Azərbaycanda Bayatlar  

 

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev "Azərbaycanda və İraqda Bayatlar" adlı əsər yazıb. Oxucu və tədqiqatçıların marağına səbəb olacağını nəzərə alaraq əsərin "Azərbaycanda Bayatlar" bölümünü təqdim edirik.

 

Bayat boyunu, Bayat qəbilələrini, Bayat əşirətlərini, köylərini incələməyin tariximiz üçün faydalı olacağını düşünərək Güney və Quzey Azərbaycanda və İraqda yaşayan Bayatlar haqqında tədqiqat aparmaq qərarına gəldim. Əsərdə öz tədqiqatlarımızla yanaşı, Faruq Sümer, Şakir Sabir, Suphi Saatçı və Şəmsəddin Küzəçinin də araşdırmalarına yer verilmişdir. Lakin adıkeçən tədqiqatçıların yalnız Bayat boyunun tədqiqi ilə məşğul olduğunu deməliyəm. Onlar dahi şəxsiyyət Dədə Qorqud və möhtəşəm abidə "Kitabi-Dədə Qorqud"dan bəhs etməmişlər. Hazırladığımız kitabın İraqda da çap olunacağı planlaşdırıldığından əsərin "Quzey Azərbaycanda Bayatlar" bölümündə ölkəmizdə bəzisi elm aləminə yetərincə məlum olan, İraqda yaşayan soydaşlarımız üçün tamamilə yeni olan Dədə Qorqud, "Kitabi-Dədə Qorqud", Bayat köyləri, Bayat qalası, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi, Dədə Qorqud ensiklopediyası, Bakıda Dədə Qorqud abidəsi və Dədə Qorqud parkı və s. ilə bağlı məsələləri burada açıqlamağı münasib bildik.

 

 

 

Hər şeydən əvvəl Bayatlar haqqında.

 

Bayatlar qüdrətli türkdilli Oğuz tayfalarından biridir. Digər Oğuz tayfaları kimi Bayatlar Azərbaycanda, İranda, Türkmənistanda, Anadoluda, İraqda və Suriyada yayılmışdılar.

 

XIX əsrdə Azərbaycanın görkəmli topoqraf alimi İbrahim Ağa Vəkilov ölkəmizdə Bayat adlı beş kənd (köy) olduğunu göstərmişdir. Onlardan biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə Şamaxı qəzalarında olub.

 

"Azərbaycanda məskun yerlərin siyahısı" kitabında isə "Bayat" adlı aşağıdakı kəndlərin olduğu və onların əhalisinin milli tərkibi göstərilmişdir.

 

1. Ağcabədidə Bayat kənd sovetliyi, əhalisi 97.9 faiz türklər (azərbaycanlılardır).

 

2. Şabran (keçmiş Dəvəçi) rayonu üzrə iki Bayat kəndi: Sincan Bayat, Uzun Bayat kəndləri. 27150 təsərrüfatı, əhailisi 99.2 faiz türkdür.

 

3. Göyçay: Bayat kəndi, 146 təsərrüfatı, əhalisi 98.9 faiz türkdür.

 

4. Şamaxı: Bayat kəndi, əhalisi 88 faiz türkdür.

 

"Kitabi-Dədə Qorqud"un "Bəkil oğlu İmranın boyu"nda Bərdə və Gəncədən söhbət gedir: "Oğuzdan köç eylədi, Bərdəyə, Gəncəyə gedib vətən tutdu".

 

Türk alimi Faruk Sümer də göstərir ki, XVI əsrdə Bayatlar Gəncə və Bərdə çevrələrində də çoxluqla yaşamaqda idilər.

 

Bayatlar Dərbənd və ətraf kəndlərdə də yaşayırlar. Şah İsmayıl 1509-cu ildə Dərbəndi tutandan sonra İraqda məskunlaşan Bayatlardan bir hissəsini Dərbəndə köçürüb.

 

Bayatlar Ucar və Ağsu rayonlarının ərazisində də yaşayırdılar. Hazırda Azərbaycanda yaşayan Bayatlar yerli əhali ilə qaynayıb-qarışmışlar.

 

Ağcabədidəki Bayat kəndi 4 (dörd) kiçik kəndin birləşməsindən ibarətdir. Buna görə də Bayat kənd sovetliyi adlanır. Əhalisi 8 (səkkiz) mindən artıqdır. Kəndin birində "Süleyman uşağı" adlı məhəllə vardır. Məhəllənin adının Füzulinin atası ilə əlaqədar olduğunu deyirlər. Maraqlıdır, əslən Ağcabədidən olan tanınmış yazıçı və seçilən ictimai xadim, millət vəkili Aqil Abbas 1988-ci ildə 35 yaşı olanda Ağcabədinin Bayat kəndində "Füzuli adına kitabxana" yaradıb. Kitabxana indi də fəaliyyət göstərir.

