Sabir fenomeni Azərbaycan mühacirət mətbuatında
Bolşeviklərin 28 aprel 1920-ci ildə ölkəmizə
hərbi təcavüzündən, Cümhuriyyətin
süqutundan bir müddət sonra Türkiyədə məskunlaşan
Azərbaycan Xalq Cümhuriyyəti liderləri nəşr
etdikləri mətbu orqanlarda totalitar sovet rejimi və kommunist
diktaturasına qarşı müxtəlif istiqamətlərdə
barışmaz ideoloji mücadiləyə başladı. Direktiv
göstərişlə yaradılmış qondarma sovet ədəbiyyatının,
saxta sosialist realizmi (sosrealizm) ədəbi metodu və
konsepsiyasının kəskin tənqidi ideoloji mücadilənin
aparıcı mövzularından idi. 1923-cü ildə
İstanbulda nəşrə başlayan “Yeni Qafqasya” dərgisində,
sonralar onun- mühacirət mətbuatının
bayraqdarının proqramını, məramını eyni əzm
və cəsarətlə davam etdirən “Azəri Türk”,
“Odlu türk”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi”,
“Qurtuluş”, “İstiqlal”, “Azərbaycan”, “Mücahid” və s.
kimi qəzet və jurnallarda dərc olunan məqalələr
yeni dövr milli ədəbiyyatşünaslığının
yaranması və inkişafında mühüm rol
oynamışdır. İllər ötdükcə
sovet ədəbiyyatşünaslığı ilə daban-
dabana zidd milli ədəbiyyatşünaslığımızın
problemlərinə konseptual baxış formalaşmış,
onun prinsip və elmi-nəzəri müdəəaları
müəyyənləşdirilmişdir. Yüksək
peşəkarlıqla, sistemli həyata keçirilən bu
işin nəticəsində Məhəmməd Əmin Rəsulzadənin,
Mirzə Bala Məhəmmədzadənin, Əhməd bəy Cəfəroğlunun,
Əbdülvahab Yurdseverin, Mustafa Haqqı Türkəqulun, Səlim
Rəfiqin, Məhəmməd Əli Rəsulzadənin məqalə
və kitablarından ibarət zəngin və çoxşaxəli
ədəbiyyatşünaslıq irsi ərsəyə gəlmişdir.
“Kitabi- Dədə Qorqud” başda olmaqla bir çox
dastanlarımızın, Qətran Təbrizi, Məhsəti,
Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli,
İmadəddin Nəsimi, Qasimi, Şah İsmayıl Xətai,
M.F.Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Cəlil
Məmmədquluzadə, Məhəmməd Hadi, Cəfər
Cabbarlı, Hüseyn Cavid, Əhməd Cavad, Almas
İldırım, Əmin Abid (Gültəkin), Şəhriyar
və bu kimi digər görkəmli sənətkarların həyat
və yaradıcılığına dair dolğun, sanballı
araşdırmalar bu gün də aktualdır və Azərbaycan
ədəbiyyatı tarixinin yeni, milli konsepsiyasının
özəyini təşkil edir, istiqamətini müəyyənləşdirir.
Mühacirət mətbuatının,
mühacirət ədəbiyyatşünaslığının
ən çox müraciət etdiyi ədəbi simalardan biri də
poeziyada yeni mərhələ açan və məktəb yaradan
Mirzə Ələkbər Sabirdir. Mühacirət mətbuatında
M.Ə.Sabir haqqındakı materialları məzmununa, məqsədinə
görə dörd qrupa bölmək olar:
- Müxtəlif
problemlərə- sovet ədəbiyyatşünaslarının
tənqidinə, onların milli dəyərlərə
qarşı qərəzli və saxta münasibətinə, cəmiyyət
həyatındakı nöqsanların ədəbi əsərlərdə
inikasına, klassik ədəbi irsin, məktəb və mətbuatın
milli şüurun inkişafındakı roluna həsr
edilmiş yazılarda M.Ə. Sabirlə bağlı fikirlərin
əks olunduğu materiallar;
-M.Ə.Sabirin
həyat və yaradıcılığından ayrıca bəhs
edən yazılar;
-M.Ə.Sabirin
yaradıcılığından nümunələr, foto və
karikaturalar.
