Azərbaycanın gənclər siyasəti
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən
biri də yeni nəslin nümayəndələrinə etimad
göstərilməsi, onların məsul vəzifələrə,
idarəetmə işinə irəli çəkilməsi,
qabiliyyət və bacarıqlarını nümayiş etdirmək
üçün şərait yaradılmasıdır. Gənc
kadrların irəli çəkilməsi siyasəti öz
müsbət nəticələrini göstərir.
Politoloq
Şəbnəm Həsənova bildirib ki, 1993-cü ildə
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini
nəzərdə tutan və fərqli sahələri ehtiva edən
islahatlar kimi, eynilə gənc nəslə diqqət də
dövlət siyasətinin prioritet sahələrindən birinə
çevrildi: "Qarşıda duran əsas məsələ
görüləcək işlərlə bağlı vahid
dövlət siyasətinin reallaşdırılmasının
təmin edilməsi idi ki, bu baxımdan da Ulu öndər Heydər
Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər
və İdman Nazirliyi yaradıldı. Məhz bu addım
ayrı-ayrı dövlət qurumlarının gənclərlə
iş sahəsindəki fəaliyyətini koordinasiya etmək,
çərçivə və istiqamət yaratmaq
baxımından mühüm əhəmiyyət kəsb edən
bir addım oldu.
Hər bir dövlətin gənc nəslə verdiyi dəyər
gənclərin inkişafında mühüm, həm də
tarixi mərhələni təmsil edir ki, məhz bu amil də
hökumətin bütün gənc qadın və kişilərin
tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan da Ulu öndər
Heydər Əliyevin 1997-ci il fevralın 2-də
imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan
Gəncləri Günü elan edildi. Bu siyasət
vasitəsilə ölkəmizdə gənclərin
inkişafı ilə bağlı bütün maraqlı tərəflərin
ümumi məqsədlərə və hamı
üçün daha firavan, inkişaf edən Azərbaycan
uğrunda çalışa biləcəyi bir mühit
yaradıldı. Bir sözlə, əsası
Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan
gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə
malikdir.
Gənclərin
əsas ehtiyaclarını, problemlərini həll etmək,
imkanlarını düzgün dəyərləndirmək,
mövcud durumu və dəyişiklikləri, spesifik sektoral
problemlərini nəzərə almaqla həll etmək,
növbəti nəsillərin problemlərlə deyil, "Azərbaycanın
inkişafı naminə daha hansı uğura imza ata bilərəm"
sualı ilə üz-üzə qoyub buna cavab axtarması
istiqamətində əməli addımların atılması
Ümummilli liderimizin adı ilə bağlıdır. Ulu Öndərin siyasətini layiqincə icra edən
Prezident İlham Əliyevin də illər ərzində əsas
fəaliyyət istiqamətlərindən biri olub. Bu
baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev gənclərə xitab edərək deyir: "Mənim
gənclərə xüsusi münasibətim var, mənim
ürəyim sizinlədir. Siz bütün
işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Məhz
bu səbəbdən dövlətimizin başçısı
tərəfindən gənclərin rifahına xidmət edən
2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi
Dövlət Proqramı", 2006-2010-cu illər ərzində
"Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə
Azərbaycan gənclərinin İnkişaf
Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə"
Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq
edilib.Son illərdə Prezident İlham Əliyevin bir fikri Azərbaycanda
həyata keçirilən gənclər siyasətinin forma və
mahiyyəti haqqında dolğun təsəvvür yaratdı.
Belə ki, 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində
"Strateji baxış: Avrasiya" mövzusunda keçirilən
panel iclasında çıxış edərkən dövlətimizin
başçısı bildirdi ki, Azərbaycanda gənclər
küçələrə çıxsa və daha çox
eşidilməyi tələb etsələr, onları dinləyər.
Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri
küçələrdə deyil, gənclər universitetlərdə,
məktəblərdədir, gənclər startap biznesindədir,
gənclər hökumət məsələlərinə fəal
cəlb olunublar. Prezident İlham
Əliyevin gənclər siyasəti onların milli inkişafa
fəal cəlb edilməsinin vacibliyini bəyan etmək,
inkişaf üçün ümumi məqsədləri olan
çərçivənin təmin edilməsi ilə
yanaşı, dövlət və gənclər arasında
koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir.
Prezident İlham Əliyevin gənclər siyasəti
sahəsinə göstərdiyi diqqət və qayğı
dövlət başçımızın gələcəyə
hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
Xüsusilə dövlətimizin
başçısının 2007-ci ilin "Gənclər
İli" elan edilməsi ilə bağlı Sərəncamı
gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında
fəallığının daha da artmasına səbəb
olub".
