Qarabağ zəfərimizə həsr olunan tamaşa qurulur
44 günlük Zəfər
savaşımızdan və
tarixi qələbəmizdən
sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
Qarabağ – Vətən
müharibəsi mövzusunda
elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun
olaraq qalib əsərin məşqlərinə
başlanıb.
Qeyd edək
ki, müsabiqəyə
təqdim edilən əsərlərdən yazıçı-dramaturq
İlqar Fəhminin «Balaca kişilər» pyesi münsiflər heyəti tərəfindən
yüksək qiymətləndirilərək
qalib elan olunmuşdu.
Pyesə Əməkdar artist Nicat Kazımov quruluş verir. Tamaşanın tərtibatçı rəssamı Yekatirina Xaritonova, geyim rəssamı İradə
Heydərovadır. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.
Səhnə əsərinin ilk oxunuş günü tamaşanın yaradıcı heyəti Vətən uğrunda şəhid olmuş soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə Qarabağ Zəfərinə həsr olunan müsabiqənin mühümlüyündən və bu mövzuda tamaşanın məsuliyyətindən danışıb: «Hesab edirəm ki, xalqımızın həyatında ən önəmli hadisələrdən birini, tarixi qələbəni səhnədən layiqincə göstərməliyik. Bizim teatrın üzərinə çox böyük məsuliyyət düşür, çünki Qarabağda döyüşən və torpaqlarımızı azad edən o gənclər bizim tamaşaçılarımız idilər həm də. Sənətin tərbiyəvi tərəfi çox vacibdir. Arzu edirəm, elə bir tamaşa qurulsun ki, qazilərimiz, o yerlərdə döyüşən oğullarımız bizə baxıb alqışlasınlar. Yeni gələn nəsillər bu gün baş verənləri, xalqımızın tarixindəki bu parlaq hadisəni, böyük qələbəni həm də bizim tamaşadan öyrənsinlər. Tarix kitabları hər şeyi olduğu kimi yazacaq, təqdim edəcək. Sənətin isə vəzifəsi hadisələri daha dərin, daha təsirli əks etdirməkdi. Biz 44 gündə bəlkə 44 ilə sığmayacaq duyğular yaşadıq. Böyük qələbə ilə yanaşı həm də şəhidlər, qazilər kimi ağrılarımız var. Ayrı-ayrı ailələr balalarını, əzizlərini itirdilər. Amma bu itkilər hamımızın itkisidir. Sənət həmin ağrıları da ovutmağa çalışmalıdır».
Tamaşanın quruluşçu rejissoru N.Kazımov bu mövzuda tamaşa qurmağın həm də vətəndaşlıq borcu olduğunu qeyd edib: «Xatırlayıram ki, Xocalı soyqrımının onuncu ildönümündə tamaşa qurmuşdum. O zaman tamaşaçılar arasında Qarabağdan məcburi köçkün düşən soydaşlarımız da vardı. Məndən ötrü onların səhnədə baş verənlərə reaksiyası, sonradan dedikləri fikirlər ən böyük dəyər idi. Onda anladım ki, sənət meyarları və peşəkarlıq öz yerində, amma xalq üçün belə həssas mövzularda əsərlər qurulanda vətəndaşlıq duyğuları hər şeydən öndə olmalıdı. Müharibələrdən sonra yaxşı əsərlərin yazılması üçün zamana ehtiyac var. Amma çox istedadlı yazıçı-dramaturq İlqar Fəhminin bu mövzuya müraciət etməsi bir vətənpərvərlik nümunəsidir. Biz də bütün yaradıcı heyət böyük qələbəmizə yaraşan tamaşa araya-ərsəyə gətirməyə çalışmalıyıq».
Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, aktyorlar Araz Pirimov, Bəhram Həsənov, Hilal Dəmirov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, Nurlan Süleymanlı, Mirsənan Kazımlı, İlhan Sadıqov, Rəşad Səfərov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, MirzəAğa Mirzəyev, Əbülfəz İsgəndərov ifa edirlər.
Tamaşanın premyerası Zəfər
günümüzə nəzərdə tutulub.
525-ci qəzet.- 2022.- 17 iyun.- S.9.