Qaramuraddan Turana yayılan poetik nəfəs
DƏYƏRLİ
ŞAİRİMİZ SAHİB CAMALIN ÖZÜ VƏ
SÖZÜ HAQQINDA QEYDLƏR
1977-ci ilin ilıq bir payız günü idi. Mən Gəncə Dövlət
Pedaqoji Universitetinin (o zamankı H.Zərdabi adına
KDPİ-nin) Filologiya fakültəsinin II kursunda oxuyurdum. İnstitutda "Pöhrə" adlı ədəbi
dərnək fəaliyyət göstərirdi. Mən də həmin dərnəyin üzvü idim.
Dərnəyə I kurs tələbəsi Sahib
Camal da təşrif gətirmişdi. Orta
boylu, xoş simalı, utancaq, təvazökar bir gənc idi.
Dərnəyə təzəcə üzv
olmuşdu. Bir neçə şeirini oxudu.
Hamının xoşu gəldi. Oxuduğu şeirlərdən biri indi də
yadımdadır. Məhəbbət mövzusunda qələmə
alınmış poeziya nümunəsi belə
başlayırdı:
Həsrətə
sinəmdə yanar köz dedim,
Yazıq
ürəyimə daha döz dedim,
Sənə
könül açdım, sənə söz dedim,
Özüm
də bilmədən batdım günaha,
Mən səni sevmirəm, sevmirəm daha.
Beş bənddən ibarət bu şeiri institut tələbələrinin
çoxu əzbərləmişdi. Sahiblə o gün tanış
olduq. İstedadlı bir gənc olduğunu
gördüm. Tanışlığımız
çox keçmədən dostluğa çevrildi. İndi onunla dostluğumuzun yaşı 45 ilə
çatır. Doğrudur, Sahib müəllimin
yaşı indi 64-ü haqlayıb. Ancaq nədənsə
o, mənim nəzərimdə tələbəlik illərində
gördüyüm təvazökar, utancaq gənc kimi qalıb.
Sahib müəllim zahirən sakitdir, çox
danışmağı da sevmir. Ancaq əsl təlatüm
onun daxili aləmindədir. Onunla yaxından tanış olduqda qaynar, təlatümlü,
coşub-daşan təbiətə malik bir insan olduğunu
görürsən. Bəzən bir insan, bir vətəndaş,
bir istedad sahibi, türk qanlı bir şəxsiyyət kimi onun
daxili çılğınlığı öz məcrasına
sığmır, bu məcranı aşıb-daşan
coşqun bir nəhrə çevrilir. Qarşımızda
həqiqətə, vətənə, xalqa, sevgiyə, gözəlliyə,
həyata, insanlığa təşnə bir şair-vətəndaş
canlanır. Şeirə, bəndlərə, misralara
çevrilən də elə Sahib müəllimin
bu şair-vətəndaş təşnəliyidir, batini həqiqətidir.
İnsan, vətəndaş və şair "mən"idir.
Ona görə də onun hər bir şeiri bir qəlb
çırpıntısının, həqiqət
yanğısının, vətən eşqinin, həqiqi
aşiqliyin, xalq sevgisinin, hürriyyət düşüncəsinin
bəyanı, harayı kimi ortalığa çıxır.
S.Camal hay-küysüz, sakit, lakin mənalı bir
ömür yaşayıb. O, özünü reklam etməyi,
gözə soxmağı, şöhrət dalınca
qaçmağı sevmir. Sadəcə öz
işini görür. Onun reklamsız
ömür dünyasını, həyat amalını
çox dürüst şəkildə ifadə edən bir
şeiri də vardır. Bu şeiri o, 50
yaşının tamamında yazıb:
Bir kəlmə
söylədib dindirəni yox,
Alışan
qəlbini söndürəni yox,
Quruca bir
təbrik göndərəni yox
,Bir
şair çatıbdı əlli yaşına.
Sahib müəllim Azərbaycanımızın
gözəl bir parçası olan Gədəbəy rayonunun
Qaramurad kəndində dünyaya göz açıb. Onun
üçün vətən anlayışı da elə bu
doğma kənddən başlayır:
Bu mənəm,
həmin Sahibəm,
Salam, Qaramurad kəndi.
Atan olsam,
olarsanmı
Balam Qaramurad kəndi?
Gül-çiçəkdən,
bağdan elim,
Daş-qayadan,
dağdan elim,
Ağban
yurdum, ağban elim,
Qalam, Qaramurad kəndi.
