Samuray mənəvi ruhu yaşayır
(Əvvəli
ötən çərşənbə sayımızda)
Tarixin çox vaxt işə
saldığı amansız ironiya yenə də öz
işini gördü, syoqunat dövründə böyük hərbi
və siyasi çəkiyə malik olan və ölkəyə
nisbi sakitlik gətirən bir sinif bu vaxt siyasət aləmi
üçün buxov hesab edilməklə, onun
sındırılması zərurəti yarandı.
Samuraylar onları sıxan mühitlə üzləşdilər,
onlar müxtəlif vasitələrlə
aşağılanırdı, bir vaxtlar özləri
üçün təhqirin nə olduğunu bilməyənlər
indi isə ən ağır qaydada istehza obyektinə
çevrilmişdilər. Samuray qiyamı ilə
hakimiyyətə bərpa edilən imperator təkcə
samurayın şərəf rəmzi hesab etdiyi, onunla vəhdətdə
olduğu qılıncdan onu məhrum etməklə kifayətlənməyib,
öz hakimiyyət qılıncının da itiliyini ilk
növbədə bu sinfin və onun ağalarının
başına vurmaqla sınadı.
Lakin imperator, əslində isə onu idarə edən
liderlər ölkəni siyasi və iqtisadi gerilikdən
çıxarmaq, xilas etmək üçün modernləşməyə,
Qərbin mütərəqqi hesab edilən idarəetmə və
sənayenin təşəkkül tapması üsullarından
geniş istifadə etməyə başladı. Bu miqyasda
keçmişlə sürətli vidalaşma dünyada
heç bir xalqın taleyində həm əvvəllər, həm
də sonralar baş verməmişdi və həm də
bütün inqilablara xas olan kütləvi qan tökülməsinə
yol vermədən və buna ehtiyac duymadan getmişdi. İqtisadi inkişaf böyük sürət
götürdü. Yaponiya həm də
qısa müddətdə qüdrətli hərbi dövlətə
çevrildi.
Meydzi Bərpası dövrü kimi tanınan ölkə
ilk onillikdə sürətli transformasiyaya uğradı,
bütün sahələrdə modernləşmə iri
addımlarla irəliləyirdi. İngilislər "stride"
sözü ilə "iri addım" ifadəsini leksikona
daxil etmişdilər, bundan həm də bir feil əlavə
etməklə "böyük uğur qazanmaq" kimi idioma,
obrazlı ifadə yaranmışdı. Lakonik neologizm kimi bu, tərcümədə
başqa dillərə də daxil olmuşdu. SSRİ rəhbəri Leonid Brejnyev Bakıdakı
çıxışında yüksək sürətlə
inkişaf edən respublikanı bu təşbihdən istifadə
edərək, "Şiroko şaqaet Azerbaydjan!" - "Azərbaycan iri addımlarla irəliləyir!"
kəlamı ilə səciyyələndirmişdi. Bu sözlər bir müddət ölkəmizdə ən
işlək və populyar şüara çevrilmişdi.
Yaponiya barədə də bu ifadənin işlədilməsi
yalnız həqiqətin etirafı kimi səslənir.
Çünki ölkədə keçmişin və yeniliyin
tərəfdarları arasında başqa ölkələrdən
fərqli olaraq vətəndaş müharibəsi getmədi,
yeni iqtisadi formasiyaya keçid əsasən dinc şəraitdə
getdi, bunu isə az qala
daşlaşmış feodalizm üzərində böyük
qələbə saymaq olardı.
Yaponiya həqiqətən
də uzun sürən və möhkəm kök salmış
feodalizmdən sıçrayış edib, dövr
üçün müasir sayılan kapitalist dövlətinə
çevrildi. Onun siyasi həyatında
demokratik ünsürlər geniş yer aldı. Lakin az sonra Şərqə xas olan avtoritarizm, nəzərdə
tutulan dövlət siyasi sistemini dəyişdi və
aparıcı idarəetmə üslubuna çevrildi. Bu bəlalı metamorfozaya isə yalnız II
Dünya müharibəsindəki ağır məğlubiyyətdən
sonra son qoyuldu.
