"Kitabi-Dədə Qorqud" qeyri-səlis
məntiqin epistemoloji işığında
Redaksiyadan:
Müəlliflər bu maraqlı mövzu üzərində
xeyli vaxtdır ki, birgə işləyirlər. Tədqiqatın
bəzi hissələrini zaman-zaman oxucularımıza
çatdıracağıq.
(4-cü
yazı)
Biz əvvəlki yazılarımızda qeyri-səlis məntiqin
ümumi təqdimindən və onun iki sütunu - məntiq
sütunu və qeyri-səlis çoxluqlar sütunu
işığında "Dədə-Qorqud"
dünyasına səyahət etmişdik. Bu yazıda
qeyri-səlis məntiqin üçüncü sütunu olan
epistemoloji sütunundan yol alaraq "Dədə-Qorqud" mətnlərində
sərhədsiz informasiya, alt qatlardakı məna
axtarışına çıxacağıq.
Qeyri-səlis məntiqin epistemoloji sütunu mətnlərdə
təqdim edilən biliklərin təsviri, təbii dilin
semantikası, mətnlərdəki informasiyanın təhlili
ilə əlaqədardır. Bu aspektdə təbii
dil perseptiv informasiyanın, yəni, bilavasitə
ölçülə bilməyən informasiyanın təsvir
sistemi kimi qəbul olunur. Bu sütunun
özülündə ehtimal nəzəriyyəsi yox,
mümkünlük nəzəriyyəsi durur. Epistemoloji yanaşma dedikdə bizim əsas məqsədimiz
o olacaq ki, müəllifin demək istəmədiyi, gizlətdiyi
informasiyanı mətnin gizlinindən çıxaraq və onu
dəyərləndirək.
Qeyri-səlis məntiq elmi fərziyyələr
hesabına müşahidə olunan real sistemlər və
onların fenomenləri (qütbləri) arasındakı
boşluğu doldurur. Fəlsəfə, elm və
texnologiyanın tarixində bu boşluqlar epistemoloji müzakirələr
üçün böyük potensiala malikdir.
Epistemoloji hər hansı bir şey mütləq şəkildə
onun dar mənada mövcud olan "obyekt" kimi başa
düşülməsi deyil, onun təsəvvür edilən
obrazının, funksiyalarının nəzərdə
tutulmasıdır. Bunun da əvvəldən
aydınlaşdırılması mümkün
olmadığına görə ilk mərhələdə
özünü elə bir xüsusiyyətdə, qeyri-müəyyənlikdə
biruzə verir ki, insanın nə axtardığını
labüd edir.
Epistemoloji bir şey kövrək bir statusa malik olur, bu isə
o demək deyil ki, o, yalnız gizli olaraq qalır və
yalnız mükəmməl manipulyasiyalarla tamamilə üzə
çıxarıla bilir. Bir obyekt kimi o hazır şəkildə
mövcud deyil, yalnız obyektin konseptual tərəfi kimi
(beyindəki obraz kimi) mövcud ola bilir.
Qeyri-səlis epistemologiya mətndəki mürəkkəbliyi,
qeyri-müəyyənliyi (dumanı) müəyyən etməyə
(qovmağa) kömək edir.
Qeyri-səlis epistemologiyaya görə, qeyri-müəyyən
müddəalara münasibətimizi başa düşmək
üçün həm qeyri-müəyyənlik, həm də
qismən həqiqət lazımdır. Məsələn, əgər
"uzun boylu adam" klassik uzantıya
malikdirsə, deməli, ən qısaboylu hündür adam da
var. Əlbəttə ki, ən qısaboylu insanın nə qədər
hündür olduğunu bilmək üçün heç bir
yolumuz yoxdur. Bu yazının müəlliflərindən
birinin vaxtilə belə adda bir hekayəsi çap
olunmuşdu: "Dünyanın ən ucaboylu karliki". İntuitiv şəkildə hələ o vaxt
qısalığın hündürlüyü
ideyasının beyindəki obrazla müqayisəsi maraqlı
görünürdü. Ümumiyyətlə,
hündür və hündür olmayan arasında sərhəddin
yerləşdirilməsi ixtiyari görünür. Həmçinin, bizim "hündür"
("uca") sözündən istifadə etməyimizlə
bağlı heç bir məfhum hər hansı xüsusi sərhəd
nöqtəsini diqqətə çatdıra bilmir. Beləliklə, qeyri-səlis epistemoloji sahə
semantika həddi bilinməyən və mətnlərdə
ixtiyari görünən semantik sərhədləri ehtiva edir,
deyə bilərik.
Folklordan
aldığımız belə bir nümunəyə diqqət
edək:
"Oğlan, qaşımı neylərsən, oğlan?
Göylərdə
hilalı görməmisənmi?
Oğlan, ləbimi neylərsən, oğlan?
Məgər beçə balı görməmisənmi?
