Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələri genişlənir

 

İyunun 13-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Macarıstanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə macar musiqisinin klassiki, dünyaşöhrətli bəstəkar, virtouz pianoçu Ferens Listə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Musiqi Akademiyası ilə Ferens List Musiqi Akademiyası arasında anlaşma memorandumu imzalanıb.

 

Tədbir çərçivəsində, həmçinin, tanınmış heykəltaraş, Xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış F.Listin büstünün açılışı olub.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli iki ölkə arasında olan münasibətlərin inkişafı fonunda belə mədəni tədbirin keçirilməsini yüksək qiymətləndirib: "İmzalanan anlaşma memorandumu iki ölkə arasında mədəni əlaqələrin inkişafında önəmli bir addım olacaq bizim əlaqələrimizi daha da gücləndirəcək".

 

Belə bir tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi qeyd edib ki, bu cür mötəbər tədbirlər iki dost ölkənin münasibətlərinin daha da möhkəmlənməsinin qarantıdır.

 

Xalq rəssamı Natiq Əliyev tədbirin əhəmiyyətindən söhbət açaraq, Bakı Musiqi Akademiyasında bu büstün açılmasını ölkəmizin Avropaya inteqrasiya istiqamətində növbəti önəmli addım kimi dəyərləndirib. Bildirib ki, yaxın zamanlarda digər dünyaşöhrətli bəstəkarların da, həmçinin ölkəmizin tanınmış bəstəkar musiqiçilərinin BMA-da büstləri açılacaq.

 

Tədbir BMA-nın və Bülbül adına orta ixtisas musiqi məktəbi tələbələrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

 

525-ci qəzet.- 2022.- 15 iyun.- S.12.