Baba Vəziroğlu ilə Oslo görüşləri

 

və ya uzaq sahillərdə Azərbaycan poeziyasi axşamı

 

28 May Müstəqillik Günü ilə əlaqədar Norveçdə Azərbaycan diasporu şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüşlər keçirib. Baba Vəziroğlu Norveçə Osloda fəaliyyət göstərən Azərbaycan Evi və N.Gəncəvi adına həftəsonu Azərbayan dili məktəbinin dəvəti və təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə səfər edib. Görüşlərdə şairin yeni işıq üzü görən "Qalanı xatirədir" adlı şeirlər kitabı təqdim olunub. Bu görüşlərin birinə İsveçdən qatılan fizika-riyaziyyat elmləri doktoru, Stokholm Universitetinin dosenti, həmçinin, filoloq olan soydaşımız Səadət Kəriminin təhlil xarakterli çıxışı həm şairin həm də konfrans iştirakçılarının böyük marağına səbəb olub. Həmin çıxışı oxuculara təqdim edirik.

 

- Dəyərli soydaşlarımız, xanımlar, cənablar və sevgili uşaqlar! Hamınızı xoş gördük! Sevimli şairimiz Baba Vəziroğlu, xoş gəlmisiniz! Mən sevimli şairimizlə görüşü təşkil edən Diasporla İş üzrə Dövlət Komitəsinə, Osloda fəaliyyət göstərən Azərbaycan Evi və N.Gəncəvi adına həftəsonu Azərbayan Dili məktəbinin İdarə Heyətinə dərin təşəkkürümü bildirirəm. Bu görüşlər qürbətdə yaşayan bizlər üçün çox önəmlidir. Özəlliklə bu tədbirdə iştirak edən uşaqların yaddaşına bu axşam əbədi həkk olacaqdır və onların tərbiyəsində dərin iz buraxmış olacaqdır. Vətənin mənasını insan qürbətdə olarkən daha çox dərk edirya bir başqa tərzdə dərk edir.

 

 

 

Əminəm, bu gün bizimlə ilk təəssüratlarını bölüşən, özünündediyi kimi, norveçlilərin səmimiyyətindən təsirlənən Baba Vəziroğluda da bu səfər və görüşlər yoğun duyğular və düşüncələr oyatmışdır və bu duyğular sonra vərəqlərə köçürüləcək, yeni əsərlər yaradılacaqdır.

 

Bu gün burada Baba Vəziroğlunun poeziyasını, yaradıcılığını müzakirə etməklə bizlər Azərbaycan ədəbiyyatı və mədəniyyətini bir daha yaşamış oluruq, yaşatmış oluruq və xaricdə doğulub-böyüyən yeni nəslə bir çox dəyərlərimizi aşılamış oluruq.

 

 

 

Baba Vəziroğlunu yeni işıq üzü görmüş "Qalanı xatirədir" kitabı münasibətilə təbrik edirəm və şairimizə yeni yaradıcılıq uğurları diləyirəm. Mən həm də xalqımızı təbrik edirəm, çünki hamımızın gördüyü kimi, bu kitabdakı şeirlər təkcə öz soydaşlarımızın deyil, həm də norveçlilərin marağına səbəb olmuşdur. Bununla da daha bir Azərbaycan ədəbiyyatı dünya mədəniyyətinin bir parçasına çevrilmişdir. Bu kitab Azərbaycan ədəbiyyatının tanınması yönündə uğurlu bir töhfə olmaqla yanaşı, onun təqdimatı da xalqlarımız arasında inteqrasiya yönündə olduqca müsbət, xoş təəssüratlarla dolu, unudulmaz bir etkinlik olmuşdur. Poeziya dilin yeniləndiyi və dəyişən reallığa uyğunlaşdığı sahədir - ən azından hələ də həyəcanlı həyat yaşayanlar üçün. Şeirlə məşğul olan insan təfəkkürünü, özünü ifadə etmə qabiliyyətini kəskinləşdirir və dünyanı daha yaxşı dərk edə bilir. Bir çox romançılar şair kimi başlayır və gizli şəkildə şeiri nəsrə çevirir.

