Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə saylarımızda)
Avropa tarixində ilk dəfə
1649-cu ildə İngiltərə kralı I Karlın boynu
vurulmuş və Azad İngiltərə Respublikasının
yarandığı elan edilmişdi. İnqilab
çox sayda iğtişaşlarla müşayiət
olunmuş, İrlandiyada görünməmiş
qırğınlar törətmişdi.
1789-cu il Fransa inqilabından dörd il sonra kral XVI Lui
və doqquz aylıq fasilə ilə onun arvadı
Mariya-Antuanetta gilyotina edilmişdi. İnqilab təkcə
taxt-tac sahibini məhv etməklə kifayətlənməyib,
çox sayda qətllərə əl atmış, hətta
eybəcərliyə yol verərək, yalnız sağ qalmaq
üçün ölkəni tərk etmiş mühacirləri
də reallığa məhəl qoymayaraq, ölmüş
saymışdı.
İnqilab
əgər yad hökmranlığa qarşı mübarizədən,
məsələn, İngiltərənin müstəmləkəsi
olan 13 Amerika koloniyasında aparılan kimi getmirsə, burada da
öz müstəqilliyini elan etmiş Birləşmiş
Ştatların, müstəmləkələrini qoruyub
saxlamağa çalışan Böyük Brianiya ilə uzun
illər ərzində müharibəsi getmişdi, heç vaxt böhrandan
çıxış yolu xidmətini göstərmir, əksinə,
bu böhranın daha da dərinləşməsinə səbəb
olur. Ona görə də humanizmin xidmətində olan
bütün vasitələrlə inqilabın
qarşısını almaq lazımdır. Tarix
əyani şəkildə göstərir ki, heç bir
inqilab, onun ölkənin məhsuldar qüvvələrinə,
birinci növbədə insan potensialına vurduğu ziyana dəymir.
Təkamül isə inkişafın daha rahat yolu olmaqla,
qan tökülməsinə, ölkənin məhsuldar qüvvələrinə
ağır zərbə vurulmasına, cəmiyyətin, dəhşət
bəxş edən vətəndaş müharibəsinə cəlb
olunmasına yol vermir. Təkamül elmin, incəsənətin
inkişafına geniş yol açır, tərəqqi naminə
hansısa təzyiqə, zorakılığa əl atmır.
Bir sözlə, inqilaba xas olan xüsusiyyətlər
adı altındakı vəhşiliklərə təkamül
vaxtı yol verilmir. Təkamül bizi həm
də geniş həzlər spektri ilə idarə edir. O,
bizi sakitlik və xoşbəxtlik hissi ilə şirnikləndirir,
bəzi hallarda isə bizi başgicəlləndirici sevinc və
həyəcan hissi ilə həvəsləndirir. Lakin bu o demək deyildir ki, təkamül cəmiyyət
üçün tam çiçəklənmə şəraiti
yaradır, bu prosesdə də böhransız, çətinliklərsiz
ötüşmək mümkün olmur. I Dünya
müharibəsindən sonra baş verən
"İspanka" qripi 50 milyon insanın ölümü ilə
nəticələnmişdi, müharibənin birbaşa
qurbanları isə beş dəfə az
idi. 1929-cu ildə başlanan Böyük
Depressiya müharibənin iqtisadiyyata vurduğu
dağıntının nəticəsi olmaqla yanaşı,
onun yaratdığı aclığı, işsizliyi və
ehtiyacı daha da gücləndirmişdi. Az
qala bir əsr sonra baş verən, 2019-cu ildən
yayılmağa başlayan koronavirus iki ildən artıq bir
müddətdə davam etməklə, planeti lərzəyə
salmaqda, bəşər zəmisindən çoxlu qurbanlar
biçməkdə davam edir.
Təkamülün, inqilab kimi daha açıq şəkildə
olmasa da, özünəməxsus, çox hallarda diqqətdən
yayınan qüsurları da vardır. Bu qüsurlar cəmiyyətlərin
inkişafına mənfi təsir göstərir. Əhali arasında təbəqələşmə
güclənir, bir ovuc varlı adamların əlində
böyük var-dövlət cəmləndiyi halda, əksəriyyət
ehtiyac girdabına sürüklənir, onun gələcəyə
olan ümidləri reallığın təsiri ilə yoxa
çıxmağa başlayır.
