Vyanadakı eşqin ayaq izləri
Səhər saat yeddidə oyandım. Halbuki ən tezi saat doqquzda oyanmaq
düşüncəsilə yatağa girmişdim.
Kölndən Vyanaya on saatlıq
yol məni xeyli yormuşdu. Yolboyu yağan aramsız yağış da məndə ayrı bir gərginlik yaratmışdı.
Yuxudan oyanan kimi pərdəni açıb qurğuşun
rəngli səmaya baxdım. Yağış dayanmışdı. Hava çox da pis
görünmürdü. Günəş çıxsaydı, Vyana daha da
rəngarəng olacaqdı.
Uzaqdan Müqəddəs Stefan kilsəsinin
qülləsi görünürdü.
Gözüm düz pəncərənin
yanındakı güzgüyə
sataşanda ürkdüm.
Gözlərim şişmişdi, saçlarım dağınıq
idi. Birdən ağlıma gəldi
ki, özümlə daraq götürməmişəm.
Duş qəbul etsəm də, bu buruq,
dağınıq saçlarla
bayıra çıxmaq
mümkün deyildi.
"Daraq, daraq" deyərək hamama tərəf getdim. Halbuki bir həftədir məni narahat edən başqa problemlər də var idi. Düz bir ay əvvəl Vyanada kitabların təqdimatı üçün nəşriyyata sifariş vermişdim, ancaq kitablar hələ də Vyanaya çatmamışdı. Ukrayna-Rusiya müharibəsindən bəri hər gecikmənin səbəbi olaraq müharibə göstərilirdi. Bir həftə idi ki, streslə bağlı yuxum da ərşə çəkilmişdi. Siz kitab təqdimatına gedirsiniz və təqdim ediləcək kitabınız yoxdur! Hətta o an salonda olmayan kitabdan danışmağın xəyalı belə bütün bədənimi ürpədirdi. Allahdan Vyana ilə həmsərhəd Slovakiyadakı mətbəədən ismarladığım kitabları iki günə çatdırmağı söz verdilər. Bu gün kitablar kuryer vasitəsilə təqdimat yerinə gətiriləcəkdi. İnşallah səhv getməzdi! Belə anlarda həmişə anamın səssiz dualarına sığınardım: "Allahım, bəndənə də əl uzat!"
Tez duş aldım, saçlarımı qurutdum və qıvrılmış saçlarımı barmaqlarımla düzəltməyə çalışdım, lakin mümkün olmadı. Nə zaman ki, səbirsiz hərəkət etsəm, həmişə belə olurdu. Artıq uğursuzluqları düşünmədən özümü çölə atdım. Diqqətimi çəkən bir-iki ticarət mərkəzinə gedib daraq axtardım. Nədənsə daraq tapa bilmədim. Sanki Vyanaya daraq üçün gəlmişəm deyə düşünərək güldüm. Darağı tamamilə unutmaq ən yaxşısı idi. Belə rəngsiz havada kim kimin üzünə baxırdı ki?!
Oteldən qülləsini gördüyüm Müqəddəs Stefan kilsəsinin qarşısına gəldim. Qurban Səid hər iki kitabında buraları qeyd etmişdi. O vaxtlar buradakı kafelər daha cazibədar idi. Bu kafelərdə tez-tez təkəbbürlü aristokratlar və yeni varlanmağa başlayan insanlar tərəfindən təşkil edilən maskarad əyləncələri və rəqslər keçirilirdi. Kilsənin düz qarşısındakı kiçik bir mağaza diqqətimi çəkdi. Mağazanın adı "Knize" idi. Maraqlıdır, "Knize" "Kenize" adındanmı gəlirdi görəsən? Dükanın sağ tərəfində İran şahı Qacarın qılınc və aslanlı gerbi, sol tərəfində isə türk bayrağı olan Osmanlı sultanının monoqramı vardı. Maraqla içəri girdim. Uzun boylu, qamətli, zərif bir xanım məni öz şirin Avstriya ləhcəsiylə görən kimi "Grüss Got" deyərək (Allahın salamı olsun!) dedi. Ondan mağazanın üzərindəki simvolların nə demək olduğunu soruşdum. Qadın məni parlaq cilalanmış taxta pilləkənlərə tərəf dəvət etdi. İçərisi müharibədən əvvəlki mebellərlə bəzədilmişdi. Bir neçə cansız modelin üzərində kişi paltarı vardı.
"Bizim mağazamızın
200 illik yaşı var" - dedi. Nəsrəddin şah 1872-ci ildə
buraya gələrək
sifarişlər verirmiş.
Ondan sonra isə bir Osmanlı
şahzadəsi..."
Dükanın divarlarına, şüşə
piştaxtasına heyranlıqla
baxaraq zərif xanımın poetik söhbətinə qulaq asdım. Keçmişlə gələcək birləşəndə hər
şey gözəlləşirdi.
Bəlkə də mənə
elə gəlirdi.
Mağazadan çıxanda "Herrenqasse"yə
girdim. "Gasse"
almanca dar küçə deməkdir.
Avropada hələ də at arabalarının keçməsi
üçün tikilən
dar və uzun küçələr
necə var, eləcə də qalırdı. Sən demə,
bu ensiz uzun küçə "Bəylər küçəsi"
imiş. Qurban Səidin həyat yoldaşı Erika ilə yaşadığı ev hardasa buralarda olmalı idi. O, bu küçəni
xüsusilə "İstanbullu
qız" romanında
və hələ çap olunmamış
"Eşqdən anlamayan
adam" əsərində xatırladırdı.
Küçənin bir
ucunda "Central Cafe"ni görəndə daraq məsələsini və kitab təqdimat
məclisini unutmuşdum.
Kafeyə tərəf addımladım.
