Milli Qurtuluş Günü - Azərbaycanın zəfər tarixi   

 

 

 

Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü il 15 iyundan bizi 30 ilə yaxın zaman ayırır. Xalqımız artıq ikinci ildir ki, Milli Qurtuluş Gününü tamamilə fərqli ovqatda, qalib ölkənin qalib vətəndaşı olaraq qeyd edir. 30 ilə yaxın müddətdə yurd həsrəti ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik edib. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız bu gün Böyük Qayıdışa şahidlik edirlər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Torpaqlarımız şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildi. Azərbaycan igid oğulları "Dəmir yumruq" əməliyyatını uğurla başa çatdıraraq tarixi torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasını, Qarabağın döyünən ürəyi Şuşamızın özümüzə qayıtmasını, Cıdır düzündə 28 ildən sonra Novruz tonqallarının alovlanmasını, "Xarıbülbül" musiqi festivalının keçirilməsini, bu məkandan muğamlarımızın səslənməsini, Şuşa digər məscidlərimizdə azan səsinin eşidilməsini gerçəkliyə çevirdilər.

 

Heç şübhəsiz ki, bu Qələbənin müəllifi 15 iyun 1993-cü il tarixini Milli Qurtuluş Günü kimi əbədiləşdirən, Azərbaycanın müstəqilliyinin sarsılmazlığını təmin edən, xalqımızın xilaskarı, Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ilə yaxın dövrdə bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Prezident İlham Əliyev Zəfərimizin baş memarı əsas hərəkətverici qüvvəsi olmaqla Azərbaycan tarixinə adını qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.

 

Bu gün - xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixində "Milli Qurtuluş Günü" kimi həkk olunub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayıb. Qısa zamanda Ulu öndər ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail olub. Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunmasının, dünya birliyində layiqli yer tutmasının məhz Ümummilli liderin yenilməz iradəsi, öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Ulu öndər Heydər Əliyev iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerlixarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu dövr ərzində Ümummilli lider Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarıb. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafa geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, nizami ordu qurulub, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Həmçinin, dövlətimiz dünya birliyində layiqli yerini tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Ölkəmizin inkişaf strategiyası məhz Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında da 15 iyun - "Milli Qurtuluş Günü" ilə əlaqədar olaraq şəxsi heyəti üçün bayram tədbirləri təşkil edilmişdir. "Milli Qurtuluş Günü" nün tarixi mahiyyəti və əhəmiyyəti haqqında şəxsi heyətə geniş məlumat  verilmişdir. Bu günün tarixinin  Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunudahi rəhbərin hakimiyyətə gəlişinin Azərbaycan xalqının tarixində qurtuluş rolunun oynadığını şəxi heyətin diqqətinə çatdırılmışdır. Heydər Əliyevin zəngin və mənalı həyat yolu Azərbaycan xalqının tarixində olan danılmaz fəaliyyəti və 15 iyun tarixi ilə bağlı şəxsi heyətə videoçarx nümayiş etdirilmişdir. Milli Qurtuluş Günü ilə əlaqədar olaraq əsgərlər üçün bayram süfrəsi və bayram şənliyi təşkil edilmiş, xidmətdə fərqlənən əsgərlər bayram münasibəti ilə mükafatlandırılmışdır.

 

 

Naib NAİBOV

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının

1-ci atıcı bölüyün komandirinin tərbiyə işləri üzrə müavini, ədliyyə baş leytenantı

 

525-ci qəzet.- 2022.- 15 iyun.- S.8.