Ancaq məkani
anlamda çıxış nöqtəsi Qaramuraddan
başlayan Vətən şair üçün getdikcə
böyüyür, sərhədləri Həmədandan Dərbəndə,
Göyçədən, Borçalıdan Xəzər dənizinə
qədər olan bir məkana, böyük Azərbaycana
çevrilir. O, bu məkanda olan hər daşa, ağaca,
qayaya, çaya, bulağa, bir sözlə, hər nə varsa,
ona Vətən kimi baxır. Ancaq Azərbaycan
şairin birinci vətənidir. Onun ikinci vətəni
də vardır. Bu, böyük Turan
coğrafiyasıdır. Onun şərq
hüdudları Altaylardan başlayıb qərb
hüdudları Balkanlara qədər geniş bir coğrafiyanı
əhatə edir. Ümumiyyətlə, sənətkarın
Vətən anlayışında birinci vətənlə
ikinci vətən qovuşmuş şəkildədir və
biri digərini tamamlayır. Şair hər
iki vətənin sevdalısı, məftunudur. Və həm də onun dünyasında vətənə
mücərrəd baxış yanlış bir amal kimi dərk
edilir. Quru bir adla vətəni sevmək,
"vətən, vətən" - deyə quru hay-küy
salmaq vətənsizlikdir. Vətən və
yurd idealından məhrumluqdur. Şairə görə vətənpərvərlik
qəlb yanğısı ilə müşayiət olunan ilahi
bir duyğu, əməllə təsdiq olunan müqəddəs
bir həqiqətdir:
Böyük
Turanın içində,
Vətən quru bir ad deyil.
Təkcə
Şınıx, ya Gədəbəy,
Nə də Qaramurad deyil.
Şairə
görə Kərkükdə yanan bir kənd də, Təbrizdəki
bir qocanın nisgili də, Dərbənddəki
"ruslaşdırma" siyasəti də, yağı
tapdağına çevrilmiş Göyçə də vətən
harayından, yurd dərdindən xəbər verir. Müəllif vətənpərvərlik
amalını bu idealla, bu məfkurə ilə oxucuya təqdim
edir. Həm də bu təqdimatın arxasında, siqlətində
dəruni bir təlqin, çağırış, həyəcan,
üsyankarlıq vardır:
Odu,
yanır bir kənd, odu,
Sinəmdədir
bir bənd odu...
Kərkük,
Təbriz, Dərbənd odu,
Mən
yandığım bir od deyil!
Sahib müəllimin vətən sevdasında
Türkiyənin də ayrıca yeri vardır. Çünki
Tükiyə türk qanı daşıyan hər kəsin,
bütün türk dünyasının qibləsi,
ümidgahıdır. Canlı orqanizmə
bənzər türk aləminin başı
timsalındadır. O, hamıya, hər kəsə, hər
bir türk qanı daşıyan bəşər
övladına gərəkdir. Hər kəs öz yurdunun
bayrağı kimi Türkiyənin bayrağını da ürəyinin
başında gəzdirməlidir:
Yumşağımın,
kövrəyimin,
Hər
anımda gərəyimin,
Bayrağını
ürəyimin
Sanc
başına, sanc, Türkiyə!
Tanrının yaratdığı bir bəşər
övladı, istedad verdiyi bir şair, yerini-yurdunu, taleyini Azərbaycan
torpağı ilə bağladığı bir vətəndaş
kimi S.Camal azadlıq təşnəsi, hürriyyət
aşiqidir.
Bir insan, bir şair, bir vətəndaş kimi azadlıq onun
üçün hər şeydir: bəxtiyarlıqdır,
gözəllikdir, insanlıqdır, ucalıqdır, tale
uğurudur, şərəfdir, qüdsiyyətdir. Köləlik isə rəzalətdir, zillət və
bədbəxtlikdir. Həm də azadlıq
şairin həyat, ömür fəlsəfəsində
yalnız fərdin, şəxsi bir insanın hürr
yaşayışı kimi dərk edilmir. O, geniş məfhumdur.