Yaponiyanın
yeni militarist epoxası
Lakin ən böyük bəla Yaponiyanın militarizm
yoluna düşməsi idi. Üç qonşu
ölkə - Çin, Rusiya və Koreya üzərində qələbə
çalması onun ambisiyalarını daha da
böyütdü. Qərbin hərtərəfli
faydalı təsiri ilə yanaşı, onun imperial təcrübəsi
də diqqətdən yayınmırdı və ondan da istifadə
vaxtilə izolyasiyada yaşamış Yaponiya üçün
acgözlülüklə izlənmə ilə müşayiət
olunmaqla, sonralar yeni ərazilər işğal etmək, daha
iri imperiyaya çevrilmək həvəsini xeyli gücləndirdi.
Bütün Asiyaya hökmran olmaq
illüziyası Yaponiya liderlərinin şüuruna hakim kəsildi.
Lakin militarizmi əsas vəzifə kimi irəli sürənlər,
ölkəni iqtisadı potensialına xas olan, xüsusən
onun təbii sərvətlərdən məhrum olması kimi
qüsurlarını da yaddan çıxarırdılar. Hərbi
güc və siyasət isə tarix boyu iqtisadi gücə əsaslanmışdır,
burada illüziyadan təhlükəli şey yoxdur. ABŞ kimi iri iqtisadi potensiala malik olan bir ölkəyə
zərbə vurmaq məqsədini güdmək
ağılsızlıq olmaqla, militarizm virusunun qorxulu nəticəsi
idi. Lakin Yaponiya 1941-ci ilin 7 dekabrında
Birləşmiş Ştatların Havay adalarındakı
Pyorl-Harbor hərbi bazasına hava hücum edib, iri itkilərə
məruz qoymaqla, onu darmadağın etdi. Bunu
onlar Amerikanın Yaponiyaya qarşı tətbiq etdiyi ticarət
məhdudiyyətləri, xüsusən neft
satışının dayandırılması ilə izah
edirdilər.
Pyorl-Harbor taktiki qələbəsi Yaponiyanın militarist
rəhbərliyinə narkotik kimi bihuşedici təsir göstərdi,
onu məğrurluq kimi adətən pis nəticə verən
bir qüsura yiyələndirdi. Qonşu xalqların ərazilərinin
işğalı da bu xəstəliyin şiddətini
artırmışdı. Lakin ABŞ-la hərbi
münaqişə ağılsız bir iş idi və az sonra fortuna Yaponiyadan üz döndərdi.
Hitler ordularının 1940-cı ilin birinci yarısınin
sonunda bir sıra Avropa ölkələrini asanlıqla
işğal etməsi və 1941-ci ilin ikinci yarısında
SSRİ ərazisi ilə sürətlə irəliləməsi
yapon hökumətini çaşdırmışdı, o da
belə uğur qazanmaq istəyirdi və ilk dövrlərdə
hətta buna nail ola bilmişdi. Lakin Birləşmiş Ştatların böyük
iqtisadi qüdrəti və onun törəməsi olan hərbi
gücü ilə Yaponiya heç cür bacara bilməzdi.
Napoleon 1815-ci ilin martında Elbadakı sürgündən
qayıdanda hər yerdə onu xilaskar kimi
qarşılayırdılar, Parisə yaxınlaşanda kral
XVIII Lui artıq paytaxtdan qaçmışdı. Yazıçı
Onore de Balzakın Napoleonun bu uğuru barədə dediyi kimi,
şlyapanın bir yellənməsi ilə imperiya ələ
keçirilmişdi. Lakin nə Amerika kimi
iri dövlət Paris idi, nə heç yerdə yapon
işğalçılarını xilaskar kimi
qarşılamırdılar, nə də prezident Fdanklin Delano
Ruzvelt Burbon sülaləsindən olan kral deyildi. O,
İosif Stalinlə və Uinston Çörçillə
birlikdə II Dünya müharibəsi ərzində yüksək
liderlik istedadı nümayiş etdirmiş, Hitler nasizminin və
yapon militarizminin məhv edilməsində mühüm rol
oynamışdı.
Nəhəng hücumun səhv addım olduğunu həmin
ölkənin bəzi hərbi xadimləri də
anlayırdılar. Onlar başa düşürdülər
ki, arı pətəyinə çöp uzatmaq heç də
yaxşı nəticə vermir. Məşhur
admiral, Yaponiya Birləşmiş donanmasının baş
komandanı İsoroku Yamamoto, baxmayaraq ki, o, Pyorl-Harbor əməliyyatının
baş arxitektoru idi, demişdi ki, "Mən qorxuram ki, bizim elədiklərimizin
hamısı dəhşətli qərar olmaqla, yatmış nəhəngi
oyadacaqdır". O, Birləşmiş Ştatlara
yaxşı bələd idi, Harvard universitetində təhsil
almışdı. Müharibənin
gedişini də proqnozlaşdıranda olduqca düzgün
fikir söyləmişdi: - "Birləşmiş
Ştatlarla və Böyük Britaniya ilə müharibənin
12 ayının ilk 6 ayında biz gur hərəkət edib, qələbə
arxasınca qələbə qazanacağıq". Başqa sözlə, 6 aydan sonra təşəbbüs
əks tərəfin sərəncamına keçəcəkdir.
