Pera Muzeyi,
"Tısbağa tərbiyəçisi" və bir cinayətin sonu...
Pera Muzeyinin
üçüncü mərtəbəsinə
qalxanda onlarla tablonun arasından keçərək onun qarşısında xeyli dayandım. Açığı, maddi dəyərinin
üç milyon dollardan artıq olduğunu bilmirdim. Müəllifinin kimliyi, hekayəsinin
nə olduğu haqqında heç bir məlumatım yox idi. Məni maqnit kimi qarşısında dayanmağa vadar edən əzəməti,
baxdıqca ağla gətirdiyi min məna idi!
Məncə, başdan başlayaq.
Təqvimlər 1959-cu ili göstərərkən Şişlidəki
bir köşkün qapıları polislər tərəfindən möhürlənir.
Evin o dönəmin məşhur milyonçularından
olan Saim Birkökə aid olduğu
məlum olur. Birkök heç vaxt evlənməmişdi. Əsgərlik dostunun onun adını
qoyduğu oğlunu övladlığa götürmüşdü.
Milyonçu balaca Saimi mükəmməl şəkildə
yetişdirməyə çalışırdı.
Hətta
təhsil almağı
üçün İsveçrəyə
göndərmişdi. Bütün sərvətini
onun adına
keçirməyi düşünürdü.
Ancaq oğlan arzuladığı
kimi olmur. Hətta başı bəladan qurtulmayan bir qumarbaza çevrilir.
Bir gün aralarında mübahisə baş verir, Birkök 45 yaşlı mənəvi oğlu Saim Gökoğlunu öldürür.
Bu hadisə zamanı
Saim Birkök 76 yaşında olur.
1960-cı ilin ilk aylarında
professor Mustafa Cezar bir
araşdırma əsnasında
Şişlidəki möhürlü
bir evdə sənət dəyəri ilə bərabər, tarixi dəyərinin də yüksək olduğu 40 tablo olduğunu öyrənir. Köşkün sahibinin isə rəsm aşiqi, sənət dostu, milyonçu Saim Birkök olduğu müəyyənləşir. Ancaq törətdiyi cinayətə
görə Sultanəhməd
həbsxanasında yatır.
Professor tabloların şəklini çəkmək
üçün köşkün
sahibindən icazə almaq məcburiyyətində
qalır. Birkökü həbsxanada ziyarətə
gedir və icazə alır. Möhürlər hakim müşayiəti ilə açılır.
İşıqlar yandırılanda toz-torpağın arasında
möhtəşəm xəzinə
görünür. Başda "Tısbağa tərbiyəçisi"
olmaqla, ümumilikdə
40 tablo gün üzünə çıxarılır.
Tabloların fotoları çəkilir,
qapı yenidən möhürlənir. Professor çəkdiyi fotoları kitabında çap etdirir. Beləliklə, "Tısbağa tərbiyəçisi" ilk dəfə
bütün əsrarəngizliyi
ilə gözlər önünə sərilir.
1961-ci ildə həbsxanada olan Saim Birkökə xərçəng diaqnozu qoyulduğu üçün azad edilir. Üstündən bir il keçdikdən sonra vəfat edir. Ardınca böyük bir miras qovğası başlayır. Tablolar, ailə arasındakı qarmaqarışıqlıq səbəbindən Rəsm Heykəl Muzeyinə təhvil verilir. "Tısbağa tərbiyəçisi" 20 il sonra İqtisad Bankının sahibi Erol Aksoy tərəfindən satın alınır. 2004-cü ildə iflas edən Aksoyun bütün mal varlığına əl qoyulur. Tablo yenidən açıq satışa çıxarılır. İstanbul Modern Muzeyi ilə Pera Muzeyi arasındakı qızğın rəqabətdən sonra əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılır. Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün alır. Bu hadisələrdən sonra "Tısbağa tərbiyəçisi" müəllifindən daha məşhur bir əsər olaraq tarixə keçir.
Müəllifi Osman Hamdi bəydir. Osmanlı dövləti adından xaricdə təhsil alan ilk dörd tələbədən biri olub. Əsl ixtisası hüquqşünas olmağına baxmayaraq, fikri həmişə incəsənətdə idi. Parisdən döndükdən sonra II Əbdülhəmid Osman Hamdi bəyi Sənayeyi-Nəfisə Məktəbinə rəhbər təyin edir və ilk Osmanlı Təsviri Sənət Məktəbi açılır.
