pünhan dayı, yorulmamısansa, söhbətinə davam elə.
Mənim indidən belə gözümə yuxu
getməz.
Pünhan
kişi köks ötürdü:
- Eh, nə
deyirəm. Hə, Lətif bəyi
basdırmağa bütün rayon əhli
çıxmışdı. Onun cənazəsini
evindən qəbiristana qədər camaat çiynində
apardı. Qəbrinin üstünə o qədər
gül qoymuşdular ki...
Lətif bəy rəhmətə gedəndə oğlu Fərdilin on üç-on dörd yaşı olardı. Atasını qəbrə qoyanda qışqırmışdı ki, dədəmin qanını yerdə qoymayacam! Gülsüm xanımla böyük qızı Sənəm nə qədər çalışmışdılar ki, uşağı sakitləşdirsinlər, bacarmamışdılar. O gündən Şəmşirli də rayona çıxanda o yan-bu yana boylanardı.
Bu hadisədən üç il sonra Fərdili əsgərliyə çağırdılar. Gülsüm xanım voyenkomata gedib deyər ki, axı, uşağın hələ yaşı çatmır. Hardansa Şəmşirli peyda olub, voyenkomun əvəzinə cavab verər ki, niyə, kasıbların uşağı əsgər gedə bilər, bəy oğluna gələndə yaşı çatmır? Gülsüm xanım kor-peşman qayıdar evə. Nə isə, uşağı əsgər aparandan heç bir il keçməmişdi, Fin müharibəsi başladı, sonra da İkinci Dünya müharibəsi.
Bala, bu ağır illərdə Şəmşirli daha da vəhşiləşmişdi. Hamı aclıq çəkəndə onun həyətindən kabab iyi gəlirdi. Danışırdılar ki, camaatın cəbhə üçün topladığı pulun, qızılın bir hissəsini bu alçaq özünə götürür. Neçə-neçə ac-yalavac əsgər arvadını o, yoldan çıxarmışdı. Bir bəla idi, düşmüşdü bizim rayona. Dinməyə də bir adamın cəsarəti çatmırdı.
Belə keçdi neçə illər. Qırx dördüncü il idi. Raykomun katibi aktivin iclasını çağırıbmış. O, təzə gəlmişdi rayonumuza. Ayağa durub deyər: "Burda Muxtarbəyov Fərdil Lətif oğlunun qohumlarından, ya da tanışlarından var?" Heç kimdən səs çıxmaz. Raykom katibi təəccüblənər: "Gör ha, bu rayondan bir nəfər Sovet İttifaqı qəhrəmanı çıxıb, onu da tanıyan yoxdur". Onda hamı cürətlənib: "Tanıyırıq, Lətif bəyin oğludur. Anası da Gülsüm xanım, məktəbin müdiri..."
Raykom katibi tez adam göndərib Gülsüm xanımı çağırtdırar. Təbrik edib deyər: "Gözləyirik, bu yaxınlarda qəhrəmanımız rayona gələcək". Gülsüm xanım danışmaq istəyər, bacarmaz. Hıçqırıb ağlayar. Zaldakıların alqış səsindən az qalıb pəncərələrin şüşələri çiliklənə.
Heç bir ay keçmədi, rayonda bir dəstgah keçirildi, gəl görəsən. Neçə il idi, camaat belə şadyanaqlıq etməmişdi. Mərkəzi parkda böyük mitinq oldu. Həmin gün evdə oturan yox idi. Kəndlərdən də çox adam gəlmişdi. Bu, təkcə qəhrəmanımız Fərdilə görə deyildi. Bu, həm də Lətif bəyin əziz xatirinə görəydi. Fərdilimiz də, elə bil, atasıydı dururdu. Baxışları, enli kürəyi, şux qaməti eyniydi. Fərdilin rayonda olduğu bir həftə ərzində Şəmşirli itmişdi harasa. Ondan sonra da küçədə az görünərdi. Əvvəlki mənəm-mənəmliyindən bir şey qalmamışdı.
Axırı, müharibə də qurtardı. O, çox adamları gözüyaşlı qoymuşdu. Bizdə tək-tük ev vardı ki, qara xəbər almasın. Hələ də itkin düşənlər tapılmayıb.