 

Azərbaycanda Bayat boyundan ilk yazarlardan biri Salman Mümtaz olub. Tədqiqatçı yazırdı: "Divani lüğət-it türk", "Dədə Qorqud", "Oğuznamə", "Şəcərei-Tərakimə" və başqa bəzi ərəbi, farsi, türki mənbə və məxəzlər Bayat boyunun, Bayat elinin mövhum olmayaraq gerçək və həqiqət olduğunu isbat etməkdədir. Bu ad haqqında bu günə kimi heç bir ixtilaf törəməmişdir. Bəzi müəlliflərin yazdığına görə, Bayat Oğuz xanın oğlu Gün xanın ikinci oğludur. Ağıllı, fərasətli, bay, varlı olduğu üçün onu "Bayat" adlandırmışlar.

 

Bayata nisbət olan ulusa, elə, xalqa "Bayat" deyirlər. Bayatlar Azərbaycanda əsaslı kök salmış və olduqca qabiliyyətli bir uruq, boy kimi tanınmışdır.

 

Azərbaycanlıların etnogenezisində mühüm rol oynayan bayatların adı musiqimizdə də qorunub saxlanmışdır: "Bayatı" muğamı, "Bayatı-Şiraz", "Bayatı-kürd", "Bayatı-Qacar", "Bayatı-İsfahan", "Bayatı-Əcəm", "Çoban Bayatı".

 

 

 

"Kitabi-Dədə Qorqud"da bayatıların olmasını ilk olaraq Türkiyədə Fuad Köprülü, Azərbaycanda isə Kamran Əliyev tədqiq etmişdir. Kamran Əliyev "Dədə Qorqud" monoqrafiyasında (Bakı, "Elm və təhsil", 2019, 120 səh.) "Bayatı düşüncəsi" adlı bölümdə yazır ki, eposun müqəddiməsində gizlənən və çoxlarına bədii əsər faktı kimi görünən və xalq ədəbiyyatı ünsürləri kimi qavranılan aşağıdakı nümunəni şeir misraları kimi düzsək görərik ki, bu poetik nümunə qafiyələnən dörd misralı şeirdir:

 

 

 

Birisi soldıran soydır,

 

Birisi toldıran toydır.

 

Birisi evin tayağıdır,

 

Birisi necə söylərsən bayağıdır.

 

 

 

Alim "Dədə Qorqud" eposunda bayatı düşüncəsinin mövcudluğunu başqa bir nümunədə sübut edir:

 

 

 

Sağda oturan sağ bəylər!

 

Sol qolda oturan sol bəylər!

 

Eşikdəki inaqlar!

 

Dibdə oturan xas bəylər!

 

 

 

Bayatılar əsrdən-əsrə keçərək günümüzdə heyrətamiz poetik gücü və zənginliyi ilə seçilən, lirik növün ən geniş yayılan, Bayatların adını daşıyan kamil şeir forması halına gəlmişdir.

 

Hər misrası yeddi hecadan ibarət olanlara bayatı və ya mani deyilir. Birinci misrası 3, 4, 5 hecadan ibarət olan və cinas yaradanlara cinas bayatlar və ya xoyrat deyilir.

 

Bayatı və ya maniyə misal:

 

Dağlar duman oldu, gəl,

 

Halım yaman oldu, gəl.

 

Aylara vədə verdin

 

İllər tamam oldu, gəl.

 

 

 

Xoyratlara misal:

 

 

 

Qanad ağlar;

 

Ox tutrər, qanad ağlar.

 

Ovum yaralı getdi,

 

Boyandı qana dağlar.

 

 

 

Durdu qəm;

 

Açdı yaram, durdu qəm.

 

Mən miskin olduğumçün

 

Üstümə qudurdu qəm.

 

 

 

Bayatılar və xoyratlar anonim və yazarı bəlli olmaqla iki yerə bölünür. Əvvəlcə hər hansı bir təbli adam, ozan və ya aşıq tərəfindən qoşulan, sonralar cilalanan, kamilləşən, xalqın sözünə çevrilənlər anonim bayatı və xoyratlar sırasına daxil edilir.

 

Anonim bayatıya və xoyrata misal:

 

 

 

Dərdə kərəm;

 

Dərdim çox, dərdə kərəm

 

Qoşmuşam qəm cütünü

 

Sürdükcə dərd əkərəm.

 

 

 

Yazarı bəlli olan xoyrat və bayatılara misallar:

 

 

 

Analar yanar ağlar, 

 

Günlərin sanar ağlar.                        

 

Dönər göy göyərçinə

 

Yollara qonar ağlar

 

(Sarı Aşıq)

 

Yaşar könlüm;

 

Çırpınar yaşar könlüm.

 

Bağdadda bir ah çəkər

 

Bakıda yaşar könlüm

 

 

 

(Ə.Bəndəroğlu, İraq-Türkman şairi)

 

 

 

Kərkükün baş qalası,

 

Divarı daş qalası.

 

Ölü ana yanında

 

Tökür qan-yaş balası.

 

(Rəsul Rza)

 

 

 

El sözü urvat imiş,

 

Qənd imiş, nabat imiş.

 

Bayatının bacısı

 

Kərkükdə xoyrat imiş.