“Azəri
mətbuatının müxtəsər tarixçəsi”, Mirzə
Bala Məhəmmədzadənin məşhur “Azərbaycan
Misaqi Millisi”, “Ədəbi hakimiyyət qovğası”, “Məktəblər
və dərs kitabları”, Səlim Rəfiqin “Son dövr Azərbaycan
ədəbiyyatı”, Əhməd Cəfəroğlunun “Azəri
ədəbiyyatında istiqlal mücadiləsi izləri” və.s
kimi məqalələrdə müxtəlif mövzulara
toxunulur və bu zaman müəlliflər fikirlərini əsaslandırmaq
üçün M.Ə.Sabir yaradıcılığına da
müraciət edir. Mətbuat tarixinin inkişaf yolundan bəhs
edən “Azərbaycan mətbuatının müxtəsər
tarixçəsi” adlı məqalənin “İlk Rusiya
ixtilalı ilə başlayan dövr” hissəsində məllif
1905-ci ildə senzuranın ləğvindən sonra mətbuat həyatındakı
canlanmadan, “Həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi”,
“Dəbistan” kimi dövrü nəşrlərdən bəhs
etdikdən sonra yazır: “Tiflisdə intişar edən mizah məcmuəsi
“Molla Nəsrəddin” bilhassa (xüsusi ilə- T.A)
şayanı kayttır (diqqətəlayiqdir-T.A). Bu Azərbaycan
intibah tarixində ən çox təsir eyləmiş bir məcmuədir...Məşhur
Azərbaycan şairi Sabir “Hop-hop” şeirləri ilə bu məcmuənin
ən nəfis mizahı tənqidlərini yazmışdır”
Mirzə Bala Məhəmmədzadə irsinin ən parlaq
nümunələrindən olan “Azərbaycan Misaqi Millisi” məqaləsində
publisist bir neçə dəfə M.Ə.Sabir
yaradıcılığından söz açmaqla, sitatlar gətirməklə
mülahizələrini bəyan edir. Milli şüurun
oyanmasında ədəbiyyat və mətbuatın rolunu
yüksək qiymətləndirən M.B.Məhəmmədzadə
şairin
Fəhlə, özünü sən də bir insanmı
sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı
sanırsan?!
və
Aldı dolu eldən səru samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
misraları ilə başlayan şeirlərindən sitatlar gətirərək
kəndli-mülkədar, fəhlə-sahibkar münasibətlərini
həcv edir, fəhlə və kəndlini qəflət
yuxusundan oyanmasına çalışır. Maraqlı və
diqqətçəkəndir ki, M.B.Məhəmmədzadə
Hadi yaradıcılığının ideyasını, məğzini,
mahiyyətini açmaq, özünəməxsus cəhətlərini
göstərmək üçün onu dövrün sənətkarları
Hüseyn Cavid, Abdulla Şaiq, eləcə də Mirzə
Ələkbər Sabirlə müqayisə edir, konkret nümunələrlə
fikir və mülahizələrini əsaslandırır. Mirzə
Ələkbər Sabiri “realist və münekkit” sayan M.B. Məhəmmədzadə
Hadini “son dərəcədə idealist, bəzən də
utopist” adlandırır: Hadi məktəbə gedən bir
uşaqdan ilham alaraq sevinir, onun şəninə ümidlərlə
dolu şeir həsr edir, “Sabir bu qəbildən olan şeirin əleyhinə
çıxır və bir dilənçi cocuq bularaq:
Ey dərbədər
gəzib ürəyi qan olan çocuq!
Bir
löqmə nan üçün
gözü giryan olan çocuq!
Əşkilə
abrusu da rizan olan çocuq!
Mətlubi
nan, qazandığı hirman olan
çocuq!
İnsan
kimi bilinsə idi qədrü qiymətin,
Açmış
olurdu məktəbi-milli cəmaətin,
Dərk
etmək istəmir hələ bu feyzi millətin,
Qalsın
nihan vədieyi-fitri-məharətin;
Ey
ehtişami-milləti talan olan çocuq!
Ey dərbədar
gəzib ürəyi qan olan çocuq!- deyə
yazır.”.
Bolşevik
Əliheydər Qarayev “Kommunist” qəzetində dərc olunan məqaləsində
məktəblərdə və dərs kitablarındakı
“milliyyət” və “türkçülük” təhlükəsindən
bəhs etmişdir. “Məktəblər və dərs
kitabları” adlı məqalədə müəllif yazır
ki, hər halda M.Ə.Sabirin milli parçalardan ibarət
şeirləri Ə.Qarayevin xoşuna getməmişdir. Yazıda bolşevik mühərririn məsələyə
antimilli münasibəti kəskin tənqid edilir.
