"M Teatr" yeni məkanda: uğurun səhnə həlli  

 

 

"Qanun" nəşriyyatının yerləşdiyi binaya illərdən bəri dəfələrlə gedib-gəlmişəm. Bir binanın içərisində həm nəşriyyat var, həm nəşriyyatın kitabları satılır, həm artıq neçə ildir ki, siyasi partiyalardan biri orda yerləşir.

 

Ancaq nəşriyyatı, kitab dükanını, siyasi partiyanı öz qoynunda birləşdirən məkan artıq yeni bir təyinatla qarşımızdadır: teatr binası. Bir müddət öncə sosial şəbəkələrdəki elanlardan öyrənmişdim: müstəqil "M Teatr" ("Mənim Teatrım") artıq "Qanun" nəşriyyatının binasında məskunlaşıb. Hətta bir həftə öncə həm məkanın açılışı oldu, həm oradakı ilk tamaşanı nümayiş etdirdilər. Hələ bir müddət öncə I Müstəqil Teatrlar Festivalında öyrənmişdik ki, sən demə, paytaxt Bakıda 20-yə yaxın müstəqil teatr fəaliyyət göstərir. Ancaq təəssüf ki, cəmi 1-2-dən başqa, demək olar ki, hamısının ortaq problemi - yer məsələsi rahat səmərəli fəaliyyətlərinə mane olur. Demək ki, bu vəsiləylə müstəqil teatrlardan biri ən ciddi problemlərindən biri olan məkan problemini həll edə bilir. Əlbəttə, sevindirici təqdirəlayiq haldır. Biz vaxt itirmədən "M Teatr"ın yeni məkanını görməyə, teatrın rəhbəri, Xalq artisti Vidadi Həsənov başda olmaqla, kollektivini təbrikə tələsdik.

 

Ünvana çatar-çatmaz ilk qarşılaşdığımız sevincimizə səbəb olan nüans binanın qapısına vurulmuş lövhə idi. Artıq burda nəşriyyatın, partiyanın lövhəsindən əlavə, "M Teatr"ın da lövhəsi asılmışdı. Yolumuz 3-cü mərtəbəyədir...

 

Burda bizi Vidadi müəllim kollektivin iki əməkdaşı qarşılayır. Onlarla görüşəndə öyrənirəm ki, birazdan yeni tamaşanın məşqi başlayacaq. Ona qədər isə tamaşa zalıyla tanış oluram. Zala girər-girməz rənglərin qaranın fonundakı ahəngi diqqətimi cəlb edir. Səhnədə iki dekorasiya var. Biri ötən həftə nümayiş olunan "Vidalaşmadan getməyin" mono-tamaşasının, digəri isə bir azdan məşqi başlayacaq tamaşanın... Vidadi müəllim deyir ki, iyunun 19-da mono-tamaşa yenidən nümayiş olunacağı üçün dekorasiyası yığışdırılmayıb.

 

Səhnədə iki pəncərə var. İkisi küçəyə açılır. Yay olduğunu da nəzərə alsaq, pəncərələr açıqdır. Oradan boylanarkən düşünürəm, nə qəribədir, kiçicik pəncərənin bir tayında gerçək həyat, digər tayında isə onun imitasiyası...

 

Səhnə ilə tamaşaçı stulları arasında elə bir ciddi məsafə yoxdur. Onsuz da otaq balaca olduğundan ən arxada belə səhnəni yaxşı görə və eşidə bilərsən.

 

Divarları həm rəngsizdir, həm də rəngarəng. Dediyim kimi, burda hər şey qara rəngin fonundadır. Divarlarda dünya teatrının tanınmış imzalarının fotoları asılıb. Onlardan təkcə Vaqif İbrahimoğludur azərbaycanlı... Azərbaycanlı bəşəri sənətkar... Bu da təsadüfi deyil, əlbəttə...

 

Səhnə ilə üzbəüz divarda isə teatrın devizi halına gəlmiş cümlə yazılıb: "Mənim teatrım sənin teatrındır".