Bir gün eşitdik ki, Bakıdan Şəmşirlinin dalınca gəliblər. Elə kabinetində tapançasını alıb basıblar "emadin"ə. O gedən getdi. Sonralar xəbər tutduq ki, rayondan Mərkəzi Komitəyə çox yazıblar onun əməllərindən. Sübutlarla, dəlillərlə. Bir tərəfdən də Adışirin orden-medallarla qayıdar müharibədən. Gedib lazımi yerlərə çıxıb, söyləyər ki, o vaxt növbətçiydim idarədə, Bakıdan teleqram gətirdilər Lətif bəyin buraxılması haqqında. Zəng eləyib Şəmşirliyə xəbər verdim, Tez gəldi. Kameranı açıb Lətif bəyə dedi: "Hələlik azadsan". Kişi türmənin həyətindən çıxar-çıxmaz cəld mənim tapançamı qoburundan çıxardıb arxadan vurdu onu. Mən, elə bil, yuxu görürdüm. Əlim-ayağım qurumuşdu. Şəmşirli üstümə qışqırdı: "Nə durmusan key kimi. Bax, Adışirin, indi hamıya deməlisən ki, Lətif bəy türmədən qaçanda atdım onu. Onsuz da güllə sənin tapançanındır. Yoxsa bas-dıracam səni dama. Türmədə də eşitsələr ki, sən Lətif bəyi öldür-müsən, ordan salamat çıxmayacaqsan. İndi özün bil". Mən də qorxumdan onun dediklərini yazdım raportda.
Şəmşirliyə
on beş il verdilər. Gərək
güllələyəydilər kafiri.
Bir
neçə il sonra Fərdil Bakıda evləndi.
Toyuna rayondan da çox adam
çağırmışdı. Yaxşı ev
vermişdilər ona. Hərbi akademiyanı
qurtarmışdı. Vəzifəsi də
böyükdü. Amma çox
yaşamadı yazıq uşaq. Kabinetində
ürəyi partlamışdı. Onun çəkdiklərinə
ürək dözərdimi! Bakıda Fəxri
xiyabanda basdırmaq istəyirdilər. Amma
seyfindən vəsiyyətnaməsini tapırlar. Yazıbmış ki, məni rayonda, atamın
ayağı altında basdırın.
Ölümünü hiss edibmiş uşaq.
Onu rayonda çox təntənəli basdırdılar. Qəbrə
qoyanda əsgərlər havaya atəş açdılar.
Adam əlindən iynə atsaydın, yerə
duşməzdi. Fərdil atası kimi cavan
getdi dünyadan. Amma ad qoyub getdi Lətif bəy
kimi. Bir oğlu qalıb, hərdən gəlib-gedir.
Gülsüm xanımın beli qırılmışdı. Adam arvadın üzünə baxa bilmirdi. Başı yaşına görə çox tez ağarmışdı.
Hə, bala, illər ötüşdü. Mir Cəfərin məhkəməsindən nə qədər keçmişdi, Şəmşirli təzədən peyda oldu rayonumuzda. O zaman şəxsiyyətə pərəstiş dövründə tutulanlar buraxılırdı həbsdən. Doğrudan da, nahaq gedənlər çox olmuşdu. Amma bu iblisin "reabilitirovannı" kimi, özü də partbileti cibində qayıtmasına hamımız mat-məəttəl qalmışdıq. O vicdansıza da deyən gərəkdi ki, ay filan olmuş, səhvən taqsırsızların siyahısına düşmüsən, barı qayıtma bura. Çıx get başqa yerə. Yox, o, camaata göstərmək istəyirdi ki, mən hələ dururam. Düzdür, onu sistemə qaytarmadılar, qoydular bazarkom. Əvvəllər tanıyanlar açıq-aşkar Şəmşirliyə pis üz göstərirdilər. Amma o gələndən sonra ayrı-ayrı adamlar haqqında anonimlər yazılmağa başlayanda çoxlarının dalağı sancdı. İndi yenə Şəmşirlidən ehtiyat edirdilər. Onunla üzbəüz gəlməməyə çalışırdılar. Rastlaşanda da ədəb-ərkanla ondan hal-əhval tuturdular. Dünyanın işinə bax, bazarda semiçka satandan da pul alan bu nadürüst hər yerdə sözünü "mən bir köhnə bolşevik kimi" deyə başlayardı. Aktivin bir iclası olmazdı ki, Şəmşirli tri-bunaya çıxmasın. Nəhayət, axır zamanlar rayona komissiyaların dalbadal gəlməsindən, anonimlərin çoxundakı faktların düz çıxmamasından, camaatın işindən-gücündən avara qalmasından bezikən raykom katibi göstəriş vermişdi ki, təcili anonimşik tapılmalıdır. Tapdılar da. Özü də dəlillərlə. Əslində, onu axtarmaq lazım deyildi. Onsuz da hamı bunu yaxşı bilirdi. Raykomun bürosuna çağırmışdılar Şəmşirlini. Deyəsən, bu dəfə canını qurtara bilməyəcəkdi. Vurdu özünü xəstəliyə.