Qeyri-səlis məntiqin epistemoloji təqdimi bu misal əsasında
diqqəti ona yönəldir ki, qız qaşını gizlədir
və qaş əvəzinə oğlana göydəki ayı
görməyin kifayət olduğunu söyləyir. "Göydəki
ayı gördünsə, qaşımı da təsəvvür
edə bilərsən". Amma obyektin
özü ortada yoxdur, o görünmür. Daha doğrusu, tam adekvat şəkildə təsvir
edilmir. Eyni hal qızın dodağı ilə
bağlı təkrar edilir. Dodaq beçə
balına bənzədilir. Dodağın təsviri
müəllif tərəfindən gizlədilir və beçə
balını təsəvvürə gətirməklə dodaq
barədə qeyri-səlis bilgi təklif edilir.
Bu təsvir epistemoloji yanaşma vasitəsilə qurulan
qeyri-səlis məntiq kimi qəbul edilə bilər. Müəllif qızın
qaşını, ləbini gizlətməyə
çalışır, amma eyni zamanda, onları qeyri-səlis
şəkildə təsəvvür etmək imkanı verir -
göylərdə hilal və beçə balı
bu təsəvvürdə olan dodaq və qaş barədə
dolğunluq iddiasına girir və dolğunluq dərəcəsinə
yaxın (müxtəlif adamlarda müxtəlif dolğunluq dərəcəsi
yaratmaqla) qeyri-səlis təsəvvür ortaya qoyur.
Folklordan gətirdiyimiz misal bir daha sübut edir ki, qeyri-səlis
məntiq özünün müxtəlif təzahürləri
ilə ən geniş ədəbi sahələrin dərinində,
gizlinində yaşayır.
"Kitabi-Dədə Qorqud" mətnində qeyri-səlis
məntiqin üçüncü epistemoloji sütunu ilə
bağlı ən bariz nümunə Salur Qazan və dəstəsinin
ov zamanı qarşılaşdığı situasiyadır. Salur Qazan
oğlu Uruza cəngavərlik göstərdiyi yerləri
tanıtmaq üçün onu da yanına alıb kiçik
bir dəstə ilə ova çıxır. Kafirin casusu casuslayır və Salur Qazanın
üstünə düşmənin on altı mindən ibarət
ordusu gəlir.
Mətn
deyir: "On altı bin qara donlu kafər ata mindi. Qazanın üzərinə alqar yetdi. Baxdılar gördülər (baxıb görənlər
artıq Salur Qazangildir), altı bölük toz endi. Kimi
aydır: keyik tozudur. Kimi aydır: yağı tozudur. Qazan
aydır: Keyik olsa bir, ya iki bölük olurdu. Bu
gələn bilmiş olun yağıdır".
Qazan yağını görmür, hər tərəfi
toz-duman alıb. Yağı olduğunu Salur Qazan
toz-dumanın əlamətindən - toz bölüklərinin
ikidən çox olduğundan öz əvvəlki təcrübəsinə
əsaslanaraq bilir. Görmədiyi, amma təsəvvüründə
olan bir obrazı - yağını Qazan qeyri-səlis şəkildə
belə "hesablayır".
Elə də olur ki, müəllifin "gizlətməyə"
çalışdığı informasiyanı kafərlərdən
biri açıb-tökür.
Şöklü Məlik Salur Qazan ovda ikən onun
elini-obasını, mətn dili ilə desək,
"darayır", malını-pulunu, oğlunu, arvadını,
anasını, ilxılarını, dəvələrini talan
edib aparır.
Yeyib-içərək qənimətin hesabını aparan
Şöklü Məlik deyir: "Bəylər, Qazanın
tölə-tölə şahbaz atlarını minmişiz,
altun - axçasını yağmalamışız, qırx
yigitlən oğlı Uruzı tutsaq etmişüz, qatar-qatar dəvələrini
yetmişüz, qırx incə belli qızlan Qazanın
halalını tutmuşız. Bu heyfləri biz
Qazana etmişüz".
Şöklü Məlik belə deyərkən kafirlərdən
biri müdaxilə edir. Bu kafir səlis məntiqlə sadalanan qənimətlərin
sayını səlislikdən çıxarır.
"Kafərin
biri aydır: - Qazan bəydə bir heyfimiz qaldı.
Şöklü
Məlik aydır: - Mərə aznavur, nə heyfimiz qaldı?
Kafər
aydır: - Qazanın qapulı Dərbənddə on min qoyunu
vardır. Şol qoyunları dəxi gətirsək, Qazana ulu
heyf edərdik - dedi.
"Heyf" və "ulu heyf" arasındakı fərq
on min qoyunla ölçülür. Rəqəmin belə
dəqiqliklə ortaya atılması, nə qədər qəribə
olsa da, qeyri-səlisliyin ən bariz nümunəsidir. Bütün digər qənimətlər, hətta
atların, dəvələrin sayı bilavasitə göstərilməsə
də bu diqqəti çəkmir. "Tövlə-tövlə
atlar, altun-axça, qatar-qatar dəvələr" artıq
kafirin əlindədir və o bunların sayını dəqiqliklə
müəyyənləşdirə bilər. On min qoyun isə uzaqdadı, hələ ələ
keçməyib, bəlkə heç ələ keçməyəcəkdir,
əslində ələ keçmir də. Bax, bu say - on min sayı qeyri-səlisdir və bu fakt
epistemoloji yanaşma ilə müəyyənləşdirilir.
