Xanım Aydın: "Proza
mənə poeziyadan bir
köynək yaxındır"
"ƏDƏBİ
DÜNYAMDA POEZİYA SEVGİDƏN DOĞULSA DA, PROZA
SEVGİNİN ÖZÜDÜR"
Budəfəki müsahibimiz gənc nəsil yazarlar arasında ən zəhmətkeşlərdən, öz üzərində daim işləyən və qələmini müxtəlif janrlarda, sahələrdə sınayan
imzalardandır. Onu həm şair,
həm yazıçı,
həm tərcüməçi,
həm jurnalist, həm də ssenarist kimi tanıyırıq. Məhz bu
zəhmətinin bəhrəsidir
ki, bu günlərdə
iki kitabı eyni vaxtda çap
olundu. "İkimiz" və "Çamadan" adlı bu kitabların müəllifi Xanım Aydınla da söhbətimiz elə bu istiqamətdə oldu.
- Xanım Aydın, bu günlərdə iki kitabınızı çap etdirdiniz. Həmçinin, jurnalist kimi
və ssenarist, tərcüməçi kimi
də fəaliyyətləriniz
var. Bu enerjini, yaradıcılıq
eşqini hardan alırsınız? Əvvəl gəlin,
kitablarınızdan danışaq.
- İlk kitabım
2014-cü ildə çapdan
çıxıb. Bu, şeir kitabı idi. Ondan sonra 8 il
kitab çap etdirmədim. Ancaq öz üzərimdə
işləyir, mütaliə
edir, tərcümə
ilə məşğul
olurdum. Həmçinin, əlbəttə ki, "Kaspi" qəzetində jurnalist kimi fəaliyyətimi davam etdirir, digər mətbu orqanlarla da əməkdaşlıq
edirdim. Müsahibələr, reportajlar, araşdırma
yazılarım səngimirdi.
Bu ilin may ayında həm şeir, həm də hekayələr kitabımı
çap etdirmək qərarına gəldim və bunu etdim.
Çünki indi buna özümü hazır bildim. Ümumiyyətlə, heç nəyi
"Ya Allah" ümidinə,
əlhavasına, kor-koranə
etmirəm. Hansı işə
əl qoyuramsa, mükəmməlini etməyə
çalışıram. Ən azından "xaltura" etmirəm. Kitablarıma gəlincə, "İkimiz" adlı kitabımda şeirlərim,
"Çamadan" adlı
kitabımda hekayələrim
yer alıb. Hələ ki, yaxşı rəylər alır, xoş sözlər eşidirəm. Ümid edirəm
ki, kitablarım bütün oxucularımın
ürəyincə olub.
- Sizi yazmağa sövq edən başlıca amil nədir?
- Əlbəttə ki,
ürəyimdəki yazmaq
istəyi, hissimi, duyğumu, həyəcanımı
ruhumdan çıxarmaq,
bölüşmək arzusu. Bunun necə möhtəşəm
bir hiss olduğu ancaq yaradıcı adama məlumdur. Sən yaradıcısan, nəsə
yeni bir şey, sənə qədər olmayan, sırf sənə məxsus, sənin kimi olan, sənin
duyğularını ifadə
edən və özündən bir parçanı yaradırsan,
dünyaya gətirirsən.
Bu, insan doğuluşu
kimi bir şeydir. Bilirsən ki, təkrarı
yoxdur və tam sənə məxsusdur.
Təbii
ki, plagiat, oğurluq yazanları nəzərdə tutmuram.
Onlar ümumiyyətlə yazmırlar,
"copy+past"la məşğuldurlar.
Bu da ədəbiyyatın
bir ayrı dərdidir.
- Həm prozada, həm də poeziyada varsız. Bəs hansı daha çox sizsiz?
- Əslində, hər
ikisində tam özüməm,
tam mənəm. Amma proza mənə
poeziyadan bir köynək yaxındır.
Belə bir məşhur ifadə var ki, şeir anın
qışqırığıdır.
Məndə də elədir.
Sadəcə həmin zamanda,
həmin anda daxilimdə yüksək amplitüdlər altında
baş verən zəlzələni sakitcə
sözə çevirirəm.
Çevirirəm ki, zəlzələ
dalğaları sahilimdən
çəkilsin və
zəlzələ sonrası
hüzura qovuşum.
Şeirlərimə Gövhər Həsənzadə,
Faiq Sücəddinov kimi bəstəkarlar mahnı da bəstələyib.
Yazdığın şeirin şərqiyə
çevriməsi də
bir başqa xoşbəxtlikdir. Ən azından
radioda milyonlarla insan dinləyir, xəyala dalır, sevir, gözəl duyğular yaşayır onun sədaları altında. Elə gözəl bir
hissdir ki, bu da. Amma proza
başqa aləmdir.
