Fədakar alim ömrü
AZƏRBAYCANDA
GENETİKA ELMİNİN BANİSİ, BİOLOGİYA
ELMLƏRİ DOKTORU, PROFESSOR MİRƏLİ AXUNDOVUN ANADAN
OLMASINDAN 120 İL ÖTÜR
Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi
"İsgəndərnamə" poemasında yer kürəsinin yaranması, insanın əmələ gəlməsi,
digər canlıların
mövcudluğu ilə
bağlı əsrlər
boyu insanları düşündürən sualı
belə cavablandırmışdı:
"İlahi varlıq
(Allah) insanı müəyyən
çərçivədə xəlq edib ki, o, müəyyən tezlikdə olan səsi eşidə bilsin, müəyyən məsafəni görə
bilsin və s. O cümlədən, müəyyən səviyyədə
biliklər əldə
etmək imkanı olsun ki, ilahi
bilgilər, həmçinin,
dünyanın, insanın,
digər canlıların
yaranması haqda olan həqiqətlər ona həmişə sirr olaraq qalsın".
Bəlkə də fəlsəfənin
ən böyük sualının cavabı böyük həmyerlimizin
aydın zəkasından
süzülərək hələ
neçə əsr bundan əvvəl bütün təfərrüatı
ilə deyilib. Ancaq insanlar hələ də bu cavabı
axtarır, niyə, nə zaman, necə kimi suallarla müxtəlif ünvanlara müraciət
edir, kompüterdən
arxeoloji qazıntılara
kimi çoxşaxəli
məlumat mənbələrindən
yararlanmaqla Nizami Gəncəvinin az qala 1000 il əvvəl
izah etdiyi həqiqəti dərk edənədək usanmadan
axtarırlar. Ona görə
də, dünyada ən çox ehtimallar, fərziyyələr,
fikirlər bu sahədədir desək, bəlkə də yanılmarıq. Bu cavablar
arasında elə möhtəşəmləri olmuşdur
ki, bəşəriyyətin
elm sükanını döndərə
bilmiş və böyük bir elm məktəbi
yaratmışdır.
Belə parlaq araşdırmalardan birini təkamülü biologiyanın əsas konsepsiyasına çevirmiş
məşhur ingilis alimi Çarlz Darvin (1809-1882) edib. O, təkamül
nəzəriyyəsinə riyazi
(deməli, həm də elmi) əsas
verərək təbii
seçmənin təkamülün
əsas mexanizmi olduğuna dair elmə yeni geniş konsensus gətirib. Bütün dünya elmində inqilabi dəyişikliklərə
səbəb olan "Növlərin mənşəyi"
kitabı ilə populyasiya genetikası və müasir təkamül sintezinin əsasını qoyan Çarlz
Darvin çağdaş
biologiya elminin ən görkəmli nümayəndələrindən sayılır. Bu gün təkamül nəzəriyyəsinə münasibət
birmənalı olmasa da, etiraf etmək
lazımdır ki, həmin konsepsiya 100 ildən artıq müddət ərzində
bütün dünya ölkələrində ən
çox öyrənilən,
tədris edilən, istinad olunan elm olub, dünyanın bütün qabaqcıl universitetlərində Darvinizm adlı kafedra, muzey, kabinet və digər elm mərkəzləri yaradılıb,
bu sahədə çox dəyərli tədqiqatlar aparılıb,
görkəmli alimlər
yetişib, təkamül
nəzəriyyəsi ilə
bağlı on illərlə
beynəlxalq elmi konfranslar, simpoziumlar, qurultaylar keçirilib. Çox fərəhli haldır
ki, bizim ölkəmiz də bu nəhəng elm nəzəriyyəsindən kənarda
qalmayıb, Azərbaycan
öz görkəmli alimləri, Darvinizmə verdiyi elmi töhfələri
ilə beynəlxalq səviyyədə qabaqcıl
elm mərkəzlərindən biri olub. Dünya şöhrətli
Mendel, İohansen, Hardi,
Vaynberq, Çetverikov,
Rayt kimi nəhəng Darvinçi alimlərin ırasında Azərbaycanın
Mirəli Axundov kimi böyük bir ziyalısı, görkəmli alimi olub.
Bu il həmin görkəmli
alim, pedaqoq, Əməkdar elm xadimi və Əməkdar müəllim, Azərbaycanda
genetika elminin banisi, biologiya elmləri doktoru, professor Mirəli Abdulla oğlu Axundovun anadan olmasının 120 ili tamam olur.
Mirəli Axundov 1902-ci ildə Şəki şəhərində
dünyaya gəlib. İbtidai təhsili
orada aldıqdan sonra 1919-cu ildə Azərbaycan Müəllimlər
Seminariyasına daxil olub. 1923-cü ildə seminariyanın 8 nəfərdən ibarət
ilk məzunlardan biri də Mirəli Axundov idi. O,
1923-1926-cı illərdə Zaqatala şəhər ibtidai məktəbinin müdiri və Zaqatala sənaye və kənd təsərrüfatı texnikumunda
müəllim vəzifəsində
çalışıb. 1926-cı
ildə Bakı Dövlət Universitetinə
daxil olub və 1930-cu ildə biologiya ixtisası üzrə bitirib.