 

(Hüseyn Kürdoğlu)

 

 

 

Tədqiqatçılar bu qənaətə gəlmişlər ki, əksər mahnıların əsasında bayatılar durur.

 

Əvvəllər bəzən fikirləşirdim, görəsən, İraq türkmanlarına, onların ədəbiyyatına, folkloruna, tarixinə ölkəmizdə bu coşqu, bu yanğı haradan qaynaqlanır? Sonralar dərk etdim ki, bu gen birliyi, kök-soy birliyi və dil birliyinin bəhrəsidir.

 

Ümummilli lider Heydər Əliyevin tarixi sözləri də deyilənlərə dayaq olur: "Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır".

 

 

 

BAYAT QALASI

 

 

 

Qarabağ xanlığının ilkin paytaxtı.

 

1747-1748-ci illərdə Pənahəli xan Cavanşir Kəbirli mahalında tikdirmişdi. Divarı bişmiş kərpicdən olub. Qala xəndəklə əhatə olunubmuş. Təhlükəsizliyi daha yaxşı təmin etmək üçün o dövrün bütün qalalarında olduğu kimi, şübhəsiz, burada da xəndək su ilə doldurulubmuş. XVIII əsrin 50-ci illərində Şəki xanı Hacı Çələbi bu qalaya hücum etmiş, lakin ala bilməmişdir.

 

Maraqlıdır ki, türk dünyasında iki Bayat qalası olmuşdur. Biri Qarabağda Pənahəli xanın tikdirdiyi qala, ikincisi isə İraqın İranla sərhəddindəki daha qədim qala. Təəssüf ki, hər iki Bayat qalası dağıdılmış, tarixə qovuşmuşdur.

 

 

 

"KİTABİ-DƏDƏ QORQUD"

 

 

 

"Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə Oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənəsi, Azərbaycan toponimləri əks olunmuşdur. Dastan dilimizin qədim incəliklərini, tarixi hadisələri, şəxsiyyətləri, mədəniyyətimizi öyrənməkdə əvəzsiz mənbədir. Məhz buna görədir ki, Bayat boyunun möhtəşəm abidəsi "Kitabi-Dədə Qorqud"un ən çox tədqiq olunduğu ölkələrdən biri, bəlkə də birincisi Quzey Azərbaycandır. Elm aləminə 1815-ci ildə məlum olmuş eposun ilk tədqiqatçısı alman şərqşünası Henrix Fridrix Dits Drezden Kral kitabxanasında üzə çıxardığı eposun əlyazmasının "Basatın Təpəgözü öldürdüyü boy"u almancaya çevirərək çap etdirmişdir. Ditsin üzə çıxardığı "Kitabi-Dədə Qorqud"un Drezden nüsxəsi 12 boydan, İtaliya şərqşünası Ettore Rossi tərəfindən Vatikan kitabxanasında üzə çıxardığı Vatikan əlyazma nüsxəsi 6 boydan ibarətdir.

 

 

 

Türkiyədə abidənin tədqiqi tarixi 1916-cı ildən başlayır.

 

Fuad Köprülüzadə bu ölməz abidə haqqında tarixi fikir söyləyib: "Bütün türk ədəbiyyatı tərəzinin bir gözünə, "Dədə Qorqud" digər gözünə qoyulsa, Dədə Qorqud ağır basar".

 

Türkiyədə "Kitabi-Dədə Qorqud"un ən yaxşı tədqiqatçıları Orxan Şaiq Gökyay və Məhərrəm Ergindir. Onlar bu möhtəşəm abidənin tədqiqinə ömür həsr etmişlər. Məhərrəm Ergin üç cilddən, Orxan Şaiq min səhifədən ibarət "Dədəm Qorqudun kitabı" adlı sanballı əsərlər ortaya qoymuşlar.

 

Azərbaycanda abidənin ilk tədqiqatçısı Əmin Abid (Əhmədov Əmin Mütəllim oğlu) İstanbul Universitetini bitirmiş, Nəfiyə adlı türk qızı ilə evlənərək 1926-cı ildə Bakıya qayıtmışdı. Əmin Abid həyatının çox hissəsini "Kitabi-Dədə Qorqud"un tədqiqinə həsr etmiş, silsilə məqalələri çap olunmuşdu. Təəssüf ki, bu gözəl tədqiqatçı pantürkist, millətçi damğası ilə damğalanmış və güllələnmişdi.

 

Azərbaycanda ilk dəfə 1939-cu ildə "Kitabi-Dədə Qorqud" Həmid Araslının tərtibi, redaktəsi və ön sözü ilə çap olunmuşdur.

 

Görkəmli Azərbaycan alimləri Həmid Araslı və Məmmədhüseyn Təhmasibin rus alimi, akademik Vasili Bartoldun "Kniqa moeqo Deda Korkuta" əsərini 1950-ci ildə Bakıda Elmlər Akademiyasının nəşriyyatında çap etdirmələri Sovet rejiminin sərt reaksiyasına səbəb olmuşdu.