Özümü prozada tam, bütöv
hiss edirəm. Ədəbi dünyamda
poeziya sevgidən doğulsa da, proza sevginin özüdür. Onun üçün doğru zaman və doğru əhval lazımdır.
Böyük səbr lazımdır.
Proza söz oyunu deyil, sözün çəkisini, sözün
aurasını və ümumiyyətlə, sözün
əhvalını çatdırmaq
üçün, bəlkə
də, ən ağır vasitədir.
Əsas yerdə süjet deyil mənim üçün, süjetin
oxucuya necə çatdırımasıdır. Düşünürəm ki, hər bir yazıçının
özünün üslubu,
yazı tərzi olmalıdır. Yəni oxucu
bilməlidir ki, bu, filan yazıçının
dəsti-xəttidir, onun
tərzidir. Bu, janr məsələsi deyil, sözünü necə çatdırmaqdır.
- Ailə qayğıları,
ağır iş qrafiki və mütəmadi ədəbi
əsərlər. Necə vaxt
tapırsız? Düşünürsünüzmü, geniş vaxt
olsa, daha çox və daha yaxşı yazardınız, yoxsa əksinə, bu cür zaman məhdudiyyəti daha yaxşı əsərlər
üzə çıxarır?
- İş qrafikim, doğrudan da, ağırdır. 24 saatdan maksimum 5-6 saat yatıram. Bəzən bu, hətta 4 saata qədər enir. Əlbəttə, fiziki olaraq yoruluram. Amma sevimli işimlə məşğul oluram və bu mənə güc-qüvvət verir. İşin sonunda sevinc verir, könül rahatlığı verir. Nəticəni görəndə bütün gərginliyim barmaqlarımın uclarından süzülüb gedir. İlahi bir xoşbəxtlik yaşayıram. Bunu da deyim ki, ömrümün ən ağır dönəmlərində, çıxılmaz döngələrində, ümidsiz anlarında "yazı" həmişə əlimdən tutub, həmişə yaxşı olacağına inandırıb. Və mən özümə inandığım qədər ona inanmışam. Bu inam da heç vaxt məni yarı yolda buraxmayıb. O ki qaldı ailə və məişət qayğılarına, onlar həmişə var. Əlbəttə ki, rahat deyil yaradıcılıqla birgə bütün bu işləri də paralel aparmaq. İstər-istəməz biri irəli gedəndə o biri bir balaca axsayır. Hardasa qızıl ortanı tapmaq lazım gəlir. Gah bunun əlindən tutub dartırsan, gah da o birinin ki, ikisi də yol boyu yanınca getsin. Hamı deyir yaradıcı adama sərbəstlik, rahatlıq, şərait lazımdır. Əlbəttə, yaxşı olar belə olsa. Amma hər şey istədiyimiz kimi olmur. İrəliləmək istəyirsənsə, dayanmayacaq, yıxılanda qalxacaq, özünə güvənəcəksən. Yaradıcılıq insanın bütün enerjisini sovurub çıxarır proses vaxtı. Amma nəticə hasil olanda aldığın zövq, sevinc, məmnunluq sənə yenidən güc verir. O ailə, məişət qayğıları nə qədər böyük olsa da, gözündə balacalaşır. İçində Muzayla Herakl əl-ələ verir və sən bacarırsan. İstər ədəbiyyatda, istər mediada imza tanıtmaq asan məsələ deyil. Mən qalmaqalsız, hay-küysüz, ancaq yaradıcı potensial hesabına imza tanıtmağı nəzərdə tuturam. Bundan ötrü zəhmət, zəhmət, yenə də zəhmət çəkmək lazımdır.
- Bir çox kitabları dilimizə tərcümə etmisiniz. Bu qədər işin içində tərcüməyə də vaxt tapırsınız?
- Tərcümə etməyi də sevirəm. Bunu çox faydalı bir iş hesab edirəm. Axı mütaliə etmək istəyən hər bir kəs xarici dil bilmir. Mən iki dil arasında körpü ola bilirəmsə nə gözəl. Kiməsə istədiyi əsəri Azərbaycan dilində oxumağa yardımçı ola bilərəmsə nə gözəl. Dünyanın bir çox yazıçılarının əsərlərini tərcümə etmişəm. Hətta rus diliylə yanaşı, türk, belarus və ukrayna dillərindən də tərcümələrim var. Sonuncu tərcümə etdiyim kitab Anna Qriqoryevna Dostoyevskayanın "Xatirələr" kitabıdı. Kitab əlbəttə ki, Fyodor Mixayloviçə həsr olunub. Çox gözəl və mükəmməl bir əsərdir. Bu kitabı oxuyanda yeni və tam başqa bir Dostoyevskini kəşf etdim özüm üçün. Və tərcümə etmək qərarına gəldim. Kitabın redaktoru Fərid Hüseyndir və bu yaxınlarda çapdan çıxacaq. Hesab edirəm ki, bu əsəri tərcümə etməklə oxucular üçün az iş görməmişəm. Ən azından onlar da Dostoyevskini indi bir başqa cür tanıyacaqlar, məşhur əsərlərinin necə, harda, hansı şəraitdə ərsəyə gəlməsini, müəyyən detalları hardan götürdüyünü öyrənəcək, dövrünün yazıçıları və naşirləri ilə heç də birmənalı olmayan münasibətlərini biləcəklər. Yəni tərcümə işimin bihudə olmadığına əminəm. Və bundan sonra da imkan olduqca, dəyərli bildiyim, özümün sevdiyim və oxunmasını vacib hesab etdiyim əsərləri tərcümə etməyə davam edəcəyəm.
