Qardaşıq biz!

 

 

 

Doğma ruhla, eyni qanla,

 

Türklük adlı şərəf, şanla,

 

Ər oğluyla - Ərdoğanla

 

Birgə vurur ürəyimiz,

 

Tək dost deyil, qardaşıq biz.

 

 

 

Müşkülümüz olsa harda,

 

Hər ikimiz şəksiz orda.

 

Səfərbərik bir qərarda,

 

Birdir arzu, diləyimiz,

 

Tək dost deyil, qardaşıq biz.

 

 

 

İsrarlıyıq sözümüzdə,

 

Çəkinmək yox gözümüzdə.

 

Bəs, yetərli gücümüz .

 

Ortalıqda hünərimiz,

 

Tək dost deyil, qardaşıq biz.

 

 

 

Əməlimiz, işimiz haqq,

 

Çətin gündə arxa-dayaq.

 

Əlimizdə qoşa bayraq,

 

Yüksəlişdə millətimiz,

 

Tək dost deyil, qardaşıq biz.

 

 

 

Haqsızlara veririk dərs,

 

Həddin qansın kəmfürsət, tərs.

 

Bu dünyaya salıbdır səs

 

Böyük, parlaq zəfərimiz,

 

Tək dost deyil, qardaşıq biz.

 

 

 

Ayıl, bəşər!

 

 

 

Boğuluruq, batırıq yalanların içində,

 

Eşidilmir dünyada həqiqətin harayı.

 

Hərəsi bir ölçüdə, qiyafədə, biçimdə,

 

Haqq komada yaşayır, nahaq qurub sarayı.

 

 

 

Riya qoşun yeridir ədalətin üstünə,

 

Çoxdan da çox seyr edir sakitcə bu savaşı.

 

Gözləyirlər, zaman dönsə hansı üstünə,

 

Dayanalar tələsik, tez onunla yanaşı.

 

 

 

Girovdadır insanlıq haqsızların əlində,

 

Dur deməyə qüdrət yox onlardakı yanlışa.

 

Yalançı şüarlar var çoxlarının dilində,

 

göyərçin donunu geydiriblər bayquşa.

 

 

 

Saflıqlara qurulur min hoqqayla tor, tələ,

 

Şər, böhtanla kəsirlər düz-dürüstün yolunu.

 

Məzlumların belinə zillətlərdən hey şələ

 

Yükləyirlər, çidara salırlar əl-qolunu.

 

 

 

Nifrət dolur qəlblərə, qalaq-qalaq, laybalay,

 

Sarır bütün ruhları üfunətli havası.

 

Selə dönüb axacaq üstümüzə kinli çay,

 

Özümüzdən olacaq hamımızın bəlası.

 

 

 

Bitməlidir biryolluq "mənəm-mənəm" oyunu,

 

Tərs, nəhsliklə getmişik irəliyə yaman çox.

 

Ayıl bəşər, doğmayıq, Adəm-Həvva soyunu

 

Tanı, yoxsa Tanrıdan olmayacaq nicat, yox!

 

İncidim

 

 

 

Axtarmadın, aramadın heç

 

 məni,

 

Sormadın da: "Harda itib-batmısan?"

 

Doğmalığa cavabdehəm tək yəni,

 

Ya biryolluq bezib bəlkə atmısan?

 

 

 

Düşünürdüm, yanmağından halıma,

 

Təskinliklə ovudarsan azacıq.

 

İnanmazdım dönəcəksən zalıma,

 

Nədir axı səndə bu hirs, bu acıq?

 

 

 

Yetməyəcək necə olsa izahın,

 

Söylədiyin min bir dürlü bəhanə.

 

Bağışlanmaz saymazlıqdan günahın,

 

Tay tutmağın yada, yoldan ötənə.

 

 

 

Bundan belə olacağam sənintək,

 

Bəlkə onda kimliyimi qanasan.

 

Gəl bu fikri yaddaşına eylə həkk:

 

Dost itirmək olmamalı çox asan.

 

 

 

Qərarımı deyim, eşit müxtəsər,

 

Məndən ötrü varsan, yoxsan, fərqi yox.

 

Qalmadı ki, o istəkdən bir əsər,

 

"Düzələr"ə ümid azdı, şübhə çox.

 

 

 

Rolumuz dəyişildi

 

 

 

"Gəl" deyərək səsləmədin bir kərə,

 

İndi məni baxışınla yola sal.

 

Səndən ötrü hazır idim nələrə,

 

Bax arxamca, yana-yana baxıb qal.

 

 

 

Kəlməm, sözüm tuş gəlirdi lağına,

 

Hədyan sayıb yelləyirdin əlini.

 

Bu səbəbdi ürəyimin dağına,

 

Axıtmağa göz yaşımın selini.

 

 

 

Gerçəyimi bürümüşdü sis, duman,

 

Xəyallarda arayırdım əlaçı.

 

Onlardan da çarə gəlmir hər zaman,

 

Kədər, qüssə çox acıdır, çox acı.

 

 

 

Həzz duyurdun bu halımdan elə bil,

 

Saf sevgimi çevirmişdin oyuna.

 

Soyuyurdum, çəkdiklərim neçə il

 

Yavaş-yavaş "biçilirdi boyuna".

 

 

 

Rolumuzu dəyişdirdi Tanrı, bax,

 

Yaşayırsan yaşatdığın həsrəti.

 

mənası, ürəyimi odla, yax,

 

İndi sən daşıyırsan möhnəti.

 

 

 

"Gəl" deyərək səsləmədin bir kərə,

 

İndi məni baxışınla yola sal.

 

Səndən ötrü hazır idim nələrə,

 

Bax arxamca, yana-yana baxıb qal.

 

 

 

Gərək bağışlayaq

 

 

 

Tanrıdan deyil ki, bu gizlin, xəlvət,

 

Sənin səhvin var, mənim əlbət,

 

Kökümüz ki eyni, eyni soy -millət,

 

Çözməkçün birlikdə dərd-sərimizi,

 

Gərək bağışlayaq bir-birimizi.

 

 

 

Biryolluq bitirək dedi-qodunu,

 

Heçdən hirs-hikkənin yanan odunu,

 

Yadın dinləməyək yalan vədini.

 

Yıxmasın şeytanın yüz məkri bizi,

 

Gərək bağışlayaq bir-birimizi.

 

 

 

Söküb qurdalasaq ötüb-keçəni,

 

Rədd edək nifaqçün min don biçəni.

 

Xeyir taparıqmı şərdən heç yəni?

 

Bədxaha verməyək öz sirrimizi,

 

Gərək bağışlayaq bir-birimizi.

 

 

 

Gəlir-çıxarları edib haqq-hesab,

 

Xırda qüsurlarda tez "qanun-kitab"

 

Açmayıb, göstərsək azca dözüm, tab,

 

Xeyir çox üstələr zərərimizi,

 

Gərək bağışlayaq bir-birimizi.

 

Nəcməddin Mürvətov

 

525-ci qəzet.- 2022.- 17 iyun.- S.15.