 

Həmin ilin may ayında partiya yığıncağında eposun xalqa zidd bir əsər olduğu tezisi irəli sürüldü. Əslində, eposa qadağa damğası vuruldu.

 

"Kitabi-Dədə Qorqud"un kəskin basqılara məruz qaldığı bir zamanda dahi Səməd Vurğun çəkinmədən şair fəhmi ilə "Dədə Qorqud"un işıqlı gələcəyini görüb, "Gələcəyin toy-bayramı" şeirində onu tərənnüm etmişdir.

 

Dədə Qorqud dediyimiz

 

min bir yaşlı bir ozan da,

 

Qoca vaxtı öz sazını sinəsinə basacaqdır.

 

Bütün xalqlar və tayfalar

 

ona qulaq asacaqdır.

 

Ölkədə siyasi ab-hava ciddi şəkildə dəyişəndən sonra (N.Xruşşovun hakimiyyətə gəlməsi ilə) 1957-ci ilin mart ayında "Kommunist" qəzetində "Dədə Qorqud dastanları" adlı məqalə çıxdı. Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif və Məmmədhüseyn Təhmasibin yazdıqları böyük həcmli məqaləylə "Kitabi-Dədə Qorqud"un Azərbaycandakı yasağına son qoyuldu, abidə "bəraət" qazandı və elmi fikir dövriyyəsinə daxil edildi. Sanki milli elmi-əbədi düşüncədə bir Dədə Qorqud yanğısı varmış.

 

Ə.Dəmirçizadə "Kitabi-Dədə Qorqud"un dili" adlı çox qiymətli əsərini çap etdirdi (Bakı, 1959) və Azərbaycanda ilk olaraq abidənin Azərbaycan dilində yazıldığını göstərdi. Doğrudur, görkəmli dilçi alimimizə qədər də dünyanın bir çox görkəmli simaları, o cümlədən də, V.V.Bartold, A.Y.Yakubovski, Məhərrəm Ergin, M.F.Köprülüzadə, sonralar Həmid Araslı, Fərhad Zeynalov, Samət Əlizadə, Tofiq Hacıyev və başqaları "Kitabi-Dədə Qorqud"un azərbaycanca və Azərbaycanda yazıldığını qeyd etmişlər.

 

Azərbaycan şifahi xalq ədəbiyyatının yazıya köçürülən ən qədim abidəsi, folklorumuzun zirvəsi, mifdən əfsanəyə, əfsanədən dastana, eposdan real tarixi həyata keçidin bariz nümunəsi, ölməz sənət abidəsi "Kitabi-Dədə Qorqud" milli ədəbi düşüncənin ilkin mərhələsi kimi "Əhməd Harami", "Vərqa və Gülşa", "Qurbani", "Tahir və Zöhrə", "Abbas və Gülgəz", "Şah İsmayıl və Gülzar", "Koroğlu" və başqa məhəbbət və qəhrəmanlıq dastanlarına, eləcə də yazılı ədəbiyyatımıza təsir göstərmişdir.

 

"Kitabi-Dədə Qorqud" motivləri ədəbi-bədii enerji qaynağı kimi müasir Azərbaycan ədəbiyyatına yeni və rəngarəng mövzular və ovqat gətirmişdir. Təsir o qədər güclü olmuşdur ki, mövzular öz təcəssümünü həm epik, həm lirik, həm də dramatik növlərdə və janrlarda tapmışdır. Burada M.Rzaquluzadə, Anar, K.Abdulla, B.Vahabzadə, N.Xəzri, Səhənd, A.Abdullazadə, N.Kəsəmənli, Z.Yaqub, V.Aslan və başqa şairlərin Dədə Qorqud ruhunda poemaları vardır.

 

Göstərdiyimiz yazarların əsərlərini tədqiqat süzgəcindən keçirəndə bu qənaətə gəlmək olur ki, Azərbaycan ədəbiyyatında epik növün inkişafı hansı mərhələdən keçir-keçsin, daim "Kitabi-Dədə Qorqud"un potensiyası ilə qidalanmışdır.

 

Müasir Azərbaycan dramaturgiyasının inkişafında "Dədə Qorqud" ideyaları mühüm rol oynamışdır.

 

Ə.Dəmirçizadənin "Dədə Qorqud" librettosu, "Qaraca Çoban" pyesi, B.Vahabzadənin "Özümüzü kəsən qılınc", N.Xəzrinin "Torpağa sancılan qılınc" və "Burla Xatun" pyesləri, K.Abdullanın "Casus" və "Beyrəyin taleyi" pyesləri deyilənlərə dayaq olur.

 

Eposun orijinal poetik quruluşu və dilinin zənginliyi hər vaxt tədqiqatçıların diqqət mərkəzində olmuşdur. "Kitabi-Dədə Qorqud"un tədqiqi, nəşri və yayılmasında Həmid Araslının xidmətləri böyükdür.