- Həmçinin, ssenarist kimi də fəaliyyət göstərirsiz. Bu necə başladı?
- Yeni-yeni üfüqləri açmağı sevən adamam. Eyni yönümdə fəaliyyət məni darıxdıra bilir. Və belə olanda ya öz sahəmdə, ya da yaxın sahələrdə bacara biləcəyim, mənə maraqlı gələn yeni nəsə axtarıram. "Oscar Film Production"dan dəvət alanda zərrə qədər də tərəddüd etmədən bu işə əl qoydum. Artıq beş ildir ki, orada ssenarist kimi fəaliyyətdəyəm. Üstəlik bir maraqlı layihədə də işlədim. AzTV-də yayımlanan, müxtəlif bölgələrdə bir zamanlar çox aktual olan, bir qədər yaddan çıxan, dəbdən düşən və ya elə sadəcə olaraq başqa bölgələrdə məlum olmayan qədim milli adət-ənənələrimizi xalqımızın yaddaşında yeniləmək, tanıtdırmaq məqsədi daşıyan "Əslində biz" layihəsinin ssenaristlərindən biri olmuşam. Bu işimdən də böyük bir zövq almışam. Yeri gəlmişkən, zövq almadığım, sevmədiyim, içində özümü görə bilmədiyim heç bir işlə məşğul olmuram. Düşünürəm ki, yaradıcılıq baxımından ssenaristlik sahəsi sonuncu deyil. Bir də gördüz mənə nəsə maraqlı gəldi, orda da özümü sınadım (gülür).
- Ölkəmizdə oxucunun yazıçıya münasibəti haqda çox soruşublar. Mən istərdim siz, yazıçıların yazıçılara münasibətini dəyərləndirəsiniz. Necədir vəziyyət?
- Bilirsiz, bir qədər tarixə nəzər salsaq, elə yaxın rus əsəbiyyatından ayrı-ayrılıqda hər biri sevimli yazıçı-şairlərimiz olanlar öz aralarında yola getməyiblər. Çexovla Suvorin, Turgenyevlə Dostoyevski, Turgenyevlə Tolstoy, Bulqakovla Mayakovski, Yeseninlə Mayakovski, Buninlə Nabokov və digərlərini misal çəkə bilərəm. Yəni yazıçıların bir-birinə münasibəti teoremi olan bir düstur deyil. Hər cür ola bilər. Yaxşı da, pis də, kəmşirin də. Bizim müasirlərdən bir-birinin əsərini oxuyan da var, oxumayan da, oxuyub yalandan tərifləyən də var, paxıllığından xoş söz deməyən də. Amma mənim düşüncəmdə, bunların heç biri ədəbiyyatda rol oynamır. Yəni mətn alidir. Və qalan da yaxşı mətn olacaq. Necə ki, bizə bizdən əvvəlkilərin ilk növbədə yaxşı mətni qalıb və biz onların mübahisə və ya dostluğundan daha çox əsərlərini qəbul edir, sevə-sevə oxuyur, yüksək tuturuq.
- Həyatda "Kaş ki..."ləriniz çox olub?
- "Kaş ki"lərlə, "keçən günlərimi qaytaraydılar"la, "bəlkə"lərlə yaşayan insan deyiləm. Mənim üçün bu gün var, indi var və ancaq gerçək var. Ötən-keçən heç nə üçün heyifslənmirəm, xatırlamıram. Unutmalı olduğum hər bir şeyi yaddaşımdan "ctrl+A/delete" edirəm, yəni birdəfəlik silirəm, vəssalam. Amma nə qədər gerçəkçi olsam da, xəyalpərəstliyim də var. Birdən ürəyimdə dağ boyda xəyal qururam, o gözəl xəyalların qanadında həmin dağın zirvəsinə qalxıram. Bax, içimdə belə bir təzad var. Gah həddindən artıq gerçəkçi oluram, gah da həddindən artıq xəyalçı. Amma hər ikisi də özüməm. Və hər iki özümü sevirəm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 18 iyun.- S.15.