 

Tamaşa zalıyla yaxından tanış olduqdan sonra V.Həsənovla "M Teatr"ın yeni məkanı, kollektivi repertuarı haqqında həmsöhbət olduq. Xalq artisti deyir ki, "M Teatr" onun bu tamaşa zalı hər bir gənc istedadın üzünə açıqdır, özünü sınamaq, yeni işlər görmək istəyən hər kəs buraya rahatlıqla üz tuta bilər. "Qanun" nəşriyyatının binasında teatra məkan ayrılmasının tarixçəsini isə belə danışdı: "Təxminən 3 ay öncə bir gün nəşriyyatın direktoru, dostumuz Şahbaz Xuduoğlu ilə bu zala gəldik Şahbaz bəy soruşdu ki, burda etmək olar? Mən dedim: teatr. Beləcə, qərara gəldik ki, burada teatr olsun. Təbii ki, elə-belədən yaranmadı. Bunun arxasında da maddiyyat, zəhmət, dostlarımızın köməyi dayandı hər şeyə rəğmən, bura yarandı.

 

Bakıda 20-yə yaxın müstəqil teatr olsa da, onların əksəriyyətinin binası yoxdur. Amma buya digər şəkildə teatrın binasının olması çox lazımlıdır. Teatrın binası olması o deməkdir ki, sənin yerin, yurdun var, gələcək üçün məqsədlərin, görüləcək işlərin var. Biz dünənə qədər yerimizin olmadığından gileylənirdiksə, artıq yerimizin olması o deməkdir ki, gərək biz bundan tam şəkildə faydalanaq, yeni işlər görək. Keçən həftə həm buranın açılışı oldu, həm də yeni bir mono-tamaşanın premyerasını etdik. İndi repertuarımızda olan "Bir gecənin nağılı" tamaşasının bərpasına hazırlaşırıq. Yəqin ki, tez bir zamanda nümayişi olacaq. Eləcə də yeni bir tamaşa hazırlayırıq. Frans Kafkabizim gənc dramaturq Pərviz Seyidlinin mətni əsasında tamam yeni bir səhnə işi olacaq. Burda həm də klassik yəhudi musiqisiylə bizim gənc və istedadlı bəstəkarımız Azər Hacıəsgərlinin musiqisi səslənəcək. Bu cür mətnin və musiqinin sintezi görək bizi nəyə gətirib çıxaracaq. Bu tamaşada bizim çox istedadlı sənətçilərimiz iştirak edirlər. Əksəriyyətinin xoreoqraf kimi tanıdığı Oksana Rəsulova, Ziya AğaEtibar İbadullayev rol alacaqlar. Ziya ilə Etibar dublyordurlar".

 

Teatrın direktoru kollektiv məsələsinə toxunarkən bildirdi ki, sənət ocağına yeni gənclərin cəlb olunması üçün yaxın zamanlarda kastinq elan olunacaq: "Kollektiv deyəndə, burda kimsə rəsmi ştatda deyil. Bura hər bir istedadlı insanın öz məkanıdır. Nahaqdan devizimiz "Mənim teatrım sənin teatrın" deyil ki. Deyə bilərəm ki, çevrəmiz genişlənib, yeni sənətçilər cəlb olunub teatra. Ancaq təbii ki, onların hər biri öz işlərində peşəkar, bu sənətdə sözünü demiş, bir neçə teatrın əməkdaşıdırlar. Buna görə də gənclərə şans vermək və onları üzə çıxartmaq üçün növbəti həftə kastinq elan edəcəyik. Həmçinin, sentyabrdan 2 illik peşəkar aktyorluq kursları yaradacağıq. Tanınmış sənət adamları, mütəxəssislər onlara dərs keçəcək və yüksək səviyyəli sertifikatlar veriləcək. Vaxtilə biz belə bir kursu Akademik Milli Dram Teatrında etmişdik və həmin 2 illik kursu bitirən uşaqların əksəriyyəti sonra gedib Moskvada oxuyub gəldilər, hazırda müxtəlif teatrlarda çalışırlar".

 

Çoxlarımızın rəqqasə, xoreoqraf kimi tanıdığı Oksana Rəsulovanın teatra cəlb olunması haqqında isə Xalq artisti bunları dedi: "Oksana xanım incəsənətin bir növündə kifayət qədər tanınmış, peşəkar sənətçidir. Onun istedadı olmasa, bu qədər işlər görməzdi ki. Biz onunla bir serialda rol almışdıq və mən onun istedadına bələd idim. Bu dəfə isə o, özünü incəsənətin bir başqa növündə sınamaq istədiyini dedibiz də məmnuniyyətlə razılaşdıq. Məşqlərimiz də çox uğurla davam edir və inanıram ki, yaxşı olacaq".