 

Həmid Araslı Drezden nüsxəsi əsasında tərtib etdiyi "Kitabi-Dədə Qorqud" (Bakı, 1962) kitabını ön sözlə nəşr etdirdi. Əsər 1978-ci ildə müəyyən düzəlişlərlə yenidən çap olundu. "Kitabi-Dədə Qorqud"un mükəmməl çapına çox geniş ön sözlə görkəmli türkoloq alimlərimiz Fərhad Zeynalov və Samət Əlizadə nail olmuşlar (Bakı, 1988). Abidə ilə bağlı mükəmməl tədqiqatlar və tədqiqatçılar meydana gəldi. Anar, Kamil Vəli Nərimanoğlu, Şamil Cəmşidov, Kamal Abdulla, İsa Həbibbəyli, Tofiq Hacıyev, Azad Nəbiyev, Kamran Əliyev, Bəhlul Abdulla, Səfərəli Babayev, Tərlan Quliyev və başqaları.

 

Bizcə, "Kitabi-Dədə Qorqud"la bağlı aparılan tədqiqatlar arasında elmi-nəzəri cəhətdən ən mükəmməl əsərlərdən biri İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud" yazılı epos və ya epopeya" monoqrafiyasıdır. Alim bu əsəri ilə Azərbaycan qorqudşünaslığına yeni ab-hava gətirmişdir.

 

Monoqrafiyaya Ön söz yazan Xalq yazıçısı Anar xüsusi vurğulamışdır ki, İsa Həbibbəylinin araşdırması qorqudşünaslığın tamamilə yeni, çox mühüm mərhələsini təşkil edir.

 

Deyilənlərə onu da əlavə edək ki, rəhbərliyimlə "Kitabi-Dədə Qorqud"dan namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə edən Ülkər Nəbiyeva, doktorluq müdafiələrində rəsmi opponent olduğum Füzuli Bayat, Flora Əlimirzəyeva, Yeganə İsmayılova, Nəzakət Hüseynova, Əli Allahverdiyev, Anar Süleymanov və başqalarının Qorqudşünaslığın ölkəmizdə bir elm sahəsi kimi formalaşmasında xidmətlərini xüsusi qeyd etmək istərdim. Çünki "Kitabi-Dədə Qorqud" elə bir əzəli-əbədi abidədir ki, onun daha möhkəm, daha davamlı, daha möhtəşəm və həmişəyaşar olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da əməyi təqdirlə yad edilməlidir.

 

 

 

TARİXİ ŞƏXSİYYƏT DƏDƏ QORQUD

 

 

 

"Kitabi-Dədə Qorqud" eposunun, "Müqəddimə"sinin ilk cümləsində Dədə Qorqud tarixi şəxsiyyət kimi təqdim edilir: "Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyundan, Qorqud ata diyərlər, bir ər qopdı. Oğuzun ol kişi təmam bilicisiydi - nə diyərsə, olurdı. Qaibdən dürlü xəbər söylərdi. Həq təalanın könlinə ilham edərdi".

 

Tədqiqatçılar Dədə Qorqudu sadəcə bir hekayə qəhrəmanı kimi yox, çətin anlarda xalqa yol göstərən, gələcəkdən xəbər verən mütəfəkkir bir filosof kimi dəyərləndirirlər.

 

Məlumdur ki, bu müdrik insan üç hökmdarın vəziri olmuşdur. Qəhrəmanlara, yeni doğulan uşaqlara o, ad verərmiş.

 

Dədə Qorqud qeyri-adi şəxsiyyət imiş. O, "soy soylayır", "boy boylayır"mış, yəni şeir qoşur, dastan söyləyir, yaxud tərənnüm və təsvir edirmiş.

 

Dədə Qorqud barədə Fəzlullah Rəşidəddin Həmədaninin "Oğuznamə" əsərində az da olsa məlumat vardır.

 

"Qorqud Bayat boyundan Qara Xocanın oğlu olub çox ağıllı, bilikli  kəramət sahibi olan bir insan idi".

 

 

 

Dədə Qorqud haqqında ətraflı məlumatı Əbülqazi Bahadır xanın "Şəcərei-Tərakimə" kitabından da almaq olur. Bahadır xan yazır:

 

"Yavı xanın vəziri isə Qayı xalqından Qorqut Ata idi. Peyğəmbərimizin anasının kiçik qardaşı Abbasın törəmələri Bağdad şəhərində 500 (beş yüz) il padşahlıq etdilər. Qorqud onların vaxtında yaşayırdı. Nə vaxt ki, Qayı uruğundan (boyundan) kimisə hökmranlığa yüksəldirdilər, Qayı və Bayat uruğu və başqa beş-altı azsaylı uruqlar ona birləşirdilər. Qayı elindən Qara Xocanın oğlu Qorqut Atanın başçılığı, Salur elindən Erkeş Xoca və Avaşban Xoca ilə bütün Oğuz eli yığışdı və Qayı xalqından (boyundan) İnal Yavını hökmranlığa yüksəltdilər. Onun vəziri Qorqut Ata oldu. Qorqut Ata nə desə idi, İnal Yavı onun sözündən kənara çıxmazdı.