Qurban Səid daha çox bu kafedə
otururmuş. İçəri girəndə sanki başqa zamana girmişdim. Stollar, stullar,
qoz ağacından dəzgahlar, hər şey eyni idi.
Sanki ofisiantlar belə başqa zamandan işınlanıb
gəlmişdilər. Az qala ofisiantdan Qurban Səid haqqında soruşacaqdım. Qurban Səidin otura biləcəyini zənn etdiyim masada
oturdum. Avstriyalılar türk paxlavasını
təqlid edərək
"Apfelstrudel" adlı
desert hazırlayırlar. Ofisianta bir qəhvə və qat-qat almadan hazırlanmış
deserti sifariş etdim. Qəhvə və desertim
gələnə qədər
kafeni müşahidə
etdim. İki yaşlı ər-arvad
yan-yana oturub ruslara qarşı atıb-tuturdular. Ukrayna müharibəsi
avropalıları dəhşətə
gətirmişdi. "Çar" və
"Putin" adları hər
iki cümlədə ən az
bir dəfə hallanırdı. Qurban Səid bolşevizmə
nifrət edirdi, lakin monarxizmə inanırdı. O, hətta
rus çarının Avropadakı
son nümayəndələrindən olan Qrandük (Hersoq) Sirildən aldığı medalı
yaxasına taxıb, başında Qafqaz qoyun dərisindən olan papaqla alman
cəmiyyəti arasında
özünü göstərərmiş.
"Apfelştrudel" bizim paxlavalar kimi şirin olmasa da, ləzzətli
idi. Qəhvədə isə
keçmişin bir az acı
dadı vardı. Avstriya əsgərləri Mustafa Paşanın
çadırını ələ
keçirəndə kiçik
qəhvə paketlərinə
rast gəlmişdilər
və hətta bunun nə olduğunu
bilməmişdilər. Sonra qəhvənin dadına baxanda bizdən daha çox qəhvə içən oldular.
Qarşımda Qurban Səidin vəfasız həyat yoldaşı Erikaya bir az oxşayan arıq, ağbəniz, uzun boyunlu bir qız
"Motsart" şokoladı
yeyirdi. Vyanaya gələn turistlərin
özləri ilə götürdükləri ən
mühüm hədiyyə
ya "Motsart" şokoladı, ya da "Motsart" tortu olurdu.
Kafedən çıxan kimi tarix qoxuyan evlərin
arasından Hofburqa doğru addımladım. Yolda Habsburq
xanədanına məxsus
at tövləsi var idi. Kralın atlarına burada
baxırdılar. Tavandan nəhəng
qanadlı at heykəli
asılıb. Ola bilsin ki, bura
Qarabağ atları da gətirilibmiş.
On dəqiqə piyada
getdikdən sonra Hofburq sarayına çatdım. Sarayın qarşısında türklərə qarşı
Vyananı müdafiə
edən şahzadə
Yevgeninin nəhəng
heykəlinə belə
baxmadım. Ayaqları altında
Osmanlı əsgəri
olan bu heykəl
türk nifrətini gənc nəsillərə
ötürməyə davam
edirdi.
Hofburq sarayı
1654-cü ildə barokko
üslubunda tikilmişdi. Məşhur fransız kraliçası
Mari Antuanetta bu sarayda doğulubmuş.
O, 15 yaşında möhtəşəm
bir toyla buradan ayrılsa da, XVI Luisdən çox da razı
deyildi. "Çörək
tapmırlarsa, tort yesinlər"
ifadəsinin doğrudan
da ona məxsus
olub-olmadığı bilinmir.
Lakin
1793-cü ildə lüt
soyundurularaq başı
gilyotinin altına qoyulanda onun hələ də alman qüruru ilə ətrafına baxmağa davam etdiyi nəql edilir.
Qurban Səid
1930-cu illərdə həyat
yoldaşı Erika və
dostları ilə tez-tez bu saraya
gəlirmiş. Bu sarayda
keçirilən konsertlərin
daimi izləyicilərindən
olan Qurban Səid ən gözəl romanlarından
biri olan "İstanbullu qız"da da Hofburqdan bəhs
edir. Hofburqdakı konsertə Osmanlı
şahzadəsi Əbdülkerim
də qonaq kimi gəlibmiş. Gecə gec saatlarda Hofburqdan
ayrılırlar. Yer qarla
örtülüb. Maşınların
dayandığı qaranlıq
yerdə Aziyadə, Şəhzadəyə ərinin
dostu Dr.Kurza işarə edərək türkcə belə deyir:
"Əlahəzrətləri! Ərim
qonşu otaqda olarkən bu adam məni
zorla öpməyə
çalışdı".
"Şahzadənin əlindəki
papaq yerə düşür. Gözləri qəzəbdən parlayır, dodaqları titrəyirdi. Dr.Kurzun üzünə
yumruq ilişdirdi.
Sonra qısa, güclü zərbələr yağış
kimi yağmağa başladı. Ayın soyuq
işığı altında
Şəhzadə çöllərdə
gecələr ov edən boz qurda
bənzəyirdi".
Hofburq sarayının
qarşısında dayandım və sanki
boz qurda dönüb qürbətdə paşanın
qızını müdafiə edən Osmanlı şəhzadəsinin
o döyüşünü
yenidən görmüş kimi hiss etdim.
Qurban Səid
və onun ruhu burada idi. İnsan
ölərmiş, amma onun
sənətdəki möhürü heç vaxt ölməzmiş.
Xəyanətə məruz qalaraq, son romanının adını "Eşqdən
anlamayan adam" qoysa da, onun
Ninoya olan sevgisinin izləri hələ də Vyanada yaşayırdı.
Orxan Aras
525-ci qəzet.- 2022.- 18 iyun.- S.19.