Ağdamlı şeirlər
AĞDAMLA SÖHBƏT
"Qarabağsız,
Ağdamsız
Azərbaycan yaşaya bilməz!"
Heydər Əliyev
Səni
bu günə salanın
Budaqları
qara açsın
Yarpaqları
çürüsün!
Hələ
belə qəddarlığı
Görməyib
bu Yer üzü...
Hanı
mavi küçələrin,
Ay-ulduzlu
gecələrin...
Dost
qapılar, pəncərələr...
Ağ səhərlər,
nur gecələr...
Ağdam!
O murdarlar
caynağında
Hayına gələn oldumu?
Gözünü silən oldumu?
Hər ev, döngə səngər idi...
Döyüşsüz
ölən oldumu?..
Ağdam!
Səni
Didik-didik
eylədilər
Səsin qalxdı buludlara.
Şaqqalandı
ev-eşiyin
Yerin -
zindan, göyün - qara...
Qəzəbindən
havalandı
Şahbulağın
ağ daşları...
Səbrə,
dözümə çağırdı
Bacıları,
qardaşları...
Zəfər
bizim! Əvvəl-axır
Axı,
göydən Allah baxır...
Qara
günlər ötüb keçdi,
Bəxtimizin
yönü bəri!
Yer
üzündən rədd olacaq
Bu boz
şeytan sürüləri!
Ağdam!
Əziz adın haqqı,
O müqəddəs
andın haqqı
Məhlə-məhlə,
ocaq-ocaq
Yeni
Ağdam qurulacaq!
Yeni
dünya, yeni həyat!
Yeni
uçuş, yeni qanad!
Ağdam!
Ağdam!
Səndən
ayrı yoxdur Vətən!
Bir balan -
mən!
Öpdüm
sənin güllə dəymiş əllərindən!
NUBAR XALA
Ağdamın
düz ortasında
Qonşumuzda Nubar xala.
Bir evliyə
dönmüşdük biz
lap
az qala...
Bir qızı, dörd oğlu vardı.
Əri də
ki, Teymur adlı bəxtəvərdi...
Peşəsi
də sürücüydü,
yollardaydı...
Çox
mehriban qonşulardı,
təmiz,
aydın...
Gülərüz
Nubar xalanın
Bir
sarı inəyi vardı
oğlu
Rey də baş bulvarda
Gecəyarı
O inəyi
otarardı...
Mən
Bakıdan gələn kimi
Nubar xala
deyərdi ki,
xoş gəlmisən,
Ay
maşallah, böyümüsən,
yekəlmisən
O da Zəhra
anam kimi
sevinərdi.
Kiş-kiş
deyib
Qovalardı
qəmi, dərdi...
Çəpərbaşı
biz tərəfə ötürərdi
Südü,
yağı.
Çox
tamlıydı
Ərişdəsi,
qayqanağı...
...Onda
gözəl Nubar xala
yaşayardı bu dünyada
İndi hərdən
düşər yada...
Bal
dilində nə bir qiybət,
nə
bir giley...
İndi hərdən
səsi gəlir
qulağıma:
- Ay Zəhra,
heyy!..
ONUN ADI BATUM İDİ
Onun
adı Batum idi,
Bu
ağdamlı balasına
Kim
qoymuşdu bu adı
Deyə
bilmərəm...
Bu
oğlan uşağına
Şəhər
adı vermişdilər
Niyə
bilmərəm...
Biz bir
yerdə getmişdik
Abbas bəyin
məktəbinə1
birinciyə...
Çitdən
əldə tikilmiş
çantamız
vardı.
Böyüklər
qolunmuzdan
yapışıb
aparardı...
Doyunca yemək
də yoxudu,
çox
çətindi...
Dəftər-kitab
da belə...
Oxu
görüm, necə
oxuyursan
indi...
Batumgil
çox kasıb idi,
Deyəsən
onun
Ata-anası da yox idi...
Səhv
etmirəmsə Batum
Beşəcən oxudu....
Sonralar
Mən bəxtimin
arxasınca
Bakıya
getdim
Batum Ağdamda qaldı.
Lap
kiçik yaşlarından
Qayğılar
onu uddu,
ehtiyac əsir
aldı.
Bir yay
günü
Dadaşoğlu
Eldarı
Kötəlçayda
boğulmaqdan
Bu Batum
xilas etdi...
Dedilər
Batum igiddi!
Sonrakı
illərdə
Çayxanada
çay payladı,
Dəxli
yoxdu qazancı
çox
oldu, az oldu.
Axır ki, aşpaz oldu.
Səs
salmışdı aləmə
Basdırması,
tikəsi...
Şahbulaq
məclisləri
Mat
qoymuşdu çox kəsi.
Qaydasında
Batumun
səliqəsi
hər işi,
Ondan
çox-çox razıydı
Baş
müdiri Qasım kişi...
Ta nə
deyim, ta nə yazım
Batum haqda...
indi hər
il yaz gələndə
Batumun o
kövrək ruhu
Kəkotuya,
yarpıza dönüb
Yamaclardan
boylanmaqda...
...Onun
adı Batum idi...
1.
Ağdam şəhər 1 nömrəli orta məktəbə
on doqquzuncu əsrin sonu, iyirminci əsrin əvvəllərində
"Abbas bəyin məktəbi" də deyərmişlər
- müəllif.
ÇƏRŞƏNBƏ
AXŞAMLARI
Göydən
işıq ələnər,
Düz-dünya cilvələnər.
Torpaq nura
bələnər
Çərşənbə
axşamları!
Sən bu
tonqallara bax,
Hər həyətdə bir ocaq.
Gəl-gəl
deyər bağça-bağ
Çərşənbə axşamları.
Hər
quş bir sazla gələr,
Yeni avazla
gələr,
Novruz da
nazla gələr...
Çərşənbə axşamları.
Ürəklər
şad döyünər
Oğlanlar
çox öyünər...
Qızlar
qəşəng geyinər
Çərşənbə axşamları.
Qalib
yurduma baxın!
Bəxti var bu torpağın.
Gözəldir
Qarabağın
Çərşənbə
axşamları!
AYBƏNİZİN XALÇALARI
Uzun illər
Ağdam xalça fabrikinə bacarıqla
başçılıq etmiş Aybəniz xanım Cəfərovanın
adına
Hər
ilməsi nur, işıqdır,
Hər naxışı yaraşıqdır.
Sevda dolu
bir aşiqdir
Aybənizin xalçaları.
Ayı, ulduzu qoşadır.
Bir
nağıldır, tapmacadır,
Çox xalçadan bax, ucadır.
Aybənizin xalçaları.
Evdə
başda
görərsiniz.
Yaşıl
yarpaq, laləbəniz,
Zərif,
qəşəng, solmaz, təmiz
Aybənizin xalçaları.
Andı,
istəyi düz olub,
Hara getsə
xoş üz olub
Gəlinlərə
cehiz olub
Aybənizin xalçaları.
Ömrün qışı, baharı var.
Keçib
gedər kədər, qübar
Könlümüzdə tutub qərar
Aybənizin xalçaları.
Şad xəbərdən xoş olmaqda,
Qanad açıb quş olmaqda,
Uçub bizə qoşulmaqda
Aybənizin
xalçaları...
Şüvəlan,
aprel-may
2022-ci il.
Ramiz Məmmədzadə
525-ci qəzet.- 2022.- 15 iyun.- S.17.