Şuşa Bəyannaməsinin 1 ili
MÜTTƏFİQLİK
SƏNƏDİ AZƏRBAYCAN - TÜRKİYƏ
MÜNASİBƏTLƏRİNDƏ CANLANMA YARADIB
Bu gün Azərbaycanla Türkiyə arasında azad Şuşada müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. 2021-ci il iyunun 15-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı bu sənədlə Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksələrək yeni bir mərhələyə qədəm qoydu.
Bəyannamədə 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Həmçinin, 1994-cü il fevralın 9-da imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"nin və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"un, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"nin rəhbər tutulduğu bildirilir. Sənəddə gələcək əməkdaşlığın bütün istiqamətləri, xüsusilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Qeyd olunub ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Şuşa Bəyannaməsinin imzalanmasından keçən bir il sənədin əhəmiyyətini bir daha ortaya qoydu.
Mövzunu "525"ə şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib ki, Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli bir sənəddir: "Biz bunu dəfələrlə qeyd etmişik. Söhbət yalnız sənədin Azərbaycan baxımından əhəmiyyətindən getmir, eyni zamanda Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətləri, ümumiyyətlə Cənubi Qafqazda sülhün və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi, revanşizm cəhdlərinin qarşısında böyük bir sədd olması baxımından çox vacibdir. Ötən bir ildə bu sənədin əhəmiyyəti bir neçə istiqamətdə dəyərləndirilə bilər. Həmin istiqamətlərdən biri kimi qeyd edilən Azərbaycan - Türkiyə münasibətlərinin daha da dərinləşməsi, müxtəlif sahələri əhatə etməsidir. Bildiyiniz kimi, Şuşa Bəyannaməsində bəzən daha çox hərbi xarakter, müttəfiqlik önə çıxarılır, amma bu, bütün istiqamətləri əhatə edən sənəddir. Bir növ 2010-cu ilin avqustunda imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin davamıdır. Onu daha da dərinləşdirən, daha da möhkəmləndirən bir sənəddir. Ona görə də Bəyannamənin imzalanmasından sonrakı mərhələyə baxsaq, həm qarşılıqlı səfərlər, həm bu səfərlər zamanı verilən mesajlar eyni zamanda müxtəlif istiqamətlər üzrə dövlət rəsmilərinin, qeyri-dövlət sektorunun atdığı addımlar, keçirilən görüşlər, əsası qoyulan, planlaşdırılan layihələr Şuşa Bəyannaməsindən ruh almış kimi görünür".
Ekspert xatırladıb ki, daha əvvəl də Azərbaycan - Türkiyə münasibətlərinin xarakteri zəngin idi, istiqamətləri çox idi, amma bu Bəyannamədən ötən bir il bizə göstərdi ki, adında müttəfiqlik olan sənədin imzalanması ikitərəfli münasibətlərdə necə bir canlanma yarada bilir:
"Əslində Azərbaycanla Türkiyə arasında 1991-ci ildən etibarən münasibətlərin yenidən canlanması prosesi gedib. Yəni tarixi əlaqələr, cümhuriyyət dövründəki əlaqələr hamısı dəyərlidir. Lakin 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra münasibətlərin dərinləşməsi istiqamətində çoxlu işlər görülüb. Münasibətlərə strateji xarakter qazandırmaq üçün çoxlu niyyətlər olub, təəssüf ki, bəzən dövrün reallıqları və ya dövlətlərin imkanları buna uyğun olmayıb və vurğuladığım kimi, biz ilk dəfə 2010-ci il avqustun 16-da strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Adında müttəfiqlik kəlməsi olan ilk sənəd isə ilk dəfə Şuşa Bəyannaməsi ilə reallaşmış oldu. Sənədin işğaldan azad edilmiş və simvolik məna daşıyan bir şəhərdə - Şuşada imzalanmasının özü bir dəyər idi. Onun həm hərbi, həm də digər istiqamətlər üzrə münasibətlərə dərinlik qazandıracaq xarakterdə olması çox önəmli idi. Bu, həmin dövrdə Azərbaycanın dostlarına da, rəqiblərinə də mesaj idi. Bəyannamə elə bir dövrdə imzalanmışdı ki, Cənubi Qafqazda revanşizm meylləri hökm sürürdü. Həm Ermənistanın özündə, həm kənardan Ermənistanı buna təhrik etmək istəyirdilər. Məqsəd də sülh quruculuğu prosesinə mane olmaq idi. Şuşa Bəyannaməsi bunların da qarşısında bir sədd oldu. Həmçinin, türk dünyasında inteqrasiya prosesini dərinləşdirən, türk dünyasındakı digər dövlətlərə inteqrasiya baxımından cəsarət verən bir sənəd oldu".
A.Aslanlı əlavə edib ki, sənədin hərbi müttəfiqlik hissəsi xüsusi önəm daşıyır. Çünki regionda, postsovet məkanında təəssüf ki, hələ də təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyünü qorumaq ən vacib istiqamət kimi qalır: "Bəyannamədə Qars müqaviləsinə də xüsusi vurğunun olması vacib məqamdır. Bu sənəd həm Azərbaycanın ərazi bütövlüyü, həm Türkiyə - Azərbaycan qardaşlığının hərbi istiqaməti, həm də regionda sülhə və əməkdaşlığa yönələ biləcək təhlükələrin qarşısının alınması baxımından Azərbaycan - Türkiyə hərbi müttəfiqliyinin daha konkret şəkildə ortaya qoyulmasıdır".