 

Azərbaycanda poeziya həmişə yüksək qiymətləndirilmişdir: hələ də yaşayan şifahi ənənədən, 19-cu əsrdə müstəqillik axtarışına ilham verən poeziyadan tutmuş, 20-ci əsrdə bir sıra sevimli şairlərə, qafiyəçilərə, eləcə də modernistlərə qədər. Azərbaycanı vuran yeni poeziya dalğası isə gərgin, oyaq, əyləncəli və siyasidir. Şübhəsiz ki, Azərbaycan poeziyasının yeni dalğasından danışmaq olar. Bir neçə maraqlı və inadkar müəllif səsləri ortaya çıxmışdır. Onlardan biri də "Məndən birolmayacaq" deyən Baba Vəziroğludur!

 

 

 

 Mən Baba Vəziroğlunun poeziyasını erkən yaşlarımdan sevmişəm və izləmişəm. Hələ çox gənc yaşlarımda, Azərbaycan televiziyasında Baba Vəziroğlunun sözlərinə bəstələnmiş "Ovuc içi qədər xoşbəxtlik yetər" mahnısını ilk dəfə dinlədiyimdə çox sevmişdim. Öz-özümə tez-tez bu mahnını zümzümə edərdim. Amma ailə qurandan sonrayaşa dolduqca bu mahnının sözlərini öz içimdə yaşamağa və dərk etməyə başladım. Gerçək sevgi ilə yuva qurub birlikdəliyini qorumaq istəyənlər üçün gerçəkdən də səadət o sevginin özündədir və o insanlar "Qorxutmaz boranlar, şimşəklər məni" düşüncəsinə qapıla bilirlər. İnsana gerçəkdən ümidsevgi verəndən sonra, insanın ruhu tox olur və o insan özünü hər şeyə qadir hiss edir. Və illər keçdikcə insan öz həyat yoldaşının sevgisinə daha çox ehtiyac duyur, "bu könlüm sevgidən sədəqə istər" duyğusunu yaşamış olur. Amma hər şeyin ötəsindəki xoşbəxtlik öz sevdiklərinlə Ana torpaqda, Vətəndə yaşamaqdır, "Sevgi var, Vətən var, demək mən varam" hissini öz içində yaşayıb varlığını dərk etməkdir. Baba Vəziroğlu vətənə sevgini aşılayan şairdir. Bu məqam onun əsərlərinin hamısında hər hansı bir şəkildə əks olunur.  

 

Baba Vəziroğlu poeziyası həm də başqa xalqlar tərəfindən ona görə sevilir ki, bu poeziyada ümumbəşəri duyğular, fikirlər var. Bu şeirlərdə milliyyətindən asılı olmayaraq hər kəsə tanış gələn həyati təcrübə, faydalı fikirlər var. Baba Vəziroğlu sevinməyi bacarmayanlara, gözəlliyi görməyənlərə səslənir. O deyir ki:

 

Sevinək - qış ötdü, yaz gəldi yenə,

 

Bir qismət oldu bu bahar bizə.

 

Sevinək bu sevgi doğulan günə,

 

Bu boyda dünyada gəldik üz-üzə...

 

Yəni şair öz həyat fəlsəfəsini sadə dillə insanlara çatdırmağa, onların gözünü açmağa, onlara şükranlıq anlayışını aşılamağa çalışır. Ona görə Baba Vəziroğlu sevilən şairdir, onun şeirləri hər bir azərbaycanlının dilindədir. Onun şeirləri çoxlarının ruhunu oxşayır çünki onlarda bir səmimiyyət duyulur. Şair bəzəksiz yazır özünün insanlıq fəlsəfəsini çətin sözlərə baş vurmadan, rahat ifadə edir. O, hər birimizin vaxtsa keçirdiyi duyğuları fikirləri poeziyaya çevirmişdir. Baba Vəziroğlu şair kimi , insan kimi xəlqidir. Tarix boyu da xəlqi olan şəxslər sevilmişlər xalq onları yaşatmışdır.