Politoloq qeyd edib ki, gənclər siyasəti bütün
ölkədə gənclərin inkişafı
üçün çərçivədir. O, bütün gənc
qadınlara və kişilərə həm fərdlər, həm
də cəmiyyətin fəal iştirakçıları kimi
öz potensiallarını reallaşdırmaq üçün
mənalı imkanların verilməsini təmin etməyə
yönəlib. Gənclər siyasəti gənc kişi
və qadınlar üçün vacib olan əsas
narahatlıqları və problemləri həll edir, dövlət
tərəfindən təqdim olunan gənclər
proqramlarına və xidmətlərinə istiqamət verir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan gəncləri
dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli
cəmiyyət uğrunda əməli işlərə imza
atırlar. Azərbaycan gəncləri təkcə
dövlət dəstəyini alaraq öz inkişafının
qəhrəmanları olmaqla kifayətlənmirlər,
bugünkü gənclik özünün sosial-iqtisadi
inkişafda iştirakının əsasını və
mexanizmini təmin edərək cəmiyyətə faydalı
olurlar. Dövlətin gənclər siyasəti
və gənclərin fəaliyyəti elə bir
qarşılıqlı asılılıq prinsipi üzərində
müəyyənləşdirilib ki, bu da gənclərin
inkişafına üstünlük verməyə və
müvafiq siyasət həyata keçirmə mexanizmlərinin
yaradılması və kifayət qədər resursların
ayrılması vasitəsilə gənclərin
inkişafına öz öhdəliyini nümayiş etdirməyə
imkan verir.
Politoloqun
sözlərinə görə, həm Ümummilli liderimiz Heydər
Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər
siyasətinin mərkəzində bir əsas xətt dayanır
ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət
ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu
üzləşdiyimiz reallıqlar və Vətən
müharibəsindən sonra Azərbaycanın diktə etdiyi
reallıq bir daha göstərdi ki, gənc Azərbaycan
oğullarının Şuşa qayalarında, bütün
Qarabağ torpağında yazdıqları qəhrəmanlıq
salnaməsinin kökündə məhz azərbaycançılıq
ideologiyası, Vətənə, yurda sədaqət, torpağa
bağlılıq amilləri dayanır. Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu
gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal
hissəsidir. Biz haqlı olaraq gənclərimizlə
fəxr edə bilərik. Bizim gənclərimiz
torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti
gənclərimiz olubdur. Bizim gənclərimiz
hərbi qələbələrimizi şərtləndiriblər".
Millət
vəkili Ceyhun Məmmədovun sözlərinə görə,
Azərbaycan gəncləri olaraq bizə işıqlı Azərbaycan
qoyub getmiş Ulu öndərimiz Heydər Əliyevin və
şəhidlərimizin ruhunu, Prezident İlham Əliyevin
inamını və etimadını Vətənə, millətə,
dövlətimizə sədaqətlə xidmət etməyə
nə qədər borcluyuqsa, bu işdən bir o qədər də
şərəf duyuruq: "Ulu Öndərin gəncliyə və
gənclərə etimadı bu gün artıq öz təsdiqini
tapıb. Bu gün ölkəmizdə gənclər
siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə
daxil olub. Ulu öndərin gənclər
siyasətini bu gün layiqincə davam etdirən Prezident
İlham Əliyev gənclərə xüsusi diqqət və
qayğı göstərir. Bu gün qətiyyətlə
deyə bilərik ki, ölkə gəncləri Prezident
İlham Əliyevin uğurla apardığı daxili və
xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim
onun yanındadırlar. Azərbaycan gəncləri fəaliyyətlərində
dövlətin qayğısını hər zaman hiss ediblər.
Onlar öz nailiyyətləri ilə onlara
göstərilən etimadı hər zaman layiqincə
doğrultmağa çalışıblar. Bu yüksək
münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin
təminatçısı olan gənclər bütöv və
müstəqil Azərbaycan naminə bütün güclərini
səfərbər edir, Vətənin inkişafı
üçün səylə çalışır, öz
siyasətində onlara arxalanan Prezident İlham Əliyevin
uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Azərbaycan gəncliyi bu diqqət və
qayğını yüksək dəyərləndirməklə
yanaşı, Vətən və dövlət
qarşısında məsuliyyətini dərk edir və
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
strateji vəzifələrin uğurla həyata keçirilməsinə,
respublikamızın sürətlə inkişaf edən
qüdrətli dövlətə çevrilməsi prosesinə
öz töhfələrini verməyə
çalışırlar.
İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin "Dəmir yumruq"-u ətrafında sıx birləşdilər. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur. Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır".
İsgəndər HƏSƏNOV
525-ci qəzet.- 2022.- 17 iyun.- S.7.