1932-ci ildə Moskva
Pedaqoji İnstitunun genetika ixtisası üzrə aspiranturasına
daxil olub, məşhur genetik alimlərdən A.S.Serebrovski
və N.K.Koltsovun rəhbərliyi altında
xromosomlarda krossinqover hadisəsini tədqiq edib. O, sonralar tədqiqatlarını
ev quşlarının
növ və cins tərkibinin genetik cəhətdən öyrənilməsinə və
ontogenezdə genetik proqramın realizə olunmasına bioloji aktiv maddələrin təsirini öyrənməyə
həsr edib.
Mirəli Axundov 1937-ci ildə Bakı Dövlət Universitetində ilk dəfə
Genetika və darvinizm kafedrasını yaradıb, 1937-1949-cu və
1959-1988-ci illlərdə həmin
kafedraya rəhbərlik
edib və onun nəzdində Zaqafqaziyada yeganə olan və hazırda
onun adını daşıyan "Təkamül
təlimi" muzeyini təşkil edib. Onun elmi
yaradıcılığının əsas incisi isə XI-XIX əsrlərdə
Azəbaycanda bioloji fikrin inkişafı tarixinin tədqiq edilməsidir. Müəllif faktlara əsaslanaraq sübut edib ki, Nizami, Füzuli,
Xaqani, Həsən bəy Zərdabi, M.F.Axundov kimi klassiklər bir sıra bioloji fikirləri ilə zamanı qabaqlamışlar.
Bu sahədə onun 20-yə yaxın elmi məqalə və iki monoqrafiyası
çap olunub. Bunlar onun 1965-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasının
əsasını təşkil
edib. Müntəzəm olaraq ümumittifaq
və respublikada keçirilən forum, simpozium,
konfrans və sessiyalarda məruzələrlə
çıxış edib.
M.Axundov respublikada biologiya elminin tədrisinin yaxşılaşdırılmasına və Azərbaycan dilində terminologiyasının
yaranmasına böyük
səy göstərib. Bu sahədə apardığı
tədqiqatlar 30-dan artıq
elmi-metodiki məqalə
və 3 kitabda öz əksini tapıb. M.Axundov Azərbaycan dilində ali məktəblər
üçün bir sıra dərsliklər və dərs vəsaitləri yazıb.
O, "Genetika", "Təkamül
təlimi", "Biologiyaya
giriş", "Darvinizm",
"Darvin təliminin
əsasları" , "Biologiyadan
vəsait", "Biologiya"
kimi dərslik və dərs vəsaitlərinin müəllifidir.
Elmi nailiyyətlərin
populyarlaşdırılması sahəsində M.Axundov
"Yer üzərində
həyatın əmələ
gəlməsi və inkişafı", "Darvinin
həyat və fəaliyyəti", "Faktlar
milyoneri Ç.Darvin",
"Okeanda bir damla", "İnsan genetikasına səyahət"
kimi bir sıra kitablar yazıb, müxtəlif jurnal və qəzetlərdə 50-yə yaxın
elmi-kütləvi məqalə
dərc etdirib.
M.Axundov "Bilik" Cəmiyyəti xətti ilə 45-dən artıq mühazirələrlə çıxış edib, Azərbaycan Milli Televiziyası ilə 20 ildən artıq "Təbiəti sevənlər" verilişini aparıb. M.Axundovun 200-dən artıq elmi-tədqiqat, elmi-metodiki, elmi-kütləvi kitab, broşür, dərslik, dərs vəsaiti və məqalələri çap olunub. M.Axundov respublikamızın maarif və mədəniyyəti sahəsində müntəzəm olaraq geniş miqyasda ictimai işlər aparıb. O, universitetin biologiya üzrə "Elmi əsərləri"nin redaktoru olmuş, uzun illər Təhsil Nazirliyinin elmi-metodiki şurasına rəhbərlik edib, respublikada "Genetika və Seleksiyaçılar Cəmiyyəti"nin Bakı şöbəsinin sədri, EA nəzdindəki respublika Biologiya elmləri tarixi şurasının biologiya seksiyasının sədri, biologiya fakültəsinin tədris-metodiki şurasının rəhbəri vəzifələrində çalışıb. M.Axundov elmi, pedaqoji və ictimai fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti tərəfindən Əməkdar müəllim, Əməkdar elm xadimi kimi adlara layiq görülüb.
Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi, böyük alim və səmimi insan, yüksək mədəniyyətli vətəndaş, xalqına sədaqətlə xidmət edən nəcib şəxsiyyət, professor Mirəli Axundov 90 illik ömrünün 70 ilə yaxın bir dövrünü maarifimizin, elmimizin inkişafına, şəxsi nümunəsində yeni ziyalı təbəqəsinin formalaşmasına, yüksək ixtisaslı bioloqların yetişdirilməsinə həsr edib, bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
Məcnun BABAYEV
BDU-nun professoru,
"Əmək"
ordenli
Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 18 iyun.- S.18.