Müasir Azərbaycan Heydər
Əliyevin arzuladığı Azərbaycandır
Hər tarixi gün dövlətçiliklə
bağlı olur. Ona görə
də tarixi gün deyəndə dövlətçilik günü
anlaşılır. Bu
baxımdan xalqımızın
tarixində tarixləşən
günlər çox
olub. O günləri
tarixi şəxsiyyətlər
tarixləşdirib. Belə tarixi
şəxsiyyətlər tarixin
axarını xalqın
sabahlarına istiqamətləndirir.
Bu, inkişaf deməkdir, bu, tərəqqi deməkdir.
Xalqımızın tarixində belə günlər çox olub. Belə günlərdə xalqın gələcək
müqəddəratını müəyyən edən mühüm başlanğıcların
əsası qoyulur.
Belə başlanğıclardan biri
1993-cü ilin 15 iyunudur.
Tarixə Milli Qurtuluş
Günü kimi yazılan gün. Niyə ona Milli Qurtuluş
Günü deyirik?
Ona görə ki, həmin gün Azərbaycan dövlətçiliyi
xilas edildi. Ona görə ki, Azərbaycanın sabahlarını tarixin burulğanına atmaq istəyənlərin niyyəti
baş tutmadı...
Milli Qurtuluş
Günü kimi tarixləşən 15 iyun
adi gün deyil. 15 iyun böyük
tarixi əhəmiyyətə
malik olan gündür. 15 iyun Azərbaycanın dövlətçilik tarixində
yaşadılacaq gündür.
Azərbaycanda hakimiyyət boşluğu
yaranmışdı. Bu, Azərbaycanın dövlətçiliyini
təhlükə qarşısında
qoymuşdu. Separatçılar dövləti parçalamağa
çalışırdı. Milli qarşıdurma yaranmışdı.
Cəmiyyətin bütün təbəqələri
əmin idi ki, yenicə müstəqillik qazanmış
ölkəni düşdüyü
ağır vəziyyətdən
çıxarmağa qadir
yeganə şəxsiyyət
Heydər Əliyevdir.
Bu, bütün xalqın yeganə qərarı idi, bu qərar xalqın
dövlətçilik andı
idi. Onda xalq ciddi təkidlə böyük
tarixi şəxsiyyət
Heydər Əliyevi hakimiyyətə dəvət
etdi. Bu, dövlətçiliyin xilası
baxımından yeganə
çıxış yolu
idi. Xalq müdrik rəhbəri
Azərbaycan dövlətçiliyini
xilas etməyə dəvət edirdi.
Dövlət idarəçiliyində yol
verilən nöqsanlar
digər sahələrə
də təsir göstərirdi. Ermənistan bu təsirdən
bəhrələnməklə, havadarlarının hərbi
köməyindən istifadə
etməklə Azərbaycanın
torpaqlarını işğal
edirdi. Belə bir vaxtda orduda da vəziyyət
son dərəcədə gərginləşmişdi.
Ordu düşmənin hücumlarının
qarşısını çətinliklə
alırdı.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər
Heydər Əliyev xalqın qurtuluşu missiyasını yerinə
yetirməyə başladı.
Bu, həm də
tarixi cəsarət idi.
Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə uzun illər davam edən gərginlik, milli qarşıdurma aradan qaldırıldı, dövlətçiliyimiz xilas edildi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ona görə də 15 iyun gününə Milli Qurtuluş Günü deyildi. Bu gün həmin adla yaşadılır, həmin adla yaşayacaq.
Sonralar Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Dünyanın böyük dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli müqavilələr imzalamağa maraq göstərdi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.
"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, ölkənin iqtisadi inkişafı təmin edildi, ordunun formalaşdırılması ardıcıllıqla davam etdirildi, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr nizami ordu kimi formalaşdırıldı. Bu ordu Horadiz əməliyytı kimi tarixləşən əməliyyatda qələbəni təmin etdi. Qazanılan qələbə ordunun döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi.
1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Ölkə daxilində yaranmış nisbi sabitlikdən, beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam, etimad maraq 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi ilə nəticələndi. Bu strategiyanın müəllifi böyük tarixi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyev idi. Bu müqavilə Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş təmin edildi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas edərək ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 iyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə Ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə tarixin siyasi, həm də iqtisadi möcüzəsi idi.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb. Bu, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir.
Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mahiyyətindədir.
Dünya siyasətçiləri də etiraf edir ki bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Vətən mqahribəsində Zəfər qazandıq. İki ildi Milli Qurtuluş Günü daha gözəl ovqatla qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiklərini xatırlayıram: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik".
Bəli, müasir Azərbaycan Ulu öndərin arzuladığı Azərbaycandır...
Səbinə XASAYEVA
Milli Məclisin deputatı
525-ci qəzet.- 2022.- 15 iyun.- S.7.