 

İnal Yavı yeddi il padşahlıq etdi. Onun iki oğlu vardı: böyüyünü - Al, kiçiyini - Duylu Qayı çağırırdılar. İnal Yavı xan, əcəli yetərkən, öz yerinə Duylu Qayını qoydu.

 

Duylu qayı da Qorqud Atanın məsləhətlərinə əməl edirdi. Duylu Qayı çox illər padşahlıq etdi. Onun uşağı yox idi. O, öz aşını yeyib, öz yaşını yaşayıb vəfat etdi.

 

Duylu xanın Erki adlı yaxın qohumu vardı. O, Duylu Qayıya ehsan verdi. Elə bu vaxt xəbər gəldi ki, xanın oğlu olub. Qorqud Ata ona Duman adını verdi. Duman böyüyənə qədər Göl Erkini xan etdilər. Duman böyüdü və Qorqud Atanın məsləhəti ilə padşah oldu. Qorqud Ata ona da vəzirlik etdi. Qorqud üç hökmdarın yanında vəzir oldu və 295 il yaşadı.

 

Bütün bunlarla bərabər, onu da deyək ki, Oğuznamələrdə Dədə Qorqud haqqında ziddiyyətli fikirlər səslənir. Bir yandan o, X-XI əsrlərdə Oğuzların hökmranlığı vaxtı dövlət xadimi, diplomat kimi göstərilir. Digər tərəfdən göstərilir ki, Qayı İnalın padşahlığı dövründə Peyğəmbərimiz Həzrət Məhəmməd Mustafa Əleyhissəlam zühur etmiş, bu hökmdar da Bayat boyundan Dədə Qorqudu elçi olaraq onun qulluğuna göndərib müsəlman olmuşdu.

 

Bir yandan müdrik insan Dədə Qorqud real həyatda üç hökmdarın vəziri olur. Başqa bir yandan Kiçik Asiyada o, müqəddəsləşdirilmiş, övliya səviyyəsinə qaldırılmış və əfsanəvi bir adama çevrilmişdir. O, həddən artıq idealizə edilib və nəticədə reallıqdan uzaqlaşdırılıb. Dədə Qorqudun 295 il yaşaması ehtimalı, sözündə xariqüladə qüvvə olması, sözün gücü ilə Dəli Qarcarın qolunu qurutması kimi Oğuznamələrdə açıq-aşkar ziddiyyət təşkil edən məsələlərə cavabı Xalq yazıçısı Anarın "Türk dünyasının nadir söz abidəsi" adlı mükəmməl tədqiqatını oxuyandan sonra tapdım. Məlum oldu ki, "bir çox hallarda ümumi oğuz anlayışı "Kitabi-Dədə Qorqud"da haqlarında bəhs edilən oğuzlarla tam eyniyyət təşkil etmir.

 

Məsələ burasındadır ki, "Oğuz Kağan dastanı" istisna olmaqla, Fəzlullah Rəşidəddinin "Oğuznamə"si, Əbülqazi Bahadır xanın "Şəcəreyi-Tərakimə"si daxil, Türkiyədə, Azərbaycanda, Orta Asiyada, xüsusən də Türkmənistanda yaradılan Oğuznamələrə islami elementlər əlavə olunmuş bir-birindən fərqlənən islami Oğuznamələrdir.

 

Bizə Azərbaycanda müəllifi bəlli olan iki Oğuznamə məlumdur. Onlardan biri əslən Oğuz boyundan olan Təbrizli Həsən Mahmud oğlu Bayatinin 1481-ci ildə farsca yazdığı "Cami-Cəm ayin" Oğuznaməsi, ikincisi isə Bakının Buzovna qəsəbəsindən olan Məşədi Azərin "Oğuznamə" poemasıdır.

 

Həsən Bayatinin "Cami-Cəm ayin" əsəri Oğuznamələrin klassik nümunəsi olub başqa  Oğuznamələrdən orijinallığı ilə seçilir və qiymətli məlumatlarla zəngindir.

 

Həsən Bayatinin əsərində Dədə Qorqudla bağlı digər mənbələrdə olmayan məlumat deyilənlərə dayaq olur. Müəllif Dədə Qorqudun atası Qara xandan bəhs edərkən göstərir ki, o, çox mömin olduğu üçün xanlığı dövründə Dədə Qorqudu Mədinəyə göndərmişdir. O, həmçinin, Dədə Qorqudun Mədinədə Məhəmməd Peyğəmbərlə görüşdüyü və Oğuzlar arasında islam dinini yaymaq üçün Səlman Farisi ilə birlikdə geri qayıtdığı haqqında məlumat verir.

 

Dədə Qorqud tarixi şəxsiyyət kimi qəbul olunduğundan onun harada dəfn olunduğu, məzarının harada olduğu tədqiqatçıları həmişə düşündürmüşdür. Adam Oleari, Övliya Çələbi, V.V.Bartold onun məzarının Dərbənddə, başqa tədqiqatçılar Sır-Dərya sahillərində, Vanda, Bayburtda və s. axtarmışlar. Azərbaycanlı alimlər Q.Namazov və Z.Xasıyevin qənaətinə görə, Tovuz rayonunun Ağdam kəndindəki Ulu Dədə anlamında olan, ziyarətgaha çevrilən Aldədə məqbərəsi Dədə Qorquda aid abidələrdən biridir.

