Sözünüzə qüvvət
Yaradıcılıq həm də daxili cəhənnəmin yanacağıdır.
Həyat xəyalların növbəti duracağıdır.
Gözəllik - əfsanələrin əbədi sığınacağıdır.
Tanrı, həm də imandakı səmimi tərəddüddür,
həmçinin narahat vicdandır.
Fərqliliklər ağ-qara tək ikiqütblü deyil,
Çoxlu çaları olan rəng təkcə boz deyil.
Əsl zəka 0 və 1 arasındadır.
Qəhrəmanın xidməti borcu - şüşə qəsrin qapısındadır.
Yazarın peşəkarlığı - səmimi yazısındadır.
Onun son
tapşırığı
O, valideyn qayğısından məhrum,
Günahsızlığına rəğmən cənnətini itirmiş gələcək.
Kəskin, yeni nəfəsli gələcək.
Bu həyata xilaskar mələklərini itirib gələcək.
İnternat qardaş-bacıları ilə çığırışıb qara pişikləri qovacaq.
Onun pak ürəyi əvvəl tərbiyəçisinə,
sonra komandirinə
"Oldu!" deyə
biləcək.
O, həyatdakı yeganə səmimi sevgisini
peşəkar qətl
maşını olaraq
icra edəcək.
O, cavan yaşından dünyanın ədalətinə,
zamanın qisasına
və sevginin safına bələd olacaq.
O, düşmən mövqelərinə
sızıb
bədnam, çürük
qəlblərini deşəcək,
cıracaq, yandıracaq,
dişi-dırnağı ilə ədalət və qisas anlayışlarını
onlara isbat edəcək.
O, son tapşırığına
"Vətən sağ
olsun!" reaksiyası
verəcək.
O, yetim qalmış millətin mənəvi kimliyini
və milli fəxarətini özünə
qaytaracaq.
O, heç vaxt ölməyəcək.
Ruhumun cərrahı
Atama həsr olunur
Xəstənin yastığı yüngül
deyil,
Diaqnozunuz xarakteriniz deyil.
Hövsələm dəqiqliyimə maneə deyil.
Anestezioloq mələk, ümid dərman deyil.
Yardım da göründüyü qədər təcili deyil.
Ağrı və qorxularınız
azalanda
oxuduğunuz dualar çox güman səmimi deyil.
Mərkəzi sinir sisteminin qısa qapanması,
Pandemiya,
gömrük rüsumları,
yuxusuz gecələr və səmimi qorxular.
Zəhmətin ən ağırı və müdaxilənin ən dəqiqi.
Digərinin həyatı üçün
Əzrayılla mübarizə etmək də hər kişinin işi deyil.
Mənim
nağılıma göydən
düşən üç
alma da,
Siz bilən
almalardan deyil.
Qorxma
Qulaq as,
qorxma...
Düzdür, qaranlıqdır,
Amma ümid var ki,
Kimdəsə fənər var,
Kimdəsə gələcəyə ümidlə baxmağa səbəb var,
Kimdəsə ilk son zəngin xatirəsi
var,
Kiminsə qəlbində əvvəlki
sakit ahəngin ilğımı var.
Qulaq as,
Sənin
həssas qəlbin
Keçmişlə gələcəyin müharibə
meydanı deyil.
Qorxma,
Sənin sabahın heç kimin dünənində başlamalı deyil.
Sənin
mənəvi sərvətin
arxaik yazılmamış
qanunlardan ibarət olmalı deyil.
Heç kimin hədə-qorxusu sənin dinin deyil.
Sənin cənnətin də, heç kimin ayağı altında deyil.
Qaranlıqdır, amma qorxma,
Səndə də fənər var.
Səndə də gələcəyə
ümidlə baxmağa
səbəb var.
Səndə də sakit ahəngin işartısı
var,
Sənin
də qaranlıq səmanda minlərlə parlaq ulduz var...
Keçən keçdi
İlk atəşi
kimin açdığı
daha vacib deyil.
Fəlakətlər də daha o qədər uzaq deyil.
İlk sərhəd də daha vacib deyil
nəyi ayırırdı,
İlk ayrılıq
da vacib deyil haralara aparırdı.
İlk bütlər də az-çox özümüzdən
idi,
Cənnət qatında ilk günah
da
tamahkar gözümüzdən
idi.
Ən böyük sərkərdələrin
də qələbələri
tarix səhifələrində
qaldı,
Ana müharibə üçün
öz canından qopardı.
İlk duamı
kimə etdiyim daha vacib deyil.
İlk rəhməti
də kimə oxuduğum daha vacib deyil.
Olan oldu,
Keçən keçdi.
"Örtülü
bazar" münasibətləri
Dostluğu pozan
Örtülü bazarda
İntim atmosfer yetişirdi.
Cənub
şəhərində
Şimal
küləyi
Bahar mehinə
dəyişirdi.
Ağsaqqallar şurası
Yüksək təzyiqini
Ağbirçəyin şəkərilə
taraz
laşdırırdı.
Balçı öz işçi
arılarını
Fərdi
yaşayış minimumuna
-
190 manata razılaşdırırdı.
Pulcuqları soyulmuş balığın
Təəccüblü gözləri
Sanki vəziyyətlə barışırdı.
Qərb
küləyi
Örtülü bazarın
Üstünü açmağa çalışırdı.
Konservləşdirilmiş narazılığın
Son istifadə müddəti
Tərəddüdlə
yaxınlaşırdı.
525-ci qəzet.- 2022.- 18 iyun.- S.23.