Həqiqətən də, 1942-ci ilin iyununda gedən
Miduey atollu uğrundakı döyüşdə dəniz və
hava vuruşu Yaponiyanın ağır məğlubiyyəti ilə
nəticələndi.
Yaponlar Miduey atollunun iki adasını tutmaq istəyirdilər
ki, Sakit okeanda hücum əməliyyatları aparmaq
üçün onlardan istifadə etsinlər. 1942-ci il
may ayının sonunda ora 8 təyyarə daşıyan və
83 hərbi gəmilərdən ibarət iri donanma göndərmiş,
desant həyata keçirməyə 5 min hərbçi cəlb
etmişdi. Əvvəlcə vəziyyət
Yaponiyanın xeyrinə idi, hava döyüşündə
amerikanların 123 təyyarəsi məhv edilmişdi.
Amerikanlar isə həmin zonaya 25 gəmi, o cümlədən,
3 təyyarə daşıyan gəmi göndərmişdi. Yaponlar bunu
gözləmirdi və həm də qalib gələcəklərinə
tam əmin idilər. Yapon təyyarələri
hava döyüşündən geri qayıtdıqdan sonra yenidən
uçmağa hazır deyildilər. Bu
vaxt, 4 iyun 1942-ci ildə amerikan aviasiyası yapon hədəflərini
bombardman etməyə başladı. Yaponların 4 təyyarə daşıyan
gəmisi məhv edildi. Böyük ümid bəslənilən
bu əməliyyata komandanlıq edən admiral Tamon
Yamaquçi hücuma məruz qalan flaqman gəmisində həlak
oldu. 1943-cü ilin 18 aprelində isə həyatdan
getmək növbəsi Yamamatonun özünə
çatdı. Amerikanlar Yaponiyanın hərbi-dəniz
aviasiyasını inkişaf etdirib, yüksək səviyyəyə
çatdıran bu istedadlı hərbi-dənizçilik
komandanını daha böyük təhlükə hesab etdiklərindən, o, Solomon
adalarında cəbhə mövqelərini yoxlamağa gedəndə,
Sakit okeandakı Buqenvilli adasının üzərində
uçarkən təyyarəsini
ABŞ qırıcı təyyarəsi vurdu və admiral həlak
oldu.
Hərbi-dəniz donanmasında malik
olduğu və xüsusi əhəmiyyət kəsb edən təyyarə
daşıyan gəmilərdən yarısının məhv
edilməsi Sakit okean hərb teatrı səhnəsində
vuruşan Yaponiya üçün ağır zərbə
idi. Sonrakı illərdə
ABŞ-ın üstünlüyü mütləq olmaqla,
Yaponiyanın tam məğlub olmasını
yaxınlaşdırırdı. Gələcək
fövqəl dövlət olacaq Birləşmiş Ştatlar
öz bazasının timsalında təcavüzə məruz
qalsa da, Yaponiyaya döyüş səhnəsində göstərdi
ki, onunla zarafat etmək baha başa gəlir, ya onunla
düzgün oynamalısan, yaxud da heç oynamamalısan.
Yapon militarizmi öz acı təcrübəsindən
ibrət götürməklə yalnız səfehliyini
göstərdi, müharibəni başlamamışdan əvvəl,
ən azı onun nəticələri barədə də
yaxşı fikirləşməli idi.
İkinci
Dünya müharbəsi həm də yapon militarizminin iç
üzünü, bütün eybəcərliklərini
açıb göstərdi. İşğal
edilmiş ərazilərdəki xalqlara, əhaliyə
qarşı əsl irqçilik siyasəti həyata
keçirilirdi və onları xatırlatmamaq, on minlərlə
insana qarşı dəhşətli qəddarlıqlar barədə
də susmaq olmaz. ABŞ-da yaşayan yaponların nəzarət altında
saxlanması - intern edilməsi yolverilməz haqsızlıq,
insan haqlarının pozulması kimi kəskin tənqid edilir. Böyük Şərqi Asiyanın
yaradılmasını elan edən Tokio isə işğal
edilmiş ərazilərdə insanlığa zidd olan siyasət
aparır, hər cür qəddarlığa əl
atırdı. Vəhşiliklər içərisində
yalnız ikicə cəhətə diqqət yetirilsə,
Yaponiyanın militarist rəhbərliyi tam ifşa oluna bilər.