 

Baba Vəziroğlu hər kəsə müsbət təsir göstərən gəncləri tərbiyə edən şairdir. O, sevgiyə, saf eşqə inanan inandıran şairdir. Bu isə hər keçən gün daha çox qloballaşan çağdaş dünyamızda maddi çıxarlarını şəxsi maraqlarını tərciyə edən böyükləri görərək xəyal qırıqlığı yaşayan, bununla da eşqə, sevgiyə, vəfaya sədaqətə inancını itirən gənclər üçün, bəlkə hər yaşdan olan oxucu üçün,  böyük əhəmiyyət daşışır. Şair deyir:

 

olsun, təbiət üç ay yaz olur,

 

olsun, qarşıdan qış gəlir yenə,

 

olsun, insanın ömrü az olur,

 

Sevinək sevginin ölməzliyinə!

 

Baba Vəziroğlunun sözlərinə ona görə çoxlu sayda mahnılar bəstələnmişdir ki, onlar elə ilk oxunuşda insanın içindən nəğmə kimi süzülür, dilə yatır. Dilimizin sadələyi gözəlliyi ilə, kültürümüzün saflığı ilə, insan fəlsəfəsinin ucalığı ilə. Sevgi təmiz olmalıdır, Azərbaycan Türkünün sevgisində vəfa sədaqət təntənəsi olmalıdır. Bizim xalq belə olub, biz sevgimiz üçün hər zülmə qatlanırıq, amma güvənsizliyi xəyanəti bağışlamırıq. Baba Vəzir oğlu "Gecdi daha" deyir öz poeziyasında.

 

Yadındamı o məhəbbət dəniz idi,

 

O duyğular hər duyğudan təmiz idi.

 

Soyuq yellər əsdi,

 

İllər yolu kəsdi,

 

Xatırladıq, bəsdi,

 

Gecdi daha...

 

Zənnimcə, bu sətirlər sadəcə bir müsəlmanın qısqanclığını, eqosunu ya namus qorxusunu ifadə etmir. "Gecdir" şeiri məhz məhəbbətin təmizliyini manifestə edən, onu ucuzlaşmağa qoymaq istəməyən bir insanın dünyasını əks etdirir. Çünki bir başqa şeirində şair sevgilinin məsum yanlışlıqlarına görə "Səni yenə bağışladım. Sevdim səni bircə kərə, dönə-dönə bağışladım" deyir.

 

Lakin Baba Vəziroğlu tək sevgi məhəbbəti tərənnüm etmir. Onun poeziyasında nəsrində sosial ədalətsizliyə həyata aid bir çox müxtəlif mövzulara toxunulur. Şair deyir:

 

Əzəldən beləcə qurulub həyat -

 

Hər vaxt baha satıb ucuz alandı.

 

Gəl vəfa umma sən fani dünyadan,

 

desə, inanma, vallah, yalandı,

 

Vallah, heç bu dünyanın işini bilmək olmur,

 

Bir doyunca ağlayıb doyunca gülmək olmur.

 

Baba Vəziroğlunun qoyduğu suallar hər birimizi düşündürən, hər bir insanın vaxtsa özünə verdiyi, bəlkə ömür boyu cavabını axtardığı suallardır:

 

Niyə payız gələndə güllər saralıb solur,

 

Niyə vüsal çox qısa, ayrılıq uzun olur?

 

Niyə sevən insanlar bir-birinə yad düşür,

 

İlk məhəbbət deyəndə ürəklərə od düşür?!

 

Niyə insan qocalır, ürəksə cavan qalır?

 

Ona görə də Baba Vəziroğlu poeziyası həm qadınların, həm kişilərin ürək sözlərini deyir. Yeniyetmələrdən tutmuş çox yaşlı insanlara qədər hər kəsin. Ona görə də müasir Azərbaycan ədəbiyyatını və incəsənətini onun poeziyası olmadan təsəvvür etmək çətindir. Bu poeziyanın özünəməxsus yeri var, hər toyda-məclisdə, ailə axşamlarında, tənhalığımızda, xəstə ziyarətində, müəllim-tələbə ünsiyyətində. Və artıq xaricdəki soydaş görüşlərində də!

 

525-ci qəzet.- 2022.- 15 iyun.- S.14.