Miqyası da, ölçüsü də,
çalarları da, fəlsəfəsi də geniş və
çoxrənglidir. Bunlar fərdin
azadlığından başlayıb vətənin, xalqın,
toplumun azadlğına qədər uzanır. Həm cismani, həm mənəvi, həm ruhani
keyfiyyətləri, həm də söz, fikir və
düşüncə azadlığını əhatə
edir. Şairin azadlıq yanğısı
da bu çoxsaylı, çoxlaylı səbəblərdən
doğur. Qəlbin, ruhun və sözün
istəyinə çevrilir. Bədii ifadənin
özündə, sözlərin seçimində və
düzümündə də bu yanğı bir
hayqırtıya, nidaya çevrilir:
Yan bir az, ocaqlaş, ocaqlaş!
Çıx
dibdən, bucaqlaş, bucaqlaş!
Dur, mənlə
qucaqlaş, qucaqlaş!
Azadlıq!
Azadlıq! Azadlıq!
İçində,
çölündə ölümüm!
Dirində,
ölündə ölümüm,
Gəzirsən
əlində ölümüm,
Azadlıq!
Azadlıq! Azadlıq!
Sahib dərd, kədər şairidir. Onun
qəmi dünyanın, yaşadığımız həyatın
özünün təbiətindən, əzab yükündən,
xeyirlə müxalifətindən, şərə rəvac verən
siqlətindən doğan, nəhs gedişindən doğan qəmdir.
Bu qəmin ölçüsü, miqyası da
böyükdür. S.Camal da bir şair və
bir insan kimi bir ömürdür ki, dərd yükü
daşıyır, kədər yolçuluğu edir. O,
suyu, çörəyi, havası, bir sözlə, mayası əzabdan,
ağrıdan, nisgildən yoğrulmuş dünyanın dərd
müsafiri kimi dünyayla ömürlük müxalifətdədir.
Ancaq şair bir dərd şairi olmaqdan da bezmir,
usanmır. Əksinə, dərdini sevir,
ona maildir, onunla həmdərddir. Dərdinə,
qəminə bağlı şairdir. Sahibin dərdə
münasibətdə həyat fəlsəfəsi belədir:
Əgər dünyanın dərdinə şairlər də
sahib çıxmasa, bu dərdi kim
daşıyacaq, onun cəfakeşi kim olacaq? Onun
dərdini sevməsi də bu səbəblərlə
bağlıdır. Həm dərd, həm də onun sevgi
yükü Sahib özünü dərk
etməyə başlayandan ömrünün sonuna qədər
onunla aşinalıq missiyasındadır:
Yaralarım
görünməyən bir əllə
Sarınandan mən dərdimi sevirəm.
Ayaqüstü
sevinc gəlib dərdimə,
Yaranandan mən dərdimi sevirəm.
Sahib məhsuldar bir yaradıcılıq ömrü
yaşayıb. Onun indiyə qədər ona
yaxın şeir kitabı işıq üzü görüb.
Yalnız 2021-ci ildə onun üç
sanballı şeir kitabı işıq üzü
görüb. Həmin kitablar bunlardır: "Mən dərdimi
sevirəm", "Qaldır kirpiyini, gözünü
görüm", "Qaçaq Şamil". Əvvəlki
iki kitaba müəllifin son illərdə yazdığı
lirik şeirləri toplanıb. "Qaçaq
Şamil" isə iri həcmli poemadır. Epik planda qələmə alınmış bu əsəri
mənzum roman da adlandırmaq mümkündür. Burada igid, qorxmaz bir Azərbaycan övladı olan
qaçaq Şamilin ömür yolundan,
qaçaqçılıq həyatından
danışılır. Onun tale yolu cəngavər,
mərd bir Azərbaycan övladının ömür salnaməsi
kimi təqdir edilir.
S.Camalın yaradıcılığında diqqəti cəlb
edən bir cəhət də onun xalq şeirinə
bağlılığıdır. Bu məziyyət onun
poeziyasının həm janr çeşidində, həm
ruhunda, həm də dil-üslub xüsusiyyətlərində
özünü aydın şəkildə büruzə verir.
Onun şeir dili duru, saf, şirin və
axarlıdır. Aşağıdakı nümunədə
olduğu kimi:
Çöl
qabanı, dağ keçisi dirildi,
Cüyürlərin
göy küçəsi dirildi,
Gör səsinə,
gör neçəsi dirildi,
Olan oldu, ölən öldü səsinə.
Sahib müəllimə yeni-yeni
yaradıcılıq uğurları arzu edirəm. Qədirbilən
Azərbaycan oxucusu isə S.Camaldan yeni-yeni şeirlər
gözləyir.
Yaqub
BABAYEV
Filologiya
üzrə elmlər doktoru
525-ci qəzet.- 2022.- 18 iyun.- S.20.