Başqa bir məqam bizi "Bəkil oğlu
İmran" boyuna aparır. Burada beynində
qurduğun obrazla onun həyatdakı əvəzləyicisi
arasında fərq qeyri-səlisliyin epistemoloji baxımdan
yanaşması ilə tədqiq edilir.
Bəkil atdan yıxılmış və yatağa
düşmüşdür. "Yarımasın,
yarğımasın" kafirin casusu Bəkilin xəstə
olduğunu kafirlərə xəbər verir.
Başqa vaxt Bəkilin qorxusundan Oğuz sərhəddinə
yaxın düşə bilməyən düşmən ürəklənib
Bəkilin yurdunun üstünə gəlir. Amma Bəkilin
də kafər elində öz casusu var və bu casus Bəkilə
xəbər çatdırır ki, bəs ehtiyatlı olun.
Üstünüzə düşmən gəlir.
Bəkil oğlu İmrana öz əlbisəsini,
atını verir. Onu özünə oxşadır və
öz əvəzinə düşmən üstünə
göndərir. İmran yağı ilə
qarşı-qarşıya durur. Yenə də
toz-duman Salur Qazanla bağlı situasiyada olan kimi göy
üzünü bürüyür. İmran
uzaqdan görünməz olur.
Çünki "haçan ki al ayğır (Bəkilin
atı) yağı qoxusun alsa, ayağın yerə döyərdi,
tozı göyə çıxardı".
Mətn
deyir: Kafərlər aydır: "Bu at Bəkilindir, biz
qaçırız.Təkur aydır: Mərə, onat
görün, bu gələn Bəkilsə, sizdən öndən
mən qaçaram - dedi.
Bəkil olmadığını seçə bilməyəndə gözçi işinə başlar. Gözçi görür ki, at Bəkilin, amma üzərindəki Bəkil deyil. Bu minvalla xəbər Təkura yetişir.
Təkurun təsəvvüründə Bəkil obrazı olduğundan o, Bəkilin oğlu ilə Bəkili ayıra bilmir. Əlbəttə ki, burada atın çıxardığı toz-duman da öz rolunu oynayır. Ümid qalır gözçiyə. Həqiqəti o bildirir. Ətraf, xüsusilə də, qarşıdakı atlı öz real, adekvat ölçülərini alır. Şöklü Məlik üçün natamam bilgi aradan götürülür. Epistemoloji yanaşma qeyri-səlisliyi toz kimi havaya uçurur. Bəkil Bəkil yerində - evdəki yatağında. Bəkilin oğlu İmran da düşmən qarşısında öz həqiqi cizgilərini alır. Amma Bəkilin həqiqi olduğu məkan bu dəfə oğlu İmran tərəfindən düşmənə bu cür yalan vasitəsilə bildirilir:
... Bəylərbəyi Salur Qazan, qardaşı Qaragünə, Dönə bilməz Dülək Uran, Dözən oğlu ali Rüstəm, boz ayğırlı Beyrək Bəkilin evində içərlərdi. Səndən casus gəldi".
İmranın dediyinə görə Bəkilin başı qonaqlara qarışıq olduğundan düşmən üstünə onu - İmranı göndərmişdir. Bəkilin obrazı yenə toz-duman içində itir. Bu cür qeyri-səlislik - Bəkil budur, burda, yataqda zar-zar inləyir və Bəkil qonaqları ilə məşğuldur - bütün bunlar müəllifin Bəkili dümən təsəvvüründən nəyin bahasına olursa-olsun "gizlətmək" niyyətindən xəbər verir. Bəkil və oğlu İmran ulduz sayrışmasında olan kimi bir-birini əvəzləməkdə davam edirlər.
"Kitabi-Dədə Qorqud" mətnində qeyri-səlis məntiqin epistemoloji sütünunun köməyi ilə üzə çıxarılan nümunələr həm də onu göstərir ki, qədim oğuzlarda düşüncə dərinliyində reallıq və qeyri-reallıq sərhədləri bir-birindən kəskin fərqlənmir, onlar yumşaq şəkildə biri digərinə keçə bilirlər. Müəllif bunun üçün atın ayağını yerə döyməsi kimi vasitədən istifadə etsə belə (toz ətrafı bürüyür!), nəhayətdə gözçi lazım olur ki, hər şeyi yerinə qoysun. Bəkilin yoxluğunu bildirsin. Bəs gözçi olmasa idi nə baş verəcəkdi?! Kafirlər başda Şöklü Məlik Bəkilin oğlunu Bəkil bilib qarşısından qaçacaqmıydı? Bu isə artıq tamam başqa bir mövzunun epistemoloji rakusdan işıqlandırılması deməkdir. Növbəti yazıların birində buna qayıdacağıq.
Kamal
ABDULLA, Rafiq ƏLİYEV
525-ci qəzet.- 2022.- 18 iyun.-
S.12-13.