 

Tovuz rayonu ərazisində Qazangöl gölü, Qazangöl düzü, Dondarlı, Aşağı Quşçu, Qazqulu, hazırda Şəmkir rayon inzibati ərazi bölgüsünə daxil edilən, Tovuz rayonu ərazisinə bitişik Düyərli (kənd) və s. kimi toponimlərin olması da alimlərimizin bu qənaətə gəlməsinə yardımçı olmuşdur.

 

 

 

"KİTABİ-DƏDƏ QORQUD"UN 1300 İLLİYİ

 

 

 

"Kitabi-Dədə Qorqud"un Müqəddiməsinin birinci cümləsi belədir: "Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyundan, Qorqud ata diyərlər, bir ər qopdı". Nəzərə alsaq ki, Məhəmməd peyğəmbər 570-ci ildə anadan olub, 632-ci ildə dünyasını dəyişib, çəkinmədən "Kitabi-Dədə Qorqud"un VII əsrdən əvvəl yarandığını deyə bilərik. Odur ki, abidənin 1300 illiyini qəbul etmək heç bir ixtilafa səbəb olmadı.

 

Prezident Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud" dastanının Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq onun 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədilə fərman imzaladı. Fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, "Kitabi-Dədə Qorqud" dastanının ən azı 1300 il yaşı olduğunu dünyaya nümayiş etdirdik. Ulu öndərimiz xüsusi vurğulamışdır: "Bu fərmanla biz bildirdik ki, "Kitabi-Dədə Qorqud" bütün türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir". Fərmana əsasən yaradılmış Dövlət Komissiyası yubileyin yüksək səviyyədə keçirilməsi üçün geniş tədbirlər planı hazırladı. Fərman verilən gündən keçən müddət ərzində bir çox işlər həyata keçirilmiş, sanballı kitablar çap olunmuşdur.

 

Beynəlxalq "Kitabi-Dədə Qorqud"  konfransının açılış mərasimində (2000-ci il) Heydər Əliyev "Milli varlığımızın mötəbər qaynağı" adlı məruzə ilə çıxış etdi. Görkəmli dövlət xadimi xüsusi vurğuladı: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı o qədər çox sevəcəkdir. Dünya Qorqudşünaslığı "Kitabi-Dədə Qorqud"un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. "Kitabi-Dədə Qorqud"un Azərbaycan  tarixi üçün ən böyük xidməti bundan ibarətdir".

 

"Kitabi-Dədə Qorqud" həm də bizim etika kitabımız, əxalq kodeksmizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət - bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər onunla birlikdə gedir".

 

Heydər Əliyevin imzaladığı 20 aprel 1997-ci il tarixli Fərmanı, özünün qeyd etdiyi kimi, bir çox gələcək illər, onillər üçün böyük perspektiv açmışdır. Bu tədbirlər, nəşrlər içərisində ən önəmlisi "Dədə Qorqud" ensiklopediyasıdır.

 

Yeri gəlmişkən, Ümummilli liderimiz "Kitabi-Dədə Qorqud"un tədqiqi və təbliğində Anarın əməyini yüksək qiymətləndirmiş, abidənin 1300 illik yubileyinin keçirilməsi və "Kitabi-Dədə Qorqud" ensiklopediyasının yaranma ideyasının Anara məxsus olduğunu xüsusi vurğulamışdır.

 

Onu da əlavə edək ki, Anarın ssenarisi əsasında iki seriyalı rəngli bədii film çəkilmişdir. "Kitabi-Dədə Qorqud" adlanan filmdə abidənin bəşəri idealları, fəlsəfi dərinliyi və s. qorunub saxlanmışdır.

 

 

 

"KİTABİ-DƏDƏ QORQUD" ENSİKLOPEDİYASI

 

 

 

İlk təcrübə olan bu ensiklopediya böyük alimlər qrupunun elm aləminə töhfəsidir. "Kitabi-Dədə Qorqud" ensiklopediyası iki cilddən ibarətdir. Birinci cildə (Bakı, "Yeni Nəşrlər Evi", 2000, 624 səh.) abidənin daha qədim və mükəmməl sayılan Drezden nüsxəsi əsasında latın qrafikası ilə hazırlanmış mətni daxil edilmişdir. Mövcud mətnə izahlı lüğət yazılmışdır. Bu cilddə, həmçinin, əlyazmanın Drezden və Vatikan nüsxələrinin faksimilesi verilmişdir. Cilddə dastanın lüğət tərkibi, semantik xüsusiyyətləri, orfoqrafiya sistemi haqqında məqalələrin verilməsi mətnin daha yaxşı başa düşülməsinə kömək edir. Drezden və Vatikan nüsxələrinin müqayisəsindən əldə edilən nəticə və ümumiləşdirmələr dastan haqqında daha dolğun təsəvvür yaradır. Abidənin nəşri tarixində ilk dəfə olaraq həmin nüsxələr orijinalın bütün xüsusiyyətlərini saxlamışdır.

