Qardaş Pakistan
haqqında qiymətli əsər
Tanınmış diplomat, Azərbaycan Respublikasının
İran İslam Respublikasındakı səfirliyində
müşavir, ruhumuzun
şəhəri və
ürəyimizin bir parçası olan Təbrizdə baş konsul vəzifəsinə təyin edilmiş
(1996-2002), Pakistan İslam Respublikasında
və Əfqanıstanda
(2002-2010, iqamətgahı İslamabad
olmaqla) və Ukraynada (2010-2015) fövqəladə
və səlahiyyətli
səfiri işləmiş,
hazırda isə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, şərqşünas
alim Eynulla Mədətlinin dost və
qardaş Pakistan İslam
Respublikası haqqında
yazdığı əsər,
heç şübhəsiz,
faydalıdır və
maraq doğuracaqdır.
İlk növbədə ona görə ki, əsər Pakistanda dövlətimizi təmsil
edən, iki ölkə arasında olan münasibətlərin
bütün - həm rəsmi, həm də qeyri-rəsmi tərəflərinə hakim olan
bir şəxs tərəfindən yazılıb.
Heç kəsə sirr deyildir ki, dünya
dövlətlərinin diplomatiya
tarixində səfirlərin
işdən ayrıldıqdan
sonra günlüklərini,
xatirələrini yazması
praktikası mövcuddur. Bu, ayrı-ayrı ölkələrlə
münasibətlərin pərdəarxası
tərəflərini, hər
hansı bir sənədin hazırlanması
prosesi zamanı üzə çıxan çətinlikləri necə
dəf etməyi və mövqeləri başa düşməyə
kömək edir.
Diplomatların xatirələrində, günlüklərində bir
sıra mühüm pərdəarxası məqamlar
barədə məlumatlar
və ya təfərrüatlar verilir.
Belə xatirələr, günlüklər
ciddi tədqiqat işləri baxımından
mötəbər mənbələr
olmasa da, prosesləri dərk etməkdə köməkçi
rolunu oynayır.
Təəssüf ki, qədim
və zəngin diplomatiya tarixi və ənənəsinə
malik olan ölkəmizdə keçmiş
səfirlərimiz arasında
bu işi görənlər çox
azdır. Bu baxımdan Eynulla Mədətlinin əsərinin
yaxşı qarşılanacağı
və xarici siyasət, diplomatiya tariximizin tədqiqatçıları
üçün faydalı
olacağına inanıram.
Məlum
olduğu kimi, dövlət müstəqilliyinin
bərpasından sonra
Azərbaycan Respublikasının
xarici siyasətində
Asiyanın cənubunda
yerləşən, bloklara
qoşulmamaq hərəkatının
iştirakçısı, region və dünya siyasətində özünəməxsus
yeri olan Pakistan İslam Respublikası ilə münasibətlərin
qurulması və inkişaf etdirilməsi başlıca yerlərdən
birini tutdu.
Ölkəmizdə Pakistan dövlətinə və xalqına hər zaman xüsusi rəğbət və məhəbbət olub. 44 günlük Vətən müharibəsinin gedişində
sınaqdan çıxan
möhkəm dostluq və qardaşlıq münasibətləri onun
tarix və mədəniyyətinə marağı
daha da artırdı.
Xüsusilə də, Pakistan xalqının
və dövlətçilik
tarixinin keçdiyi yol, xalqlarımızın
bugünki qardaşlııq
bağlarının hansı
tarixi köklərə
dayanması, strateji tərəfdaslığımızın hazırki səviyyəsinə
çatmaq üçün
həyata keçirilən
dövlət siyasəti,
əməkdaşlığımızın
gələcək perspektivləri
kimi məsələlərin
araşdırılması zərurətə
çevrilib.