Azərbaycan
mühacirət ədəbiyyatşünaslığının
görkəmli nümayəndəsi Səlim Rəfiq “Son
dövr Azərbaycan ədəbiyyatı” adlı məqaləsinin
“Xalqçı ədəbiyyat” hissəsində M.Ə.Sabir
yaradıcılığının peşəkarlıqla təhlil
edərək yazır: “Sabirin ictimai həyatda təmas etmədiyi
sahə qalmadı. Fikirlərini özünəməxsus
bir əda ilə nəzmin qəlbləri arasına
sıxışdırdı. Azəri ədəbiyyatına
bir “Hop-hopnamə” bəxş edən sənətkar Əli Nəzmi
kimi şairlərin yetişməsində müəssir oldu”.
Dünya şöhrətli türkoloq prof.Əhməd Cəfəroğlu
“Azəri ədəbiyyatında istiqlal mücadiləsi”
adlı məqalələr silsiləsinin dördüncü
hissəsində M.Ə.Sabir yaradıcılığından
da söz açmışdır.
Mühacirət
mətbuatında M.Ə.Sabirin həyat və
yaradıcılığından ayrıca bəhs edən
yazılar böyük satirik şairin keşməkeşli
ömür yolu, fəaliyyəti, silahdaşları ilə daha
yaxından tanış olmaq imkanı
yaradır. Şamaxıda Sabirin qonşusu və
yaxın dostu olmuş Məhəmməd Şərif Əfəndizadənin
“Sabirə aid bir xatirə” adlı yazısı
sabirşünaslığın zənginləşdirilməsi
baxımından da maraq doğurur. Müəllif Sabirin
iki otaqlı mənzilinin əlli
addımlığındakı küçənin tinində
kiçik dükanda sabun düzəldərək
dolandığını, ətrafda mərsiyə oxuyan kimi
tanındığını, dükanının
qarşısında yüksək səslə dua oxuduğunu
diqqətə çatdırdıqdan sonra şairlə ilk
tanışlığını nəql edir: “Onunla 1905-ci ildə
tanış oldum. Həmin il
Tiflis və Bakıda türkcə qəzetlər
çıxmağa və qəzetlərdə türkcə
intibahamiz mənzum yazılar (şeirlər) yazılmağa
başlamışdı. Hər halda onları
görüb, onlar kimi davranmaq həvəsinə
düşdüyünə görə Sabir bir gün məni
dükanının önündə dayandıraraq türkcə
sərf və nəhv kitabı istəmişdi.
İstanbuldan cəlb edilən müəllimlərin
(Şeyxzadə Hafiz Məhməd və daha sonra Nemanzadə
Ömər Faiq əfəndilər) iştirakı ilə bir
neçə il idi ki, Şamaxıda
“üsulicədid” üzrə bir məktəb
açılmışdı. Mən də o məktəbdə
oxuduqdan sonra yenə eyni məktəbdə müəllim
olmuş və İstanbuldan qəzet-kitab gətirməyə
başlamışdım. Bunu bildiyinə
görə Sabir məndən o günü “İstanbul
kitabları” istəyirdi”. Sabir
tanınmış şair, maarifçi, publisist
Şirvanlı Seyid Əzimin ibtidai məktəbində oxuyur,
mərsiyələr yazırdı. “İdeal
və yüksək məfkurəli yazılarda uğur qazanan
Mirzə Abasqulu Səhhətin” vasitəsi ilə Sabir
1906-cı ildə nəşrə başlaya “Molla Nəsrəddin”
mənzuməsini oxuyur, jurnalla əməkdaşlıq etməyə
başlayır. “Sabiri mərsiyə yazmaqdan və
oxumaqdan qurtarıb şair yapan, mizahi şeirlər yazmaq
üçün istedad olduğunu kəşf etdikdən sonra
ondan əl çəkməyib ona mövzular verən, onu
sabunçuluqdan qurtaran Səhhət olmuşdur” - yazan xatirə
müəllifi Abbas Səhhətin “molla olmaq üzrə
Xorasana göndərildiyini”, daha sonra Tehrana, oradan isə Beyruta
getdiyini, fransız, rus dillərini mükəmməl öyrəndiyini,
Beyrutda tibb təhsili aldığını, rus şairlərindən
Qoqol, Puşkin, Lermontovdan tərcümələr etdiyini, onun
səyi ilə Şamaxıda “bir irfan və ədəbiyyat
ocağı vücuda” gəririldiyini, “Sabirə “Hop-hopnamə”
ismini bulduğunu” da vurğulayır.