Bunlar "təskinlik qadınları"
adlanan, onlar buna "ianfu" deyirdilər, seks
qullarının geniş tətbiq edilməsi və dinc əhalinin
və hərbi əsirlərin ağır katorqa əməyinə
cəlb edilməsi idi.
Minlərlə qadınlar yapon silahlı qüvvələrində
olanlara seks qulları xidməti göstərməyə məcbur
edilirdi. Onlar əsasən Çin və Koreya
qadınları, həmçinin, digər işğal
edilmiş ərazilərdən olanlar idi. Yapon
qadınları da hərbi fahişəxanaların ilk
qurbanları olmuşdular. Bu biyabırçı siyasət
7 il ərzində, 1938-1945-ci illərdə
həyata keçirilmişdi. Həmin növ
fahişəliyə cəlb edilənlərin ümumi sayı
360 min nəfər idi. Ən böyük
sayda olan Çin qrupu 200 min nəfərdən ibarət idi.
Koreyadan isə bu məqsəd üçün
100 min nəfər qadın və qız
yığılmışdı, onlardan 3/4-ü elə
müharibə vaxtı ölmüşdü. Əsgərlər qadınları və
qızları zorlamaqdan da çəkinmirdilər. 1944-1945-ci illərdə isə Yaponiya rəhbərliyi
öz cinayətlərini ört-basdır etmək
üçün qadınları özlərini intihar etməyə
məcbur edir və ya öldürülürdülər.
İkinci bir dəhşətli mənzərə müharibə ərzində yaponların işğal edilmiş ərazilərdə dəmir yolu xətti çəkməsi ilə əlaqədar idi. İndoneziyadakı dəmir yolu tikintisində şaxta fəhlələri ilə birlikdə 20 mindən 60 minə qədər insan həyatının itkisi baş verdiyi güman edilir. Tay-Birma dəmir yolu isə inşasındakı dəhşətlərə görə daha çox Ölüm Yolu kimi məşhur idi. Bu yol 415 km. uzunluğunda olmaqla, Tailandın paytaxtı Banqkoku Birma paytaxtı Ranqun ilə birləşdiridi. Müharibə dövründə tikilən bu yol yapon qoşunlarını təchiz etmək üçün istifadə olunurdu. Yolun tikintisində katorqa əməyindən istfadə olunurdu. Ağır iş və yaşayış şəraitində 100 min asiyalı katorqaçı və 60 min hərbi əsir bu yolu tikirdi. Tikinti vaxtı aclıqdan, xəstəliklərdən və qəddarcasına münasibətdən təqribən 90 min Asiya katorqaçısı və 16 min hərbi əsir ölmüşdü. Hərbi əsirlər içərisində britaniyalılar çoxluq təşkil edirdi. Buna görə də sonralar Tay-Birma dəmir yolunun tikintisi hərbi cinayət elan edilmişdi.
Lakin britaniyalılar da vaxtilə başqa xalqlara qarşı belə qəddarlıq göstərmişdilər. 1899-1902-ci illərdə Böyük Britaniya Cənubi Afrikadakı Bur respublikaları ilə müharibə apararkən tarixdə ilk dəfə ölüm düşərgələri yaratmışdı və bu düşərgələrdə 24 min bur ölmüşdü. Burada Britaniya məqsədinə çatmaqla, Cənubi Afrikadakı iki respublikanı müstəmləkəsinə çevirmişdi. Hitler də milyonlarla yəhudinin və slavyanın məhvinə səbəb olan ölüm düşərgələri şəbəkəsini yaradarkən ingilislərin bədnam təcrübəsindən istifadə etmişdi. SSRİ-də də QULAQ adlanan düşərgələr sistemi çox sayda insanın məhvinə səbəb olmuşdu. Yaponlar ölüm düşərgələrinə ehtiyac duymamışdılar, onu katorqa əməyinin tətbiqi ilə əvəz etmişdilər.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 15 iyun.- S.21.