Bu ilin iyun ayında Azərbaycan Respublikası və Paksitan İslam Respublikası arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyi
tamam olur. Ötən illərdə
qarşılıqlı münasibətlər
böyük bir yol keçib və zəngin tarixi təcrübəsi toplanıb. Əməkdaşlığımız siyasi-diplomatik, ticarət-iqtisadi,
elmi-texniki, humanitar, mədəni, hərbi və başqa sahələri əhatə
edərək dərinləşib.
Pakistan İslam Respublikası Azərbaycan Respublikasının
dövlət müstəqilliyini
1991-ci il dekabrın 12-də tanıdı.
Bununla da Pakistan Azərbaycanın
dövlət müstəqilliyini
tanıyan üçüncü
ölkə oldu.
Qarşılıqlı münasibətlərin keçdiyi yola qısa nəzər yetirilməsi münasibətlərin
daim genisləndirilməsi
və dərinləşdirilməsini
göstərir. Belə
ki, tanınma haqqında qərardan az sonra,
dekabr ayının sonlarında Pakistan nümayəndə
heyəti Bakıya səfər etdi. Səfər zamanı Azərbaycan Respublikasının İqtisadi
Əməkdaşlıq Təşkilatına
üzvlüyü məsələsi
müzakirə edildi və bu barədə
razılıq əldə
olundu.
İki ölkə arasında diplomatik əlaqələr
1992-ci il iyunun 9-da quruldu. Bir müddət keçmiş, 1993-cü il yanvarın 27-də
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikasının
İslamabadda səfirliyinin
açılması haqqında
478 saylı qərar qəbul etdi. Lakin o vaxtlar bu qərarı
reallasdırmaq mümkün
olmadı. Bundan fərqli olaraq həmin il
martın 12-də Pakistan İslam
Respublikasının Azərbaycan
Respublikasında səfirliyi
açıldı.
İki ölkə arasında münasibətlər qurularkən Azərbaycan Respublikası işğalçı Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı və əraziləri bir-birinin ardınca işğal edilirdi. Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına və Azərbaycana qarşı hərbi təcavüzü həyata keçirməsinə biganə qalmayan Pakistan birmənalı olaraq onu pislədi. Bu mövqe Kəlbəcər işğal olunduqda özünü qəti şəkildə göstərdi. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının iclasında Pakistanın sədrliyi altında 822 saylı qətnamə qəbul edildi. Qətnamənin qəbulu zamanı Pakistanın tutduğu mövqe Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə münasibətinin aydın və konkret göstəricisi idi. Pakistan dövləti Ermənistanın hərbi təcavüzünü ittiham etməklə yanaşı, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlardan didərgin düşmüş məcburi köçkünlərə dəyəri 1 milyon dollar olan 25 tondan artıq humanitar yardım göndərdi. Bu addım çətin anlarda dostluq və qardaşlıq hisslərinin əməli işdə nümayişi idi.
Pakistan ilə münasibətlərin inkişafında yeni mərhələ 1993-cü ilin ortalarından başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı münasibətlərinin inkişafından ötrü zəruri tədbirlər həyata keçirdi. Bir sıra saziş və müqavilələrin imzalanması məqsədi ilə Pakistanın xarici işlər naziri Sərdar Asif Əhməd həmin il yanvarın 24-də Bakıya rəsmi səfərə gəldi. Səfər zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr haqqında protokol imzalandı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari 1995-ci il oktyabrın 9-11-də Bakıya rəsmi səfər etdi. Bu, Pakistan dövlət başçısının Azərbaycana ilk səfəri idi. Ulu öndərin 1996-cı il aprelin 9-11-də Pakistanda rəsmi səfəri zamanı Prezident Fərrux Əhməd xan Leqari və Baş nazir Benəzir Bhutto ilə keçirdiyi danışıqlarda ikitərəfli və regional məsələlər müzakirə edildi. İslamabadda Azərbaycan Respublikasının səfirliyinin açılmasına, beynəlxalq səviyyədə daha sıx əməkdaşlıq edilməsinə dair fikir mübadiləsi aparıldı. Siyasi, hərbi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri haqqında müvafiq sənədlər imzalandı.