M. Ş. Əfəndizadə
oxucularla Sabirin Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu ilə görüşlərinə, Məhəmməd
Hadi ilə münasibətlərinə dair xatirələrini də
bölüşür. O, Əli bəy Hüseynzadənin
Sabirin yaradıcılıq üslubuna təsirndən bəhs
edərkən göstərir ki, “büsbütün yeni olan məlum
tərzdəki- yəni söyləmək istədiyi
mövzunun əksini deyirmiş kimi görünmək -
üslubunun intihab edişinə bir amil də Hüseynzadə
Əli bəy olmuşdur. M. Ş. Əfəndizadə yazır : “Əli bəy İstanbuldan Bakıya
gəldikdən sonra Şamaxıdakı xalalarını ziyarət
etmək üçün oraya gəlmişdi. Sabir
ilə mən də xalaları Mirzə Mehdinin evində ziyarətimizdə
bu üslubu Əli bəy Sabirə ilham etdi və rus şairlərindən
birisini buna misal göstərdi.” Müəllif
yazının sonuna doğru Ağaoğlu ilə
görüşü xatırlayır: “Ağa oğlu Əhməd
bəyi ziyarətimizdə də Əhməd bəy: Sabir
sizmisiniz?- deyincə - Əvət, yoxsa,
Bangi döhül şenidən ez dur hoşet” (yəni davulun səsi
uzaqdan xoş gəlir”-deyəmi
düşündünüz-demiş və Əhməd bəyi
də güldürmüşdü”.
Tənqidçi, publisist Məhəmməd Əli Rəsulzadə
“Azəri ədəbiyyatında Sabir” adlı məqaləsini
“Sabirin şeirlərindəki tənqid nə nəşəli
ruhu göstərmək məqsədi ilə”
yazdığını bildirir. Zənnimizcə, müəllif
qarşısına qoyduğu vəzifəni irihəcmli və
sanballı yazısında peşəkarlıqla icra
etmişdir: “Ölçüyəgəlməz bir mizah nəşəsinə
malik”, “ən acı ilacları kəndi xəstələrinə
oxşamaqla verən doktor”, “yalnız Azərbaycan və Qafqaz
türklrinin deyil, islam aləminin hamısının ehtiyac və
nöqsanlarını görmüş və mənimsəmiş”,
“millətin dərdi ilə yanan”, “bənzərsiz şair və
tənqidçi” adlandırdığı Sabirin ömür
yolu və yaradıcılığını əhatəli
araşdırmış və dəyərləndirmişdir. M.Əli Rəsulzadə Sabirin şeirlərinin
mövzu və ideyasını onun irsindən konkret nümunələr
gətirərək təhlil edir və ədəbi-nəzəri
mülahizələrini irəli sürür.
Mühacir
soydaşlarımızın Ankarada nəşr etdikləri
“Mücahid” (1955-1964-cü illər, cəmi 59 nömrə)
aylıq ictimai fikir məcmuəsində Türkiyənin
tanınmış ictimai xadimi, nüfuzlu ədəbiyyatşünas
Agah Sırrı Levendin “Azəri şairi Ələkbər
Sabir” adlı məqaləsi dərc olunmuşdur. Redaksiya bu
yazının “Ulus” qəzetinin (Türkiyədə 10 yanvar
1920 tarixindən çıxmağa başlamış, bir
müddət “Xalqçı”, “Barış”, 1974-cü ildən
“Yeni Ulus” adı ilə nəşr olunmuşdur- T.A) 21.05. 1962-ci tarixli nömrəsindən
götürüldüyünü qeyd etmişdir. O, Sabir
yaradıcılığının bütün problemlərini
-ideya, məzmun, dil, üslub, sənətkarlıq məsələlərini
incəliklərinə qədər təhlil etmiş, dəyərləndirmiş,
maraqlı elmi-nəzəri ümumiləşdirmələr
aparmışdır. Agah Sırrı Levend M.Ə.Sabirin
Türkiyə sevgisini və təəssübünü də
yüksək qiymətləndirmişdir: “Sabir
haqsızlığa və keyfə görə yönətimə
də saldırmaqdan çəkinməmiş. İrandakı
olayları izləyərək şahlara çatmış
(sataşmış-T.A), Türkiyədəki Məşruyyət
dövründən sonra Türkiyə türkləri ilə
ilgilənərək “31 Mart vakası”nı
(II. Əbdulhəmid idarəsinə qarşı ilk üsyan-
T.A) öncədən xəbər vermiş
Osmanlılar,
aldanmayın Allahı sevərsiz,
İranlı
kimi yatmayın, Allahı sevərsiz-
deyərək bizi uyarmaq istəmişdir.