Həyatda təkamül öz fəlsəfəsinə
uyğun olaraq fərdi əzablara və ya sevinclərə məhəl
qoymadan növlərin ancaq sağ qalmasını və
artıb çoxalmasını nəzərdə tutur. Bəşər
tarixində heyvanların evdə saxlanmasına keçilməsi
də sərt qaydalara və təcrübəyə əsaslanırdı,
zaman keçdikcə bu, daha artıq rəhmsiz oldu. Ot yeyən heyvanların əhilləşdirilməsi
və yabanı ərzaq bitkilərinin mədəniləşdirilməsi
aqrar inqilabi xarakteri daşımaqla, insanların qida təminatının
əsaslı qaydada yaxşılaşmasında mühüm
rol oynadı. Dövlət yarandıqda cəmiyyət
siniflərə bölündü. Qoyun
sürüsü çobana tam tabe olduğundan, çarlar və
keşişlər özlərini çoban adlandırırdılar
və xalqa qayğılarını çobanın öz
sürüsünə olan münasibətinə bərabərləşdirirdilər.
Ərəb dilindəki "rəiyyət"
sözü də "otarılan" mənasını verir.
Sosiumun belə bölgüsü də təkamülün
özünəməxsus uğuru hesab olunurdu.
Tarixdə birbaşa qan tökməkdən uzaq olması
ilə seçilməklə, mövcud olmuş üç
inqilabdan - idrak, aqrar və elmi inqilablardan ikincisi həm də ən
ziddiyyətlisi hesab olunur. Kənd təsərrüfatı
ukladına keçid olduqca ağır və mürəkkəb
xarakterli olmuşdu. Yaxın Şərqdə
suvarma əkinçilyi tətbiq edilmişdi. Quraqlıq
bir neçə il davam etdikdə
imperiyanın məhvinə səbəb olmuş, Mərkəzi
Amerikada mayyaların qüdrətli dövləti süqut
etmişdi. Çayların daşması da
quraqlıq kimi məhvedici təsir göstərirdi.
Əlbəttə, ərzaqın izafi miqdarda olması tərəqqinin
yanacağı rolunu oynayırdı, həm də bunun
hesabına siyasət, incəsənət və fəlsəfə
meydana gəlmişdi. Bütövlükdə isə bioloji təkamül
ilbizdən heç də sürətli hərəkət
etmirdi. Ümumiyyətlə, təkamülü
heç də oxşarlıq deyil, fərqlilik hərəkət
etdirir. Hər bir adamın genetik kodu digərlərininkindən
fərqlənir, hər bir uşaq da müxtəlif mühitdə
böyüyür. Biologiyada hüquq
anlayışı da yoxdur. Azadlığın
özü də bioloji fenomen olmayıb, siyasi idealdır.
İnsanda, başqa heyvanlarda olduğu kimi
ayrılmaz hüquqlar yoxdur. Hakimiyyət - ordunun, polisin, məhkəmənin,
dustaqxanaların - bunlar əsas vasitələr komplektidir,
köməyi ilə insanları məcbur edir ki, xəyali
qaydanı qəbul etməklə, ona əməl etsin.
Başlanğıcdan məqalə Ruhiyyəni çox cəlb
etdi, müəllif maraqlı fikirlər irəli
sürürdü, ümumi nəticələrə gəlməyə
can atmaqla yanaşı, dövrün, zamanın aktual problemlərindən
yan keçməməyə də
çalışırdı. Yaxşı haldır
ki, elmi ideyalar kiçik naxış şəklində verilsə
də, mahiyyətə xələl gətirmədən
yazının vəzninin artmasına kömək edirdi. Çoxdandı ki, o, milli mətbuatda belə məzmunlu
tədqiqat cəhdinə rast gəlməmişdi və bu, onun
oxucu marağını daha da artırdı. Məqalənin davamı onun rəyini nəinki dəyişdirmədi,
əksinə, daha da möhkəmləndirdi.