Osman Hamdi Bəy ilk türk arxeoloqudur. Həmçinin, Sidon sarkofaqını tapıb İstanbula gətirən şəxsdir.
İstanbul arxeoloji muzeyinin
qurucusu və ilk muzey rəhbəri olub. Bundan əlavə, Gözəl
Sənətlər Akademiyasının
qurucusudur. Bütün bunları
sənətə qiymət
verilməyən, əksinə,
qarşısında maneələr
yaradılan, cəhalətin
daha kəskin olduğu bir zamanda edib. Həmişə gördüyü işlər bürokratlar tərəfindən əngələnib
və cəmiyyətdən
heç bir dəstək görməyib.
Tablonun da bu maneələr,
xalqdan gördüyü
laqeydlik nəticəsində
ortaya çıxdığı
düşünülür.
Digər iddiaya görə, Osman Hamdi bəy
özünü dərviş
və işlədiyi insanları tısbağa kimi görür. Həmişə onlara öyrətməyə
çalışır, lakin
həmin şəxslərin
ləngliyi onları tısbağaya çevirir.
Hətta
onun həmkarlarını
tənqid etdiyi də irəli sürülən fikirlər
arasındadır.
Başqa bir versiyaya görə, dərviş rəssamın özüdür, tısbağa rolundakılar isə xalqdır. Xalqa sənəti öyrətməyə çalışan dərviş və bu tərəqqiyə müqavimət göstərən insanlar "Tısbağa tərbiyəçisi"ndə təsvir edilir. Cəmiyyəti incəsənət və mədəniyyət ilə maarifləndirmək Osman Hamdi bəyin çox istədiyi və bunun üçün dəridən-qabıqdan çıxdığı məsələ idi, ancaq buna nail ola bilmirdi. Cəhalət imkan vermirdi.
Bir qrup sənət həvəskarının fikrinə görə, Osman Hamdi bəyin hazırladığı bu rəsm orijinal deyil. Guya əsər ərsəyə gəlmədən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən "Le Tour de Monde" jurnalının bir nüsxəsini maraqla oxuduğunu söyləyir. Jurnalda isveçrəli diplomat Aime Humbert Yaponiya təəssüratlarından və əslən koreyalı olan tısbağa tərbiyəçisindən söz açır. Məqalədə tərbiyəçinin tısbağaları musiqi çalmaqla sıraya düzməsi və bir yerə toplaması təsvir olunur. Yazıya bu mənzərəni əks etdirən qravüra da əlavə olunur. Ehtimal olunur ki, həmin məqalə və şəkil Osman bəyi bu fövqəladə əsəri yaratmağa ilhamlandırıb.
Əsərdə yerdə kahı yeyən tısbağaları seyr edən şəxs təsvir olunub. Həmin yerin Bursadakı Yaşıl Məscidin üst qatında yerləşən otaqlardan biri olduğu deyilir. Bu, pəncərə üzərindəki naxışlardan və yazıdan məlum olur. Bir çox əsərində olduğu kimi, müəllif burada da fiqur olaraq özünü çəkib. Rəsmdəki şəxsin kürəyində kiçik nağara və onu döyəcləyən xüsusi alət görsənir. Musiqi alətlərindən istifadə edərək tısbağaları tərbiyə etmək istəyi, həddən artıq yorulduğu diqqət çəkir. Neyi tutmaq tərzindən isə bəlli olur ki, dərviş, artıq bu fikrə dair dərin ümidsizlik içindədir, hətta tısbağaların tərbiyə olunacağından əlini üzüb.
Osman Hamdi bəy eyni tablodan
iki dənə çəkib. Rəsmin ikinci versiyasında
gözə çarpacaq
fərqlər olsa da, mahiyyət etibari ilə eyni məna daşıyırlar. Fərqlər tısbağaların sayında,
pəncərə önündə
duran vazada, eləcə də divarda asılmış
Allah və Məhəmməd
yazılı tabloda özünü göstərir.
"Tısbağa tərbiyəçisi"
Şərq toplumuna ayna tutan, hər
dövrdə bənzər
halların müşahidə
edildiyi, ümidlə ümidsizlik arasındakı
o uc nöqtədir. Bu əsər
bir daha sübut edir ki, "dərvişlər"
gəlir, gedir, "tısbağalar" isə
əbədidir: nə
dəyişirlər, nə
də sürətlənirlər.
Türkan
TURAN
525-ci qəzet.- 2022.- 18 iyun.- S.17.