Yuxarıda M.Ə.Sabir haqqındakı materialları məzmununa, məqsədinə görə təsnifatında şairin yaradıcılığından nümunələrə, foto və karikaturalara da mühacirət mətbuatında yer verildiyini qeyd etmişdik. Demək olar ki, bütün məqalələrdə şairin şeirlərindən gen -bol sitat gətirilərək istifadə olunur, bəzən də şeirlər tam halda verilir. Təkcə onu demək kifayətdir ki, “Azərbaycan” (Ankara) dərgisi müxtəlif saylarında “Hop-hopnamə”dən 15-dən çox nümunə dərc etmişdir.
Biz mühacirət
mətbuatında M.Ə.Sabir haqqında dərc olunan məqalələrin
bir qismindən ilk dəfə olaraq bəhs etdik. Xüsusi
vurğulamaq lazımdır ki, ünlü satira ustası ilə
bağlı mühacirət ədəbiyyatşünaslığındakı
mənbələr bu məqalələrlə və bu
araşdırma ilə məhdudlaşmır, mühacirət ədəbiyyatşünaslığında
M.Ə.Sabirin həyat və yaradıcılığına
dair dəyərli araşdırmalar var və bu istiqamətdə
tədqiqatlar bu gün də uğurla davam etdirilir. Fil.e.d.
N.Cabbarlı 25 il öncə dərc edilmiş “Sabir mühacirət
ədəbiyyatşünaslığında” məqaləsində
(“Ədəbiyyat qəzeti”, 30 may 1997) problemi müəyyən
qədər araşdırmışdır.
Araşdırmanın daha dolğun variantı onun “Mühacirət
və klassik ədəbi irs” monoqrafiyasında yer
almışdır. Fil.e.d. prof. V.Sultanlı “Azərbaycan
mühacirət ədəbiyyatı” kitabında M.Ə.Rəsulzadənin
Sabir yaradıcılığına münasibətinə
toxunmuş, fil.e.d. prof. Təyyar Salamoğlu (Cavadov) 2016-cı
ildə Bakıda keçirilən «Azərbaycan mühacirət
ədəbiyyatı: Reallıqlar, problemlər,
vəzifələr» II Beynəlxalq elmi konfransında “Azərbaycan
mühacirət ədəbiyyatşünaslığı Mirzə
Ələkbər Sabir yaradıcılığına metodoloji
münasibət kontekstində” adlı məruzəsində
Əbdülvahab Yurdsevərin bu sahədəki araşdırmalarından söz
açmışdır. Bütün bu tədqiqatlar
XX əsrin əvvəllərində Sabir irsinin öyrənilməsində
xidmətləri olan Abbas Səhhət, Seyid Hüseyn, Firidun bəy
Köçərli, Yusif Vəzir Çəmənzəminli,
Tağı Şahbazi Simurq kimi xadimlərin, eləcə də,
sovet dövründə sabirşünaslığın tədqiqində
xüsusi bir mərhələ yaratmış
Ə.Şərif, Ə.Mirəhmədov, M.Cəfərov,
A.Zamanov, M.İbrahimov, K.Talıbzadə, Ə.Cəfər,
T.Hacıyev, M.Cəlal,Yaşar Qarayev, N.Paşayeva, M.Məmmədov,
Tərlan Novruzov, A.Məmmədov (Bayramoğlu), R.Məhərrəmova
və digər ğörkəmli ədəbiyyatşünasların
araşdırmaları ilə mühacirət ədəbiyyatşünaslığı
arasında bir növ körpü yaratmış və
bütövlükdə sabirşünaslığın zənginləşdirilməsinə
yardım etmişdir.
Abid
TAHİRLİ
525-ci qəzet.- 2022.- 17 iyun.- S.12.