Təkamül
ardı kəsilməyən dəyişikliklər
dövrüdür, bəşəriyyət bütün tarixi
boyu əsasən inkişaf prosesi ilə yanaşı, büdrəmələrə
də məruz qalmış, meyvə və kök
yığanlar, dəniz ovu edənlər kimi ibtidai insanlardan
müasir sosiumun üzvlərinə çevrilmişdir. Hisslərində indiki bəşər övladı
qədim əcdadlarına bənzəsə də, həyat tərzində
və düşüncəsində onlardan kəskin sürətdə
fərqlənir. Axı bütün
müasir xalqları təşkil edən insanlar tarixdən əvvəl
mövcud olmuş öz köklərindən xeyli fərqlənirlər,
bu da təkamülün onların üstünə vurduğu
damğalardan biridir.
Təkamül təkcə insanlara deyil, həyatda rast gəldiyi
hər şeyə öz təsirini göstərmişdir. Bəzi dəyərlər
daha yüksək qiymətləndirildiyi halda, bir qədər əvvəl
mahiyyətinin vacib olduğu hesab edilənlər öz əvvəlki
nüfuzunu itirməyə, gözdən düşməyə
başlamışdır. Müəllif
vaxtilə dəbdə olan qalın kitabların istifadəyə,
demək olar ki, yaramadığını göstərir.
Alim adına yiyələnmək istəyənlər,
pulla diplom alanlar bura daxil deyildir, onları yalnız
çıxarış əldə etmək üçün
oxuyurlar. Çünki onlar yeni bir söz deyə
bilmirlər, belə çıxarışdan istifadə etməsələr,
yazdıqları heç nəyə yaramayacaqdır. Onlar anadangəlmə yorulmuş
ağıllarını bununla ört-basdır edirlər.
Bədbəxtlikdən, fikir də
ucuzlaşmağa başlamışdır. Nəyə rast gəlirsənsə, haradasa onu
oxuduğun yada düşür. Biotexnologiya
təfəkkürün orijinallığına daha çox
kömək edir. İş o yerə
çatmışdır ki, üfüqdə süni
insanın yaradılması görünür. Görən buna Allahın reaksiyası necə
olacaqdır? Bəlkə də, yenə
insana COVİD-19 kimi "hədiyyələr" göndəriləcəkdir.
Müasir dövrdə Platonu, Aristoteli, Bekonu, Erazm
Rotterdamlını, Kantı, Berdyayevi axtarmaq da
ağılsızlıqdır. Kissincerin, Bzejinskinin
peyğəmbərlikləri də yarım əsr sonra öz
süqut dövrünü yaşayır. Frensis Fukuyama,
tarixin başa çatması barədə öz irəligörməsi
baş tutmadığından, onu düzgün
anlamadıqlarını əsas gətirir. İndikilər
yalnız özünün qurduğu ssenari əsasında
düşünməyə üstünlük verirlər, sonra
nəsə öz dediyi kimi alınmasa, başqa bir ssenarisində
də belə variantı söylədiyini israr etməyə
başlayırlar.
Əsas məsələ nəşr olunmaqdır. Cildlərlə
kitab buraxmaq lazımdır, qoy lap başlanğıcdan o,
yalnız makulatura təyinatlı olsun. Ona
görə də ictimai elmlər qiymətdən
düşür. Hamı "tarixi həqiqət"
ovuna çıxır, bununla kiminsə gözünə girmək,
bəlkə də, var-dövlət də qazanmaq olar. Böyük vəzifə sahibləri
kürsünü zəbt edəndən sonra ildə cild-cild
kitab nəşr etdirdiyi halda, səlahiyyətdən
uzaqlaşdırıldıqdan sonra qısır buludu, susuz dəyirmanı
yada salırlar. Onlar əsasən
panegirikadan vəzifəni qoruyub saxlamaq üçün istifadə
edirdilər, lakin bazarda izafi təklif yarandığından
"zəhmətləri" bir müddət sonra fayda vermədi.
Həm də özünü "elm adamı" kimi qələmə
verənlərin iç üzü açıldı, mimikriya
uzun müddətli valyuta rolunu oynaya bilmədi.
Vəzifə sahibləri öz kürsülərinə
görə təhlil, analiz ustaları hesab olunurdu, onların
analitik dünyabaxışları, kreativ qabiliyyətləri tədqiq,
tərif obyektinə çevrilirdi. Onlar cılız əsərlərində
guya "inkişaf strategiyaları" cızırdılar,
lakin bu xidmətləri də heç nəyə yaramadı.