Bəyannamənin yaratdığı imkanlardan danışan ekspert deyib ki, ola bilsin Azərbaycan və Türkiyə birgə xüsusi əməliyyat qrupları yaratsın: "Bu, iki dövlətin sərhədlərində, qlobal əhəmiyyətli layihələrin reallaşdığı bölgələrdə, məsələn, neft-qaz istehsalı, yaxud boru kəmərlərinin keçdiyi ərazilərdə yerləşə bilər. Şuşada, Laçında, Kəlbəcərdə, ehtiyac yaranarsa, Türkiyənin sərhədyanı ərazilərində birgə sülhə nəzarət məntəqələri də yaradıla bilər. Bu cür yeni əməkdaşlıq formalarının ortaya çıxması mümkündür. Bundan əlavə, iki ölkə hərbi baza yarada, hərbi ittifaq haqqında sənəd imzalaya bilər. Düzdür, indi buna ehtiyac yoxdur. Hazırda iki dövlət daha çox sülhü, əməkdaşlığı, iqtisadi inkişafı və münaqişədən sonra quruculuğu ön plana çıxarmaq istəyir. Yəni regionun hərbləşdirilməsinə çox da tərəfdar deyillər. Diqqət etsəniz, Azərbaycan Prezidenti dəfələrlə münaqişədən sonrakı dövrdəki açıqlamalarında sülhü, quruculuğu inkişafı daha ön plana çıxarır. Amma hər hansı təhlükə olacağı təqdirdə, təbii ki, ölkəmiz lazımi addımları atacaq. Hazırda bilirsiniz ki, "3+3" formatında müzakirələr gedir. Amma hansısa güclər regionu yenidən gərginlik ocağına çevirmək istəsələr, indiki Azərbaycan - Türkiyə hərbi əməkdaşlıq formatının daha da dərinləşdirilməsi zərurəti yaransa, bəli, onda ola bilər ki, Şuşa Bəyannaməsinə əlavə olaraq eyni zamanda bir hərbi ittifaq müqaviləsi də imzalansın".
Ehtiyatda olan türkiyəli general Yücel Karauz isə hesab edir ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı ən yüksək səviyyəyə çatıb. Onun sözlərinə görə, bu, iki qardaş ölkənin münasibətlərinin tarixində yeni mərhələdir. Sənədlə müttəfiqlik təsbit olunub: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Teknofest"də dediyi kimi, "Ankaranın Bakıdan, Bakının Ankaradan heç bir fərqi yoxdur. Bu mənada, xüsusilə son bir ildə Azərbaycan Silahlı Qüvvələrinin türk ordu modelinə keçməsi əhəmiyyətlidir".
General əlavə edib ki, dünyada Türkiyə - Azərbaycan arasındakı əlaqələrə sahib olan başqa iki ölkə mövcud deyil. Şuşa Bəyannaməsi isə bu münasibətləri daha da möhkəmləndirdi: "Başqa sözlə, Türkiyənin nəyi varsa Azərbaycanın, Azərbaycanın nəyi varsa Türkiyənin nöqtəsinə gətirib. Bu Bəyannamə dosta güvən, düşmənlərə də çox önəmli bir mesaj oldu. Azərbaycanın Qarabağda qazandığı böyük zəfər Şuşa Bəyannaməsi ilə birləşincə bölgədə vəziyyət dəyişib. Artıq Qafqazda planı, siyasi hədəfi olan ölkələr Azərbaycan və Türkiyənin birliyini nəzərə almalıdırlar. Azərbaycanın zəfərindən sonra ortaya çıxan vəziyyətdə də bunu çox açıq şəkildə görmək mümkündür. Məlumdur ki, "3+3" platforması ilə bu bölgənin sülh, sabitlik bölgəsi olması hədəfləri ortaya qoyulub. Ancaq Rusiya-Ukrayna müharibəsi və digər fəaliyyətlər bu platformanın fəaliyyətini də ləngidir. Hazırda Qarabağ müharibəsi zamanı passiv mövqedə qalan Avropa İttifaqı Qafqazda sülh və sabitliyin bərqərar olması üçün təşəbbüs irəli sürüb və Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə Aİ rəhbərliyi görüşlər keçirib. Aİ, ABŞ və digər aparıcı güclərin münaqişədən sonra qalan məsələlərin həlli üçün sərgilədiyi mövqe təbii ki, zəfərdən sonra Azərbaycanın artan gücünün, nüfuzunun göstəricisidir. Azərbaycan bu zəfəri ilə bölgədə güc sahibi olduğunu nümayiş etdirdi. Digər tərəfdən də bu zəfərdə Türkiyə - Azərbaycan birliyi Türk Dövlətləri Təşkilatının fəaliyyətinə çox müsbət təsir edib. Nəticə olaraq, Türkiyə - Azərbaycan münasibətləri ümumilikdə türk dünyası ilə bağlı münasibətlərə müsbət təsir göstərir".
PƏRVANƏ
525-ci qəzet.- 2022.- 15 iyun.- S.5.