 

V.Həsənov yeni tamaşalar və gələcək repertuar haqqında da sualımızı cavabladı: "Dünya standartlarına görə, tamaşanın hazırlanması 6-7 həftə çəkməlidir. O, bizdə Sovet dövründən qalmadır ki, 3-4 ay çəkir. Dövlət teatrlarının öz standartları var, özəl teatrlarda isə siz hər şeyi çox tez etməlisiniz. Tamaşa çox tez doğulmalı və tez də ölməlidir. Sən gördün ki, tamaşa artıq sənə gəlir gətirmir, onu bağlayıb, repertuardan çıxartmalı və yeni tamaşaya keçməlisən. Bu da durmadan inkişafa, irəliyə aparacaq. 11-12 iyun tarixində nümayiş olunan "Vidalaşmadan getməyin" tamaşası da tez zamanda ərsəyə gəlmişdi, ancaq yer məsələsinə görə nümayişi yox idi. Başqa tamaşalarımız da beləcə tez hazırlanıb nümayiş etdiriləcək".

 

Növbəti müsahibim Oksana Rəsulova olur. Onun teatra gəlişi haqda Vidadi müəllimdən soruşsam da, reportaj əsnasında gəlməyi suallarımızı ona da yönəltməyə səbəb olur Oksana xanım böyük səmimiyyətlə suallarımızı cavablayır: "Teatr mənim çoxdankı arzum idi. Əfsuslar olsun ki, mən yaradıcılığa teatrdan başlamamışam. Çünki əsl teatr aktyoru yetişdirir, dünyagörüşünü genişləndirir. Məni bura cəlb edən əsas səbəb Vidadi müəllimin insanlarla, aktyorlarla ünsiyyəti, onlardakı istedadı tapıb üzə çıxarmaq bacarığıdır. Vidadi müəllim şəraitdən asılı olmayaraq, insanın içindəki istedadı görə bilir çalışır ki, onun üzərində işləyib cilalasın, təqdim edə bilsin. Özümü şanslı insan hesab edirəm ki, Vidadi müəllim kimi ustadla yolumuz kəsişib. Onunla ilk dəfə 2017-ci ildə bir serialda çəkilmişik. Mən onun qızı rolunda idim. Amma "M Teatr"da onu daha yaxından tanıdım. Mənə bir çox teatrlardan dəvət gəlmişdi, amma yaxşı ki, müstəqil teatrdayam, "Mənim Teatrım"dayam. Bununla qürur duyuram. Sağ olsun Vidadi müəllim ki, mənə inandı, çağırdı.

 

Hazırladığımız tamaşa 2 nəfərlik olsa da, əsas obraz mənəm demək olar ki, bütün yük mənim üzərimdədir. Hindistanda 2014-cü ildə Rac Kapur Film Studiyasında 6 ay ərzində mono, ya da iki nəfərlik tamaşalar qururduq. Sadəcə orda mikrofonlar vardı münsiflərin önündə çıxış edirdik. Amma burda yer balaca olduğundan sanki tamaşaçıyla bir yerdə oynayırsan. Yəni çox cüzi səhvini belə tamaşaçı görə bilər".

 

Son olaraq "Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə bir binada nəşriyyat və teatr ideyasından danışaraq, fikirlərini öyrəndik: "Fikrimcə, kitab, teatr, rəssamlıq və sair kimi sənət nümunələri bir arada olmalı və yaradıcı mühiti ərsəyə gətirməlidirlər. Bu işlə məşğul olan insanlar da bir araya gəlməyi bacarmalıdır. Biz özümüz özümüzə şərait yaratmalıyıq. Bu məkandan təkcə teatr deyil, digər yaradıcı insanlar da faydalanacaqlar. Biz burda başqa tədbirlər keçirəcəyik. "M Teatr"ın tamaşalarından əlavə, istərdim ki, digər gənc rejissorlar da orda tamaşa qoysunlar. Eyni zamanda, kitab təqdimatları, yaradıcılıq gecələri, görüşlər, müzakirələr, oxu günləri, poeziya gecələri keçiriləcək. Söz, hərəkət, yazı bir yerdə olarsa, daha faydalı olar. Bunun nümunələri digər ölkələrdə var sevinirəm ki, bizdə yaranır. Nəticəsi isə əla olacaq".

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 17 iyun.- S.8.