Azərbaycan Prezidentinin Pakistana səfəri iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üçün imkanlar açdı. Ermənistanın hərbi təcavüzünün nəticələrinin davam etdiyi bir şəraitdə bu sahədə əməkdaşlıq xüsusilə əhəmiyyətli idi. Belə bir şəraitdə Pakistan ilə münasibətlərə xüsusi yer verən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il aprelin 18-də imzaladığı fərmana uyğun olaraq Təbrizdəki baş konsul Eynulla Mədətli vəzifəsindən geri çağırılaraq Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edildi. Münasibətləri yeni keyfiyyət halına çıxaran bu addımdan sonra iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə daha da genişləndi. Bir neçə faktın sadəcə sadalanması qarşılıqlı münasibətlərin inkişaf dinamikasını təsdiq edir. Məsələn, müdafiə sahəsində əməkdaslığı dərinləsdirmək məqsədi ilə Pakistanın müdafiə nazirinin 2002-ci il sentyabrın 16-20-də Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında 17 maddədən ibarət müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandı.
Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığı da inkişaf edirdi. Bu baxımdan 2003-cü il sentyabrın 2-3-də İslamabadda keçirilən iki ölkə arasında birgə komissiyanın iclası əhəmiyyətli oldu.
Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana 2004-cü il iyunun 8-də rəsmi səfər zamanı keçirilən danışıqlarda iki dövlətin bir-birinə dəstəyi və əməkdaşlığı daha da genişləndirmək arzusu ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il aprelin 12-də Pakistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı.
Prezident İlham Əliyev 2012-ci il oktyabrın 16-da İslam Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısında iştirak edən Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə görüşərək ikitərəfli münasibətlərin geniş tərəflərinə dair məsələləri müzakirə etdi.
Pakistan Prezidenti Məmnun Hüseynin 2015-ci il martın 11-də Azərbaycana səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" qarşılıqlı münasibətləri yeni, daha yüksək səviyyəyə çıxarırdı.
Pakistanın Baş naziri Nəvaz Şərifin 2016-cı il oktyabrın 14-də Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin səviyyəsini aşağıdakı kimi ifadə etdi: "Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırım kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik".
Prezident İlham Əliyevin 2017-ci il fevralın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin işində iştirak etmək məqsədilə Pakistana səfəri zamanı Pakistanın yüksək hərbi sənaye məhsullarının Azərbaycana idxalına dair razılaşmalar əldə edildi.
Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 26-da Bakıda Pakistan Prezidenti Arif Alvi ilə görüşü, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın 2021-ci il iyunun 4-də Pakistana rəsmi səfəri zamanı dövlət, hökumət və parlament rəhbərləri ilə görüşləri əməkdaşlığın davamlı inkişafına əhəmiyyətli təsir etdi.
Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan Respublikası Pakistan İslam Respublikası münasibətləri 30 ildə böyük inkişaf yolu keçərək, genişlənib, dərinləşib, möhkəmlənib və strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb.
Tarix elmləri doktoru, Fövqəladə
və səlahiyyətli səfir Eynulla Mədətlinin
davamlı araşdırmalarının, 2002-2010-cu ildə Azərbaycanın
Pakistandakı səfiri olaraq
çalışdığı zaman
şəxsi müşahidə və təhlillərinin nəticəsində
hazırlanan bu kitabın qardaş
ölkələrimiz arasında diplomatik
münasibətlərin 30 illiyi ərəfəsində
nəşr edilərək yayılması dövlətlərimizin
arasında münasibətlərin daha da möhkəmləndirilməsi
baxımından əhəmiyyətlidir və geniş
oxucu marağı doğuracağına
şübhə yoxdur.
Musa
QASIMLI
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü, professor
525-ci qəzet.- 2022.- 18 iyun.- S.16.