Surroqat müəlliflərin yaratdıqları
söz bolluğu vəzifə sahiblərinin yalnız
özmüəllifliyi adı altında kitab buraxmaqdan uzağa
getmədi, çünki çərənləməni nəsə
adlandırmaq olur, lakin onu elm mənbəyi kimi qələmə
vermək mümkün deyildir.
Yığcam yazı naşı müəlliflər
ordusunu çoxalması ilə sıradan çıxdı,
axı buna Dikkens, Qoqol, Çexov, Cəlil Məmmədquluzadə
istedadı lazımdır. Primitiv kitabları
oxuyan sıravi oxucu həqiqətən də özünün
kitab müəllifindən savadlı olduğu qənaətinə
gəlir. Onda görən belə kitablar nəyə
lazımdır, onların nəşri vəzifə sahibinə
xidmətdən başqa hansı bir məqsədi
güdür? Həmin vəzifə sahibi həm
də özünü kreativ şəxs hesab edir, qoy
başqaları da onun özü barədəki rəyi ilə
razılaşsın, axı o, uzun illərdir ki, yüksək
vəzifəni zəbt etmişdir, həm də sağlam suyu
olan çayın axınını dayandıran beton bəndə
çevrilmişdir.
Ümumiyyətlə, yazı ucuzlaşmışdır. Əvvəllər
onu yazan buna vaxt sərf edirdi, öz intellektini işə
salırdı. İndi isə müəlliflərin
çoxunun sərəncamında muzdlu qələm sahibləri
vardır. Əgər Rusiya yürüşündə
Napoleon ordusunun yarısı başqa xalqlardan olanlar idisə,
müəllifin nəzarətində və xidmətində
olan "qələm sahibləri sürüsündəkilər"
bircinsli olmaları ilə, əslində özlərinin qul
xislətləri ilə seçilirlər.
Yəqin hamı müşahidə edir ki, kitablar həddən artıq çoxdur; bir potensial oxucuya bəlkə də heç vaxt oxunmayacaq min kitab düşür. Axı əsl qələm sahibləri sözə obraz kimi, sözün tamaşası kimi baxırdılar. İndi isə həm kompüterdə yazının asan başa gəlməsi, həm də səviyyəsi o qədər də yüksək olmayan surroqat müəlliflərin məzmunsuz kitablarının çoxluğu, bütövlükdə mütaliəni də hörmətdən salmışdır. Tək yazı deyil, bərkdən tələffüz edilən söz də ucuzlaşmışdır. Bəziləri susmaq əvəzinə, danışmaqla öz biabırçı səviyyəsini nümayiş etdirir. Sözü saxlaya bilməmək xəstəliyi çox artdığından, epidemiya xarakteri daşıyır. Əxlaqında qüsur olanlar mənəviyyat dərsi verir, savadsızlığını ört-basdır etmək lazım olduğu halda, çirkli qalstuk paltarı korladığı kimi, səviyyəsiz çıxış da özünü nişan vermək vasitəsi sayılır. Belələrinin gözündə məqsəd vasitələrə haqq qazandırır.
Əvvəllər yazandan qabaq fikirləşmək lazım gəlirdi, axı düzəliş edib, yazının üzünü köçürmək artıq əziyyət hesab olunurdu. İndi yazı vasitəsi dəyişmişdir. Əvvəllər xoşagəlməyən yazı cırılırdısa, indi onu haradasa dərc etdirmək imkanı tükənməzdir. Yazıya münasibət də dəyişmişdir. Axı lələk qələmindən avtoqələmə keçilmişdir, bu da yazıya daha çox dərəcədə qeyri-ciddi yanaşmanın yaranmasına gətirib çıxardı.
Siyasət özü də çoxlarının çörək qazanmaq tarlasına çevrilmişdir, öz sözləri, bəyanatları üçün məsuliyyət daşımayan icmalçılar, politoloqlar meydana gəlmişdir. Onların reallıqdan uzaq olan çağırışları çox vaxt dövlətin apardığı tarazlaşdırılmış siyasətə nəinki kömək edir, hətta çox hallarda ona ziyan vurur. Yaxşı ki, dövlət siyasəti çılğınlıqdan uzaqdır, xalqın mənafeyinə xidmət göstərməsini davam etdirir, öz sınaqdan çıxmış məhvərindən kənara çıxmır, ziyan vuran daşqın əmələ gətirmir.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2022.- 18 iyun.- S.22.