Eşitmişdi ki, bir tərəfdən də halal mallarını bazarda satanlar şikayət yazıb, nə qədər onlardan pul qopardığını bildiriblər. Allah üzünə baxdı, xəstəliyi düz çıxdı. Gecəyarı bağrı çatlamışdı. Yəqin yuxusuna Lətif bəy giribmiş. Hayıf, Gülsüm xanım bu günü görmədi. Biçarə qadın neçə il əvvəl rəhmətə gedib. Onu necə hörmətlə götürdülər yerdən. Xalq heç zaman yaxşılığı unutmur. Qızı Sənəm Lətif bəyin adı qoyulmuş xəstəxanada həkimdir. Özü də atasına layiq. Hə, bala, belə işlər. Dedim sənə, söhbətim uzun çəkəcək.
Kamandar hələ də eşitdiklərinin təsiri altında idi.
- Pünhan dayı, nə yaxşı ki, yolumu bu gün sizdən saldım. Yoxsa bu söhbətdən məhrum olacaqdım.
Pünhan kişi gülümsədi.
- Xətrinə dəyməsin, siz o Bakıda eşidən kimi ki, filan dağın kəlləsində bir çoban söz verib, yüz qoyundan yüz on beş quzu alacaq, o saat cumursunuz onun yanına. Haqqında yazıb doldurursunuz qəzetləri. Şəklini də verirsiniz nə boyda. Daha bir maraqlanmırsınız ki, görəsən, bu çoban nə təhər eləyir ki, yüz on beş quzunu da təhvil verir. Ay bala, qoyun zakaznan-zadnan ekiz doğur? Onda qoyun-quzu hər yeri basardı ki. Bəs bilmirsiniz, çoban çatışmayan quzuları öz sürüsünün hesabına düzəldir. Sözümün canı var. Fırıldaqla şöhrət axtaranlar barədə yazmaqdansa, Lətif bəy kimi xalqımıza xidmət etmiş kişiləri tapıb, üzə çıxardın.
- Düz
sözə nə demək olar, Pünhan dayı.
-
Yaxşı, gecə yarı olub. Durun, heç
olmasa, gözümüzün acısını alaq.
Səhər Kamandar yeməkdən sonra Çərkəzlə
qəbiristana getdi. Yolüstü məktəbin yanından
keçdilər. Yaxınlaşdılar.
Girəcəkdə mərmər lövhə
vurulmuşdu. Kamandar onun üzərindəki
yazıları oxudu: "Azərb. SSR Əməkdar
müəllimi Gülsüm xanım Muxtarbəyova 1920-ci ildən
1968-ci ilədək bu məktəbin müdiri olmuşdur".
Sonra onlar qəbiristana tərəf addımladılar. Qəbiristanın kənarında bir boş qəbir gördülər. Çərkəz başı ilə işarə etdi.
- Dədəm demiş, o gorbagorunkudur.
Boş qəbrin yanında ayaq saxladılar.
Kamandarın əti urpəşdi. Çərkəzin qoluna
girib, kənara çəkdi. Qəbristanın ortasında hələ
uzaqdan dəmir şəbəkəli bir sahə
göründü. Ətrafına sərv ağacları,
onların arasında isə həmişəyaşıl kollar
əkilmişdi. Yaxınlaşıb qapını
açdılar. İçəri keçdilər. Burada
üç qəbir vardı. Başda Lətif bəylə
Gülsüm xanımın, Lətif bəyin qəbrinin
aşağı tərəfində isə Fərdilin. Kamandar
özündən asılı olmayaraq onların
qarşısında baş əydi.
Elxan ƏZİZOV
Əməkdar
müəllim, professor
525-ci qəzet.- 2022.- 15 iyun.- S.22-23.