 

İkinci cild (Bakı, "Yeni Nəşrlər evi", 2000, 568 səh.) ensiklopedik səciyyəli məqalə və məlumatları əhatə edir. Burada yer alan bir sıra məqalələr elmi-tədqiqat xarakteri daşıyır və qorqudşünaslıq tarixində ilk dəfə çap olunur. Sözlükdə tarixi, fəlsəfi, etik, estetik dəyərlərin açılması, dastanlardakı çoxsaylı obrazların etimoloji baxımdan öyrənilməsi, toponimlərin müəyyənləşdirilib şərh edilməsi və s. məsələlər də diqqətdən yayınmamışdır.

 

İkinci cilddə, həmçinin, "Kitabi-Dədə Qorqud"un tədqiqi ilə məşğul olan alimlər, onların dastanla bağlı araşdırmaları haqda məlumat verilmişdir.

 

Bu cilddə, eləcə də abidənin boylarının motivləri əsasında yazılmış dram, nəsr, musiqi əsərləri və onların müəllifləri haqqında məqalələr daxil edilmişdir. Təqdim edilən ensiklopediya eposun 1300 illik yubileyinin keçirildiyi mərhələyə qədər görülmüş işləri, aparılmış elmi tədqiqatları əhatə edir.

 

Ensiklopediyanın bu nəşri qorqudşünaslıqda yeni mərhələnin təməlini qoydu.

 

 

 

DƏDƏ QORQUD PARKI VƏ ABİDƏSİ

 

 

 

Ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmana əsasən paytaxtın ən səfalı yerində Dədə Qorqud Parkının salınması və Parkda Dədə Qorqud abidəsinin ucaldılması qərara alınmışdı.

 

Parkın və abidənin açılışı 13 dekabr 2013-cü il tarixdə baş tutdu. Açılışa dəvət olunanlar arasında olmaq mənə də qismət  oldu.

 

Prezident İlham Əliyev yığcam və mənalı çıxışında dedi: "Bu gün çox əlamətdar bir gündür. Biz Bakıda Dədə Qorqud abidəsinin açılışına toplaşmışıq. Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür..."

 

Sonra söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verildi. Anar xüsusi vurğuladı: "Dədə Qorqudun adı da Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Dədə Qorqud tədbirlərinin dünya səviyyəsində keçirilməsi məhz Ulu öndərin xidmətidir. Heydər Əliyevin sayəsində dünyada heç bir yerdə keçirilməyəcək səviyyədə Dədə Qorqud yubileyi keçirildi. Dədə Qorqud ensiklopediyası çap olundu. Dədə Qorqudun abidəsi haqqında qərarlar qəbul olundu. Mən çox şadam ki, Heydər Əliyevin başqa arzuları kimi, bu arzularını da onun oğlu hörmətli Prezidentimiz bu gün həyata keçirir.

 

"Dədə Oorqud" Azərbaycan xalqının müqəddəs kitabıdır. Qayğınıza görə təşəkkür edirəm".

 

Sonra söz Bakı Slavyan Universitetinin rektoru, professoru Kamal Abdullaya verildi. Akademik Kamal Abdulla "Kitabi-Dədə Qorqud"un tədqiqi tarixindən söz saldı və qeyd etdi ki, alman alimi Fridrix fon Dits 1815-ci ildə "Basatın Təpəgözü öldürdüyü boy"u çap etdirmiş və bununla da Qorqudşünaslığın əsasını qoymuşdur. Akademik təklif etdi ki, 2015-ci ildə Qorqudşünaslığın elm aləminə məlum olduğunun 200 illiyini ölkə miqyasında keçirilməsinə dair qərar qəbul edilsin. Təklif məmnunluqla qəbul olundu.

 

Sonda söz heykəltaraş Görüş Babayevə verildi. O, abidə üzərində işləyərəkən göstərilən qayğıya görə Prezidentə təşəkkür etdi.

 

Dədə Qorqud Parkı Bakının mərkəzində altı hektar ərazidə salınmışdır. Parkın sahəsinin iki hektarını süni göl və şəlalə təşkil edir. Uşaqlar və böyüklər qayıqlarda göldə üzürlər.

 

İlin bütün fəsillərində Dədə Qorqud parkı izdihamlı olur. Parkda uşaqlar, gənclər və böyüklərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Göy çəməndə ağacların kölgəsində xalça salıb ailəlikcə çay və yemək süfrəsi açıb istirahət edənlərə baxanda adamın ürəyi açılır.

 

Çəkinmədən deyə bilərik ki, Dədə Qorqud parkı paytaxtımızın ən arzuolunan seyrangahlarından birinə çevrilmişdir.

 

 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

 

525-ci qəzet.- 2022.- 15 iyun.- S.18-19-20.